Sintaktik bütövlərin qrammatik semantikası
Sintaktik bütövləri təşkil edən cümlələr arasında aşağıdakı məna əlaqələri özünü göstərir:Birləşdirmə əlaqəsi,səbəb-nəticə əlaqəsi,aydınlaşdırma əlaqəsi,qarşılaşdırma əlaqəsi,bölüşdürmə əlaqəsi.Bu əlaqələr eynilə tabesiz mürəkkəb cümlələrin komponentləri arasında olduğu kimidir.Birləşdirmə əlaqəsi özünü iki şəkildə göstərir:
1)Mətnin komponentləri zaman eyniliyi əsasında birləşir.Bu cür mətnlərin komponentlərində öz ifadəsini tapan hadisələr vahid zaman kəsiyində baş verir.Məsələn;Üç gün idi ki,yağış başlamışdı.Bütün göy üzü bulud idi.Amma o buludların səddi-sərhəddini ayırmaq mümkün deyildi.Boz buludlar lap aşağı enmişdi.Narın,kor yağış kəsmək bilmirdi.
Bu sintaktik bütövdə əhatə olunan bütün hadisələr eyni vaxtda mətnin əvvəlində qeyd edilən üç gün ərzində baş verir.Bu cür mətnlər adətən statik xarakterdə olur.
2)Mətnin komponentləri zaman ardıcıllığı üzrə birləşir.Bu xüsusiyyət daha çox dinamik mətnlərə aiddir.Dinamik mətnlər ardıcıllıq əlaqəsi üzrə qurulur və oxucunu yeni-yeni hadisələrlə tanış edir.Məsələn;Lalə atdan düşdü,çəkib həyətdəki dirəyə bağladı.Yuxudan hələ də oyanmamış İsmayılı örtüyə bürünmüş vəziyyətdə evə apardı,yerdəki döşəyin üstündə uzadıb üstünü örtəndən sonra qazı Əhməd əyilib işığı İsmayılın sifətinə tutan kimi onu tanıdı.
Müşahidə olunan məna əlaqələrindən biri də səbəb-nəticə əlaqəsidir.Komponentlərin biri və ya bir qismi səbəbi,biri və ya bir qismi nəticəni bildirir.Məsələn;Neçə vaxt idi ki,Qarabağa yağış düşmürdü.Düzənlərin otu qurumuşdu,heyvanlar,atlar otlamağa bir şey tapmırdı.
Səbəb-nəticə əlaqəsinə yaxın məqamda bəzən sintaktik bütövlərin komponentləri arasında aydınlaşdırma əlaqəsi müşahidə olunur.Bu cür mətnlərin əvvəlində ümumiləşdirici bir cümlə işlənir,sonra gələn cümlələr omun aydınlaşdırılmasına,təfərrüatına səbəb olur.Məsələn;Anam heç vaxt evdən yaman günlüyü üzməzdi.Bizdən gizli,ərindən ötrü yağ da saxlardı,ərik də.Doşab da qənaət edərdi,bal da.Qənd ehtiyatı da görərdi,xına da.Bəzən mikrotema ziddiyyətli qarşılaşdırma qarışıq şəkildə ola bilir.Məsələn;Mina aparmış yerləri tikdilər.Ölməyib sağ qaldım.Evimə qayıtdım.Arvad öldüyümü zənn edib başqasına ərə getmişdi.Mən onu qınamadım.Ancaq üç dəfə üz-üzə gəldik,halımı soruşmadı.
Mikromətnlərin bölüşdürmə əlaqəsi əsasında qurulduğu hallar da çoxdur.Adətən,bu cür mətnlər bağlayıcıların iştirakı ilə formalaşır.Məsələn:
Bəzən olur ağacların,yarpaqların söhbətindən
Dinləyirsən asta gələn quldurların səsini sən.
Bəzən olur bütün gecə yatmayırsan sən bir anlıq
Gah da olur ovçu kimi qar üstündə iz alırsan.
Göründüyü kimi,mikromətnin qurulmasında,hadisələrin bölüşdürülməsində bəzən və gah bağlayıcılarının rolu böyükdür.Burası da nəzərə alınmalıdır ki,bu cür nisbətən “təmiz”zaman,ardıcıllıq,səbəb-nəticə,aydınlaşdırma,qarşılaşdırma, bölüşdürmə mənaları ilə yanaşı,qarışıq mənalı sintaktik bütövlərədə rast gəlmək mümkündür.Çox zaman səbəb-nəticə və qarşılaşdırma,ardıcıllıq və səbəb-nəticə,qarşılaşdırma və zaman əlaqələri birlikdə özünü göstərir.Bir neçə əlaqənin bir mətndə birləşdiyi hallar da mövcuddur.Məsələn,Uzun Həsən qalxıb alaçığın dirəyindən asılmış qılıncı götürdü. Dəstəyi ovucunda itdi.Əlini qına atdı.Qılıncı siyirmək istədi.Amma tiyə qından çıxmadı.Bir də güc elədi,yenə çıxmadı.Bu qılıncın tiyəsi yox idi.Bu mətn ardıcıllıq ,qarşılaşdırma və səbəb-nəticə əlaqələri əsasında qurulmuşdur.
QAYNAQ: Qəzənfər Kazımov- Sintaksis ; Buludxan Xəlilov- Sintaksisə giriş
YAZAR: Gültanə Tapdıqova
HƏMÇİNİN BAX: Oksigen
HƏMÇİNİN BAX: Uyğur soyqırımı