Şəxsiyyət psixologiyası

Şəxsiyyət psixologiyasına aid nəzəriyyələr
Şəxsiyyət psixologiyası şəxsiyyəti, şəxsiyyətin tipik və ayırıcı tərəflərini öyrənir. Şəxsiyyəti araşdıran psixoloqların 2 əsas məqsədi var: 1) şəxsiyyətin mahiyyətini izah edən nəzəriyyələr qurmaq və onları inkişaf etdirmək, 2) şəxsiyyətdəki individual fərqləri incələmək və izah etməķ.
Şəxsiyyət anlayışı mürəkkəb anlayışdır. Onun adekvat şəkildə anlaşılmasının çətinliyi bir sıra amillərlə bağlıdır. Həmin mühüm amillərdən bir neçəsini nəzərdən keçirək:
1. İnsan şəxsiyyəti maddi və toxunula bilən, hiss edilən deyildir. O, bir sıra amillərin – şəraitin, imkanların və determinintların təsiri altında formalaşan psixoloji törəmədir.
2. İnsan şəxsiyyəti bir sıra amillərin təsirinə məruz qalsa da, yalnız onlardan asılı bir törəmə kimi şərh oluna bilməz, çünki o formalaşdığı həmin əsası dialektik olaraq rədd edir.
3. İnsan davranışının determinasiyasında şəxsiyyətin mühüm əhəmiyyət kəsb etməsi barədə çoxlu nəzəriyyə və konsepsiya mövcuddur ki, bunların bir çoxunun şəxsiyyət anlayışını şərh etməsi ziddiyyətlidir.
4. Nəhayət, şəxsiyyəti anlamaq insan fenomenini anlamaqla birbaşa əlaqədardır.
Şəxsiyyət yalnız o zaman insanın əsası, özəyi kimi, onun başlıca parametri, eyniləşdirmə vasitəsi kimi şərh oluna bilər ki, antropologiya və insan haqqında biliklər insanın öz təbiətini anlamaq səviyyəsinə yüksəlmiş olsun. Lakin bütün bu qeyd olunanlar heç də şəxsiyyətin tədqiqi imkanlarının mümkün olduğunu rədd etməyə imkan vermir. Əksinə, şəxsiyyət problemi, son nəzəri və eksperimental tədqiqatlar onun öyrənilməsi imkanlarını artırır. Nəzəriyyə faktları açıqlamaq üçün araşdırmaçı tərəfindən qurulmuş bir-biri ilə əlaqəli bir sıra qavram və fərziyyələrdən ibarət konseptual bir sistemdir. Nəzəriyyələrin tarixə keçsə  də, onlar haqqında xeyli antitezlər və tənqidlər mövcud olur. Bəs nəyə görə bir elmi məsələdə bir çox nəzəriyyə ola bilir? Çünki insan kainatdaki ən qarmaşıq varlıqdır və psixoloqlar insanı araşdırarkən müxtəlif baxış bucaqlarından onu incələyiblər. Həmçinin psixologiya təbiət elmləri qədər dəqiq elm deyildir. Hər bir nəzəriyyə onu yaradan alimin uşaqlıq təcrübələrini, keçmiş yaşantısını, travmalarını, yetişdirilmə tərzini özündə ehtiva edir.

Freydin şəxsiyyət quruluşu nəzəriyyəsinə görə şəxsiyyət 3 hissəyə ayrılır: id, eqo və super-eqo. İd orijinal xarakterdir, dünyaya gəldiyimizdə sahib olduğumuz yeganə parçamızdır, şüur altındadır. Bioloji instinktlərimiz id ilə bağlıdır. Biolojik instinktlər dedikdə həyatta qalma, həzz üçün yaşama, nisbətən barbar tərəfimiz nəzərdə tutulur. Bizi nəticələrini düşünmədən arzularımızın arxasınca getməyə sövq edən tərəfimizdir. Eqo 2 yaşımızdan sonra formalaşır. Reallıq, gerçəkliyi bizə xatırlatması onun əsas xüsusiyyətidir. Arzu və istəklərimizin cəmiyyət tərəfindən normal qarşılanacaq şəkildə və tərzdə həyata keçirməmizdə bizə kömək edir. Müəyyən qədər şüurda, müəyyən qədər isə şüuraltındadır. Super-eqo isə əxlaq koteksinə görə çalışır. Bizi günahkarlıq və utanc hissi ilə təhdid edir. Göründüyü kimi, super-eqo və id’in istəkləri bir-biri ilə çatışır.
Bundan başqa, Freydin tələbəsi və sonralar rəqibi olan Carl Gustav Jung’un isə şəxsiyyət ilə bağlı nəzəriyyəsi belədir: Şəxsiyyət bir-biri ilə sıx əlaqədə olan şüur, şəxsi şüuraltı və kollektiv şüuraltından ibarətdir. Şüur və şüuraltı bir-birindən fərqli, amma bir-birini tamamlayan strukturlardır. Freydin şüuru aysberqin görünən hissəsinə, şüuraltını aysberqin okeanın altında qalan hissəsinə bənzətdiyi kimi Jung da şüuru okeanda görünən kiçik bir adaya bənzətmişdir. Okeanın altında, görünməyən hissə isə çox daha böyük olan şüuraltını təmsil edir. Burda adanın görünən qismi Jung’un nəzəriyyəsindəki eqo Freydin nəzəriyyəsindəki eqoya xeyli bənzəməkdədir. Eqo şüurlu duyğular, düşüncələr, xatirələr və qavrayışlardan ibarətdir. Jung eqonu gerçəklik və şüuraltı arasında gedib-gələn, nisbətən zəif bir tərəfidir. Lakin o, şüurun qapısı funksiyasını görür. Eqo qəbul etmədən bir düşüncənin, duyğunun, xatirənin, qavrayışın şüura gətirilməsi imkansızdır. ( Hall və Nordby 1999) Jung’a görə insan cəmiyyətdə davranışını ona qarşı olan gözləntilərə görə tənzimləyir, özünə kənar göz ilə baxır və özünə daim nəzarət edir. Bu, uşaq yaşlarında insanda olmur, lakin böyüdükcə insan özünü cəmiyyətə qəbul etdirmək üçün onun davranış qəliblərinə uymağa çalışır. Və bu zaman insanın xislətində olan bir çox xüsusiyyət şüuraltına itələnir. Jung insanın xarici dünyada insanlarla uyum içində yaşaması üçün qurulmuş sistemə antik dövrlərdə aktyorların üzlərinə taxdığı maska olan persona adını vermişdir. ( Jung 1992) Persona’nı inkişaf etdirə bilməyən insanlar hüzursuz, kobud, insanlarla yola gedə bilməyən tiplər olur. Həmçinin persona insanın özünü necə görmək istədiyini də ifadə edir. Digər tərəfdən, insanın özünü oynadığı rola çox yaxınlaşdırması gerçək özündən uzaqlaşmasına  səbəb ola bilir. Jung şəxsiyyətlə personanın bu qədər eyniləşməsini inflyasiya adlandırmışdır. Yunqa görə şəxsiyyətin strukturu 4 sistemdən yaranır: “Mən”, “maska”, “kölgə”,“ruh”. Onun fikrincə “maska” şəxsiyyətin sosial qabığını təşkil edir. O, “məni” boğa, azad şəkildə təzahür və inkişafına mane ola bilər. “Kölgə” şəxsiyyətin ümumi istiqaməinə qarşı dayanan alçaq həzlərin məcmuyundan ibarətdir. “Ruh” isə ata və ya ananın şəxsi və kollektiv şüursuzluğunu özündə birləşdirən surətinin daxilə köçürmüş analoqudur.
Erik Fromm isə şəxsiyyətin 5 tipini göstərir: reseptiv, istismarçı, yığıcı, bazar məhsuldar. Amerika psixoloqu E.Fromm ünsiyyət vasitəsilə təmin olunan beş xüsusi tələbat növünü qeyd edir:
1.İnsani əlaqələrə olan tələbat. Özünü real insan qruplarından birinə aid edə bilməyən, “mən”i olan, “biz”i olmayan şəxs getdikcə kəskinləşən, artan, dərinləşən tənhalıq hissinə qapılır.
2.Özünütəsdiqə olan tələbat. Real insan qrupunun sadəcə bir üzvü olmaq insan üçün azlıq edir. O, “bizim”adlandırdığı qrupun tərkibində sadəcə bir ünsür olmaqla kifayətlənmir. İnsan yalnız özü üçün deyil, başqaları üçün heç olmasa bir insan qrupu – ailə üçün əhəmiyyətli, lazım olduğunu bilməlidir, əks təqdirdə, o, özündən narazı qalır, onu təmin oxunmamaq və ya çatışmazlıq hissi narahat edir.
3.Səmimiyyətə olan tələbat. İnsan özünü böyük, hətta tarixi bir şəxsiyyət saya bilər. Əgər o, heç kimi sevmirsə, heç kimə hörməti yoxdursa və heç kimdən hörmət və səmimiyyət ummursa və onu hiss etmirsə, antipatiya hissi get-gedə həyata nifrət dərəcəsinə qədər arta bilər.
4.Özünüdərk etməyə olan tələbat. İnsan özünü əvəzsiz, təkrarı mümkün olmayan bir fərdiyyət kimi qavramalı və hiss etməlidir. Bu hisdən məhrum olmuş, onu itirmiş şəxs nüfuzlu, hörmətli şəxs olsa belə özünü bir avtomat, robot kimi qavrayır. Belə hallarda qeyri-sərbəstlik hissi meydana çıxır ki, bu da partlayışla nəticələnə bilər. İnsan onu sıxan, onun əl-qolunu bağlayan, onu sadə bir detala çevirən mexanizmin təsirindən uzaqlaşmağa can atır. Bəzən o, həmin mexanizmlə birlikdə özünü də məhv edir.
5.Pərəstiş obyektinə olan tələbat. Hər bir şəxs özünü bu və ya digər mədəniyyətə, ideologiyaya aid etməli, ona özünü bağlı hiss etməlidir. İnsan nəyəsə inanmalı, nəyisə inkar etməli, kimə və ya nəyəsə pərəstiş ya da nifrət etməlidir və s. Belə olmasaydı, həyat insana mənasız görünərdi.
Humanistik psixologiyanın nümayəndələrindən biri də A. Maslou (1908 – 1970) olmuşdur. O, şəxsiyyətin tələbatlarının ierarxik quruluşunu vermişdir. Bununla əlaqədar o, insan tələbatlarının 4 səviyyəsini vermişdir. I – ən aşağı səviyyədə o, fizioloji tələbatları götürür. Buraya insana təbii şəkildə xas olan tələbatlar aiddir (nəsilartırma, qidaya olan tələbat və s.). II səviyyə təhlükəsizliyə olan tələbatı əhatə edir. III isə yaradıcılıq tələbatları səviyyəsi götürülür. Burada ən çox maddi nemətlər yaratmaq tələbatı nəzərdə tutur. IV  özünüaktuallaşdırma tələbatı səviyyəsidir. Bu tələbat insanı öz gücündən, imkanlarından maksimum istifadə etməyə yönəldir.
Klassik Freyd nəzəriyyəsi ilə əlaqədar narazılıq ona gətirib çıxardı ki, 30-cu illərin ortalarında psixoanalizdə əsas diqqəti insan şəxsiyyətinin formalaşmasını, onun davranış və daxili münaqişələrini müəyyən edən mədəni və sosial şəraitdə cəmləyən yeni cərəyan yarandı. Bu cərəyanın tərəfdarları Freydin konsepsiyasındakı biolojiləşmə ənənəsini sosiallaşdırma ilə əvəz etməyə cəhd göstərmişdir. Belə alimlərdən biri A.Adler (1870-1937) olmuşdur. O, göstərmişdir ki, insanda ən əsas onun təbii instinktləri deyil, “birlik hissidir”. Bu hiss anadangəlmədir, lakin sosial cəhətdən inkişaf etdirməlidir. A.Adler şəxsiyyətin formalaşmasına təsir edən 3 mühüm münasibəti qeyd edir: başqa adamlara münasibət, əməyə münasibət, başqa cinsə münasibət. Adlerə görə şəxsiyyətin strukturunu müəyyən edən əsas motiv və tendensiyalar bunlardır: özünün gücsüzlüyünü hiss etmək, təkmilləşməyə və üstünlük əldə etməyə cəhd, birgəlik hissi və sosial hiss. Onun fikrincə bu tendensiyalar anadangəlmə deyildir, yəni uşaq doğularkən ona hazır şəkildə verilmir, o, dünyaya gələrkən insan nitqinə qabillik onun anatomiyasında olduğu kimi, bu tendensiyalar üçün də potensial imkan olur.
Humanistik psixologiyanın bir nümayəndəsi də Qordon Olport (1897 -1967) olmuşdur. Onun fikrincə insan “açıq sistemdən” ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarala qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş verir. Olport şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemlərindən törəyən bir hadisə kimi baxır. Olporta görə şəxsiyyət münasibətlərin cəmi modelidir.
Müəyyən dövrlər ərzində şəxsiyyət və onun psixologiyası ilə bağlı nəzəriyyələr formalaşmış və inkişaf etmişdir. Təbiidir ki, psixologiyada da bu problemə kompleks olaraq yanaşma, mövcud nəzəriyyələri və alimlərin fikirlərini hərtərəfli təhlil edərək nəticə çıxarmaq önəmlidir.

YAZAR: Gülsüm Bayram

Həmçinin bax: Sallivan. Biheviorizmlə psixoanalizin sintezi

Həmçinin bax: https://turaz.org/azerbaycanin-qehreaman-qizi-salatin-esgerova/

Həmçinin bax: https://tehsilim.org/tehsil-nazirliyinin-desteyi-ve-t-network-tecrube-ve-kommunikasiya-platformasininin-teskilatciligi-ile-ulduzu-gor-inkisaf-proqrami-davam-edir/