Şeyx Üveysin yürüşləri

Cəlairilər XIII əsrin ortalarında Hülakü xanın Yaxın Şərq ölkələrinə yürüşündə iştirak etmiş, Cənubi Qafqaza gəlmişdilər. Dövlətin əsasını Şeyx Həsən 1340-cı ildə Bağdadda qoymuşdur. Şeyx Həsən Cəlairi öldükdən sonra hakimiyyət oğlu Şeyx Üveysin (1358-1374) əlinə keçmişdir.

1356-cı ildə Sultan Müzzəddin Üveys Qızıl Orda hakimlərinə qarşı üsyan qaldıran Təbriz əhalisinə kömək məqsədilə gəlir, Təbriz və ölkənin cənub vilayətlərini qızıl ordalılardan təmizləyir.

Çobani əmirlərinin bir hissəsi Naxçıvana toplaşdı və sonradan Əxicuğun başçılığı altında birləşib Arrana gəldi, burada məskən saldı. Onlara qarşı göndərilən Cəlairi qoşunu Əmir Piltənin xəyanəti nəticəsində məğlubiyyətə düçar oldu. Şeyx Üveys Bağdada doğru geri çəkildi. Təbriz yenidən Əxicuğun ixtiyarına keçdi. 1359-cu ilin payızında Fars hakimi Məhəmməd Müzəffər Azərbaycana hücum etdi və Təbrizə daxil oldu. Lakin bir həftədən sonra Şeyx Üveys yenidən Azərbaycana gəldi və Təbrizi tutdu. Beləliklə,Azərbaycan Cəlairilər dövlətinin tərkibinə daxil oldu. Azərbaycan, Arran, Muğan, Şirvan Cəlairilərin nüfuzu altına keçir. Təbriz Cəlairilər dövlətinin paytaxtı olur. Bu dövlətin tərkibinə Azərbaycan, Ərəb İraqı, Fars İraqı, Ermənistan və Şərqi Anadolu daxil idi. Qarabağ ərazisi isə köçəri Cəlair əyanlarının qışlaq yerinə çevrildi.

Qızıl Orda qoşunu geriyə döndükdən sonra Ərəb İraqının hakimi Sultan Üveys Cəlairinin əlinə keçdi. O, Güney torpaqları, Naxçıvan və Arranı öz hökmü altına aldı. Şirvanşah Kavus da onun hakimiyyətini qəbul edərək ilk illər üzərində Üveysin adı yazılmış anonim gümüş pullar kəsdirdi. Ancaq 1364-cü ildə Cəlairilərə qarşı üsyana qalxıb tabeçiliyi üzərindən atmağa çalışdı. Bir neçə il içərisində Şirvanşahın Şamaxı, Bakı, Şabran, Qustəsfi şəhərlərində kəsdirdiyi pulların üstündə Sultan Üveysin adının olmaması bu üsyanla bağlıdır. Bu müstəqillik uzun sürmədi. 1368-1369-cu illərdə Üveys Şirvana qoşun yeridib, Kavusu qalalarının birində qapadı. Sığınacaqdan çıxıb özünü təslim etdikdə ayaqlarına qandal vuruldu. Təbrizə gətirilərək üç ay zindana salındı. Sonra əfv edilib bac vermək şərti ilə Şirvan taxtına qaytarıldı. Ölümünə kimi Sultan Üveysin itaətindən çıxmağa bir daha çalışmadı. 1374-cü ildə Sultan Üveys vəfat etdi.

Sultan Üveys dövründə bir tərəfdən Bağdad və Təbriz arasında, digər tərəfdən Misir və başqa şəhərlər arasında siyasi və iqtisadi əlaqələr bərpa edilirdi. Hətta uzaq Misir sultanlığı ilə müqaviləyə əsasən oraya səfirlər göndərilir, ticarət və mədəni əlaqalər yaradılırdı. Sultan Üveys Təbriz ilə Trabzon arasında qədim ticarət yolunun açılmasında, Azərbaycanla ticarət əlaqələrinin genişlənməsində səy göstərdi.

 

İstifadə olunmuş ədəbiyyat:

  1. Azərbaycan tarixi. III cild
  2. Süleyman Əliyarlı. Azərbaycan tarixi uzaq keçmişdən 1870-ci ilə qədər.

 

 YAZAR: Zeynəb Hüseynzadə