Sistemlər,dönən və dönməyən reaksiyalar
Homogen və heterogen sistemlər nəyə deyilir?
Sistem dedikdə xarici mühitdən faktiki və ya xəyali sərhədlə ayrılmış makrohissəcik və ya makrohissəciklər qrupu nəzərdə tutulur.
Homogen sistemlər- Yalnız 1 fazadan ibarət sistemlərə homogen sistem deyilir
Heterogen sistemlər- 2 və daha artıq fazadan ibarət sistemlərə heterogen sistemlər deyilir.
Faza sistemin başqa hissələrindən ayırıcı səthlə ayrılan elə hissəsidir ki,onun bütün nöqtələrində fiziki xassələri eyni olur.
Homogen sistemlərdə reaksiyanın bütün komponentləri eyni fazalı, yəni qaz və ya maye fazalı olur.
Heterogen sistemlərdə reaksiyanın komponetləri müxtəlif fazalı ola bilər.
Dönən və dönməyən reaksiyalar nəyə deyilir?
Bütün kimyəvi reaksiyalar başlanğıc maddələrin reaksiya məhsuluna çevrilmə dərəcəsindən asılı olaraq 2 yerə bölünür:
- Dönən reaksiyalar
- Dönməyən reaksiyalar
- Dönməyən reaksiyalar yalnız bir istiqamətdə, yəni düzünə istiqamətdə gedir və başlanğıc maddələrin reaksiya məhsulullarına çevrilməsi ilə başa çatır.
- Dönən reaksiyalar isə qarşılıqlı iki əks istiqamətdə, yəni həm düzünə, həm də əks istiqamətdə
Analitik təyinatlarda istifadə olunan reaksiyaların böyük əksəriyyəti dönər reaksiyalardır. Dönər reaksiyalarda başlanğıc maddələrin hamısı reaksiya məhsullarına çevrilmir və reaksiya başladıqdan müəyyən müddət sonra bütün komponentlərinin, yəni başlanğıc maddələr və reaksiya məhsullarının qatılığı sabit qalır. Buna səbəb başlanğıc maddələrin qarşılıqlı təsirdə olub reaksiya məhsullarına çevrilməsi ilə yanaşı, reaksiya məhsullarının da öz aralarında qarşılıqlı təsirdə olaraq başlanğıc maddələr əmələ gətirməsidir. Ona görə də dönər reaksiyalarda reaksiyanın iki istiqamətdə getməsini, yəni dönər olmasını göstərmək üçün dönərlik işarəsindən ↔ istifadə olunur. Dönər reaksiyalar məhlulda gedir
İstənilən dönər reaksiyanı ümumi şəkildə :
A+B ↔ C+D
kimi göstərmək olar. Bu reaksiyada başlanğıc halda yalnız A və B maddələri olduğundan onlar qarışdırıldıqda ancaq düzünə reaksiyaya gedir və düzünə reaksiyanın sürəti:
V1 = k1 [A] • [B]
Reaksiya nəticəsində əmələ gələn C və D maddələrinin öz aralarında qarşılıqlı təsirdə olması hesabına əksinə reaksiya gedir. Kütlələrin təsiri qanununa görə əksinə reaksiyanın sürəti:
V2 = k2 [C] • [D]
Reaksiyanın əvvəlində A və B maddələrinin qatılığı böyük, C və D maddələrinin qatılığı isə kiçik olur. Ona görə düzünə reaksiyanın sürəti böyük, əksinə reaksiyanın sürəti isə kiçik olur. Lakin reaksiyanın baş getməsi ilə A və B maddələrinin qatılığı və beləliklə də düzünə reaksiyanın sürəti azalır. Əksinə C və D maddələrinin qatılığ artdığından əksinə reaksiyanın sürəti də artır. Nəticədə elə bir an olur ki, düzünə və əksinə reaksiyaların sürətləri bərabərləşir.
V1=V2
Dönər reaksiyalarda düzünə və əksinə reaksiyaların sürətlərinin bərabər olduğu an kimyəvi tarazlıq halı adlanır.
YAZAR: Sevinc Cümşüdlü
Həmçinin bax: https://kafkazh.com/analitik-reaksiyalar-ucun-esas-gostericiler-secicilik/
Həmçinin bax: https://tehsilim.org/1035-muellim-muddetsiz-emek-muqavilrsi-ile-teyin-olunmaq-huququ-qazanib/