Şekspirin “Hamlet”i və antik ədəbiyyat

“Hamlet” əsəri Şekspirin böyük və heyrətamiz faciə əsərlərindən biridir. İnsan ruhunda var olan bütün əsas niyyətlər bu əsərdə toplanmışdır. Əsərin lap əvvəlindən bir oxucu kimi marağım öncəliklə bu personajın şəxsiyyətinə yönəlir. Bəzi oxucular bu obrazın zəif, bacarıqsız bir insan olduğunu düşünsə də, mənim fikrimcə, o, ruhən güclü, başına gələn bəlalara boyun əyməyən obrazdır. Lakin qisas hissi onu bütünlükdə ağuşuna almışdır, ruhundakı qeyri-müəyyənlik ona aman vermir. Əsər kifayət qədər geniş məsələlərlə əhatə olunub: sevgi və nifrət, həyatın mənası, bir insanın məqsədi, güc və zəiflik, qisas və s.

Hamletin bir qərara gəlməkdə köməkçi olacaq kimsəsi yox idi. Buna görə də o, öz əxlaq prinsiplərini və şəxsi təcrübəsini özünə rəhbər tutur. Hamletin “olmaq, ya olmamaq” monoloqunda qəhramanın ruhunda bəslədiyi bütün ağrıları, düşüncələri, faciəsi öz əksini tapır.

Qəhrəmanımızı sadalanan bəzi xüsusiyyətlərinə görə antik ədəbiyyatın məşhur və olduqca möhtəşəm  əsəri olan “Evmenidlər” in Orest obrazı ilə müqayisə etmək olar. İntiqam hissi bu personajları bir-birinə bağlayan, birinin adını çəkincə digərini yada salmağımıza səbəb olan əsas əlamətdir. Bu qəhramanlar atalarının qisasını almaqdan ötrü qarşılarına çıxan bütün maneələri dəf etmək, qisas hissinin göstərdiyi ən amansız yoldan getmək iqtidarındadırlar. Kənar qüvvələrin (Tanrı Loksi, Hamletin atasının kölgəsi) təsiri ilə bu yola baş qoyan qəhrəmanlar öz doğmalarının canına qəsd edərək məqsədlərinə nail olurlar. Lakin elə başa düşülməməlidir ki, bu obrazlar tamamilə günahkardırlar. Xeyr, Hamlet də, Orest də həyatlarının məhz onlara doğma olan insanlar tərəfindən cəhənnəmə çevrilməsindən sarsılır və onların qisasının məqsədi dünyalarına nüfuz etmiş şəri məhv etməkdir.

Kraliça Gertruda obrazı oğlu Hamletdən heç də az mübahisəli obraz deyildir. Onlar arasında münasibət, münaqişə məsələyə fərqli aspektlərdən yanaşmağımıza imkan verir. Kraliça güclü və olduqca cazibədar bir qadındır. Bu səbəbdən belə düşünülə bilər ki, hökmdar Klavdi yalnızca taxt-tac üçün deyil, həm də sırf bu qadının gözəlliyinə vurğun olduğu üçün onunla evlənir. Kraliça Klavdinin sevgisinə eyni hisslərlə qarşılıq verir. Lakin kraliça da taxt-tacda tez bir zamanda möhkəmlənmək üçün bu qərara gəlmiş ola bilər.

Hadisələrə Hamletin gözündən baxsaq, Gertrudanın simasında ərinə xəyanət etmiş, ləyaqətsiz qadın davranışları görərik. Bu məqamda yenə antik yunan ədəbiyyatına müraciət edərək Sofoklun “Elektra” əsərini yada salaq: əsərdən tanıdığımız ana obrazı – Klitemnestra da övladlarının gözündə qatil, xəyanətkar, yasaq münasibətlə mənən kirlənmiş ana kimi görünür. Hər iki əsərdə canlandırılan ana obrazları övladları ilə zidd mövqedə dayanmışdır. Klitemnestra və Gertruda ərlərinin ölümünə bilavasitə tanıqlıq edirlər. Lakin bu cinayətdə Klitemnestra ilə Gertrudanı eyni tərəziyə qoymaq böyük haqsızlıq olar. Klitemnestra bir ana kimi bədbəxtdir, çünki əri onun körpə balasını allahlara qurban edərək bu qadının ömrünü zindana çevirmişdi. Bəs Klitemnestra digər övladlarına qarşı da bu cür sevgi ilə yanaşırdımı? Övladının ölüm xəbərinə əvvəla kədərlənib ardından sevinən Klitemnestra kimi ananın hisslərini Gertrudanın hissləri ilə müqayisə etsək, Hamletin anasının analıq hisslərini daha üstün tutarıq.

Gertruda obrazı mübahisəli obraz olsa da, hər şeyə rəğmən övladı naminə fədakarlıq etməkdən çəkinməyən bir anadır. Zəhərləndiyini bildiyi anda Hamletə müraciət edərək onu təhlükədən agah edir. Son səhnə bu obrazı bir ana kimi yüksək qiymətləndirməyimizə imkan verir.

 

Yazar: Türkan Nağıyeva

HƏMÇİNİN BAX: Özbək şairə Gülçöhrə Taxırovanın dördlükləri

HƏMÇİNİN BAX: Osman Nəsir Nil və Roma