Şəxsiyyət nəzəriyyələri

Şəxsiyyət nəzəriyyələri

Şəxsiyyətin ahəngdar inkişafı tərbiyənin başlıca məqsədidir. Bəs şəxsiyyətin inkişafı nə deməkdir? Buraya hansı amillər təsir edir? Nə üçün həyatda bir-birinə daxilən tam bənzər iki adam tapmaq olmur?
Bu sualların düzgün həlli problemin mahiyyətini başa düşməkdə mühüm əhəmiyyətə malikdir.
Şəxsiyyət dedikdə, müəyyən sosial keyfiyyətlərə, mənlik hissinə malik olan şüurlu fərd başa düşülür. İnsan fərd (bioloji varlıq) kimi doğulur, sonradan müxtəlif amillərin təsiri ilə şəxsiyyətə çevrilir.
Şəxsiyyətin inkişafı dedikdə, insanın müəyyən keyfiyyətlərə (zehni, psixi, mənəvi, əmək, fiziki və s.) yiyələnməsi və özünü təkmilləşdirməsi başa düşülür.

Şəxsiyyət birdən-birə formalaşmır; o, müəyyən səviyyələrdən (aşağı, orta, yüksək, ideal səviyyə) keçir. Psixoloqlar 3-5 yaşlı uşaqların da şəxsiyyətin müəyyən keyfiyyətlərinə malik olduğunu qeyd edirlər.
Şəxsiyyətin inkişafına dair iki baxış mövcuddur: metafizik və dialektik baxış. Metafizik baxış inkişafı mexaniki proses kimi başa düşür: ona kəmiyyət dəyişməsi kimi baxır, inkişafın mənbəyini isə genetik proqramda axtarır.

Dialektik baxış isə şəxsiyyətin inkişafına kəmiyyət dəyişmələrindən keyfiyyət dəyişmələrinə keçid kimi yanaşır, inkişafın mənbəyini ziddiyyətlərin həlli prosesi ilə bağlayır. Dialektik baxışa görə, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsini ziddiyyətlərin yaranması və həlli təşkil edir.

Əsas ziddiyyət insanın tələbatları ilə imkanları arasındakı ziddiyyətdir. İnsan öz ehtiyacını (tələbatını) ödəmək üçün bütün imkanlarını (biliyini, bacarığını, iradi qüvvəsini və s.) səfərbərliyə alır və nəticədə tələbatını ödəyir. Bu prosesdə öz inkişafında irəliyə doğru müəyyən addım atır – bu və ya digər keyfiyyətə yiyələnir.
İnsan şəxsiyyəti müxtəlif amillərin nəticəsində formalaşır. Şəxsiyyətin formalaşmasına təsir edən amillər çoxcəhətlidir: onlar daxili və xarici, təbii və ictimai, subyektiv və obyektiv, planlı və kortəbii olur.
Bəs şəxsiyyətin inkişafına təsir göstərən amillərdən hansı əsasdır, həlledicidir?

Bu sualla əlaqədar şəxsiyyətin inkişafına dair müxtəlif nəzəriyyələr meydana gəlmişdir. Şəxsiyyətin inkişafında hansı amillərə üstünlük verilməsindən asılı olaraq həmin nəzəriyyələri bir neçə qrupa bölmək olar:
1. Bioloji amilin rolunu şişirdən nəzəriyyələr. Orta əsrlərdə mövcud olan “irsiyyət” nəzəriyyəsi, XIX əsrin sonlarında mövcud olan “biogenetik” nəzəriyyə şəxsiyyətin inkişafında irsiyyət amilini əsas götürür. Guya insan hazır qabiliyyət və xasiyyətlə doğulur.

Bəzi alimlər – E.Torndayk, C.Dyui (ABŞ) qabiliyyətlərin göz və qulaq kimi insana genlər vasitəsilə hazır verildiyini qeyd edirlər. Dinin “qismət” nəzəriyyəsi də bu mövqedən çıxış edir: insanın taleyi doğularkən onun alnına yazılır: yazılanı isə pozmaq olmaz, heç kəs qismətdən artıq yeyə bilməz. “Ot kökü üstə bitər”, “Qozbeli qəbir düzəldər” ifadələri də irsiyyətin rolunu şişirtməyə, tərbiyə və mühitin rolunu inkar etməyə yönəlmişdir.

XIX əsrin sonu, XX əsrin əvvəllərində meydana gəlmiş bəzi nəzəriyyələrdə də irsiyyət həlledici amil kimi irəli sürülür. “Biheviorizm”, “Freydizm”, “İrqçilik” və “Elita” nəzəriyyələri məhz bu mövqedə durmuşlar. Onlar insanların zehni, mənəvi, sosial fərqlərini onların təbiəti ilə – irsi amillərlə izah edirlər.
2. Tərbiyənin rolunu şişirdən nəzəriyyələr. Y.A.Komenski (XVII əsr), K.A.Helvetsi (XVIII əsr) tərbiyənin roluna böyük qiymət vermişlər. Y.Komenskiyə görə, insan tərbiyə sayəsində insan olur. O, “hamıya hər şeyi öyrətməyin” mümkün olduğunu qeyd edirdi. Fransız materialisti K.Helvetsi də tərbiyənin rolunu şişirdirdi.

O deyirdi: “Tərbiyə hər şeyə qadirdir”. Onun fikrincə, insanların xarakterindəki və zehni inkişafındakı fərqlər tərbiyənin nəticəsidir.
3. Mühitin rolunu şişirdən nəzəriyyələr. C.C.Russo “Azad və təbii tərbiyə” nəzəriyyəsi (XVIII əsr) ilə bu mövqedə durmuşdur. O, tərbiyədə insana sərbəstlik verməyi tələb edirdi, məcburiyyətin, qadağanın əleyhinə idi. Onun fikrincə, uşağın şəxsiyyətinə hörmət etmək, onun maraq və tələbatları ilə hesablaşmaq lazımdır.

4. Mühit və tərbiyənin rolunu şişirdən nəzəriyyələr. C.Lokk “Ağ lövhə” nəzəriyyəsi ilə (XVII əsr) məhz bu mövqedən çıxış edirdi: guya insan “ağ lövhə” kimi doğulur, yəni özü ilə heç nə gətirmir, bütün keyfiyyətləri sonradan tərbiyə və mühitin təsiri ilə qazanır. Bu nəzəriyyə şəxsiyyətin inkişafında bioloji amili inkar edirdi.

5. İrsiyyət və tərbiyənin rolunu şişirdən nəzəriyyələr. Fransız filosofu D.Didro (XVIII əsr), İsveçrə pedaqoqu İ.Pestalotsi (XVIII-XIX əsrlər) bu mövqedən çıxış etmişlər.İ.Pestalotsi insanın təbii qüvvələrini, yəni irsi imkanlarını mütləqləşdirməyin (C.C.Russonun “Təbii tərbiyə” nəzəriyyəsində olduğu kimi) əleyhinə çıxırdı.

Təbii imkanlar özlüyündə, tərbiyənin iştirakı olmadan inkişaf edə bilməz: özbaşına buraxılmış, kortəbii inkişaf edən insan (C.C.Russonun “Azad tərbiyə” nəzəriyyəsində olduğu kimi) ahəngdar şəxsiyyət kimi formalaşa bilməz, onun təbii qüvvələri lazımi dərəcədə inkişaf etməz.
6. İrsiyyət və mühitin rolunu şişirdən nəzəriyyələr. “İki amil” nəzəriyyəsi (XIX əsr) bu mövqedə durmuşdur: guya hər şey insanın irsiyyətindən və düşdüyü mühitdən asılıdır. Sonrakı dövrlərdə irəli sürülən bəzi nəzəriyyələr də “Konvergensiya” nəzəriyyəsi (C.Piace, Ştern), “İstedadlılıq” nəzəriyyəsi (Q.Ayzek, Qrey) irsiyyət və mühitin rolunu şişirdir, tərbiyənin rolunu inkar edir.

Hətta bəziləri genlərin təsir faizini rəqəmlə göstərməyə cəhd etmişlər: guya şəxsiyyətin zehni inkişafı 80% genlərin, 20% isə mühitin təsiri ilə formalaşır (Q.Ayzek).
Bu nəzəriyyələr şəxsiyyətin formalaşması məsələsinə birtərəfli yanaşmış, bu prosesə təsir göstərən amillərdən ya birini, ya da ikisini qəbul edərək digərlərinin rolunu inkar etmiş və ya məhdudlaşdırmışlar. Bu nəzəriyyələrdə habelə şəxsiyyətin özünün fəallığı qiymətləndirilməmişdir.
7. Bioloji və sosial amilləri, eləcə də insanın şəxsi fəallığını vəhdətdə götürən nəzəriyyə.

Dialektik nəzəriyyə (XX əsr) məhz bu mövqedə durur. Bu nəzəriyyəyə görə, şəxsiyyətin inkişafında irsiyyət amili müəyyənedici, sosial amillər isə həlledici rol oynayır. İrsiyyətin müəyyənedici rolu onunla əlaqədardır ki, irsi imkanlar tərbiyə və mühitin iştirakı olmadan öz-özünə inkişaf edib qabiliyyətlərə çevrilə bilməz.

Tərbiyə və mühit insanın təbii imkanlarını üzə çıxarıb inkişaf etdirə də bilər, onların inkişafına mane də ola bilər. Buna görə də hər bir uşağın təbii imkanlarını vaxtında (kiçik yaşlardan) üzə çıxarmaq və onların inkişafı üçün əlverişli şərait yaratmaq lazımdır. Əks halda cəmiyyət bir çox istedadlardan məhrum ola bilər.

Dialektik nəzəriyyə şəxsiyyətin inkişafında insanın şəxsi fəallığının da rolunu qəbul edir. İnsan mühitin və tərbiyənin passiv obyekti deyildir; o, mühitə fəal təsir göstərə bilər. Şəxsiyyətin formalaşmasında tərbiyə ilə yanaşı, insanın özünütərbiyəsi də mühüm şərtdir.
İnsan şəxsiyyətinin inkişafında bioloji və sosial amillərin rolunu toxumun cücərib inkişaf etməsi ilə müqayisə etsək, irsiyyəti toxuma, mühiti onun inkişafı üçün zəruri olan münbit torpağa və iqlimə, tərbiyəni isə bağbanın işinə bənzətmək olar (“Tərbiyə” ərəbcə “bəsləmək”, “yetişdirmək” deməkdir).

Psixoanalitik  Z.Freyd qeyd edir ki, şəxsiyyət bir sistem kimi inkişafının konkret hərəkətverici mexanizmlərinə malikdir. O, şəxsiyyətin strukturunu müəyyənləşdirib. Freydə görə 3 instansiya əsas yer tutur:

1) id (o)

2) eqo (mən)

3) super eqo (super mən)

Freyd belə hesab edirdi ki, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsi, hər şeydən əvvəl, libido, cinsi enerjidir. Freydin fikrincə, həyata keçirilməyən arzular nevroz yaradır. O qeyd edir ki, insana heç vaxt ağıldan bəla gəlmir, bəla arzudan gəlir. Arzuların çoxluğu patologiya yaradır.

Arzu və onun ödənilməməsi arasındakı uyğunsuzluq insanın xəstələnməsinə səbəb olur. Bütün bunları əsas götürən Freydin fikrincə, şəxsiyyətin formalaşmasında həmin tələbatların ödənilməsi şəxsiyyətin normal inkişafını təmin edir. Həmçinin o qeyd edirdi ki, qorxunu qorxu ilə müalicə etmək olar.
Şəxsiyyət haqqında digər nəzəriyyə Pavlovun nəzəriyyəsidir. Bu nəzəriyyədə biogen, psixogen və sosiogen elementlərin sintezinin yaradılmasına cəhd edilir.

Rus sosioloqu İ.Kon belə hesab edir ki, şəxsiyyət anlayışı çoxmənalıdır. Bir tərəfdən o, fəaliyyət subyekti kimi konkret fərdi, onun fərdi xüsusiyyətləri (təkcə) ilə sosial rollarını (ümumi) vəhdəti ilə birlikdə göstərir.

Digər tərəfdən şəxsiyyət fərdin sosial xüsusiyyəti kimi, onda cəmlənmiş sosial əhəmiyyət daşıyan müəyyən şəxsin başqa adamlarla vasitəsiz və vasitəli qarşılıqlı təsiri prosesində yaranmış və öz növbəsində, onu əmək, idrak və ünsiyyət subyekti edən xüsusiyyətlərin toplusu kimi başa düşülür.
Ayrı-ayrı adamların fəaliyyətində, davranışında uyğun cəhətlər vardır. Ona görə də insanların uyğun, oxşar sosial əlamətlərinə görə qruplara ayırmaq olar ki, bunu da adətən şəxsiyyət tipləri adlandırırlar.

Alman psixoloqu E.Şpanqer şəxsiyyətin 6 tipini nəzərdən keçirir: nəzəri tip (həqiqəti aşkara çıxarmağa meyllilik, tənqidi yanaşma), iqtisadi tip (faydaya meyllilik, praktiklik) estetik tip (dünyanın obrazlı qurulmasına meyllilik), sosial tip (insanlara sevgi), siyasi tip (hakimiyyətə meyllilik), dini tip (fövqəltəbiiliyə inam).
K.Xorni şəxsiyyətin 3 tipini qeyd edir: güzəştə gedən (insanlara istiqamətlənmə), təcrid edilmiş (insanlardan), düşmən (insanlara qarşı).

K.Yunq əsas psixoloji tipləri 2 qismə ayırır:

  • ekstravertlər
  • introvertlər

E.Fromm şəxsiyyətin 5 tipini göstərir:

  • reseptiv
  • istismarçı
  • yığıcı
  • bazar
  • məhsuldar

Hələ keçən əsrin başlanğıcında məhşur italyan kriminalist psixoloq Lombrozo qeyd edirdi ki, cəmiyyətdə cinayətkarlıq edən o adamlardır ki, onlarda cinayətkarlıq etmək irsidir, anadangəlmədir.

Yəni əgər şəxs anadangəlmə cinayətkardırsa, onda o cinayətə meyllidir və bu onda təzahür edib-etməməsindən asılı olmayaraq, onun mütləq cinayətkar olmasına dəlalət edir.Amerikan psixoloqu Kartin Xorni (1885-1952) insan şəxsiyyətinin əsasında anadangəlmə narahatlıq hissini qoymuşdu.

Onun fikrincə uşaq həmin hisslə doğulur. Doğulduğu gündən uşaq güclü səviyyədə narahatlıq hissi keçirməyə başlayır və həmin hisslər onun bütün sonrakı həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətinin daxili xassəsi kimi özünü göstərməyə başlayır. Mövcud olduğu ilk saniyədən başlayaraq insan dünyaya qarşı düşmənçilik hissi keçirməyə başlayır.

Məhz buna əsaslanaraq K.Xorni narahatlıq hissini insan davranışının əsas motivasiyası hesab edir və onu “köklü həyəcan” adlandırır. Onun fikrincə “köklü həyəcan” insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur edir.

Kurt Levinin fikrincə şəxsiyyətin hərəkətverici qüvvəsi təlabatlarla şərtlənir.İnkişaf özünü 3 formada dönməzlik (ilk vəziyyətə qayıtmamaq) qanunauyğunluq və dəyişkənliyi müəyyən istiqamətdə cərəyan formasında büruzə verir və o köhnənin məhv olması, yeninin meydana gəlməsi kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi, sadədən mürəkkəbə, asandan çətinə doğru spiral xətti boyunca hərəkətdən, yüksəlişdən ibarətdir.

Bu cür inkişafın əsasını ziddiyyətlərin mübarizəsi təşkil edir. Şəxsiyyətin onun fəallığının mənbəyi olan təlabatların ödənilməsi prosesində əmələ gələn, ziddiyətləri inkişaf etdirir və bu ziddiyətlər şəxsiyyətin inkşafının hərəkətverici mexanizmini təşkil edir.

Şəxsiyyətin sosial-psixoloji təhlili üçün tələbat sistemini bilməyin xüsusi əhəmiyyəti vardır.İnsan və onu əhatə edən mühit arasında daima mübarizə gedir. Tələbat şəxsiyyətin həyatının zəruri şərti kimi əşya və hadisələrə ehtiyac ilə səciyyələnən nisbətən davamlı psixi haldır.
İnsanda ictimailəşmiş blopoisi (maddi) və ictimai tələbatlar vardır.Bunlar əməyə, geyimə, yaşayış binasına, istirahətə, istehsala, ünsiyyətə, idraka və s.olan tələbatlardır.Amerika psixoloqu Erix From ünsiyyət vasitəsilə təmin olunan beş xüsusi tələbat növünü qeyd edir:
1.İnsani əlaqələrə olan tələbat.Özünü real insan qruplarından birinə aid edə bilməyən, “mən”i olan “biz”i olmayan şəxs getdikcə kəskinləşən, artan, dərinləşən tənhalıq hissinə qapılır.

2.Özünütəsdiqə olan təlabat. Real insan qrupunun sadəcə bir üzvü olmaq insan üçün azlıq edir. O, “bizim”adlandırdığı qrupun tərkibində sadəcə bir ünsür olmaqla kifayətlənmir.İnsan yalnız özü üçün deyil, başqaları üçün heç olmasa bir insan qrupu –ailə üçün əhəmiyyətli, lazım olduğunu bilməlidir, əks təqdirdə o özü özündən narazı qalır, onu təmin oxunmamaq və ya çatışmazlıq hissi narahat edir.

3. Səmimiyyətə olan tələbat .İnsan özünü böyük, hətta tarixi bir şəxsiyyət saya bilər.Lakin o heç kimi sevmirsə və heç kimə hörməti yoxdursa və heç kimdən hörmət və səmimiyyət ümmursa və onu hiss etmirsə, onda antipatiya hissi get-gedə həyata nifrət dərəcəsinə qədər arta bilər.

4. Özünüdərk etməyə olan tələbat. İnsan özünü əvəzsiz, təkrarı mümkün olmayan bir fərdiyyət kimi qavramalı və hiss etməlidir. Bu hissdən məhrum olmuş, onu itirmiş bir şəxs nüfuzlu, hörmətli şəxs olsa belə özünü bir avtomat, robot kimi qavrayır.

Belə hallarda qeyri sərbəstlik hissi meydana çıxır ki, bu da partlayışla nəticələnə bilər. İnsan onu sıxan, onun əl-qolunu baölayan, onu sadə bir detala çevirən mexanizmin təsirindən uzaqlaşmağa can atır. Bəzən o həmin mexanizmlə birlikdə özünü də məhv edir.
5. Pərəstiş obyektinə olan təlabat. Hər bir şəxs özünü bu və ya digər mədəniyyətə, ideologiyaya aid etməli, onunla özünü bağlı hiss etməlidir. İnsan nəyə isə inanmalı, nəyi isə inkar etməli, kimə isə nəyə isə pərəstiş ya da nifrət etməli və s. Belə olmasaydı həyat insana mənasız görünərdi.
Şəxsiyyətin tələbat sistemini ictimai münasibətlərin inkişaf səviyyəsindən və xarakterindən asılıdır, ictimai münasibələr öz hobbisində şəxsiyyətə oun yaşadığı konkret sosial mühüm vasitəsilə təsiridir.

Arxetiplər nəsildən –nəslə keçən, şəxsiyyət tərəfindən dərk edilməyən, lakin onun davranışına təsir edən müəyyən mədəniyyətlərin etnosların, nəsillərin müxtəlif lakin invariant obrazların mühakimələrin, davranış formasıdır.
Şəxsiyyət və onun inkişafının psixoanalitik istiqamətdə şərh edən cərəyanlardan biri yeni ferydizm cərəyanı olmuşdur.

Bu cərəyanın tərəfdarları Freydin konsepsiyasındakı biolojiləşmişdirsə ən`ənəsini sosiallaşdırma ilə əvəz etməyə cəhd göstərmişdir.Belə alimlərdən biri A.Adler (1870-1937) olmuşdur.
O, göstərmişdir ki, insanda ən əsas onun təbii instinktləri deyil, “birlik hissidir”. Bu hiss anadangəlmədir, lakin sosial cəhətdən inkişaf etdirməlidir.
Natamamlıq kompleksi. A.Adler şəxsiyyətin formalaşmasına təsir edən 3 mühüm münasibəti qeyd edir: başqa adamlara münasibət, əməyə münasibət, başqa cinsə münasibət. Adlerə görə şəxsiyyətin strukturunu müəyyən edən əsas motiv və tendensiyaları aşağıdakılardır:

a) Özünün gücsüzlüyünü hiss etmək;
b) Təkmilləşməyə və üstünlük əldə etməyə cəhd;
c) Birgəlik hissi və sosial hiss.

Onun fikrincə bu tendensiyalar anadangəlmə deyildir, yəni uşaq doğularkən ona hazır şəkildə verilmir, o dünyaya gələrkən insan nitqinə qabillik onun anatomiyasında olduğu kimi, bu tendensiyalar üçün də potensial imkan olur.
İsveçrə psixoloqu Karl Yunq öz sistemini “anatomik psixologiya” adlandırmışdır.

K.Yunqa görə insan psixikası özünə 3 səvviyəli daxil edir: şüur, şəxsi şüursuzluq və kollektiv şüursuzluq. Onun fikrincə insan şəxsiyyətinin inkişafında həlledici rolu bəşəriyyətin keçmişindən qalmış hafizə izlərindən yaranan kollektiv şüursuzluq oynayır.

O, insan şəxsiyyətinə təsir edir və anadan olduğu andan onun davranış tərzini müəyyənləşdirir. Yunqa görə şəxsiyyətin strukturu aşağdakı 4 sistemdən yaranır. “Mən”, “maska”, “kölgə”,“ruh”. Onun fikrincə “maska” şəxsiyyətin sosial qabığını təşkil edir. O, “məni” boğa, azad şəkildə təzahür və inkişafına mane ola bilər.

“Kölgə” şəxsiyyətin ümumi istiqaməinə qarşı dayanan alçaq həzzlərin məcmuyundan ibarətdir. “Ruh” isə ata və ya ananın şəxsi və kollektiv şüursuzluğunu özündə birləşdirən sürətinin daxilə köçürmüş analoqudur.
Psixoanalitiklərdən fərqli olaraq humanist psixologiya məktəbinə mənsub olan amerika psixoloqu Karl Rocers göstərmişdir ki, hətta ən ilkin tələbat və cəhd insana o şəraitdə təsir göstərə bilər ki, onlar müvafiq normalara uyğun olsun.
Sosial psixoloji refleksiya.
Rocersə görə tələbat müsbət qiymətləndirdikdə şəxsiyyətin inkişafı ilə yanaşı həmin tələbatlar daha da əsaslı olmağa başlayır və son nəticədə insan öz orqanizminin tələbatının ödənilməsindən çox, başqa adamların onu bəyənməsinə və ona hörmət etməsinə ehtiyac duymağa başlayır.

Hörmət əsasında özünə hörmət baş verir ki, bu da fərdin mühüm tələbatlarından birinə çevrilir. Humanistik psixologiyanın bir nümayəndəsi də Qordon Olport (1897 -1967) olmuşdur. Onun fikrincə insan “açıq sistemdən” ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarala qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü isə ondan nə isə alır.

Olport şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemlərindən törəyən bir hadisə kimi baxır. Olporta görə şəxsiyyət münasibətlərin cəmi modelidir.

Klinik nəzəriyyə.
Yeni freydizmin başqa bir nümayəndəsi Salliven (1892-1949) əsasən Xorninin istiqamətini qəbul etmişdir. Onun fikrincə psixoloji tədqiqatların obyekti ayrı-ayrı subyektlər deyil, subyektlərin birgə fəaliyyətinin məhsulu olan şəxsiyyət olmalıdır. Solliven şəxsiyyətin inkişafının mexanizminin aşağıdakı şəkildə nəzərdə tutur.

1. İncəliyə, əzizləməyə tələbat,
2. Həyəcandan qaçmaq cəhdi.

Solliven belə hesab edir ki, uşaq doğularkən hər iki mexanizm mövcud olur və onlar şəxsiyyətin inkişafı mexanizmini təşkil edirlər. Lakin insan yaşadığı xarici aləmdə daima onu təmin etməyən və həyəab doğuran hallarla rastlaşır. Məhz xarici aləmlə həmin mübarizədə başqa sözlər, narahatlıqla mübarizədə insan şəxsiyyəti formalaşır. Solliven bunu “mən -sistem” adlandırır.

O, göstərir ki, mən-sistem daha doğrusu şəxsiyyət, birinci şüursuzluq səviyyəsində narahatlıqla mübarizədə, ikincisi, həmin narahatlıqdan yaxa qurtarmaq üçün müxtəlif vasitələri tapma prosesində inkişaf edir. Mən sistem uşağı yeniyetməni, sonradan isə yaşlı adamları əvvəlcə ananın, sonra isə başqa adamların, məsələn, iş yerindəki həmkarlarının köməyinə çatmağa məcbur edir.

Beləliklə Sollivenə görə formalaşan şəxsiyyətin mexanizmi kimi özünü göstərməyə başlayır. Rus psixoloqu A.R.Kavalyov şəxsiyyətin strukturunda dörd əsas tərkib hissəsi ayırır.

Birinci komponent şəxsiyyəti nəyə yönəltmişdir? Sualı ilə bağlı olub olub, onun istiqamətini xarakterizə edir. Şəxsiyyətin istiqamətini dedikdə onun ətraf aləmə seçici münasibəti başa düşülür. Buraya müxtəlif xassələr, qarşılıqlı tərifdə olan tələbatlar və maraqlar, praktik və ideya ustanovkaları sistemi daxildir.

İkinci komponent şəxsiyyət nəyi bacarır? Sualı ilə bağlıdır və onun imkanlarını əhatə edir. Buraya fəaliyyətin müvəffəqiyyəti icrasını təmin edən qabiliyyətlər sistemi daxildir.

Üçüncü komponent –xarakter və ya insanın sosail mühitdə davranış tərzini ifadə edir. Xarakter sistemində əxlaqi və iradi keyfiyyətlərə ayırırlar. Dördüncü komponent idarəetmə sistemi adlanır, adətən onu “Mən” anlayışı ilə işarə edirlər. Bu tərkib hissə şəxsiyyətin özünü tənzimini həyata keçirir.

YAZAR: Mədinə Xəlilova

Həmçinin bax: İnsan, fərd, şəxsiyyət və fərdiyyət

Həmçinin bax:https://tehsilim.org/xemse-mocuzesi-beynelxalq-resm-musabiqesi/

Həmçinin bax:https://turaz.org/imzaladigimiz-beyanat-cox-vacibdir-pasinyan/