“Şəkidə pandemiya əleyhinə tədbirlər davam etdirilir”
Respublikamızda tətbiq edilən sərt karantin rejimi COVID-19 pandemiyası ilə mübarizədə yaxşı mənada öz nəticələrini verməkdədir. Ölkəmizin hər yerində olduğu kimi Şəkidə də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür.
“Qafqazinfo”ya daxil olan məlumata görə, rayonda koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı tibbi profilaktik tədbirlər davam etdirilir. Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində əhalinin daha çox toplaşdığı yerlərdə, ictimai-iaşə və xidmət obyektlərində mobil qruplar tərəfindən vaxtaşırı olaraq reydlər keçirilir.
Keçirilən reydlər zamanı vətəndaşlara sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunmasının zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, ictimai nəqliyyatda, apteklərdə və bankomatların qarşısında nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı iki metrlik ara məsafəsini saxlamaları tövsiyə olunur. Aparılan profilaktik tədbirlərində çərçivəsində əhaliyə maarifləndirici flayerlər paylanılır. Bu proseslərdə könüllülər fəallıq nümayiş etdirirlər.
Müxbir:kafkazh.com
Xüsusi müxbir:Zöhrə Məmmədova
Mənbə:Qafqazinfo