Səlcuqlu dövləti Malazgirt döyüşü ərəfəsində

Böyük Səlcuq imperatorluğu Malazgird döyüşü ərəfəsində

Alp Arslanın hakimiyyəti dövründə Səlcuq imperatorluğu: Böyük Səlcuq imperatorluğunun əsasını qoymuş Toğrul bəyin ölümündən sonra hakimiyyəti mübarizə vasitəsi ilə Alp Arslan ələ keçirdi. 1064-cü il aprelin 27-də 36 yaşlı Alp Arslan sultan elan olundu. Onun hakimiyyəti dövründə Səlcuq imperatorluğu qüdrətli bir dövlətə çevrildi.Qüdrətli bir dövlətə çevrilməsində Toğrul bəyin siyasətinin Alp Arslan sultan tərəfindən uğurlu şəkildə davam etdirməsi rol oynamışdır.Alp Arslanın hakimiyyəti dövründə Səlcuq dövlətinin ərazisi Əfqanıstan sərhəddindən Fatimidlər sülaləsinin idarə etdiyi Misirə qədər olan əraziləri əhatə etdi, yalnız qərb sərhədləri müdafiəsiz qaldı. Alp Arslanın Səlcuq taxtına sahib olması ilə Kiçik Asiya üzərinə yürüşün yeni mərhələsi başlandı. O hakimiyyətinin ilk günlərindən ordunun qüvvətləndirilməsinə fikir verməyə başladı. Ən bacarıqlı sərkərdələr orduya cəlb olundu. Ani qalasının türk qoşunları tərəfindən alınması :Alp Arslan Toğrul bəyin siyasətinin davamı kimi Şirvanı və Gürcüstanı işğal edərək 1064-cü ildə Bizansın ən güclü qalalarından biri olan Anini mühasirəyə aldı. Qala Bizans qoşunları tərəfindən möhkəm müdafiə olunurdu. Şəhər qarşı tərəfdən Arpaçayla əhatə olunmuş, qalan tərəfdən isə içərisi su ilə doldurulmuş dərin xəndəklə əhatə olunmuşdu.Alp Arslan su doldurulmuş xəndəyin ətrafna taxtadan hündür qüllə tikilməsi üçün əmr verdi. Qısa müddətdə tikilən qüllədə mancanaqlar qoyuldu. Qala divarlarını dağıtmaq üçün həmin mancanaqlardan istifadə olundu. Qalanın dağılmış hissələrindən türk əsgərləri şəhərə daxil oldular. Beləliklə, qala türk qoşunları tərəfindən alındı. Alp Arslanın bu qələbəsi bütün islam dünyasının böyük sevincinə səbəb oldu. Ani şəhərinin tutulması ilə türk qoşunlarının Qərbə doğru irəliləməsinə şərait yarandı. Türk qoşunlarının Anadoluya daxil olması :Türk qoşunları Anadoluya daxil oldular. Böyük Səlcuq sultanı Alp Arslan 11-ci əsrin 60-cı illərində türk müttəfiqlərinin Anadoluya doğru köç etmələrinə icazə verdi, türklər şəhərlərdə və digər yerlərdə yerləşdilər. Alp Arslan 1067-ci ildə Heratda və Sivasda bizans ordusu üzərində qələbə qazanaraq Qeysəriyyəyə hücum etdi. 1068-ci ildə birbaşa Bizans üzərinə yürüş etməyi qərara aldı. 1069-cu ildə Konya alındı.1070-ci ildə türklər Alp Arslanın başçılığı altında müasir Misirin bir hissəsi olan Malazgirddə (Bizans dilində Manzigirt-Malazgird) və Erçiş qalalarının ələ keçirdi, Diyarbəkr alındı. Bizansın tabeliyindəki Urfaya hücum müvəfəqiyyətsizliklə nəticələnsə də, türk bəylərindən Afşinin köməyi ilə Hələb alındı. Alp Arslan Hələbdə olarkən türk atlı birliklərinin bir qisminə və Akınçı bəylərinə Bizans şəhərlərinə hücumlar etməsinə icazə verdi.Türklərin yürüşü Bizans imperatorluğunun böyük təşvişinə səbəb oldu.Roman Diogen böyuk ordu toplayıb 1071-ci il martın 13-də Konstantinopoldan yola düşdü. Ordunun sayının 200.000 nəfər olduğu təxmin edilir. Bəzi erməni müəllifləri (məsələn, Matta) Bizans ordusunun hətta bir milyon nəfər olduğunu iddia edir.Roman Diogen ordunu 2 böyük hissəyə böldü, bir hissəsini irəliyə, digərini isə Malazgirdə göndərdi. Onun irəliləməsindən xəbər tutan Alp Arslan Misirdəki işlərini, o cümlədən Yerusəlimi tutmağı vassalı Atsız ibn Avana tapşıraraq ordunun hazırlıqlı hissələri ilə birlikdə Roman Diogenlə qarşılaşmaq üçün şimal istiqamətinə üz tutdu. Diogenə bu xəbər Alp Arslan yaxınlıqda olarkən çatdı. Roman Diogen irəliyə göndərdiyi hissələrlə birləşməyə imkan tapa bilmədi, kəşfiyyat məlumatı toplamadan irəliləməyə başladı. Bizans ordusunun tərkibi qarışıq idi. Orduda franklar, normanlar, slovaklar, ermənilər, abxazlardan ibarət muzdlu döyüşçülər, slavyan, qot, alman, frank, gürcü, uz, peçeneq və qıpçaq əsgərləri var idi. Bizans ordusu əvvəlcə Sivasda dincəldi. Sivasın yerli sakinləri imperator Diogenə ermənilərin özbaşınalıqlarından şikayət etdilər. Şikayətlərin həqiqətə uyğun olduğunu yəqin edən Diogen erməni məhəllələrini dağıtdırdı, ermənilər cəzalandırıldı. 1071-ci ilin iyul ayında Bizans qoşunları Ərzuruma daxil oldu. Ordunun hərəkəti ilə əlaqədar ordu sərkərdələr arasında fikir ayrılığı əmələ gəldi. Bəzi generallar Diogenə səlcuqlu bölgəsinə irəliləməyə və Alp Arslanı qəflətən yaxalamağı təklif etdilər. Nikeforos Bryenos da daxil olmaqla generalların bir hissəsi olduqları yerdə gözləməyi və mövqelərini gücləndirməyi təkid edirdilər. Nəhayət, ordunun irəliləməsinə qərar verildi. Malazgirt döyüşünə hazırlıq: Bizans imperatoru böyük ordu ilə Malazgirt üzərinə yeridi. Alp Arslanın ordusu bu zaman Suriyada idi. O, buradan Misir üzərinə hücum etmək üçün hazırlıq işləri görürdü. Bizans elçiləri Şama (Dəməşqə) Alp Arslanın yanına gələrək Bizans imperatorunun tələblərini ona bildirdilər. İmperator Ərçiş, Əhlət, Malazgird və Mən biçin geri qaytarılmasını tələb edir, əks halda döyüşə başlayacağını bildirirdi. Əslində Bizans qoşunları həmin dövrdə hərbi əməliyyata başlayaraq sürətlə irəliləməkdə davam edirdi. Sultan imperatorun tələblərinə rədd cavabı verdi. Bizans qoşunları Sivasa gəldi. İmperator İran ərazisinə girmək, orada sultanın ordusu ilə döyüşə başlama qərarına gəldi. Türk qoşunları bu zaman Ərzurumda yerləşirdi. Sultanın əmri ilə Əhlətə 30 min nəfərlik silahlı qüvvə göndərildi. Ordunun böyük bir hissəsi Malazgirdə tərəf irəlilədi. Bizans qoşunları yol boyu şəhər və kəndləri qarət edir, yerli türkləri kütləvi şəkildə qılıncdan keçirirdilər.Bizans imperatorunun Əhlətə göndərdiyi ordu türk silahlı qüvvələri ilə döyüşə girdi. Türk sərkərdəsi Əmir Sunduk qəflətən hücuma keçərək Bizans qoşunlarını mühasirəyə aldı və darmadağın etdi. Əmir Sunduk Bizans qoşunlarının qələbə rəmzi olan «Böyük qızıl xaçı» ələ keçirirərək Alp Arslana göndərdi. «1071-ci ildə tarixi Malazgird döyüşündə qüdrətli Bizans imperatorunu məğlub edən Alp Arslan qızıl xaçı Bağdada aparıb xəlifənin ayaqları altına atandan bəri min ildir ki, xaç dünyası Avropa bunu türklərə bağışlamır, onu özlərinə əbədi düşmən sayırlar».Diogen Alp Arslanın uzaqda olduğunu, yaxud da gəlməyəcəyini düşünərək Malazgirdi və hətta Malazgird yaxınlığındakı Əhlət qalasını tezliklə geri alacağına ümid etdiyindən Van gölünə doğrü irəliləyərək öndəki qüvvələrini Malazgirdə döndərdi. Alp Arslan da20-30 minlik qoşunla Malazgirdə doğru yola çıxdı. Kəşfiyyatçıların verdiyi məlumata əsaslanan Alp Arslan Bizans imperatorunun İsfahana girmək və Böyük Səlcuq dövlətini yıxmağı hədəf seçdiyini qətiləşdirdi.Avqustun 26-da səhər çadırdan çıxan Alp Arslan Malazgirdlə Əhlət arasındakı Malazgird düzənliyində öz ordularından 7-8 km aralıda, düzənliyə yayılmış düşmən ordularını gördü. Döyüşə başlamazdan əvvəl Alp Arslan Bizans imperatorunun yanına elçi göndərdi. Elçilər heyətinə Alp Arslanın ən çox inandığı Sav Təkin başçılıq edirdi. Alp Arslan məktubunda Bizans ordusunun geri dönməsini, böyük savaş olmamasını və qan tökmək istəmədiyini bildirirdi. Bizans imperatoru türk elçisini istehza ilə qarşıladı. O, AlpArslanın döyüşə girməkdən çəkindiyini güman edərək elçilərin tək-lifini rədd etdi. İmperator «Həmədanın soyuq olduğunu eşitmişik. Biz İsfahanda, heyvanlarımız isə Həmədanda qışlayacaq» bidirəndə təhqiramiz sözlərə dözməyən Sav Təkin «Atların Həmədanda qışlayacağı doğrudur, amma sənin harada qışlayacağını bilmirəm» cavabını vermişdi.Gələn elçilər xristian olmaları üçün dilə tutuldu, məqsədlərinə nail ola bilmədikləri üçün əllərinə xaç çəkilərək geri qaytarıldı.Düşmən ordusunun böyüklüyünü başa düşən Alp Arslan savaşda məğlub olacağını yəqin etdi. Qədim türk adəti üzrə ağ paltargeydi. Atının quyruğunu bağlatdı. Başçılarının döyüş meydanından qaçmaması əsgərlərin döyüş ruhunu yüksəltdi. Cuma namazına imamlıq edən Sultan atına minərək ordusunun qabağına çıxaraq, rəsmi keçid təşkil etdi. O, döyüşçülərə müraciətlə bildirdi:«Sərkərdələrim! Əsgərlərim! Biz nə qədər az da oluruqsa olsaq, onlar nə qədər çox olursa olsunlar, daha artıq gözləməyəcəyik. Bütün müsəlmanların minbərdə bizim üçün dua etdikləri bu saatlarda özümü düşmən üstünə atmaq istəyirəm. Ya müzəffər olub məqsədə çataram, ya da şəhid olub cənnətə gedərəm. Mənə qoşulmaq istəyənlər ardımca gəlsinlər». Sultan döyüşə girərkən əynindəki bəyaz libası göstərərk bildirdi ki, «…bu mənim şəhidlik libasımdır. Savaş meydanında ölsəm məni bu paltarda dəfn edərsiniz. Yerimə oğlum Məlik şahı qoyarsınız. Ona itaət edin !».Sonda Qurandan ayələr oxundu. Şəhidlik və Qazilik məqamlarına yetişəcəkləri söyləndi. Səlcuq ordusu döyüş mövqeyinə keçdi.Bu vaxt Bizans ordusunda da dini ayinlər icra edilir, papazlar əsgərləri ruhlandırırdılar. Roman Diogen qələbə çalacağına əmin idi. Ən ehtişamlı zirehini geydi, ağ atına mindi. Qələbə qazanılarsa əsgərlərinə böyük vədlər verdi. Tanrıdan şərəf, şan, müqəddəs döyüşqələbələri dilədi. Hər iki sərkərdə yaxşı başa düşürdü ki, uduzmaq onların məhv demək idi. Alp Arslan döyüşü uduzsa, atalarından qalan mirası və böyük Səlcuqlu dövlətini, Diogen uduzardısa dövlətin gücünü, nüfuzunu və torpaqları itirəcəkdi. Roman Diogen ordusunu Bizans əsgəri qaydalarına əsasən düzmüşdü. Bizans ordusu bir neçə hissəyə bölünmüşdü. Sağ cinahda general Alyantiessenin döyüşçüləri yerləşmişdilər. Bu döyüşçülər əsasən Uzlardan ibarət idi. Sol cinahda general Breyinninosun ordusu yerləşirdi. Burada peçeneqlər çoxluq təşkil edirdi. Ortada dərinlikdə çoxlu zirehli piyadalar və onların sağ və sol qollarında süvarilər dayanmışdı. Cəbhənin mərkəzi hissəsinə imperatorun özü, arxada yerləşən gözətçi dəstələrə oğlu Androks, Kappadokiyalı general Alyattes sağ qanada başçılıq edirdi. Bizans ordusunun girişində böyük bir ehtiyat ordusu dayanmışdı və onlar xüsusilə nüfuzlu adamların özəl ordularının mənsubları idilər. Arxa ehtiyat komandanı gənc Andronikos Doukas idi. Əlbəttə, Roman Diogenin sonuncu təyinatı bir az çaşdırıcı idi, çünki gənc sərkərdə əvvəlki imperatorun qohumu Yanis Doukasın oğlu idi. Onlar açıqca Diogenin imperator olmasının əleyhinə çıxmışdılar.Səlcuq ordusu Erzen və Bitlis yolundan Malazgirdə girən zaman Alp Arslan sərkərdələri ilə savaş taktikasının müəyyənləşdirmək üçün Savaş Məclisi çağırmış, «Hilal taktikası» nı sərkərdələri ilə razılaşdırmışdı. Malazgirt döyüşünün başlanması : Döyüş türk ordularının hücumu ilə başladı. Türk ordusunun atlı dəstələrinin böyük coşqunluqla hücumu bizanslıların xeyli əsgər itirməsi ilə nəticələndi. Bizans ordusu müvəqqəti də olsa sıralarını qoruya bildi. Alp Arslan çaşdırıcı geri çəkilmə əmri verdi və ordu arxada gizlədilən kiçik dəstələrə doğru çəkilməyə başladı. Bu dəstələrdəki əsgərlərin sayı az olsa da, aypara formasında dayanmışdılar. Türklərin sürətlə çəkildiyini görən Roman Diogen onların güclərinin tükəndiyini zənn edərək yaxalamaq üçün ordusuna hücum əmri verdi.Yüngül zirehli türklər sürətlə geri çəkilərək, ağır zirehli Bizans süvarilərindən uzaqlaşdılar. Bizans ordusu türkləri təqib etməyə başladı. Yan tərəflərdə pusqu qurmuş türk oxçuları onları vurmağa başlasalar da, bizanslılar hücumu davam etdirdilər. Türkləri qovaraq yaxalaya bilməyən Bizans ordusu zirehlərin ağırlığından yoruldu. Lakin bunu anlamayan (bəlkə də aldadıldığını qəbul etməyən)Diogen türkləri təqib etməkdə davam etdi. Nəhayət, hücum edən türk oxçularını görən Diogen geri çəkilmə əmri verdi. Artıq gec idi, geri çəkilən yollar bağlanmışdı. Türk ordusunun əsas qüvvələrinin hücumu Bizans ordusunda çaşqınlıq yaratdı. Qaçmağa üz tutan generalları görən əsgərlər zirehlərini atıb qaçmağa başladılar. Afşin, Bey, Artuk bəy, Kutalmışoğlu Süleyman şah kimi səlcuqi sərkərdələr tərəfindən verilən əmrlərdən cürətlənən türk kökənli uzlar, peçeneqlər və qıpçaqların süvari dəstələri soydaşlarına qoşuldular. Döyüşün nəticəsi :Bizans ordusu gücünün önəmli bir hissəsini itirdi. Sivasda soy daşlarına edilən acının əvəzini çıxmaq istəyən erməni əsgərləri hər şeylərini ataraq savaş meydanından qaçanda Bizans ordusunun içindəki vahimə daha da artdı.Ordusuna başçılıq etmək imkanı olmadığını görən Diogen yaxın dəstələrlə qaçmağa cəhd etsə də, bunun imkansız olduğunu başa düşdü. Bizans ordusunun böyük bir bölümü hava qaralanadək məhv edildi. Qaçmayıb sağ qalanlar təslim oldular. İmperator çiynindən yaralı halda ələ keçirildi.İmperator Diogen Alp Arslanın hüzuruna çıxarılanda onlar arasında maraqlı bir dialoq baş verdi.
Alp Arslan: Əgər mən sənin qarşına əsir olaraq gətirilsəydim nə edərdin? – deyə soruşur.
Roman Diogen: Ya öldürərdim, ya da zincirə bağlayıb Konstantinopolun küçələrində gəzdirərdim cavabını verir.
Alp Arslan: Mənim verəcəyim cəza çox ağırdır. Səni bağışlayıram və azad edirəm.
Bununla da, Alp Arslan Diogenə qarşı çox incə davrandı, döyüşdən əvvəl olduğu kimi ona razılaşma təklif etdi. Diogen bir həftə Sultanın əsiri olaraq qaldı. Sultan Antakya, Urfa, Hieropolis (Pamukqala yaxınlığında bir kənd) və Malazgirdin təslim olması şərtilə ona öz masasında yemək yeməyə icazə verdi. Dünya tarixi üçün dönüş nöqtəsi olan Malazgird döyüşündə məğlub imperator Diogen razılaşmaya əsasən azad olunmaq üçün 1.500.000 dinar verməyi, vergi olaraq hər il 360.000 dinar ödəməyə razı oldu. Bizansın əlində olan İslam əsirləri buraxılmalı, lazım gəldikdə bizans əsgərləri Səlcuklara yardım etməli ,Antakya, Urfa, Əhlət və Malazgird torpaqları türklərə verilməli idi. Konstantinopola doğru yola çıxan imperator Tokatdan topladığı 200.000-dək dinarı özü ilə birlikdə gələn türk əsgərlərinə verdi. Alp Arslan Diogenin qızlarından biri ilə evləndi. Sultan Diogenə hədiyyələr və 200 nəfərlik bir dəstə verərək azad etdi.Bizans sarayında IV Roman Diogenin məğlub olduğunu və öldüyünü zənn edərək onun 20 yaşlı götürmə oğlu VII Mixail Dukas imperator elan edildi, həqiqətdə isə dövləti Romanın qatı düşməni İohann idarə edirdi. Mixail Dukas Romen Diogeni hiylə ilə ələ keçirərək gözlərini çıxartdı. Kor edilən Romen Diogen bir müddət sonra öldü. Müxalifət onun xanımından ərini hakimiyyətdən məhrum etməyi tələb etdi. Bundan imtina edən imperatriçanın saçını qırxaraq monastra göndərdilər. Mixail Perepinas yeni imperator elan edildi. Lakin yeni Bizans imperatoru mübarizə aparmağa qadir deyildi. Onun müharibə edəcək silahlı qüvvələri yox idi.Beləliklə, Anadolunun qapıları türklər üçün açılmış oldu. Malazgird döyüşündən sonra Sultan Alp Arslanın şöhrəti dünyanın hər yerinə yayıldı. Tarixçilərin «Səlcuq qartalı», «Adil Sultan», «Fateh atası» adlandırdıqları Sultan Alp Arslan Malazgird qələbəsindən sonra uzun müddət yaşamadı. Malazgirt savaşından iki il sonra Mavəraünnəhr üzrə olan bir səfərdə Bərzəm hakimi Yusuf el Xarəzminin hüzurunda ona iki xəncər vurulması ilə Sultan Alp Arslan vəfat etdi.

Mənbə:
Eldəniz Əliş oğlu Məmmədov. Səlcuqlar. Dərs vəsaiti.– Bakı: Mütərcim, 2015. – 204 səh.
Selçuklu Başkenti Rey :Kuruluşundan 1157 ye kadar /Nurullah Turan -Ankara :Türk Tarih Kurumu ,2019.
Səlçuklu devletleri tarihi :siyasət , təşkilat və kültür / Ali Sevim, Erdoğan Merçil,Türk Tarih Kurumu ,2014

Yazar: Sabah qrupu Tarix fakültəsi Həziyeva Ülviyyə

Həmçin bax: https://turaz.org/ankara-seherinde-azerbaycana-novbeti-destek-aksiyasi-kecirilib/
Həmçin bax: Osmanlı- Rus müharibəsi: 1877-1878
Həmçin bax: https://tehsilim.org/virtual-mektebde-odenissiz-vebinar-ve-telimler/