Səlcuqlar

Səlcuq dövlətinin yaranması Oğuz türklərinin tarixində mühüm bir mərhələni təşkil edir. Bu dövlətin yaranması ilə Böyük İslam dünyasında siyasi hakimiyyət oğuzların əlinə keçdi, Anadolu və ona qonşu olan ölkələr oğuzların vətəni oldu. Oğuz türkləri X əsrin əvvəllərindən etibarən Yaxın Şərqdə Ərəb Xəlifəsinin zəifləməsindən istifadə edərək Bizansın şərqə yürüşlərinin qarşısını alaraq, Kiçik Asiyanı fəth edib bu yerlərdə möhkəmlənə bildilər. Səlcuq türklərin Kuniq qoluna məxsusdur.Səlcuqun atası Dudak və onun oğlu Səlcuq oğuzlar arasında ən tanınmış şəxsiyyətlərdən idi. Səlcuq və onun oğlanları bu nüfuzdan istifadə edərək oğuz elatlarını öz ətrafında birləşdiribYabqu rütbəsini qazana bilmişdir. Səlcuq bəy ona tabe olan tayfaların hərbi-siyasi birliyini yaradıb Sırdırya sahilindən Çend şəhərinə gəldi. Onların buraya gəlişi X əsrin I rübünə aid edilir. Sonralar bu hərbi-siyasi ittifaqa daxil olan oğuzlar Səlcuqlar adlandırıldı.İslam dinini qəbul edən səlcuqlar tezliklə böyük siyasi qüvvəyə çevrildilər.
Oğuz tayfalarının bir qolu olan səlcuqlar dünya tarixi səhifəsində mühüm yerlərdən birini tutur.Səlcuqların yaratdığı imperiyanın həm siyasi, həm iqtisadi, həm də mədəni tarixi bir çox tarixçilərin tədqiqat obyekti olmuşdur və belə tədqiqatlar davam etməkdədir.
Səlcuqların tarix səhnəsinə gəldiyi dövrdə Yaxın və Orta Şərqdə inkişaf etmiş tarixşünaslıq mövcud idi, düzdür, bunlar, əsasən, ərəb və fars dillərində yazılmış və bir çoxu ayrı-ayrı  sülalələrə həsr edilmişdir. Lakin, həmin salnamələr və əsərlər içərisində səlcuqların mənşəyi və ilk fəaliyyətləri ilə bilavasitə bağlı olan əsərlərin mövcudluğu haqqında heç bir məlumat yoxdur. Bu səbəbdən də Şarl Lui Monteskye 1711-ci ildə qələmə aldığı  “İran məktubları” nda yazırdı:
“Dünyanın heç bir xalqı şöhrəti və əzəməti ilə “tatarlarla” yarışa bilməz. Onlar türk adlanıb Avropada, Asiyada və Afrikada nəhəng fatehliklər edib dünyanın 3 qitəsində ağalıq edirlər. Bu müzəffər xalqın yalnız tarixçiləri çatmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yazsınlar. Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub, əbədi məğlubedilməzliyinə inanıb keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır. ”
Səlcuqların tarixinin Qafqaz tarixindən ayrılıqda araşdırılması elmi cəhətdən qəbul edilməzdir.Qafqazda Səlcuq əsri problem, ilk növbədə, Cənubi Qafqazın fiziki coğrafiyası ilə əlaqədar olub, tarixi Azərbaycan ərazisini əhatə edir. Səlcuqların istilası Cənubi Dağıstanın tutulması ilə məhdudlaşmışdı. Onlar Dərbənddən şimala keçməmişlər, əsas məqsədləri Kiçik Asiyanı tutmaq olmuşdur.
Orta əsrlər dövrünün salnamələri olan “Sirat-əl-Məlik”, ”Toğrul bəy Səlcuqlu”, ”Məliknamə”, ”Risala-i-Məlikşahiyyə Səncərnamə”, ”Uyun-at-təvarix” dövrümüzə gəlib çatmasa da, səlcuqların erkən tarixini əks etdirən ən mühüm mənbələrin bəziləri saxlanılmışdır. Səlcuq tarixinin öyrənilməsində mühüm mənbələrdən biri tarix, adət-ənənələrin mahir bilicisi olan Əbu-əl Fəraçi Əbdür-Rəhman İbn əl Cəizinin “Tarix əl-mülk-əl-Ülam” əsəridir. Bu əsərdə səlcuqların ilk dövlətlərinə aid olan və dövrümüzə gəlibb çatmayan bir çox müəlliflərin əsərlərinə istinad edilmişdir. Həmin müəlliflərdən Məhəmməd əl Həmadani Hilal-əs-Sabi, Heybətallah əs-Sabi və başqalarını göstərmək olar.
Suriya mənbələri Səlcuqlar tarixinin önəmli hissəsidir. Bu mənbələrdə səlcuqların XI-XII əsr tarixi, siyasi, sosial-iqtisadi, etnik problemlər, xalq hərəkatı, ideologiya, Suriya-Qafqaz əlaqələri, məişət və hərbi məsələlər yer almışdı. Səlcuq tarixi haqqında mühüm xəbərlər suriyalı salnaməçi Mixail Suriyalının əsərlərində, xüsusilə, “Xronika” sında öz əksini tapmışdır.
XIX əsrdə bəzi tədqiqatçılar Suriya mənbələrinə diqqət yetirməyə başladılar. XIX əsrin I yarısında V.V.Qriqoryev rusların Qafqaza yürüşü haqqında Bar Ebreyanın məlumatlarından istifadə etdi. M.F.Brosse “Karlis Tsxovreva”ya Bar Ebreyanın 1127-ci ildə gürcü çarı IV Qurucu Davidin tutması haqqında məlumatları daxil etdi.
Ərəbdilli mənbələrdə XI-XIII əsrlərin mühüm məlumatları toplanmışdır. Sədrəddin Əli Əbül Həsən əl-Hüseyni “Əxbar əd-dövlət əs-Səlcuqiyyə” (Səlcuq dövləti haqqında əsərlər) adlı əsərini yazmışdır. Əsərin XIII əsrin I rübündə yazıldığı ehtimal olunur. Kitabın birinci yarısı özündən əvvəlki tarixi qaynaqlar üzərində qurulmuş, başlıca olaraq Səlcuq dövlətinin yaranıb genişlənməsi dövrünə həsr edilmişdir. Əsərin ikinci yarısı isə Özbəyin 1225-ci ildə ölümü ilə başa çatır. Əsərin  bu hissəsində toplanmış materiallara başqa heç bir qaynaqda rast gəlinmir, ona görə də  qiymətlidir.
Səlcuqlar dövlətinin tarixindən bəhs edən “Zubdat əl-Nəsrə və Nuxbat əlusra” əsəri də xüsusilə qiymətlidir. İbn əl-Tiktan 1297-ci ildə Marağa şəhərinə gəlmişdir. Onun “Kitab əl-Fəxri” iki hissədən ibarətdir. Birinci hissə siyasi traktatdan ibarətdir, ikinci hissədə müsəlman sülalələrin tarixi toplanmışdır. Burada Səlcuqlar və Ön Asiya dünyası ilə qarşılıqlı əlaqələr haqqında məlumatlar əks olunmuşdur.
Səlcuqlara münasibətdə farsdilli mənbələr diqqəti cəlb edir. Belələrindən biri Əbubəkr-Nəcməddin Məhəmməd ibn Əli Ravəndinin “Rahat əs Sudur və ayət əc sudur” (“Səlcuq dövləti haqqında”) məlumat əsəridir. Bu salnamə 1199-cu ilə qədər olan hadisələri əhatə edir. Ravəndi ata tərəfdən qohumu olan Səlcuq Səlcuq İraq sultanlarının sarayında qulluq etdiyindən əsərində İraq sultanlığına xüsusi yer ayırmışdır.
Səlcuqlara dair mənbələr içərisində Böyük Səlcuq İmperiyasının baş vəziri olan Nizamilmülkün “Siyasətnamə” əsəri müstəsna əhəmiyyətə malikdir. Fransız şərqşünası Ş.Şefer “Siyasətnamə”ni ilk dəfə 1892-ci ildə nəşr etdirmişdir.

YAZAR: Nərmin Hüseynova 

Həmçinin bax: “H. Cavid əbədiyyəti” mövzusunda II Respublika elmi konfransının materialları çapa hazırlanıb

Həmçinin bax: https://turaz.org/dusmenin-uaz-i-siradan-cixarildi-kapitan-mehv-edildi/

Həmçinin bax:  https://tehsilim.org/dim-nezaretci-muellimlerin-fealiyytinin-tehlili-il-bagli-arasdirmani-yekunlasdirmisdir/