Şərq Qaranquşu
Dünya var olduqca insanlığı bir çox məsələlər düşünməyə və araşdırmağa vadar etmişdir.Bu məsələlərdən biri də hər şeyin ilkinin ,necə, kim tərəfindən və harada yaradıldığıdıdır.Daima ilk insanın yaradılışından tutmuş bir çox mövzular araşdırılmış və cəmiyyətə təqdim edilmişdir. İstər günümüzdə istifadə olunan bir çox əşyaların, istərsə də siyasi və yaxud elmi ilklər insan oğlunu maraqlandırır.
Qərb dövlətləri bu yöndə bir çox nailiyyətlər əldə etsə də şərq ölkələridə onlardan heç geri qalmır. Şərq ölkələri içərisində vətənimiz Azərbaycan da tarixdə bir çox ilklərə imza atmışdır. Bu ilklərdən biridə Azərbaycan şanlı tarixinin qaranquşu olan, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətidir.
Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması şəraitində baş vermişdir. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi.
1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Bu qərar uzun tarixi keçmişə malik olan Azərbaycan dövlətçilik ənənələrinin dirçəlməsinə zəmin yaratdı. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən “Azərbaycanın istiqlaliyyəti haqqında Akt” qəbul edildi.
Azərbaycanın şərq hissəsində – Bakı və Bakı quberniyasında Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi. Bölgənin qərb hissəsi isə (Gəncə və Gəncə quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti milli hökumətinin hakimiyyəti altında idi. 4 iyunda Azərbaycan və Osmanlı İmperiyası arasında Sülh və Dostluq müqaviləsini imzaladı və bir gün sonra, Türk ordusu Gəncəyə daxil oldu.1918-ci il iyun ayının 16-da Milli Şuranın üzvləri və Azərbaycan Cümhuriyyəti hökuməti Tiflisdən siyasi vəziyyətin çox ziddiyyətli olduğu Gəncəyə köçdü.
1918-ci il iyunun 17-də Milli Şura özünü buraxması haqqında qətnamə qəbul etdi və altı ay müddətində Azərbaycanın ali qanunverici orqanının – ümumi, gizli və birbaşa səsvermə əsasında seçilmiş Müəssislər Məclisinin çağırılması vəzifəsi irəli sürülmüşdü. Milli Şuranın müəyyən etdiyi müddət 1918-ci il dekabrın 16-da başa çatırdı. İyunun 23-də Fətəli xan Xoyski Azərbaycan əhalisinə çağırışla müraciət etdi və milli hökumətin təsbit olunması üçün dost Türkiyənin dəstəyinin əhəmiyyətini vurğuladı. Elə həmin gün hökumət respublikanın bütün ərazisində hərbi vəziyyət elan etdi. Batum müqaviləsinə əsasən, Azərbaycan Cümhuriyyətinə kömək üçün Türkiyə ordusunun ümumi sayı 15 min nəfərə qədər olan 5-ci və 15-ci diviziyaları göndərildi.
Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən, Azərbaycanın dövlət bayrağı kimi qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olundu.Noyabrın 9-da bu bayraq, ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngi “türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi”.27 iyunda Qafqaz İslam Ordusunun Göyçay yaxınlığında Bakı Soveti qoşunları üzərində qələbə qazandı. Həmin gün Azərbaycan türk dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan olundu. İyulun 10-da Kürdəmir və Şamaxı Qafqaz İslam Ordusu tərəfindən azad edildi. 25 iyulda Bakı Soveti tərəfindən ingilislərin Bakıya dəvət edilməsi haqqında qərar qəbul edildi. 31 iyulda isə Bakı xalq Komissarları Şurasının süqutu baş verdi.
Avqustun 1-də Sentrokaspi Diktaturası və Bakı fəhlə və əsgər deputatları Soveti Müvəqqəti Komitəsi Rəyasət Heyəti Hökumətini yaratdılar. 1918-ci il avqust ayının 4-də Ənzəlidən gəlmiş polkovnik S. Stoksun komandanlıq etdiyi ilk Britaniya dəstəsi Bakıya girdi. Avqustun 11-də Azərbaycan hökuməti ümumi səfərbərlik haqqında qərar qəbul etdi.
Avqustun 26-da Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bolşevik-Daşnak-Bakı Soveti qüvvələri arasında Bakı döyüşü baş verdi. Sonradan döyüşə Böyük Britaniya, Ermənistan və Rusiya qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdur.Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir.
1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti Vudro Vilsonla görüşə bildi.O, azərbaycanlılara cənubi Qafqaz xalqları konfederasiyası ideyasını müzakirə etməyi məsləhət gördü; Millətlər cəmiyyətinin himayəsinə veriləcək ölkə kimi konfederasiya böyük dövlətlərdən birinin himayəçiliyinə ümid edə bilərdi. İyunun 11-də hökumətin Dövlət Müdafiə Komitəsinin təşkili haqqında qərar verildi.1919-cu il iyunun 13-də Bakıda zəhmətkeşlərin ingilis qoşunlarının Azərbaycanda saxlanılmasına qarşı yönəlmiş izdihamlı mitinqi oldu.Bir gün sonra, Dövlət Müdafiə Komitəsi tərəfindən Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi. 27 iyunda “Ərazi bütövlüyünün birlikdə qorunması haqqında” Azərbaycan-Gürcüstan müqaviləsinin Parlament tərəfindən təsdiq olundu.
Yanvarın 11-də Paris Sülh Konfransında Lord Corc Kerzonun təklifi ilə müttəfiqlərin Ali Şurası aşağıdakı məzmunda qərar qəbul etdi: “Müttəfiq və birləşmiş dövlətlər Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto səviyyəsində birgə tanıyırlar”.Az sonra Yaponiya Ali Şuranın 11 yanvar tarixli qərarına qoşuldu. Yanvarın 13-də ABŞ-ın Parisdə səfiri Valles Britaniya və Fransanın Azərbaycan və Gürcüstanın müstəqilliyini de-fakto tanıması və onlara yardım göstərməyə hazırlaşmaları barədə Vaşinqtona məlumat verdi.
Hökumətin siyasətinə qarşı onun bəzi üzvləri də müxalifətçi mövqe tutdular. Əsas mübarizə liberal xəttin tərəfdarı daxili işlər naziri Məmmədhəsən Hacınski ilə radikal tədbirlər tərəfdarı xarici işlər naziri F.Xoyski arasında baş verdi. Radikallar qalib gəldilər və 1920-ci il fevralın 18-də Məmmədhəsən Hacınski daxili işlər naziri vəzifəsindən getdi və “Müsavat” partiyasını üzvü Mustafa bəy Vəkilov daxili işlər naziri təyin edildi. 1920-ci il martın 23-də Əhməd bəy Pepinov nazir səlahiyyətlərindən əl çəkdi. Bu hadisə, vəziyyəti mürəkkəbləşdirdi. Pepinovun ardınca aprelin 9-da digər sosialist nazir Camo bəy Hacınski də istefa verdi. Sosialistlər fraksiyasının üzvlərinin və İttihad nümayəndələrinin getməsi hökumət böhranını kəskinləşdirdi.
Mayın 1-də Volqa-Xəzər hərbi donanmasının gəmiləri Bakı limanına daxil olmuş.Mayın 3-də və 4-də Lənkəran və Astaraya hərbi dəniz desantlar çıxarılmışdır. Mayın 5-də XI Ordunun süvari dəstələri Qazaxa, mayın 7-də Yevlax rayonlarına daxil oldular. 1920-ci il mayın ortalarında XI Ordu Azərbaycan Xalq Cümhuriyyətinin, demək olar ki, bütün ərazisini nəzarət altına almışdı. Beləliklə, Rusiya müdaxiləsi nəticəsində milli Azərbaycan hökumətinin hakimiyyəti devrilmişdir.
Cümhuriyyətin ilk Hökuməti təsdiq edildikdə ilk Hökumətdə vəzifələr aşağıdakı kimi bölüşdürülmüşdü: Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri, Xosrov bəy Sultanov – hərbi nazir, Məmmədhəsən Hacınski – xarici işlər naziri, Nəsib bəy Yusifbəyli – maliyyə və xalq maarifi naziri, Xəlil bəy Xasməmmədov – ədliyyə naziri,Məmməd Yusif Cəfərov – ticarət və sənaye naziri; Əkbər ağa Şeyxülislamov – əkinçilik və əmək naziri, Xudadat bəy Məlik-Aslanov – yollar, poçt və teleqraf naziri, Camo bəy Hacınski isə – dövlət nəzarəti naziri idi.
Demokratik dövlətin yaranışı elm, maarif və mədəniyyət sahəsində də inkişafa səbəb olmuşdur.
Qarşıda duran ilk iş dövlət bayrağının, gerbinin və himninin təchiz edilməsi idi.
Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi gündən dövlət rəmzlərinin yaradılmasına xüsusi önəm verirdi. Ən mühüm dövlət atributlarından biri kimi Dövlət bayrağının qəbul edilməsi daha tez həyata keçirildi. Əli bəy Hüseynzadənin məşhur “türkləşmək, islamlaşmaq və müasirləşmək” şüarı bu işdə əsas götürülmüşdü.Cümhuriyyət Hökuməti 1918-ci il noyabrın 9-da “yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizgüşəli ulduzdan ibarət” bayrağın milli bayraq kimi təsdiq olunması haqqında qərar qəbul etdi.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1919-cu il martın 23-də dövlət gerbinin və rəsmi sənədlərdə üzərində dövlətin adı və gerbi təsvir edilən dövlət möhürünün layihələrini hazırlamaq məqsədilə müsabiqə elan olunması barədə qərar qəbul etmişdi. Çox güman ki, müsabiqəyə göndərilən layihələrin heç biri bəyənilmədiyindən qəbul edilməmişdi.
Azerbaycan himninin sözləri Əhməd Cavada, müsiqisi isə Üzeyir Hacıbəyova məxsusdur.Bu Azərbaycan tarixinin Müstəqillik səhifəsi olan dövlətin şüarı bele idi “Bir kərə yüksələn bayraq bir daha enməz!
“بیر کره یوکسلن بایراق، بیر داها ائنمز!
Azərbaycan Dövlət Teatrının açılışı və fəaliyyəti şübhəsiz ki,Xalq Cümhuriyyəti dövründə mədəni həyatın ən parlaq səhifələrindən biri idi.Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixi, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən o dövrün ədəbi-bədii fikir nümunələrində silinməz izlər buraxmışdır. Cümhuriyyət dövrünün öz böyük poeziyası, nəsri, dramaturgiyası və publisistikası olmuşdur. Yazarlar Cümhuriyyətin verdiyi qələm azadlığından bəhrələnirdilər.
Cümhuriyyət dövrünün ədəbiyyatını ilk dəfə araşdıran və dəyərləndirənlər də elə Cümhuriyyəti və onun mədəniyyətini yaradanların özləri olmuşlar. Xüsusən, “Cümhuriyyət şairi” Əhməd Cavadın, Əli Yusif, Ümmügülsüm, Əmin Abid Mütəllibzadə, Cəfər Cabbarlı, Bədri Seyidzadə, Davud Ağamirzadə, Əli Şövqi Şeyxzamanov kimi gənclərin şeirləri el arasında sürətlə yayılır, marşa, himnə, nəğməyə çevrilirdi.
Mətbuat da Demokratik dövrün töhfələrindən öz nəsibini almışdır.
Azərbaycan mətbuatı tarixində 1918-20-ci illər, bütün əvvəlki dövrlərə nisbətən, ən yüksək inkişaf mərhələsi idi. 1918-20-ci illər mətbuatını ideya istiqaməti baxımından təxminən aşağıdakı kimi qruplaşdırmaq olar: Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat, Cümhuriyyət Hökumətinə müxalifətdə olan bolşevik mətbuatı, bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni-daşnak mətbuatı, özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan informatik qəzetlər, jurnallar. Lakin onların içərisində daha real həyat qüvvəsinə və geniş oxucu auditoriyasına malik olanı Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən mətbuat idi. Cümhuriyyət Hökuməti dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə çıxan mətbuat nümunələri təkcə Azərbaycan-türk dilində deyil, rus, gürcü, erməni, polyak, fars, alman və qeyri dillərdə də nəşr edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə “İstiqlal” (1918-20), “Azərbaycan” (1918-20), “Övraqi-nəfisə” (1919), “Müsəlmanlıq” (1917-19), “Qurtuluş” (1920), “Mədəniyyət” (1920), “Gənclər yurdu” (1918), “Şeypur” (1918-19), “Zənbur” (1919) kimi milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin digər bir ilki isə qadına verilən siyasi azadlıq olmuşdur.Nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ
Azərbaycanda verilmiş oldu. Azərbaycanın ziyalı elitası xalqı maarifləndirməyə, hüquq və vəzifələrini anlatmağa çalışır, “qadın bir şəxsiyyət kimi azad olmayınca xalqın problemləri həll olunmaz qalacaq!” ideyasını irəli sürürdülər.
Beləliklə, 1918-ci il dekabrın 8-də işə başlayan Azərbaycan parlamentinə seçkilərdə də azərbaycanlı qadınlar iştirak etmişdir.
Ancaq,bu cür fəaliyyət göstərən və istər şərqin istərsə də qərbin imza atmadığı ilklərə sahib olan dövlət bir çox ölkələrin marağını özünə cəlb etmişdi.
Və 1920-ci ilin aprelində müstəqilliyi beynəlxalq səviyyədə tanınmış Azərbaycan Xalq Cümhuriyyəti birbaşa hərbi təcavüz nəticəsində süqut etdi. Bu işğal aktına 70 ildən sonra dövlət səviyyəsində siyasi qiymət verildi: “1920-ci il aprelin 27-28-də RSFSR-in XI Qırmızı Ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin” (1991-ci il, 18 oktyabr). Azərbaycan xalqının tarixində “Sovet epoxasının” əsasını qoyan həmin tarixdən 90 il ötür. Dövlət müstəqilliyinin bərpası, milli dövlət quruculuğu istiqamətində aparılan siyasət nəticəsində bu gün Qafqaz regionunun liderinə çevrilmiş Azərbaycan Respublikası beynəlxalq arenada öz siması və mövqeyi ilə tanınan bir dövlətdir.
Süqutundan neçə-neçə illərin ötməsinə baxmayaraq müstəqil olan dövlətçiliyimiz hələdə Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrinə hörmətlə yanaşır və hər daim demokratiyamızın banisi olan ziyalıların xatirəsini əziz tutur və Azərbaycan xalqıda tariximizdə demokratik iz buraxmış bu dövlət və onun qurucuları ilə fəxr edir.
Yazar: İsmayıl Camalov
Həmçinin bax Tanrı kəlamı
https://tehsilim.org/