“Şöhrət”ordenli ən gənc məmur: kimlərlə, nələr danışdı?
“Şöhrət” ordenli ən gənc məmur: kimlərlə, nələr danışdı?
İyulun 21-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüş keçirdi.
Mənim də iştirak etdiyim görüşdə koronavirus pandemiyası ilə mübarizə yönündə ölkəmizdə görülən işlər və bundan sonra atılacaq addımlar, eyni zamanda, son günlər dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən, geniş ictimaiyyətə bəlli olan hadisələr və digər məsələlər ətrafında müzakirələr aparıldı.
Bəri başdan deyim ki, çox önəmli görüş oldu və mən səmimi, açıq müzakirələr üçün hörmətli Anar müəllimə və əlbəttə, ona belə bir görüş üçün mandat vermiş dövlət rəhbərliyimizə bir daha təşəkkür edirəm.
Belə önəmli müzakirələrin çox faydalı olduğu danılmazdır. Vətəndaşlarımızı düşündürən, yaxından maraqlandıran və eyni zamanda müəyyən məqamlarda (istiqamətlərdə) rahatsızlıq doğuran bəzi məsələlərin geniş müzakirə olunmasını yalnız alqışlamaq olar. Özü də bu görüş təşəbbüsünün dövlətdən gəlməsi və mühüm vəzifə daşıyan şəxsin məhz səmimi müzakirə ortamı yaratması təqdirəlayiq, örnək addımdır.
Əslində, bu görüş, ali dövlət rəhbərliyinin, şəxsən cənab Prezidentin toplumun, aydınların düşüncələrinə, fikirlərinə və irəli sürülən təkliflərə nə dərəcədə ciddi önəm verdiyinin və idarəçilik sistemində son dövrlər aparılan islahatların nə qədər əhəmiyyətli olduğunun parlaq göstəricisidir. Ölkəmizi açıq və gizli düşmənlərdən daha güclü qorumaq, inkişafımız və güclü təhlükəsizlik üçün dövlətçiliyimizin inkişafını düşünən bütün sağlam qüvvələrin birgə səylərinin gücləndirilməsi çox vacibdir. Bu müzakirələrin davamlı olacağına, ən əsası, toplumumuza, dövlət-vətəndaş münasibətləri sisteminə fayda gətirəcəyinə inanıram. Özü də bu görüşün siyasi partiyalarla dialoqun gücləndirildiyi bir dövrdə baş verməsi ilə də əlamətdardır. Habelə, ilyarım öncədən yaradılmış Sosial Tədqiatlar Mərkəzinin önəmli fəaliyyətləri, daha öncələrdən formalaşmış vətəndaş cəmiyyəti institutlarına ardıcıl qrantlar ayıran milli donor institutlarının, QHT-lərlə, KİV-lə iş sahəsində müvafiq konsepsiyaların mövcudluğu fonunda baş verməsi ilə də təsadüflikdən uzaqdır.
Yəni, ictimai fikrin öyrənilməsi mexanizmləri zatən mövcuddur, bir sıra hallarda institutlaşma prosesi başa çatıb, lakin dövlət rəhbərliyi ictimaiyyət nümayəndələri ilə, aydınlarla görüşü nəinki istisna etmir, əksinə, belə görüşü təşkil edir. Təşkil edilən görüşün formatı, artıq vurğuladığımız kimi, səmimi ortamı və səviyyəsi ilə dövlət nəzakətinin təntənəsini göstərir.
Xatırladığımız kimi, ötən ilin mart ayında dövlət rəhbərliyinin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə geniş görüş-müzakirəsi təşkil edilmişdi. Habelə, ayrı-ayrı müəssisələrin açılış mərasimlərində dövlətin zirvəsinin şəxsən iştirak etdiyini, vətəndaşlarla görüşüldüyünü; TV-lərə müsahibələr verildiyi, vətəndaşların çoxsaylı məktublarının cavablandırıldığı da xatırlanınca, dövlət-vətəndaş münasibətlərində ardıcıllıq və inkişaf olduğunu rahatlıqla deyə bilərik. Nəhayət, bütün bunlardan sonra və ya paralel şəkildə ictimaiyyət nümayəndələri və aydınlarla görüşün keçirilməsi və görüşün məhz Anar Əlkəbərova həvalə edilməsi, qaynar gündəm içində fərqləndiriləcək, dəyərləndiriləcək bir hadisədir.
Anar Ələkbərovu uzun illərdir tanıyıram. O öz kübarlığı, analitik təfəkkürü, operativ qərar qəbueltmə keyfiyyəti ilə seçilən bir aydınımızdır.