Sərəncam: Bu faktlar dünyaya təqdim ediləcək

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda törətdiyi təxribat nəticəsində dəymiş ziyanın məbləği xüsusi komissiya tərəfindən araşdırılır. Həmçinin ziyanın hansı istiqamətlər üzrə dəydiyi və hansı sahələri əhatə etdiyi də nəzərdən keçirilir.

Bu sözləri Axar.az-a millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində rayona dəymiş ziyanın aradan qaldırılması ilə bağlı imzaladığı sərəncamı şərh edərkən deyib. Deputat bildirib ki, bu sərəncamın iki aspektdən böyük siyasi əhəmiyyəti var:

“Birincisi, ziyanın məbləği məlum olduqdan sonra ictimailəşdirilərək beynəlxalq təşkilatlara, bizim səfirliklərimiz olan ölkələrin rəhbərliyinə, ATƏT-in Minsk Qrupuna çatdırılacaq və Ermənistanın dinc əhaliyə qarşı törətdiyi vandalizm aktları dünyaya təqdim ediləcək. İkincisi isə düşmənə, onun xalqımızı məhvə sürükləmək səylərinə baxmayaraq, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olmasını, dəymiş ziyanın ən yüksək səviyyədə aradan qaldırılacağını və düşmənin heç bir halda xalqımızın iradəsini sındıra bilməyəcəyini sübut etməkdir”.

E.Nəsirovun sözlərinə görə, Tovuz müqaviməti bir daha ermənilərə sübut etdi ki, onlar təxribatçılıqla istəklərinə nail ola bilməyəcək:

“Düşmən gördü ki, xalqımız yumruq kimi birləşib və dövlət və vətəndaş birliyi hansı səviyyədədir. Ermənistan tərəfi döyüşdən qaçdı, mülki əhalini atəşə tutdu, sonra başqa dövlətləri köməyə çağırdı. Ali Baş Komandanın söylədiyi kimi, düşmən açıq döyüşdən qaçır, çünki qorxaq və acizdir. Silahsız dinc əhaliyə atəş açmaq onların xislətidir. Ermənistan döyüş zamanı Azərbaycan əhalisinin kəndləri tərk edib qaçdığına dair dezinformasiya yaydı. Həqiqətdə isə döyüş zonasından qat-qat uzaqda olan erməni kəndləri və şəhərləri boşaldılıb. Bununla da Ermənistan tərəfi özünün nə qədər qorxaq və yalançı olduğunu bir daha ortaya qoydu. Bunun müqabilində isə Azərbaycanda xalq və ordu arasında birliyin, bağın necə möhkəm olduğu bir daha sübuta yetirildi”.
Qaynaq:Axar.az
Müxbir: kafkazh.com xüsusi müxbiri Nuray Ələkbərova