Serebral iflic və onun yaranma səbəbləri

Serebral iflic 

Serebral iflic baş beyinin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır.

Beyinin zədələnmə dərəcəsindən asılı olaraq meydana çıxan simptomların ifadə dərəcəsi dəmüxtəlif olur: yüngül, zəif nəzərə çarpan və ya çox ağır, tam əlilliyə gətirib çıxaran zədələnmələrə qədər. Uşaqlarda epileptik tutmalar, psixi inkişaf ləngiməsi, qavrama və öyrənmə çətinlikləri, görmə, eşitmə, nitq, intellekt pozğunluqları da müşahidə oluna bilər.

Serebral iflicli uşaq çox zaman əqli inkişafdan geri qalmış uşaq təəsüratı yaradır, bu isə heç də həmişə həqiqətə uyğun olmur. Serebral iflicə oxşar vəziyyətlər istənilən yaşda keçirilmiş infeksion xəstəlikdən, insultdan və yaxud kəllə-beyin travmasından sonra əmələ gələ bilər.
Uşaq serebral iflici termini ilk dəfə 1893-cü ildə məşhur alman psixoanalitik Ziqmund Freyd tərəfindən təklif edilmişdir. Z.Freyd tərəfindən təklif edilmiş nəzəriyyəyə görə uşaqda beynin zədələnməsi bətndaxili dövrdə baş verir. Alim – Uilyam Littl isə israr edirdi ki, zədələnmə doğuş prosesində baş verir və serebral iflic doğuş zamanı uşağın beynində oksigenin çatışmazlığının nəticəsi olur.

Ancaq, yenidoğulmuş uşaqlar oksigen defisitini daha yüngül keçirir və doğuş yollarından keçməsi bir qədər travmatik olsa da, beyinin zədələnməsinə səbəb olmur.

Serebral iflicin formaları

1. Bilateral uşaq serebral iflici (kvadriparetik ya tetraplegik forma) spastik iflicin ən ağır formasıdır. Ağır hallarda qollar içəriyə doğru çevrilir, əllər yumruq kimi bükülür. İradi hərəkətlərdə məhdudluq var, erkən südəmər dövründə belə körpələr arxaya doğru çevrilmiş (opistotonus) formada olur. Bu cür uşaqlarda ani hərəkət yaxud da səsə qarşı ani
diksinmələr, atılmalar baş verir. Əksər hallarda bunları mioklonik epilepsiya ilə səhv salırlar.

Xəstə uşağın ağzından tüpürcəyi axır. Kortikonuklear yolların zədələnməsi nəticəsində udqunma, nitq problemi yaranır. Aspirasion pnevmaniya formalaşır. Hədsiz spastikaya bağlı olaraq bud-çanaq oynağında çıxıqlar yaranır.
2. Spastik diplegiya – aşağı ətraflar yuxarı ətraflardan daha çox prosesə cəlb edilir. Spastik diplegiyalı uşaq serebral iflicin əsas səbəblərindən biri yarımçıqdoğulmadır. Aşağı ətraflarda vətər refleksləri yüksəkdir. Tipik olaraq qalçada və dizdə bükülmələr qeyd edilir.

Yerimə zamanı pəncə üstə yeriş diqqət çəkir. Anormal iməkləmə olur. Qolları önə çəkərək dovşan kimi hoppanaraq iməkləyirlər. Bu serebral iflicin formasında görmə pozğunluqları və strabismus (çəplik) qeyd edilir.

3. Hemiplegik uşaq serebral iflici – bədənin bir tərəfinin qol və ayağın prosesə cəlb edilməsi baş verir. Belə körpələr 3-5 aydan əvvəl hiss edilmir. Erkən körpəlik dövründə daha çox bir qolu ilə əşyalara toxunma diqqəti cəlb edir. Yeriməyə başlayanda zəif tərəfdə pəncə üstə yeriş, bədənin bir tərəfi çəkməsi hiss edilir. Yerimə gecikə bilər. Ən əsas yaranma səbəbi beyin arteriyasının tıxanıqlığıdır. Bu cür serebral ifliclərin yarısında epileptik tutmalar müşahidə
olunur.

4. Diskinetik uşaq serebral iflici – Xoreoatetoz və distoniya şəklində olur. Bu zaman qeyri-iradi hərəkətlər müşahidə olunur. Körpə sanki öz oxu ətrafında burulur. Burulmalar, fırlanmalar – həyacan zamanı, yorulduqda, acıdıqda, hərəkət zamanı artır. Yuxuda bu qeyri-iradi hərəkətlər olmur. Südəmər dövründə olan hipotoniya sonradan distoniyaya çevrilir.

Qeyri-iradi hərəkətlər1-3 yaşlarda daha çox hiss olunur. Dildə və tənəffüs əzələlərində yaranan inkoordinasiya
səbəbindən nitqin ləngiməsi qeyd edilir. Nəticədə ağızdan tüpürcəyin axması, udqunma çətinliyi yaranır. Zəkaları normaldır, yerimə gecikir. Etiologiyada yarımçıqdoğulma, uzanmış sarılığın rolu var. 50% eşitmə pozğunluğu olur.

5. Ataktik forma uşaq serebral iflici – erkən yaşda ətraflarda və gövdədə hipotoniyaya bağlı olan
koordinasiya pozğunluqları vardır. Bu cür uşaqlar 3-4 yaşında yeriyirlər.

Serebral iflicin fəsadları

Serebral iflic zamanı təkcə zədələnmələr olmur. Bu zaman duyğu orqanlarında pozğunluqlar, epilepsiya, qavramada ləngimələr, davranış pozğunluqları yaranır.

Əqli ləngimə: Serebral iflic əsasən aşağı çəkili doğulmuş, yarəmçıqdünyaya gələn uşaqlarda görünür. Diskinetik və hemiparetik forma serebral iflic nadir görünür. Serebral kvadriparezdə beyin daha çox zədələndiyi üçün geniş şəkildə müşahidə olunur.

Epilepsiya: Serebral iflic zamanı formasından asılı olaraq 15-90% hallarda görünür. Əqli ləngiməsi olan serebral ifliclərdə epilepsiyanın görünmə riski sıxdır. Tutmalar tonik, mioklonik, atonik, fokal, tonik klonik formada olur. Tutmalar daha erkən yaşda başlayanda müalicəyə dirənç göstərir.

Göz və görmə pozğunluqları: Serebral iflic xəstələrində göz və görmədə yaranan pozğunluqlar sıxdır. Xəstələrin yarısında görmə problemi var. Görmədə zəiflik, görmə sinirinin atrofiyası, beyindəki lezyonun şiddətinə bağlıdır.

Eşitmə azlığı: 10-15% hallarda serebral iflic xəstələrində müşahidə olunur. Eşitmənin etiologiyasında yarımçıqdoğulma, kernikterus, ototoksik dərmanlar, meningit dayanır.

Dil və nitq pozğunluqları: Oral motor çatışmamazlığı nəticəsində serebral iflic xəstələrində dizartiya, nitq qüsurları, görünür. Artikulasiya pozğunluğu, səs çıxarmada çətinlik, tənəffüsün kontrol edilməməsi nitqdə çətinlik yaradır.

Ortopedik problemlər: Serebral iflic xəstələrdə spastiklik nəticəsində qalça çıxığı, skalioz, kontrakturalar inkişaf edir.

Davranış pozğunluqları: Xəstələrdə aqressivlik, hiperaktivlik, diqqət defisti, autizm halları müşahidə olunur.

YAZAR: Çinarə Bayramova

Həmçinin bax: Psixologiya və tədqiqat

Həmçinin bax:https://tehsilim.org/adpu-tehsil-ixtisasi-uzre-magistraturada-beynelxalq-ikili-diplom-proqrami-elan-edir/

Həmçinin bax:https://turaz.org/telebelerin-muavineti-artirildi/