Sənin gözündə Qarabağ

Vətənimizin hər qarış torpağı bizim üçün əzizdir, doğmadır. Qarabağ… Təbiəti, havası, suyu və gözəlliyi ilə hər kəsin zövqünü oxşayan, mənəvi olaraq bizi yaşadan məkan.

Bizi Qarabağımızdan zorla ayırdılar, doğma yurdumuza bizi həsrət qoydular. Bizim Qarabağımızı gözəl məkanlarını, əsrarəngiz təbiətini zəbt etdilər. Kəlbəcər, Şuşa, Xocalı, Laçın, Ağdam, Ağdərə kimi gözəl rayonlarımız düşmən tərəfindən işğal altındadır. Ermənilər millətimizə qarşı acımasızca işgəncə etdilər. Qoca, cavan, qadın, uşaq, körpə demədən neçə-neçə canlara qıydılar. İnsanları doğma yurd-yuvalarından ayrı saldılar. Torpaqdan ayrı, vətənindən, yurdundan ayrı, bir xalq yaşaya bilərmi?! Evlərindən, yurdlarından ayrı düşmüş insanların nə çətinliklər çəkdiyini heç kəs anlaya bilməz.

Vətənim, doğma yurdum, səni parçaladılar, mənimsədilər. Qarabağımızı işğal edən düşmən utanmadan onu öz torpaqları adlandırdı. Sanki bizə yaşatdıqları, acımasızca etdikləri soyqırımları,  günahsız, dinc xalqdan axıtdıqları qanı, açdıqları o dərin yaraları unutmuşlar.

Qarabağımız düşmənlərin tapdağı altında əzab çəkir. Artıq 30 ilə yaxındır ki, o cənnət məkanın təbiətini, gülünü, çiçəyini görmürük. Qarabağımızın saf havasını düşmən içinə çəkir.  Nə etmək olar, demək ki, qismət belə imiş. Başımıza gəlməli imiş bu dərd, bu fəlakət. Bu həsrəti dadmalı imişik. Olan olub, amma keçən hələdə keçməyib! Qarabağımıza qovuşmağımıza çox az qalıb! İllərdir Azərbaycan xalqı olaraq çəkdiyimiz həsrət, axıtdığımız göz yaşı dinəcək. O torpaqlar işğal edilərkən gücsüz idik. Amma, artıq biz güclüyük, müstəqil dövlətimiz var, şanlı, müzəffər orduya sahibik. Müharibə və mübarizəyə hazırıq. Bizim olan bizimdir!

Necə də çətindir, kədərlidir bizim olan torpağı başqasının işğal etməsi. Qarabağ dedikdə hər kəs müxtəlif hisslər keçirdir. Kimisi kədərlənir, kimisi gəncliyini, kimisi uşaqlığını, kimisi ailəsini xatırlayır. Qarabağımızı görməyən cavan nəsil, onun gözəlliyini musiqilərdə, şeirlərdə hiss edir.

Qarabağ vətənimizin guşəsidir. Dünyanın ən gözəl yerlərindən biridir. Qarabağımızda yetişən hər bitki min dərdə dəvadır, hər bulağın suyu möcüzədir. Bu bölgə sənətkarların sənət nümunələrinə görə də xeyli məşhurdur. Qarabağ kəlağayısı Azərbaycan xalqının milli simvoludur. Qarabağımız nadir sərvətləri ilə də çox məşhurdur. Dünyanın heç bir yerində yetişməyən bitki növləri burada yetişir. Xarı bülbül bunun ən gözəl nümunəsidir. Heç təsadüfi deyil ki, xalqımızın ən məhşur sənətkarları, müğənniləri, bəstəkarları, xanəndələri bu torpaqda yaşayıb yaratmışdır. Üzeyir Hacıbəyov, Xan Şuşinski və s. xalqımızın musiqisini, mədəniyyətini bütün dünyaya tanıtmışlar. Bundan əlavə, Qarabağın xalçaları, atları xüsusilə fərqlənir.

XVIII əsrin ortalarında möcüzəli Qarabağ xanlığı yaranmışdı. Xanlığın görkəmli xanlarından biri İbrahimxəlil xan öz dövründə xanlığı üçün vacib və faydalı işlər görmüşdü.

Biz bu günün tələbəsi, sabahın müstəqil dövlət qurucularıyıq. Ürəkdən inanırıq ki, çox tezlikə torpaqlarımız işğaldan azad ediləcək, düşmən üzərində qələbə qazanacağıq. Bu qələbədə hamımız iştirak edəcəyik. Biz vətənə borcumuzu bu gün oxumaqla, sabah isə iqtisadiyyatın və mədəni-siyasi həyatın müxtəlif sahələrində çalışmaqla verəcəyik. Bu bizim şərəfli işimiz, vətəndaşlıq borcumuzdur. Vətən bizə güvənir və bizdən cəsarətli addımlar gözləyir.

Mən vətənim Azərbaycanın vüqarı, şərəfi naminə canımdan da, qanımdan da keçməyə hazıram. Mənim ürəyimdə Vətənə sonsuz sevgim var. Biz Qarabağımıza qovuşacağıq. Şəhidlərimizin qanı yerdə qalmayacaq.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

YAZAR: Nəzrin Göyçəyeva

(Bu yazı “Sənin gözündə Qarabağ” esse müsabiqəsində iştirak etmişdir.)

 

Həmçinin bax: Sənin gözündə Qarabağ

Həmçinin bax: https://turaz.org/yeni-eraziler-azad-edildi/