Səndən ötrü min yol

Xalid Hüseyninin “Çərpələng uçuran”romanından

“Səndən ötrü min yol”

Mən kitabları sevirəm, amma hər kitabı da yox…

 

Əsərin müəllifi Xalid Hüseyni əfqan əsilli Amerika yazıçısıdır, əsas peşəsi isə həkimlikdir. “Çərpələng uçuran” onun ilk və ən uğurlu romanıdır.Romanın həm kitab forması, həm də canlandırılmış film versiyası mövcuddur. Lakin  kitabı birinci oxumaq daha məsləhətlidir. Film də pis alınmayıb, amma kitab qədər təsirli deyil və normal olaraq təhriflərə çox yer verilib. Çünki, o boyda əsəri 2 saatlıq filmə sığdırmaq elə də asan iş deyil. Kitabdan fərqli olaraq filmdə kitaba daxil olmayan və ya kitabdan əskik obrazlar əlavə edilmişdir.

Əsərin məzmunu ilə qısaca tanış etmək istəyirəm.  Əsərdə əsas hadisələr Əmirin dilindən şərh kimi verilir. O başına gələn hadisələrdən kədərlənərək bəhs edir. Uşaqlıqdan vicdan əzabı ilə yaşmasından, hər gün bir daha ölümlə üzləşməsindən, dostu Həsəndən-Əmirdən kiçik olmasına baxmayaraq mərd, dürüst, cəsur və sadiq olmasından…Bir gün Kabildə olduqca məşhur olan Çərpələng uçurtma yarışmasından sonra baş verən hadisə hər şeyi dəyişir. O vaxtdan sonra Əmirin mənəvi istirabları başlayır.Roman enən və qalxan süjetlə davam edir.

Əsəri çox az bir müddətdə oxuyub bitirdim. Əsərin bəzi hissələrində öz hislərimə və göz yaşlarıma hakim ola bilməyib ağladım, hirslərimi cilovlaya bilmədim, kiməsə sarılma ehtiyyacı duyduğumu anladım. Doğrusu hər hansısa bir yazıçının  bu qədər möhtəşəm bir əsər yaratması mənə inanılmaz gəlirdi.Romana başladıqdan sonra ondan gözümü çəkə bilmədim. Məni öz təsirinə salmışdı. O səbəbdən təəssüratlarımı hardan başlayıb harda sonlandıracağımı bilmirəm…

Romanda bir neçə məsələlərə toxunulur.Dostluq, sevgi, fədakarlıq, vətən həsrəti, xəyanət, nifrət Ayrı ayrılıqda hər bir mövzu öz-özlüyündə çox geniş araşdırma obyektidir. Əsərin əsas obrazları isə Əmir və Həsəndir. Bir dostluq bu qədər necə səmimi, isti və məsum ola bilir? Deyə suallara cavab axtarır.

Yazıçımız bu cür dostluqların hələ də mümkün olduğundan bəhs edir. Əslinə baxarsaq bu kitab öz-özlüyündə səssizliyi ifadə edir. Əmirin Həsənə qarşı edilənlər qarşısındakı səssizliyi, Həsənin özünə edilənlər qarşısında səssizliyi, Əfqanıstandan Amerikaya qaçan maşınların içərisindəki Rus əsgərlərinə qarşı səssizliyi, uşaq evlərində uşaqlara edilənlər qarşısındakı müdirin səssizliyi, stadionda qadına edilənlər qarşısında onu izləyənlərin səssizliyi və bizim kitabı oxuyarkən səssizliyimiz…

Əmir və Həsənin arasında dialoqlar, dostluğa və yaxınlığa yeni bir baxış bucağı yaradır. Həyatım boyunca unutmayacağım həmin o dialoq:

Əmir: “Mənim üçün həqiqətən bütün pis işləri, bütün pislikləri edərsən?

Həsən: “Əlbəttə edərəm, Əmir ağa, Lakin sən məndən elə işləri etməyimi istəyərsənmi?

Cavabı mükəmməl şəkildə alır və onlarca belə dialoqlar olur.

Hər kəsin həyatında peşiman olduğu müəyyən anlar olur. Bəzilərimizin peşimanlıqlarının kitabda olduğu kimi geri dönüşü yoxdur. Dostayevskinin “Cinayət və Cəza” , Tolstoyun “Diriliş” kitablarında göstərdikləri peşimanlıqlar mənim üçün çox dəyərlidir və təbii ki, yerləri də ayrıdır. İnanın burada işlənən peşimanalıqda bir başqa ürəyinizə toxunan, hətta ürəyinizi ağrıdan nələrsə var və bir yazar əgər Dostayevski ilə qarşılaşdırılırsa bütün səmimiyyətimlə deyirəm ki, həmin yazarın kitabların oxumağa dəyər və mütləq oxunmalıdır.

Bu kitabı oxuduqdan bir müddət sonra əlimə aldığım başqa kitablardan, sanki, heçnə anlamırdım. Bəlkə də kitabın təsirinə düşdüyümdən irəli gəlirdi. Bəsit gəlirdi yeni oxuyacağım, təklif edilən  kitabdakılar.  Öz-özümə sual verirdim ki, hər kitab “Çərpələng uçuran” kitabı kimi məni təsirləndirə biləcəkmi, görəsən?!  Dəqiqələrlə özümə bu sualı verib, özümün də həmin an bunu cavablandırmağım kitabı çox sevdiyimdən irəli gəlirdi.

Ara –sıra kitabdan cümlələr paylaşıram. “Mənim üçün o çərpələngi tuta bilərsən?”- “Sənin üçün hər şeyi edərəm” demişdi Həsən. Onun daxilindəki saflıq əsərə daha da bağlanmağıma səbəb olmuşdu. Dostu üçün canından belə keçməyə hazır olması onun daxili keyfiyyətinin, saf dostluğunun bariz bir nümunəsidir. Həyatda belə insanlara çox az rast gəlinir. Bu cür sadiq , dost dəyəri bilməsi, onun canını öz canından əziz tutması onu sevdiyməyə əsas verir.

Əmir və Həsən, Əfqanıstanın paytaxtı Kabildə monarxiyanın son illərində birlikdə böyüdükləri iki övladdırlar.Eyni evdə böyüdükləri və eyni südü belə bölüşdüklərinə baxmayaraq, Əmir və Həsənin dünyaları arasında boşluqlar və uçurumlar var: Əmir məşhur və varlı bir iş adamının oğludur və Həsən isə qulluqçusunun oğludur. Üstəlik, Həsən orada populyar olmayan və təzyiqlərə məruz qalan Hazara adlı bir etnik azlığa aiddir. Məhz bu daonu həyatını tam yaşaya bilməməsinə gətirib çıxardı. Həyatının ən ağır bəlalarını məhz o etnik azlığa mənsub olmasından dolayı yaşadı və onunla birlikdə həyat yoldaşı və azyaşlı övladı da zülm çəkdi. Sonu isə ürək ağrıdıcı oldu.

Uşaqların kəsişən həyatı və taleyi ətrafındakı dünyanın faciəsini əks etdirir. Sovet işğalı zamanı Emir və atası ölkəni tərk edərək Kaliforniyaya getdilər. Əmir belə etməklə keçmişdən qaçdığını düşünür. Lakin keçmişdə yaşadıqları onu bir an da olsun rahat buraxmır. Bəlkə də vicdanı onu sızladır. Balaca vaxtı Həsənə olan hislərindəki eqoistlik, etmək istəmədiyi işləri eqoistlyinin ucbatından etməsi onun yarasının qaysağını hər keçən gün biraz da qopardır. Əslində öz doğma qardaşı olduğunu belə bilmir. Sadəcə həyatına daxil olan , balaca uşaq kimi baxarkən bir də dönüb geriyə baxır ki, o balaca dediyi uşaq onun bəlkə də, ən çox xatırladığı adam, ürək sirdaşı, can yoldaşı, gözünə balaca görünüb ürəkdə böyük hissə tutan adam olub. Amerikaya gedəndən sonra fikirləşirdi ki, onun həyatı, duyğuları, keçirdiyi hislər tamamən dəyişəcək.  Lakin Vətən həsrəti deyə bir məhfum mövcuddur ki, bu kəlimə boş yerə söylənilməyib. Bu həsrəti yalnız vətənindən kənar olanlar bilər, vətənində doğmasını qoyub genənlər bilər, can bir dostunu orda qoyanlar bilər..

Atalar və oğullar, ataların oğullarına təsiri, sevgisi, fədakarlıqları və yalanları  roman daha da maraqlı edir. Heç bir romanında izah edilməmiş bir tarixin arxa hissəsini bütün qabarıqları ilə əks etdirən “Çərpələng uçuran” , zəngin bir mədəniyyətə və gözəlliyə sahib olan torpaqların necə məhv edilməsini ortaya qoyur. Xarici dövlətlərinin çarəsiz almış insanlara acımasız davranışları sadəcə vəhşiliyin bir nümunəsidir. Təkcə əziyyət çəkən xalq deyil, onun mədəniyyəti, torpaqları da əziyyət çəkib, zərər görür.

“Çərpələng uçuran”, personajları müəllifin usta qələmi sayəsində son dərəcə gözəl yaradılmış obrazlardır. Bu şəkildə oxucu xarakterə hirslənərək, onaların daxili aləmini  dərindən başa düşür. Nəhəng fantastika ilə oxucunu kitaba bağlayan Xalid Hüseyni, işğalın və müharibənin qaranlıq tərəflərini yazmaqla açıq olmayan bir tarixin qapılarını açır. Cəmiyyətdəki etnik ayrıseçkilik, etnik təmizlənmə, İslamın fərqli şərhləri və dindən sui-istifadə kimi mövzular personajlar və hadisə quruluşları vasitəsi ilə araşdırılır.Aşkara çıxarılır, bəzən tənqid edir, necə etmək lazım olduğunu düzgün yazır.Əfqanıstanın monarxiya tərəfindən idarə olunduğu dövrdə başlayan romanda Sovet işğalı, işğalın təsiri və ölkədən götürdükləri, arxa planda tarixi addımla müşayiət olunur. İşğal dövründə baş verən hadisələri bəzi faciəli hekayələri ilə güzgülə qarşılayan müəllif bir tarixin və mədəniyyətin necə məhv edildiyini, işğal və müharibənin təsirli üslubu ilə həyatın necə dəyişə biləcəyini də izah edir.

Romanın bir çox hissəsində müəllif personajlar vasitəsilə yaxşı və pis, yanlış və həqiqəti, dğruluq və cəsarəti  sual edir. Xeyir və pis, doğru ilə yanlış, günah və yaxşı əməl anlayışları bu romanda Xalid Hüseyni pəncərəsindən bir daha təsbit edilmişdir.

Monarxiyadan Rusiya işğalı, sonra Taliban dövrü və 11 sentyabr hücumları, Əfqanıstanın işğalından sonra Əmir və Həsənin yolları ayrılır. Əfqanıstanda bir çox ailələrin və o dövrdə yaxşı vəziyyətdə olan yazıçı Xalid Hüseyninin həyatında olduğu kimi, Əmir və atası da işğal dövründə ABŞ-a köçdülər və orada həyatlarını davam etdirirlər. Əmirin faktlarla üzləşməsi və keçmişlə hesablaşması hekayəsi ilə Xalid Hüseyni oxucuları tanış edir, onların hadisəyə əsl həyat hadisəsi kimi baxması aşılanıb.

İnsanların pis olma potensialı ilə vicdanı narahat edən roman, söylədiyi hekayənin əslində dünyanın hər hansı bir yerində baş verməsi ilə oxucunu çarəsiz hala gətirsə də, Xalid Hüseyni təkcə oxucuların üzünə zərbə vurmaqla bitmir. Oxucularına Əmir xarakteri ilə dərin bir təmizlik bəxş edən müəllif ümid, yaxşılıq, gözəllik və səhvlərin kompensasiya edilə biləcəyi şəfalı sözləri ilə oxucularına təsəlli verir. Gələcəyə ümidlə danışmağa və oxucuları da həyata ümidlə baxmağa səsləyir.

Əsərin sonlarına doğru getdikcə hadisələr daha da reallaşır,sanki. Əmir və Səhrab Kaliforniyaya gedirlər. Birlikdə parkda gəzirlər. Əmir Səhraba çərpələng uçurtmağı öyrədir. İllər sonra Həsən indi yerində oğlu Səhrab var. Çarxı Səhrab  tutur, ip isə Əmir. Birlikdə digər çərpələngi qırırlar. Səbrabın uçurulmuş çərpələngi tutacağını vəd edən Əmir çərpələngin  arxasınca qaçır. Əsəri başlayıb oxuyarkən ilk 10 səhifəsində Əmirə əsəbləşmişdim. Dostuna təcavüz edildiyini bildiyi halda  varlığını sadəcə Həzara uşağı kimi xatırlayan qardaşına əsəbiləşdim, kömək etmədiyi üçün. Amma Həsən ona əsəbiləşmədi, onunla danışmağa çalışdı və Əmirin ona dəfələrcə  lağ etməsinə və işgəncə verməsinə baxmayaraq. Ancaq kitabın sonuna doğru eqoist, qorxaq olan Əmir, atasının sirlərini öyrənir və atası dostu Rəhim xandan müharibə dövründə haqsız yerə öldürüldüyünü və oğlunun söhbətdən canını qurtarmağı xahiş etməsini istədikdə, Rəhim xan həyatının son məqamlarını yaşamasına baxmayaraq düşünürəm ki, Əmirə yenə də yardım edir. Əsərdə Rəhim xan əsas rolda iştirak etməsə də, balaca addımlarından böyük töhfələr yarandığı sezilir. Əslində gözəl və ibrətamiz dostlar göstərdi ki, necə hadisə olmasına baxmayaraq , insanlar üçün yaşam daim mövcuddur və nə olmasından asılı olmayaraq yaşamalıdır və yaşamaq lazımdır. Bundan əlavə, Əfqanıstanın müharibə illərində yaşadığı çətinliklər yaxşı və gözəl qeyd edilmişdir. Assef isə həyata zülm etmək üçün gələn çeşidli insan tiplərindən biridir. Əsərdə mənfi obraz olaraq vurğulansada, Xalid Hüseyni onu pisləmir, sadəcə onun niyə o cür həyatı seçəsini içi yanaraq oxuculara çatdırmağa çalışır. Müharibə dövründə günahsız insanları diri-diri basdırmaq və daşlarla öldürmək olduqca amansız olsada həyat belə insanları yaradır ki, öz həyatlarından razı olmayanlar elə insanlara baxıb şükür etməyi bacarsınlar.

-“Yalnız bir günah, bircə günah, o da  oğurluqdur”. Bunlardan başqa bütün günahlar bir oğurluğun müxtəlif istiqamətləridir. Bu kitabı oxuduqdan sonra bu cümləni heç cür ağlımdan çıxara bilmirdim. Bu kitabla yaxşılıq etməyin gözəlliyini başa düşdüm. İnsanların yalnız əmlakını oğurlamaqla oğru ola bilməyəcəyini izah etməyin ən yaxşı yolu idi bu kitabı oxumaq. Həqiqətən belə deyil? Ətrafımızda olanlar bizi oğurlamağa çalışmırlar? Hüqonun dediyi kimi; Oğurluq pul, əmlak oğurlamaqdırmı yalnız?! Xoşbəxtliyi oğurlamaq, oğurluq ola bilməzmi?

“Çərpələng uçuran”, iki uşağın dostluğundan başlayan Əfqanıstanın dəyişməsindən, yanımızda baş verən hadisələrdən xəbərdar olmaq istəməyənlərin və tarixi zəmində yazılan romanlardan zövq alacaqların hamısından bəhs edir.

Yazımın adını  “Səndən ötrü min yol”yzamağəmən əsas məqsədi Həsənin Əmir üçün, eynilə də Əmirin Həsən üçün hər şey edə bilməsini, bütün çətinliklərə sinə gələ bilməsini göstərmək idi.

Qırtlağının qalxıb enməsindən udqunduğunu güman etdim. Külək saçlarını sığallayırdı. Mənə elə gəldi ki, o başı ilə təsdiqlədi.

Səndən ötrü min yol, – dediyimi eşitdim.

Sonra çevrilib, qaçdım. Bu, sadəcə, bir təbəssüm idi, başqa heç nə. Bu, hər şeyi yoluna qoymayacaqdı. Bu, heç nəyi yoluna qoymamışdı. Sadəcə bir təbəssüm. Bir zərrəcik. Meşədə ağacdan havaya uçan quşun qanadlarından titrəyən bir yarpaq kimi.

Amma mənə bu da qənimətdi. Qollarımı açıb, qəbul edirəm. Çünki yaz gələndə qar dənəcikləri bir-bir əriyir. Ola bilsin ki, indi də mən ilk qar dənəciyinin əridiyini görürdüm.

Qaçdım. Yekə kişi bir dəstə qışqıran uşağın yanına düşüb qaçırdı. Amma mənim vecimə deyildi. Qaçırdım. Külək üzümə çırpılırdı, dodaqlarımdakı təbəssümsə Pəncşir vadisindən də böyükdü. Mən qaçırdım.

Sevgilərimlə…

YAZAR: Türkan Mürsəl