Seleksiyanın vəzifələri. Süni seçmə

Seleksiya insanların praktik fəaliyyətinin nəticəsi kimi meydana çıxmış bir elm sahəsidir. Çox da qədim tarixi olmayan bu elm insanların bitkiləri mədəniləşdirməyə və heyvanları əhliləşdirməyə başladığı dövrlərdən yaranmışdır.

Nikolay İvanoviç Vavilov seleksiyanın “insan iradəsi tərəfindən istiqamətləndirilən təkamül” prosesini əks etdirdiyini demişdir.

Seleksiya bir təkamül prosesi kimi ümumi qanunauyğunluqlara əsaslanır. Seleksiya işi aparılarkən genetika elminin qanunauyğunluqlarına istinad edilir. İnsanlar tərəfindən aparılan bu prosesin həyata keçirilməsi təbii seçmənin süni seçmə ilə əvəz olunmasına səbəb olmuşdur.

Seleksiya nəticəsində bitki sortları, heyvan cinsləri və mikroorqanizm ştamları alınır.

Cins və sort nədir?

Cins və sortlar insan tərəfindən süni surətdə yaradılan, oxşar irsi xüsusiyyətlər daşıyan, müəyyən irsi keyfiyyətlərə malik olan və mühit şəraitinə uyğunlaşan heyvan və bitki orqanizmlərin cəmidir.

Cins və sortun xarici mühitin təsirinə qarşı müəyyən reaksiya göstərmək xüsusiyyəti vardır. Onların müsbət keyfiyyətləri müəyyən aqrotexniki şəraitdə, əlverişli iqlim amilləri olduqda, məlum yemləmə və saxlama şəraitində meydana çıxır. Bunun nəticəsidir ki, istənilən bir ölkədə alınmış cins və sortlar digər ölkələrdə, dəyişik iqlim şəraitində heç də həmişə yararlı olmur.

N.İ.Vavilov Rusiyada seleksiyanın elmi əsaslarını yaratmışdır. O, irsi dəyişkənlikdə homoloji sıralar qanununun müəllifidir. Alim mədəni bitkilərin müxtəliflik mərkəzlərini müəyyənləşdirmiş, dünyanın 40 ölkəsində apardığı ekspedisiyalar zamanı mədəni bitki sortlarının nadir nümunələrini toplamışdır.

Hazırda müxtəlif elmi tədqiqat institutları və seleksiya stansiyaları əvvəlcədən müəyyən olunmuş planlar əsasında fəaliyyət göstərərək seleksiya prosesinin müvəffəqiyyətlə nəticələnməsinə köməklik göstərir.

Ölkəmizdə yaradılan sortsınama məntəqələri və damazlıq təsərrüfatlarında yeni yaradılmış cins və sortlar yoxlanılır, onların içərisindən yararlı olanları seçilir.

Süni seçmə:

İnsanlar bitki sortları və heyvan cinsləri yaradarkən özlərinin bir çox tələbatlarını nəzərə alırlar. Nəticədə bir-birindən fərqlənən yeni formalar yaranır. Darvin hələ XIX əsrdə təkamülün mexanizmini açmaq məqsədilə İngiltərədə kənd təsərrüfatı ilə maraqlanmağa başlamışdı. O müəyyən etmişdi ki, ingilis fermerləri intensiv seleksiya işləri apararaq göyərçin, toyuq, it, qaramal və s. heyvan cinsləri, müxtəlifbitki sortları yetişdirmişlər.

Mədəni bitkilər və ev heyvanları insanlar tərəfindən aparılan əhliləşdirmə, çarpazlaşma və süni seçmə nəticəsində öz vəhşi əcdadlarından alınmışdır.

Seleksiya prosesinin ilkin mərhələsi olan əhliləşdirmə və ya mədəniləşdirmə vəhşi heyvanların və yabanı bitkilərin mədəni formalara çevrilməsidir. Proseslərin ilk mərhələsində bitki və heyvanlarda ciddi dəyişkənliklər baş vermişdir. Nəticədə stabilləşdirici təbii seçmənin təsiri zəifləmişdir. Süni seçmə yolu ilə insanlar bitkilərdə, heyvanlarda və mikroorqanizmlərdə özləri üçün faydalı əlamətlərə malik fərdləri ardıcıl surətdə seçmiş, nəsillər boyu yeni bitki sortları, heyvan cinsləri və mikroorqanizm ştamlarının yaradılmasına nail olmuşlar.

Süni seçmənin kortəbii formasında qarşıya yeni formaların yaradılması məqsədi qoyulmur. Canlıların təsərrüfat baxımından ən yaxşıları seçilib saxlanılır. Bu isə yeni cins və sortların yaranması üçün zəmin yaradır.

Metodiki seçmədə isə seleksiyaçı əvvəlcədən hansı istiqamətdə seçmə aparacağını qarşısına məqsəd qoyur. Bu yolla qaramalda ətlik, südlük, toyuqlarda ətlik, yumurtalıq, qoyunlarda ətlik, yunluq və s. istiqamətdə seçmə aparılmışdır. Metodiki seçmə yolu ilə bitkiçilikdə də çoxlu sortlar alınmışdır.

Bitki və heyvanlar arasında insanları maraqlandıran, nəzərəçarpan mutasiyalara malik fərdlər seçilir və onlardan yeni nəsil alınır. Taksa it cinsi, qısaayaqlı qoyun cinsləri, bütövyarpaqlı çiyələk sortunun da bu üsulla əldə edilməsi sizə məlumdur.

Cins və sort almağın digər yolu isə çarpazlaşdırmadır.

Rusiyada Orlov löhrəm at cinsi alınarkən ərəb minik atının erkəyi (ayğır) Danimarka yük at cinsinin dişisi (madyan) ilə cütləşdirilmişdir. Alınan hibridlərin erkəkləri Hollandiya löhrəm at cinsinin dişiləri ilə cütləşdirilmiş və müəyyən istiqamətdə seçmə aparılaraq nəticə əldə edilmişdir. Süni seçmə nəticəsində alınan fərdlər bəzən o qədər fərqlənirlər ki, səhvən onları ayrı-ayrı növ kimi qəbul edilir. Seleksiya nəticəsində alınan cins və sortlar növdən kiçik kateqoriyalardır.

Respublikamızda üzümçülük sahəsində də bir çox nailiyyətlər əldə olunmuş, qiymətli sortlar alınmışdır.

Çox təəssüf ki, Qarabağımızda yetişdirilən məşhur üzüm sortları sahələri mənfur qonşularımız tərəfindən zəbt edilmişdir. Üzümçülük Respublikamızın iqtisadiyyatında özünəməxsus yer tutur. Ulu öndər Heydər Əliyev hər zaman bu sahəyə yüksək qiymət vermişdir. Onun göstərişi ilə ölkəmizdə üzümçülük sahələri genişləndirilmişdir

Yazar: Fidan Əmrəliyeva OYU

Həmçinin bax Yosunlar. Mamırlar. Qıjıkimilər.

https://tehsilim.org/virtual-mektebde-odenissiz-vebinar-ve-telimler/