Şirvanşahlar Dərbəndilər sülaləsi dövründə

  • İbrahimin hakimiyyətə gəlməsi
  •  İbrahimin birləşdirmə siyasəti
  •  İbrahim və Qara Yusifin mübarizəsi
  • Şirvanşah və Moskva knyazlığı
  •  Səfəvilərlə mübarizə. Şirvanşahların süqutu

İbrahimin hakimiyyətə gəlməsi

Çobani və Cəlairi hakimiyyəti dövründə Şirvanşah Huşəngin yeritdiyi yarıtmaz siyasət, xalqın dinc həyatının pozulması və Cəlairilərdən asılılıq Şirvanda üsyana səbəb olmuş və Şirvanşah Huşəng öldürülmüşdü. Nəticədə 1382-ci ildə Şirvanşahlar sülaləsinin Dərbənd qolundan olan İbrahim taxta çıxarılmışdı. Beləliklə, Şirvanda Dərbəndilər sülaləsinin hakimiyyət dövrü (1382 – 1538) başlamışdı. Şirvanşah I İbrahim (1382 – 1417) Teymur və Toxtamış arasında bölgə uğrunda gedən amansız rəqabətdən Azərbaycanın şimal torpaqlarını böyük dağıntılardan xilas etmək və Şirvanda hakimiyyəti qoruyub saxlamaq üçün istifadə etməyə çalışırdı. Əmir Teymurun birinci yürüşü başlayanda öz baş vəzirindən “nə edək?”- sualına belə cavab almışdı: “Görünür qaçıb dağda gizlənməkdən başqa çarəmiz qalmamışdır. ” Ancaq I İbrahim ilk öncə Şamaxıda Teymurun adma xütbə oxutdurdu, pul kəsdirdi və hədiyyələrlə Qarabağda onun görüşünə getdi. Bu görüşün böyük tarixi əhəmiyyəti oldu. Teymur onu Şirvanın hakimi kimi tanıdı, şimal sərhədlərinin təhlükəsizliyinin qorunması kimi mühüm vəzifəni də ona həvalə etdi. Bu addımla Əmir Teymur Toxtamışa qarşı mübarizədə sədaqətli müttəfiq, I İbrahim isə Əmir Teymur kimi güclü dayaq qazandı. I İbrahim bu yolla Şirvanşahlığın ərazisinin toxunulmazlığına nail oldu, ölkəsinin iqtisadiyyatını və əhalisinin asayişini qoruyub saxlaya bildi. Tarixi sənədlərin təhlili göstərir ki. Əmir Teymurla Şirvanşah arasında vassallıq münasibətlərindən daha çox müttəfiqlik olmuşdur. Çünki Şirvanşahlığın Əmir Teymura bir vassal kimi bac ödəməsi haqqında tarixdə heç bir məlumata rast gəlinmir. I İbrahimə çox böyük rəğbətlə yanaşan Əmir Teymur hətta ayrıca bir fərmanla (qızıl yasa) övladlanna da Şirvanşahın və onun varislərinin hakimiyyətini qoruyub saxlamağı tapşırmışdı. Maraqlıdır ki, Əmir Teymur I İbrahimə övladlanndan başqa bir kimsəyə layiq bilmədiyi “oğlum” – deyə müraciət edirdi. Öz dikbaşlığı və özbaşına qərarlar verməsi ilə tanınan Miranşah (onu Şərqdə “ilanşah” adlandırırdılar.) atasının böyük müttəfiqi olan Şeyx İbrahimlə yola getməsə də, heç zaman onunla münasibətləri pozmağa cəsarət etmirdi. I İbrahim 1387-ci ildə Miranşahla, 1395-ci ildə isə Teymurla birlikdə Toxtamışa qarşı yürüşlərdə öz qoşunu ilə iştirak etmiş
və qələbə nəticəsində əsas düşməni olan Toxtamış sıradan çıxarmışdı. I İbrahim Əmir Teymurun 1399-1402-ci illərdə Osmanlı Sultam Bəyazid üzərinə Kiçik Asiya yürüşlərində də iştirak etmişdi. I İbrahimin Cənubi Qafqaz bölgəsində böyük siyasi nüfuza sahib olması və yeganə liderə çevrilməsi onunla sübut olunur ki. Əmir Teymur Əlincə qalasının müdafiəsində ona qarşı vuruşan Seydi Əlinin oğlu Seydi Əhmədi I İbrahimin xahişi ilə Şəki vilayətinə hakim təyin etmişdi. O, Əmir Teymurun əsas düşmənlərindən biri olan Gürcü çarı VII Georginin bağışlanmasına da nail olmuş və Əmir Teymur onu öz vassalı kimi tanımışdı.Şirvanşah I İbrahim əlverişli tarixi şəraitdən bacanqla istifadə edərək Gəncəni və Qarabağı öz şahlığına birləşdirmişdi. Teymurun ölümünə qədər onunla müttəfiqliyə sadiq qalan I İbrahim Teymur öləndən sonra siyasətini dərhal dəyişmişdi.

İbrahimin birləşdirmə siyasəti

XV əsrin əvvəllərində Azərbaycanın Teymuri hakimiyyəti altından çıxması və birləşməsi üçün çox əlverişli şərait yaranmışdı. O zaman beynəlxalq mübarizələr meydanında Azərbaycan üçün təhlükə yarada biləcək qüvvə yox idi. Teymurun vəfatından sonra (1405) onun işğalçı siyasəti nəticəsində yaranan Teymurilər dövləti tezliklə dağılmağa başladı. Müxtəlif ölkələrdə hökmranlıq edən Teymuri şahzadələri arasındakı ixtilaflar nəticəsində bir sıra əyalətlər bu xanədanın təsir dairəsi altından çıxmış, müstəqillik qazanmışdı. Teymurilər arasındakı feodal hərc-mərcliyi davam edirdi. Bu vəziyyət Azərbaycanda da hökm sürməkdə idi. Hələ atası Teymurun sağlığında Azərbaycandakı hakimiyyətindən (Qarabağ və Muğan istisna olmaq şərti ilə) kənar edilmiş Miranşah atasının ölüm xəbərini eşidən kimi bir sıra əyalətlərdə hökmranlıq edən doğma oğlu Mirzə Ömərə qarşı müharibəyə başladı. Bu işdə marağı olan Mirzə Əbubəkr də kiçik qardaşının əleyhinə atası Miranşahla birləşdi. Bu çəkişmələr və döyüşlər nəticəsində Teymurilərin Azərbaycandakı hakimiyyəti zəifləməyə bağladı. Ölkədə xalq kütlələri arasında xarici əsarətdən azad olmaq meyilləri qüvvətləndi. Təbriz, Marağa və Qarabağda həyəcanlar artdı. Müxtəlif əyalətlərin birləşməsi üçün əlverişli şərait yarandı. Azərbaycanın, eləcə də Şirvanın müstəqilliyini qorumaq və yadellilərin iştirakı olmadan hakimiyyəti öz əlində cəmləşdirmək üçün I ibrahim ciddi fəaliyyətə başladı. O, Bərdə yaxınlığında Teymuri dövlətinin səlahiyyətli nümayəndələri ilə sülh sazişi bağlamış və bu sazişdə Şirvanın daxilən müstəqil olduğu qeyd edilmişdi. İbrahim tezliklə Şəki, Dərbənd, Qəbələ şəhərlərində də (Qarabağ düzənliyinə qədər) öz nüfuzunu möhkəmləndirmiş, müttəfiqi olan Seydi Əlinin oğlu Seydi Əhmədi Şəki hakimi etmişdi.
I İbrahim feodal təbəqələrinin mənafeyini güdmək və bütün Azərbaycanda müstəqil hakim olmaq niyyəti ilə ölkəni dağıntılardan xilas etməyə cəhd göstərdi. O, yaranmış şəraiti nəzərə alaraq müxtəlif siyasi qrupların vəziyyətindən bacarıqla istifadə etdi, çoxdan nəzərdə tutduğu məqsədin – Araz çayının cənubunda yerləşən torpaqların Şirvan ətrafında birləşdirilməsi planının həyata keçirilməsi üçün qətiyyətlə fəaliyyətə başladı. Bəzi feodallar və şəhər əyanları da öz mənafeləri baxımından I İbrahimin bu planını müdafiə etdilər. Təbriz tacirləri də onu öz hakimləri kimi görmək istəyirdilər. Çünki I İbrahim ticarət və sənətkarlığı inkişaf etdirməyə çalışırdı. I İbrahim özünün birləşdirmə siyasətini
həyata keçirmək üçün gürcü çarı II Konstantin, Şəki əyalətinin hakimi Seydi Əhməd, Gəncə hakimi Yarəhməd Qaramanlı və Ərdəbil hakimi Bestam Cakirlə ittifaq bağladı. Onların birləşmiş qoşunu Kür çayı sahilində toplandı. O zaman Təbriz hakimi olan Ömər Şirvanşahı qabaqlamaq məqsədilə hücuma keçdi. Bir həftə davam edən döyüşlər həlledici nəticə vermədi. Mirzə Ömərin Kür sahilinə getməsi xəbərini eşidən Miranşah və oğlu Əbubəkr Təbriz üzərinə hücuma keçdilər. Təbriz əhalisi onlara müqavimət göstərərək üsyana qalxdı. Üsyançılar kömək üçün I İbrahimə müraciət etdilər. Bu isə Şirvanşaha sərhədi keçmək üçün əlverişli imkan yaratdı. 1406-cı ilin may ayında Şirvanşahın
döyüşçüləri maneəsiz Təbrizə daxil oldular. Təbrizin I İbrahimin əlinə keçməsi Azərbaycan torpaqlarının vahid hakimiyyət altındabirləşməsi demək idi. Bütün Azərbaycanın Şirvana birləşdirilməsi I İbrahimin böyük diplomatik qələbəsi olsa da, bu birləşmə Azərbaycanın bir sıra güclü qonşularının mənafeyi ilə ziddiyyət təşkil edirdi. Çünki İbrahim həmin məqsədlə Şəki hakimi Seydi Əhməd və gürcü çarı II Konstantinlə dostluq əlaqələrini davam etdirirdi.

İbrahim və Qara Yusifin mübarizəsi

Bu dövrdə Azərbaycan Qaraqoyunlu və Şirvanşahlar arasında mübarizə meydanına çevrilmişdi. Qara Yusif və I İbrahimin hərbi hazırlıqları iki il davam etdi. 1412-ci ilin noyabr , dekabr aylarında Kür çayının sahilində Qaraqoyunlu və Şirvan qoşunları arasında böyük döyüş baş verdi. Qara Yusif tərəfində Qarabağın, Muğanın və Naxçıvan əyalətinin sayca çox olan qoşunları, İbrahimin tərəfində isə 2 min atlı ilə ona qoĢulmuş II Konstantinin məhdud miqdarda aznaurları (hərbçiləri) döyüşürdülər. Qüvvələrin qeyri-bərabərliyi nəticəsində Şirvanşah İbrahim, onun oğulları, qardaşları, əmirləri və məşhur sərkərdələri, habelə II Konstantin əsir alındılar. Tezliklə gürcü çarı və 300 aznaur edam edildilər, I İbrahim isə 1413-cü ilin baharında həbsdən azad olundu və Şirvana qayıtdı.

Şirvanşah və Moskva knyazlığı

Şirvanşahlar dövləti ilə Moskva knyazlığı arasında diplomatik münasibətlər də yaranmışdı. Şirvanşah Fərrux Yəsarın (1462-1500) elçisi – Azərbaycan diplomatı Həsən bəy 1465-ci ildə Moskvaya getmiş , III İvanla danışıqlar aparmışdı. Moskva knyazı isə 1466-cı ildə Vasili Papinin başçılığı ilə Azərbaycana xüsusi səfirlik göndərmişdi. 1465-1466-cı illərdə Şirvanşahlar dövləti və Moskva knyazlığı arasında aparılmış danşıqlar iki ölkə arasında qarşılıqlı surətdə faydalı olan ticarət əlaqələrini genişləndirmək məqsədinə xidmət edirdi. 1499-cu ildə başqa Azərbaycan diplomatı – Şirvan elçisi Şəhabəddin Moskvaya getdi və III İvanla danışıqlar apardı. Şirvan-Moskva əlaqələri daha da genişləndi.

Səfəvilərlə mübarizə. Şirvanşahların süqutu

XV əsrin sonlarında Şirvanşah və Şəki hakimi öz müstəqilliklərini itirməmişdilər. Ağqoyunlu dövləti daxilində baş verən hərc-mərcliyi görən Fərrux Yəsar, Səfəvi sülaləsinin güclənməsindən narahat olmuş, Sultan Heydərin övladlarını məhv etmək və Şirvana qarşı ola biləcək təhlükənin qarşısını almaq məqsədini güdmüşdür. Şirvanşahla Şəki hakimi şah Hüseynin münasibətləri pisləşdi, 1497-ci ildə onun təhriki ilə Fərrux Yəsarın gənc oğlu Şeyxşah atasına qarşı üsyan qaldırdı və Şəki hakimi ilə birləşdi. Müttəfiqlər Qəbələni qarət və viran etdilər. Lakin Qəbələ hakimi Əbülfət bəyin köməyinə gələn Şirvanşah onlan məğlub etdi, Şeyxşah isə (gələcəkdə şirvanşah II İbrahim, 1502-1524) atası ilə barışdı.
Ərzincanda keçirilmiş müşavirədə zərbəni Səfəvilərin əsas düşməni olan Şirvanşah Fərrux Yəsara qarşı yönəltmək qərara alındı. Qızılbaş şiələrin nəzərində Şirvanşahlar şeyx Cüneydin və Heydərin ölümünün əsas səbəbkarı – “qatilləri” idi. 1500-cü ilin payızında İsmayıl Ərzincandan Şirvana doğru hərəkətə başladı. Kür çayını keçmiş İsmayılın qoşunu şəkililərin dəstəsi ilə qarşılaşdı və qızılbaşlar onları asanlıqla darmadağın etdilər. Qızılbaşların yaxınlaşması xəbəri Şamaxı əhalisinin əksəriyyətini Qəbələdə gizlənmiş Şirvanşahın ardınca şəhərdən çıxmağa vadar etdi. İsmayıl heç bir müqavimətlə qarşılaşmadan Şamaxını ələ keçirdi və Şamaxı yaxınlığındakı Gülüstan qalasına yollandı. İsmayıl 1500-cü ilin sonunda burada, qalanın ətəyində, Cəbani adlanan yerdə döyüşə girməyə məcbur oldu. Fərrux Yəsarın qoşununda təxminən 20 min atlı və 6 min piyada vardı. Onlar sayca qızılbaşlardan azı iki dəfə üstün olsalar da, qızılbaşlar mənəviyyatca möhkəm və mətin idilər. Şirvan qoşunu darmadağın edildi, qaçmağa üz tutdu, Fərrux Yəsar isə həlak oldu.II İbrahimin (Şeyxşah) ölümündən sonra Şirvan taxtına II Xəlilullah (1524-1535) adı ilə Sultan Xəlil çıxdı. Hər şeydən şübhələnən I Təhmasib öz yeznəsinəŞirvanşaha inanmırdı və Şirvanın Səfəvilərə tamamilə tabe edilməsi üçün ciddi plan hazırlayırdı. Oğlu olmayan II Xəlilullahın ölümündən sonra özünü Şeyxşahın oğlu kimi qələmə verən bir nəfər Qələndərin üsyanı ilə Şirvanda iğtişaşlar başlandı. Qələndərin səltənət iddiası şirvanşahın dul qadını, I Təhmasibin bacısı Pərixan xanım tərəfindən müdafiə edildi. Şirvan əyanları mərhum şahın qardaşı oğlunu – azyaşlı Şahruxu hakimiyyətə gətirməyə tələsdilər. Lakin hakimiyyət, başda Hüseyn bəy olmaqla, Şirvan əyanlarının əlində qaldı. Salnaməçi yazırdı ki, bundan sonra “Şirvanda qayda-qanun yoxa çıxdı”. Qələndər müvəqqəti olaraq Şamaxını da ələ keçirdi. Əyanlar böyük çətinliklə bu üsyanı yatıra bildilər. Şirvandakı iğtişaşlar Təbriz sarayının xeyrinə idi. Qələndərə divan tutulduqdan sonra Təbrizə gəlmiş Pərixan xanım Şirvanda “ixtilafların və çaşqınlığın” hökm sürdüyünü və həmin ərazinin Səfəvilər dövlətinə birləşdiirilməsi üçün əlverişli məqamın yetişdiyini qardaşına bildirdi. I Təhmasib 1538-ci ilin yayında qardaşı Əlqası 20 minlik qoşunla Şirvana yolladı. Qəbələ, Qorci və Surxab qalaları alındı. Sonra qızılbaşlar Şahruxun Şirvan əyanları ilə gizləndiyi Buğurd qalasını mühasirə etdilər. Mühasirə bir neçə ay çəkdi. Ərzaq qıtlığından və xəstəliklərdən əziyyət çəkən, lakin silahı yerə qoymaq istəməyən Şirvanlıların qəhrəmanlığı haqqında məlumat Təbrizə çatdı. Şah qoşunu ilə qalaya yaxınlaşdı. Topların işə salınması nəticəsində qalanın müdafıəçiləri mübarizəni dayandırdılar və təslim oldular. Şirvanşahların xəzinəsi ənənəvi olaraq Buğurd qalasında saxlanılırdı və salnaməçinin sözlərinə görə, orada olan pulların, qızıl-gümüşün miqdarı saysız-hesabsız idi. Bütün bunlar şah tərəfindən müsadirə olundu. Şah Təhmasib xalqa zülm edənlərə və qarışıqlıq salanlara qarşı mübarizə bəhanəsi ilə yerli əyanların bir neçə nümayəndəsini, habelə vəkil Hüseyn bəyi edam etdirdi. Əyanların əmlakı müsadirə olundu və onların mülkləri qızılbaş tayfa əmirlərinə verildi. Şahrux Təbrizə aparıldı və az sonra edam edildi. Beləliklə, Şirvanşahlar dövlətinin müstəqilliyinə son qoyuldu və onun ərazisi bəylərbəyilik kimi Səfəvilər dövlətinin tərkibinə qatıldı.

Mənbə:

1. Süleyman Əliyarlı “Azərbaycan tarixi”
2. Azərbaycan tarixi III cild

YAZAR: Allahverdiyeva Vəsilə

Həmçinin bax: İngiltərədə Parlament İnstitutu

Həmçinin bax: turaz.org/pence-qartali-2-emeliyyatlari-ile-bagli-turkiye-mudafie-nazirliyi-aciqlama-verib/

Həmçinin bax: tehsilim.org/macaristanda-2021-2022-ci-tedris-ili-ucun-teqaud-proqrami/