Sulduz tayfası və tayfanın Azərbaycanda fəaliyyəti

Plan:
1. Sulduzların mənşəyi və adın etmologiyası
2. Sulduzların siyasi arenaya çıxışı
3. Sulduzların Azərbaycana köçü və fəaliyyəti
4. Sulduzların Azərbaycanda hakimiyyəti

1. Sulduzların mənşəyi və adın etmologiyası:
Sulduz ( Suldus ) tayfasının milli- etnik kimiliyi ilə bağlı bir çox fikirlər irəli sürülmüşdür. Bir çox tarixçi
onların Moğol, digər qisim tarixçilər isə onların Türk olması fikrini müdafiə etmişlər. Rəşidəddin və Cüveyni sulduzların türk olması fikrini müdafiə edirlər. Bir neçə qaynaqda isə Sulduz tayfasının Tatarların Tarigin
boyuna mənsub olması qeyd edilir.  Sulduz adı ilə bağlı bir neçə mülahizələr də irəli sürülmüşdür. Belə ki,
bir sıra tarixçilər bu adın günəş anlamına gəldiyini və Sulduzların Sakların bir qolu olduğunu müdafiə edirlər.
Ancaq böyük çoxluq Sulduz ( Suldus ) adının ulu ruh, bayraqdar, ulu ruhun daşıyıcısı anlamına gəldiyini bildirirlər.

2. Sulduzların siyasi arenaya çıxışı
VI  yüzildən etibarən Monqolustanın şərqində Baykal gölü sahillərinə qədər olan ərazidə yaşayan sulduzlar köçəri həyat tərzi sürürdülər. X yüzildən etibarən Moğol siyasi adı altında birləşən ittifaqa daxil olan sulduzlar Temuçinin atasının ölümündən sonra digər tayfalar kimi onu və ailəsini tərk etmiş və Tay çiutların siyasi hakimiyyətini tanımışdılar. Buna baxmayaraq Sulduz tayfasının irəli gələn bir çox şəxsi Temuçini müdafiə edir
və onu dəstəkləyirdilər. Tay çiutların əsirliyində olan  Temuçini öz çadırlarında qonaq edən  Surğan- Şirənin
oğlanları Çiləvğun və Cimbai ona yaxşı davranmışdılar. Tay çiutların əlində əsir olan Temuçin fürsət tapan kimi əsirlikdən qurtulmuş və Onon çayında gizlənmişdi. Onu axtaranların içərisində Sulduzlardan Surğan- Şirə də var
idi. Temuçini görən Surğan- Şirə onu ələ vermir. Gecə vaxtı Temuçin gizlincə Surğan- Şirənin çadırına gedir.
Surğan- Şirə onu gizlədir və ertəsi gün at, silah və ərzaq verərək onu ailəsinin yanına yola salır. Temuçin isə bu
ailənin ona etdiyi yaxşılığı heç vaxt unutmur. Surğan- Şirə Temuçinin həyatını xilas etməklə dünya tarixinin dəyişməsində mühim rol oynamışdı.
1206-cı ildə Temuçin Çingiz adı ilə Moğol siyasi birləşməsinin xaqanı elan edilir. Surğan- Şirə və Sulduz tayfası
da onun siyasi rəhbərliyini qəbul edirlər. Surğan- Şirə Moğol ordusunun 27-ci minbaşısı təyin edilir. Onun oğlu Çiləvğun   Moğol siyasi birləşmısinin Kubilay, Cəbə və Subutay kimi ən irəli gələn 4  sərkərdəsindən biri idi. Surğan- Şirə bu dönəmdə “ Tarxan “ titulunu almış və Çingiz xanın baş müşaviri vəzifəsini yerini yetirirdi. Tay çiutların rəhbəri və Çingizin əsas düşməni də məhz Çiləvğun bəy Sulduzun nizə zərbəsi ilə öldürülmüşdü. Moğol axınlarında mühim rol oynayan sulduzlar Çingiz xanın çadırında onunla aş yemək səlahiyyətinə malik olan yeganə tayfa idi. Çingiz xan daha sonra Surğan- Şirənin qızı Hadaan xatunla evlənmiş və Hadaan ordunun Xanımı olmuşdu. Daha sonra Çingiz xan ordunu və ərazini 4 oğlu arasında bölür. Sulduz tayfası və sulduzlardan ibarət tümənlər kiçik oğlu Tulinin əmrinə verilir. Cüveyni Çağatay ( Cuci ) ulusunda da kifayət qədər sulduzun olduğunu və onların dövlətdə
və orduda əsas rol oynadığını yazır. Sulduzların böyük qismi indi Özbəkistan, Xorasan və Əfqanıstanda yaşayır. Xazara türkü kimi tanıdığımmız soydaşlarımızın bir çoxu məhz Sulduz kökənlidir.

3. Sulduzların Azəraycana gəlməsi və fəaliyyəti
1253-cü ildə Münke xaqan tərəfindən Qərbi Asiyaya, İrana, Azərbaycana və İraqa yürüş etmək üçün hazırlanan ordunun rəhbərliyinə şahzadə Hülakü təyin edilir.  Hülakü xaqanla birlikdə sulduzlar da bu ərazilərə ilk dəfə gəlir. Ancaq, Urmu nəzəriyyəsini əsas götürsək  Sulduz tayfasının bizim eradan əvvəl V minillikdə Azərbaycandan Orta Asiyaya, ordan da Monqolustana köç etməsi fikrini irəli sürə bilərik. Hülakünün ordusunda gələn sulduzlar
arasında ən irəli gələn şəxslər isə Surğan- Şirənin nəvələri Tudaun və Suncaq noyanlar idi. Suncaq Noyan Hülakü xanın ordusunun sağ cinah baş komandiri və Elxani dövlətinin başyarqıcı idi. Başyarqıc Elxani dövlətində siyasi, mülki, cinayət məhkəmələrinə baxırdı və başyarqıc Çingiz xan yasasını dərindən bilməli idi. 1255-ci ildə Bağdata hücum edən Suncaq Noyan mühim qələbə qazana bilməsə də 1258-ci ildə Bağdat Moğol ordusu tərəfindən ələ keçirildi. Bağdatı ələ keçirən Hülakü xan mərkəz Təbriz olmaqla V Moğol uluusunu yaratdı. Suncaq Noyan bu dönəmdə başyarqıc vəzifəsini yerinə yetirirdi. Hülakü xaqanın ölümündən sonra toplanan qurultayda Suncaq
Noyon Sulduz  şahzadə Abaqanı xaqan etməyi bacardı. Abaqa xaqanın ən etibarlı əmiri olan Suncaq Noyon Fars
və Bağdatın valisi təyin edilir. Ancaq, mərkəzdən uzaqlaşmaq istəməyən Suncaq Noyan Fars və Bağdatı əmirləri vasitəsi ilə Təbrizdən idarə edirdi. Suncaq Noyan moğollar arasında İslam dinini qəbul edən ilk əmirlərdən biri idi. Suncaq Noyanın qardaşı Tudaun Noyan da Abaqa xaqanın əsas əmirlərindən biri idi və o, 1274-cü ildə Anadolu hakimi kimi şahzadə Acayın yanına göndərilir. 1282-ci ildə Abaqa xaqanın ölümündən sonra Marağa şəhərində keçirilən qurultayda Suncaq Noyan və oğlu Şadi Noyan Əhməd  Təkəduru müdafiə edirlər və şahzadə Əhməd
Xaqan elan edilir. Suncaq Noyanın İslamı qəbul etməsi müsəlman şahzadəni müdafiə etməsində mühim rol oynamışdı. Ulus əmiri rütbəsi Əhməd xanın dövründə Cəlayir tayfasına keçir. Şadi Noyan 1282-ci ildə 100 minlik ordusu ilə Xorasana hücum etmiş və Şahzadə Arqunun idarə etdiyi şəhərləri yağmalamışdı. Todaun Noyan isə az miqdarda qoşun ilə Baybars sultana qarşı müharibədə məğlub olmuş və döyüş meydanında öldürülmüşdü. Dövrün qaynaqlarında Tudaun Noyan “ Moğolların Anadoludakı şəfqətli üzü “ kimi yad olunur. 1295-ci ildə Keyxatu xanı öldürən Baydu xan xaqanlıq taxtına əyləşdi. Xorasan bəylərbəyi olan Qazan xan atabəyi Əmir Novruz Oyratın və
digər əmirlərin təkidi ilə Baydu xana qarşı yürüşə başlayır. Azərbaycana gələn Qazan xanı qarşılayan Əmir Çoban Sulduz onun tərəfinə keçir və Baydu xanı 1295-ci ildə Uçanda öldürən Qazan xan xaqanlıq taxtına əyləşir. Əmir Novruzun təsiri altında islam dinini qəbul edən Qazana qarşı güclü müxalifət yaranır. 1295-ci ildə Xorasan
üsyanını yatırtmaq üçün Əmir Novrzu və Əmir Çoban Xorasana hücum edir və üsyanıçıları məğlub edirlər.
1298-ci ildə Anadoluda üsyanı yatırtmaq üçün yola düşən Əmir Çoban böyük ordu ilə 1299-cu ildə Hələb və
Dəməşqə  hücum edir. 1299-cu ildə Məmlük ordusunu məğlub edən Əmir Çoban Sulduz Suriyanı fəth edir.
1303-cü ildə gözlənilməz Məmlük hücumunun qarşısını ala bilməyən Əmir Çoban məğlub olur və  Marağaya
doğru hərəkət edir. Məğlubiyyətin səbəblərini araşdırmaq üçün qurultay toplayan Qazan xan özünü və
sərkərdələrini cəsarətlə müdafiə edən Əmir Çobana qiymətli kəmər hədiyyə edir.

4. Sulduzların Azərbaycanda hakimiyyəti
Qazan xanın ölümündən sonra Olcaytu ( Məhəmməd Xudabəndə ) 1305-ci ildə xaqan elan edilir. Bu zaman   xaqanın ən cəsarətli Əmiri olan Əmir Çoban onun qızı Dolandı xatunla evlənir və mövqeyini möhkəmləndirir.
1307-ci ildə Gilana hücum edən Əmir Çoban Məhəmməd Xudabəndə xaqan tərəfindən Əmirul Üməra ( bəylərbəyi ) məqamına gətirlir. Məmlük hökmdarının əmiri Qara Sunqur Məhəmməd xana sığınır və onu Suriyaya hücum etməyə razı salır. 1313-cü ildə Rəhbə qalasını alan Məhəmməd xan Qara Sunqurun təkidi ilə xalqı öldürmək istəsə də, xaqana xalqın müsəlman olduğunu bildirən Əmir Çoban böyük qətliyyamın qarşısını almağı bacarır. Anadoluda üsyan edən türkmən bəylərinə qarşı Məhəmməd xan Əmir Çobanı Anadoluya səfərə göndərdi. 1314-cü ildə Konyanı Qaramanoğullarından geri alan Əmir Çoban 1314-cü ildə oğlu Teymurdaşı Anadolu valisi elan etdi. Teymurdaş
1314-cü ildən etibarən Kayseri şəhərini mərkəzə çevirərək Anadolunu idarə etməyə başlayır.
1317-ci ildə Əbu Səid Bahadır Xaqanlıq taxtına əyləşdi. Əmir Çoban dövləti xaqanın adından idarə edirdi. Bu dövrdə Əbu Səid kukla xaqandan başqa heç bir rol oynamırdı. 1321-ci ildə Özbək xanı məğlub edən Əmir Çobanın nüfuzu daha da artmışdı. Buna qısqanclıqla yanaşan əmirlər Əbu Səidi Əmir Çobana qarşı doldururdular. 1322-ci ildə Əbu Səid əsassız iddialar inanır və Əmir Çobanın öldürülməsinə razılıq verir. Bundan xəbər tutan Əmir Çoban Sulduz dərhal sulduzlardan ibarət ordu toplayır. Sultan Əbu Səidə qarşı ittifaq təklif edən Məmlük sultanının
təklifini rədd edir və dövlətinə xəyanət etmir. 1322-ci ildə Əbu Səidlə barışan Əmir Çoban ona xəyanət edən əmirlərdən intiqam alır. Çağatay və Qızıl Ordunu məğlub edən Əmir Çoban Məmlüklərlə sülhün təmin edilməsinə
də nail oldu. Anadolu hakimi Teymurdaş Anadoluda zülmü ortadan qaldırmış və alimləri öz ətrafında toplamışdı. Anadoluda gördüyü işlərə görə xalq arasında onun Mehdi Axırzaman olduğuna inanların sayı getdikcə atırdı. Bu vəziyyətdən istifadə edən Teymurdaş öz adına xütbə oxutdurub, pul kəsdirmiş və müstəqilliyini elan etmişdi. Teymurdaşın üsyanını birbaşa özünün yatırtmaq istədiyini sultana söyləyən Əmir Çoban Anadoluya gəlir və onu
özü ilə bərabər sultanın yanına aparır. Teymurdaşın üsynanını bağışlayan sultan onu yenidən Anadolu valisi elan edir.  Dövlət idarəçiliyində adı dünyanın dört bir tərəfinə yayılan Əmir Çoban  1324-cü ildə Monqolustanda iqtidarada olan “ böyük xaqan “ tərəfindən İranın və Turanın, 4 ulusunun bəylərbəyi elan edilir. Bu vəzifə Moğol imperiyasında və 4 ulusda  xaqan rütbəsindən sonra ikinci ən böyük rütbə idi. Xaqan sarayında müşavir olan Əmir Çobanın oğlu Dəməşq Xacə Sultan Əbu Səid tərəfindən 1327-cı ildə öldürülür. Eyş- işrətə düşkün olan Əbu Səid
Əmir Çobanın evli qızı Bağdat xatuna aşiq olur və onun evli olmasına baxmayaraq onu özünə istəyir. Belə halın
dinə zidd olduğunu xatırladan Əmir Çoban buna qarşı çıxır.  Bu səbəbə görə Sultan Əbu Səid Əmir Çobana qarşı hərəkətə keçir. 70 minlik ordu ilə Reydə Əbu Səidi qarşılayan Əmir Çobanın əmirlərinin bir qismi ona xəyanət edir
və Əbu Səidin tərəfinə keçirir. Oğlu Həsən bəy Sulduzun Qızıl Orda vəya Çağatay xanlarına sığınma təklifini rədd
edən Əbir Çoban 1327-ci ildə tələbəsi və onun dəstəyi ilə Məlik olan Herat Məliki Qiyasəddin tərəfindən boğularaq öldürülür. Əmir Çoban ölməzdən öncə 3 maddədən ibarət vəsiyyət edir.
1. Öldürülməsinin sübutu kimi baş barmağının kəsilib sultana göndərilməsi.
2. Oğlu Cilavın dayısı Əbu Səidin yanına göndərilməsi.
3. Mədinədə dəfn edilməsi.

Əmir Çoban dininə bağlı bir müsəlman idi. Ölənədək öz yoluna və əqidəsinə sadiq qalmışdı. Məkkə və Mədinə şəhərlərinin su kəmərlərinin bərpa etdirmiş, Məkkə və Mədinəni su ilə təmin etmişdi. Hərəm- i Şərifdə mədrəsə
və türbə tikdirmişdi. Cənazəsi Mədinədə Hz. İmam Həsənin məzarının yaxınlığında dəfn edilmişdi. Əmir Çoban tarixdə: Çoban el- nayin el-kəbir naib- i Məmləkt- i Mogol kimi tanınır.
Əmir Çobanın oğlu Anadolu valisi Teymurdaş 1327-ci ildə Məmlüklərə sığınmalı olur. Əliaçıq və cəsarətli
olan Teymurdaş eyni zamanda açıq söz və özündən razı biri idi. Məmlük sultanı onu İsgəndəriyyə şəhərinin
valisi təyin etmək istəsə də o, buna razı olmur. Hələbə gedən Teymurdaş ona xidmət edən xidmətçilərə: “ mənə
siz yox sizin sultanızın xidmət etməlidir.” – deməsi ona qarşı olan inamı sarsıtmış və o, 13288-ci ildə edam
edilmişdi.  Teymurdaş eyni zamanda 1321-ci ildə Klikiya Erməni krallığına yürüş etmiş və klikiyalılara ağır zərbə endirmişdi.
1335-ci ildə Əbu Səidin ölümü ilə başlayan ara müharibələri dövründə Teymurdaşın oğlu Şeyx Kiçik Həsən Çobani ( Sulduz ) siyasi səhnəyə çıxdı. Onun Şeyx ləqəbə almasının səbəbi isə Şeyx Səfiyəddin ocağından yetişməsi
idi. 1337-ci ildə Şeyx Həsən Cəlayiri məğlub edən Şeyx Kiçik Həsən hakimiyyəti ələ alır. Ağıllı və uzaqgörən şəxs olan
Şeyx Kiçik Həsən 1344-cü ildə xəyanət nəticəsində öldürülür. Onun yerinə keçən Məlik Əşrıf 1357-ci ildə Canı bəy tərəfindən öldürülür. Azərbaycanda Çobanoğulları xanədanlığının sonuncu nümayəndəsi olan II Teymurdaş 1360-cı ildə öldürülür və 1305-1307-ci ildən başlayan Çobanoğulları ( Sulduz ) xanədanlığı 1360-cı ildə sona çatır. Tudaun Sulduz və Teymurdaş Noyanla birlikdə Anadoluya köçən sulduzların bir qismi daha sonra Əmir Teymur tərəfindən Xorasana köçürülmüşdü. Moğol tayfalarının və Sulduzların daha sonrakı dönəmlərdə adlarının dəyişməsi və digər türkman tayfalarla birləşməsi səbəbindən onlar haqqında sonrakı dövrlərə aid məlumatlar çox azdır.Ancaq Sulduzların XVI əsrdə Anadoludan yenidən Azərbaycana köç edib Səfəvi dövlətinin qurulmasında mühim rol oynamışdılar. Azərbaycan Səfəvi xanədanlığının IV xaqanı  Məhəmməd Xudabəndə 1582-ci il fərmanı ilə Arazboyu əraziləri Keyxan Sulduza tiyul verir. Keyxan Sulduz bərabərindəki sulduzlarla birgə Osmanlıya qarşı mübarizə aparmalı idi. Bugün onun nəsli Naxçıvan şəhərində, Nehrəm kəndində və Ardahanda yaşayırlar. Sulduzlar hal-hazırda Azərbaycanda ( Urmiya, Sulduz, Naxçıvan, Qafan, Göyçə gölü hövzəsi, Lənkəran, Kəngərli ), Anadoluda
( Sakariya, Ağrı, Van, Ardahan, Qars, İğdır, Kayseri, Malatya ), Özbəkistanda, Əfqanıstanda, Qazaxıstanda, Qırğızıstanda, İranda, Çində ( İç Monqolustan və Şimali Çin ), Monqolustanda yaşayırlar.

Qaynaqlar:
1. Moğolların Gizli Tarixi
2. F. Rəşidəddin- Camü ət Təvarix
3. Faruk Sümer: Anadoluda Moğollar
4. Z. V. Toğan- Ümumi Türk tarixinə Giriş
5. Həsən Geyikoğlu- Səlcuqlulardan sonra Anadoluda Moğollar

YAZAR: Nağı Səfərov

Həmçin bax: https://turaz.org/bmu-aliminin-nesrlerine-scopus-bazasindaki-jurnallarda-istinad-sayi-100-u-otub/
Həmçin bax: https://tehsilim.org/azerbaycan-turizm-ve-menecment-universiteti-atmu/
Həmçin bax: İnsan psixologiyasında rənglər.