Səhralar

.Səhraların tipləri*

Səhra — bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən düzən səthli landşaft növüdür.

*1* Geomorfoloji quruluşuna və ümumiyyətlə landşaftına görə səhralar müxtəlif olduğuna görə bir sıra tiplərə ayrılır.

*2* Səhraların təsnifatını, *iqlimə görə* Y.L.Andronikov, *ekoloji cəhətdən* J.P.Korovin və D.N.Kaşkarov, *geomorfoloji cəhətdən* Preston və E.Cems, *onların səthini örtən süxurların litoloji tərkibinə görə* isə L.S.Berq vermişdir.

*3* Səhraları *dağlıq və düzənlik səhralara* bölmək olar.

*4 Düzənlik səhralar* iki əsas morfoloji tipə ayrılır:

+ 1. nisbətən yüksək, geniş, dalğalı və bəzən qapalı depressiyalarla mürəkkəbləşən, ətraf düzənliklərə sıldırım olaraq düşən yaylalar.

+ 2. səthi kövrək qırıntılı çöküntülərlə örtülən geniş depressiyalar.

*1.Yaylalar*  çox vaxt stola bənzəyib, üfüqi vəziyyətdə yatmış, bəzən də dalğalı denudasiya səthi ilə mürəkkəbləşmiş və dislokasiyaya uğramış süxurlardan təşkil olunmuşdur.

+ Böyük Səhranın çox hissəsi, Ustyur, Qaraqum, Karsakpay laylalarını, Betnak-Dalanın şərq hissəsini misal göstərmək olar.

+ Yaylaların səthi iri qırıntı materiallarından ibarət olan çox nazik *aşınma qabığı* ilə örtülüdür. Ona görə də ana süxurların yaratdığı bütün relyef elementi yaxşı müşahidə olunur. Şimali Amerikada bu cür daşlı səhralar *hamada* adlanır.

*2.Düzənlik səhralarının* səthi *qalın ovuntu və qırıntı çöküntülərlə* örtülmüşdür.

+ Burada daşlı səhralara nisbətən rütubətlənmə şəraiti yaxşıdır (ətraflardan qrunt sularının səthə çıxması, qumların havadakı su buxarını kondensasiya etməsi).

+ Səthi örtən qum küləyin təsiri ilə hərəkətə gələrək, başqa yerlərdə çökür, qum tirələrini və təpələrini əmələ gətirir.

+ Qumlar hərəkət edirsə, bitki örtüyündən məhrum olur, bərkimiş qumlarda isə *kserofit otlar* bitir.

*5 Dağlıq  səhralar*  Dağlıq səhralar yer kürəsində çox geniş yayılmışdır.

+ Onlar ən çox *Şm Amerikanın qərb və cənub-qərbində* yayılmışdır.

+ Burada *Böyük hövzə* səhrası geniş sahəni tutur.

1.Səhranın okean səviyyəsindən orta yüksəkliyi 1500 m-dir.

2.Böyük hövzənin daxilində bir-birinə paralel olaraq meridian istiqamətində bir sıra silsilələr uzanır.

3.Silsilələrin arasında müxtəlif yüksəklikdə qapalı çökəkliklər – *bolsonlar*  yerləşir.

4.Silsilələr qalxmış tektonik horstlardan ibarət olub, az nisbi yüksəklikləri ilə səciyyələnir.

  1. Bununla belə onlar müəyyən dərəcədə kondensasiya qabiliyyətinə malikdir. Ona görə də burada leysan yağışlar, qışda isə qar olur.

+ Yağıntılardan əmələ gələn səthi axınlar dağları çox parçalayaraq dərələr və yarğanlar əmələ gətirmişdir. Sonuncular dağlardan çıxdıqları yerlərdə iri gətirmə konusları yaradır ki, onlar da birləşib bolson ətrafında dairəvi *konus şleyfi* əmələ gətirir.

  1. Konusların səthi rütubətli iqlim qurşaqlarındakı konuslardan fərqli olaraq parçalanmışdır.

2.Leysan zamanı əmələ gələn güclü sel axınları konusun səthində bərabər yayılaraq səthi axın əmələ gətirir.

3.Sellərin gətirdiyi material bütün konus üzrə akkumulyasiya olunur.

4.Konusun səthi əhənglə sementləşmiş bərk səhra qabığı ilə örtüldüyündən onun üzərində erozion şırımlar əmələ gəlir.

  1. İri material konusun zirvəsində akkumulyasiya olunur və kənarlara getdikcə xırda material çökür.

+ Bolsonların mərkəz, ən alçaq hissəsinə isə xırda qum və başlıca olaraq gilli məhsul gətirilib çökdürülür. Burada üfüqi səthli düzənliklər əmələ gəlir ki, buna da Şm Amerikada *plaiya* deyilir.

1.Plaiyaların gildən təşkil olunmuş səthində yağış suları toplanaraq dayaz və müəyyən sahil xətti olmayan *efemer göllər* əmələ gətirir.

+ Buxarlanma prosesi çox şiddətli getdiyindən göllər tədricən quruyur və ona görə də özlərinin sahil xəttini formalaşdıra bilmir. Yayda göl tamamilə quruduqdan sonra onun yerində bərk və çatlamış gillərin üstünü örtmüş duz təbəqəsi müşahidə olunur.

+ Dağ səhralarına *İran yaylasında, Orta Asiyada, Fələstində* və s. yerlərdə də təsadüf edilir. Bu yerlərdə iqlim şəraiti bir-birindən fərqləndiyi kimi, dağlıq səhralar da öz geomorfoloji xüsusiyyətlərinə görə bir-birindən az da olsa fərqlənir.

*6* Dağlıq və düzənlik səhralardan başqa səthi təşkil edən qırıntı çöküntülərinin litoloji tərkibinə görə *daşlı, çaqıldaşlı, qumlu, gili və gilli-şoranlı səhralar* da vardır.

*7 QUMLU SƏHRALAR *  Qum səhraları başqa səhralara nisbətən daha geniş sahədə yayılmışdır.

+ *Böyük Səhrada* qum səhraları 1 100 777 km2 sahəni tutur.

+ *Ərəbistan yarımadasının* bütün daxili hissələri bu səhralarla tutulmuşdur.

+ Bundan əlavə *Qızılqum, Aral sahili Qaraqum, Böyük və Kiçik Barcuk, Çu sahili, Muyunqum, Balxaşın cənub sahili* və s. qum səhralarından ibarətdir.

+ Bu növ səhralar *Çin Türküstanında (Təklə-Məkan səhrası), Ordosda, İran yaylasının daxili rayolarında, Pakistanda (Tar səhrası), Avstraliyada (1 212 000 km2), Cənubi Afrikada (Kalaxari) və Cənubi Amerikada (Atakama)* geniş yayılmışdır.

+ Qum səhraları *Şimali Afrikada erq, Ərəbistanda nefud, İranda kəbir, Orta Asiyada isə qum* adlanır.

*8 Səhra qumlarının mənşəyi* haqqında müxtəlif nəzəriyyələr müvcuddur.

+ Bir sıra müəlliflər səhra qumlarının dəniz qumlarından ibarət olmasını söyləmişlər. Son zamanlara qədər Böyük Səhranın yaxın keçmişdə dənizlə örtülü olduğunu və qumların bu dənizdə əmələ gəldiyini söyləyirdilər. Burada aparılan yeni tədqiqat işləri bu nəzəriyyənin yalnış olmasını göstərdi.

+ Başqa bir nəzəriyyəyə görə səhra qumları səthə çıxan ana süxurların kontinental şəraitdə aşınması nəticəsində əmələ gəlmişdir. Səhra qumları ilə ana süxurların eyni mineroloji tərkibli olması bunu sübut edir.

+ *Şimali Qaraqum səhrasının qumları Zaunquz yaylasında üzə çıxan və tərkibində gips, müxtəlif duzlar olan üçüncü dövrün gilli qumdaşları və qumlu gilləri* ilə,

+ *Sinay yarımadasındakı* qumlu səhraların qumları isə burada üzə çıxan *qranit, siyenit, qneys və profir süxurları* ilə eyni mineroloji tərkibə malikdir.

+ *İ.S.Şukinin* fikrincə, qum səhralarının qumları başlıca olaraq hazırda eol proseslərə məruz qalmış qədim allüvial çöküntülərdən ibarətdir. Doğrudan da, *Qaraqum səhrasında* eol qumları altında laylaşmış və müəyyən dərəcədə çeşidləşmiş və *gilli layları olan qalın allüvial qum qatları* yatmışdır.

*9* Böyük qum massivlərinin hərəkət etməsi haqqında müxtəlif mülahizələr vardır.

+ İ.S.Şukin səhraların qum massivlərini mənşəyinə görə iki qrupa bölür:

1) müəyyən bir depresdiyada əmələ gəlmiş və hazırda küləyin eol fəaliyyəti təsiri altında olsa da yalnız əmələ gəldiyi yerdə *qalan avtoxton qumlar*;

2) müxtəlif yerlərdən küləyin vasitəsilə gətirilmiş qumlardan əmələ gəlmiş *alloxton qum massivləri*

*10 DAŞLI SƏHRALAR* bir neçə tipi məlumdur. Onlardan biri çox parçalanmış və dik yamacları olan dağ səhralarıdır.

+Burada bərk ana süxurların qayalı çıxıntıları, səthi qaba qırıntılı aşınma materialı ilə örtülən sahələrdə növbələşir.

+ Bu tip daşlı səhralar *MDB-də Manqışlaq yarımadasında, Tuar-Kırda, Qızılqumun cənub-şərqində, Moqol-Tauda, Cənubi Tacikistan dağlarında* və s. yerlərdə müşahidə olunur.

+*Düzənlik daşlı səhralar* başlıca olaraq stolvarı yaylalarda yerləşir (qamada).

+ Ana süxurlar, adətən, nazik aşınma qabığı ilə örtülür.

+*Cənubi Ustyurt, Zaunquz platosunun cənub ətrafları, Betpakdalanın şərq hissəsi bu tipli* səhralara aid edilir.

+ Daşlı səhraların səthini bəzi qırıntı materialları yox, yaxşı yuvarlanmış çaqıldaşları örtür.

+ Bu cür səhralar *Əlcəzairdə req, Liviyada isə serir* adlanır.

+ Daşlı səhralarda ana süxurların çıxıntıları üzərində səhra qaysağı və korroziya formaları da müşahidə olunur.

*11 GİLLİ  VƏ  GİLLİ-ŞORANLI  SƏHRALAR*

+ Gilli səhralar əsasən düzənliklərdə yayılıb, bəzən yüksəkliklərin arasında yerləşən dar və düz çökəklikləri tutur.

+ Buna görə də gilli səhralar iki qrupa bölünür:

*1) geniş allüvial düzənliklərdə və ana süxurların üzərində əmələ gəlmiş gilli allüviumun yayıldığı səhralarda inkişaf edən gilli və qumlu-gilli səhralar,*

*2) qumlu və daşlı səhraların alçaq yerlərində əmələ gələn gilli səhralar.*

+ Birinci qrup səhralar *Təcən və Murqab çaylarının subareal deltaları üzərindəki qumlu-gilli səhraları,* * Qızılqumun şimal-şərqini və Ustyurt platosunu* aid etmək olar.

+Ikinci tip səhralar Qaraqum səhrasının takırlarında yayılmışdır. *Şimali Afrikada sebhi və Mərkəzi Asiyada şala (çala)* deyilir.

Səhraların morfologiyası*

*1* Səhralar Yer kürəsində çox böyük sahə tutur. Təbii şəraitindən asılı olaraq səhralarda bitki və heyvanlar aləmi çox kasıbdır.Səhralar iqlimin məhsuludur.

*2* Səhra landşaftı başlıca olaraq *tropik və subtropik* iqlim qurşağında yerləşir.

+ Lakin bəzi hallarda *qurunun genişliyindən (Orta Asiya və Qobi səhralarının şimal hissəsi), oroqrafik quruluşdan, ərazinin dörd tərəfdən dağ silsilələri ilə əhatə olunmasından (Şimali Amerikada Böyük hövzə), soyuq dəniz axınlarının və bununla əlaqədar olaraq rütubətsiz hava kütlələrinin sahil zonaya təsirindən* və s. səbəblərdən asılı olaraq səhralar mülayim qurşaqda da inkişaf edir.

*3* Səhralarda bir il müddətində *200-250 mm-dən az yağıntı* düşür. Il boyu yağıntılar qeyri-bərabər paylanır. Yağıntı başlıca olaraq yağış formasında ilin müəyyən bir vaxtında düşür.

+ Məsələn, Türküstan səhralarının cənubunda bütün illik yağıntı mart, aprel aylarında olur. Bəzən yağıntı bir neçə ildə bir dəfə, güclü leysan yağış formasında düşür.

+ Hava çox quru olur. *Nisbi rütubətlilik 5-10 faizə* bərabərdir. Buxarlanma yağıntının miqdarından dəfələrlə çoxdur.

+ Rütubətin çatışmazlığından torpaq örtüyü zəif inkişaf edir və quru olur. Bitki örtüyü çox seyrək yerləşmiş *kserofit bitkilərindən* ibarətdir.

+ Havalar buludsuz olduğundan və günəş şüaları bura dik düşdüyündən səhralar gündüzlər çox bərk qızır, gecələr isə bir o qədər soyuyur.

+ *Sutkalıq temperatur amplitudu 30-35°-yə çatır* (torpaq səthində amplitud 60-70°-dir).

+ Səhralarda küləklər böyük dağıdıcı qüvvəyə malikdir.

*4* Subtropik və tropik qurşaqdan ekvatorial və mülayim qurşağa doğru hərəkət etdikcə səhralar öz aridliyini tədricən itirir və rütubət nisbətən çoxalır. Bu sahələr səhralardan (arid vilayətlərdən) fərqli olaraq yarımsəhra (semiarid vilayətlər) adlanır.

+ Geomorfoloji landşaft cəhətdən səhraların bu iki növü çox yaxın olsa da müəyyən dərəcədə fərqlənir.

*5 Semiarid səhralar* şahid dağların, çox sıx yarğan şəbəkəsinin (bedlend) geniş inkişaf etməsi və torpağın əhəng və gips qabığı ilə örtülməsi ilə səciyyələnir.

*6 E.Martonnun* hesablamalarına görə axarsız ərazilərin sahəsi Yer kürəsində müxtəlif formada paylanmışdır.

Avropa . . . . . . . . . . . . . . . . 452 000 km2      yaxud materik sahəsinin 5 faizi

Asiya . . . . . . . . . . . . . . . . 9 933 000 km2           — ” — ” —  24 — ” —

Afrika . . . . . . . . . . . . . . .11 771 000 km2           — ” — ” —  40 — ” —

Avstraliya . . . . . . . . . . . . .3 309 000 km2           — ” — ” — 43 — ” —

Şimali Amerika . . . . . . . . 1 070 000 km2            — ” — ” —  5 — ” —

Cənubi Amerika . . . . . . . .1 454 000 km2            — ” — ” —  8 — ” —

 

*7* Bəzən çoxsulu çaylar səhraları başdan-başa kəsib keçərək daxili dənizlərə (Amudərya, Sırdərya) və hətta okeanla əlaqədar olan dənizlərə və okeanlara (Nil, Kolorado, Niger) tökülür.

+ Bu çaylar səhraların özü üçün səciyyəvi olmayan *ekzotik çaylardır* Onlar humid və nival sahələrdən başlayıb, öz axımını bütünlüklə orada formalaşdırır, səhralardan isə tranzit bir çay kimi keçərək heç bir qol qəbul etmir. Əksinə, onlar səhradan keçdikdə buxarlanma nəticəsində öz sularının müəyyəm miqdarını itirir.

*8* Səhralarda fiziki aşınma nəticəsində əmələ gələn qırıntı məhsulu yamaclarda səpinti konusları şəklində toplanır, yaxud da müvəqqəti axar sular vasitəsilə aparılaraq düzənliklərə və qapalı çökəkliklərə çıxdıqları yerdə nəhəng gətirmə konusları və subareal deltalar əmələ gətirir.

*9* Misir, Sinay yarımadası, Şimali Amerika və Türküstan səhralarında uzun müddət geomorfoloji tədqiqat aparan *İ.Valterin* fikrincə, səhralarda relyefin inkişafında və formalaşmasında əsas amil *küləkdir*

*10* Lakin bir sıra müəlliflər səhralarda eroziya relyef formalarının geniş yayılmasına və Şimali Amerika səhralarında güclü küləklərin olmamasına istinad edərək İ.V.Valterin fikrini inkar etməyə, suyun eroziya və akkumulyasiya fəaliyyətinə üstünlük qazandırmağa cəhd edirlər.

+ *İ.S.Şukinin və Z.Passargenin* fikrincə, səhralarda müşahidə edilən su erozion və akkumulyativ relyef formaları müasir iqlim şəraitində səhralar üçün xarakterik olmayıb, keçmiş, daha rütubətli dövrlərdən relikt və irsi olaraq qalmışdır. Doğrudan da arid iqlim şəraitində ekzogen proseslər tədricən və nisbətən yavaş getdiyindən qədim relyef formaları uzun müddət qalır.

Səhraların coğrafi yayılması*

*1* Səhralar iqlimlə əlaqədar olaraq yer üzərində müəyyən landşaft zonaları əmələ gətirir. Onlar arid iqlim qurşaqlarına uyğun gəlir.

*2* Bu zonalar Ekvatordan 30° şimal və cənubda yerləşib, *yüksək atmosfer təzyiqi, hava kütləsində şaquli enən axınları, buludların minimal, yağmurların çox az olduğu və passat küləklərinin yarandığı zonalara* uyğun gəlməklə iki qurşaq əmələ gətirir.

+ Lakin okeanlar bu qurşaqları parçalayır.

+ Materiklərin çox geniş sahə tutduğu Şimal yarımkürəsində səhralar daha geniş sahələri tutur.

*3* Arid zonaların və səhraların sərhəddi, başqa iqlim qurşaqlarının sərhədi kimi paralellərə uyğun gəlmir. Bu sərhəddin vəziyyəti *quru və dənizlərin paylanmasından, isti və soyuq dəniz axınlarının yerləşməsindən, relyefin quruluşundan* asılıdır.

+ Bu göstərilən amillər Yer kürəsində müxtəlif paylandığına görə səhralar zonası da gah daralır, gah da genişlənir.

+ Şimali Amerikadakı *Böyük Hövzədə, İran yaylasının daxilində, Mərkəzi Asiyada səhralar zonası* çox genişlənir.

*4* Yer kürəsi səhralarının şimal qurşağı iki hissələrdən ibarətdir.

*4.1 Şimali Amerika*. Burada səhralar *Böyük hövzəni* tutur. Onların cənub davamı *Moxava və Hila* səhralarıdır.

+ Bu səhralar başlıca olaraq dağlıq səhralardan ibarət olub, semiarid iqlimə və müvafiq relyef əmələ gətirici proseslərə malikdir. Buranın landşaftı *quru steplərə* daha yaxındır.

*4.2 Asiya və Afrika*. Burada səhralar bütün Şimali Afrikanı tutur *(Böyük Səhra və Liviya)*. O cənubda Sudanın quru çöllərinə və savannalara keçir. Burada müxtəlif səhralara təsadüf edilir. Geniş sahələri tutan qum səhraları (erqlər) 500 m-ə qədər mütləq yüksəkliyə malik olub, daha yüksəkdə yerləşən daşlı səhralarla (qamada) növbələşir.

+ Şimali Afrikada *serir dağ massivlərinə* də təsadüf edilir. Böyük Səhrada daşlı səhralar 4 259 500 km2, dağ massivləri 2 000 000 km2, qum səhraları isə 1 200 000 km2 sahəni tutur.

+ Süveyş kanalından şərqdə *Sinay və Ərəbistan yarımadasında* daşlı səhralarla bərabər, yarımadanın kənar zonalarında geniş qum səhraları da müşahidə olunur. *Nefud (Qırmızı səhra), Rub-əl-Xali* səhraları bunlara misal ola bilər. *Suriya səhrası* bəzi yerlərdə qumlu sahələri olan daşlı səhradır.

+*Ərəbistan səhralarından* şərqdə İran yaylasının axarsız, 1,5 mln. km2 sahəsi olan daxili səhraları yerləşir. Burada səhralar başlıca olaraq dağlıq xarakter daşıyıb *qırıntı materiallarla* örtülüdür. Bəzi yerlərdə qayalı ana süxurlar çılpaqlaşır. Bunların arasında alçaq sahələrdə *qumlu və gilli-şoranlı səhralar (Dəşti-Kəbir, Dəşti-Lüt və s.)* yerləşmişdir.

+Hindistan yarımadasının şimal-qərbində müstəqil halda *Tar qum səhrası* yerləşmişdir.

+ Türkmən-Xorasan dağlarından şimalda Orta Asiya səhraları *(Qaraqum, Qızılqum, Aral sahili Myunqum, Balxaş və s.)* yerləşir. Orta Asiyadakı səhralar başlıca olaraq qumlu səhralardan ibarətdir. Burada daşlı və gilli-şoranlı səhralar da vardır. Orta Asiyada yerləşən *Şərqi Pamir yüksək dağlıq səhrası* öz landşaftına görə Tibetə çox yaxındır.

+ Mərkəzi Asiyada səhralar geniş sahə tutur və mülayim iqlim qurşağına keçir. Burada 780-1400 m yüksəklikdə Tarim çayı hövzəsində geniş *Təklə-Məkan qum səhrası* yerləşmişdir. 2700 m yüksəklikdə yerləşmiş *Saydam çökəkliyi* bəzi yerləri iri və qırıntı daşlarla örtülən şoranlı səhradır. Orta hesabla 4500 m yüksəkliyi olan Tibet quru çöllərdən və yarımsəhralardan ibarətdir.

+Mərkəzi Asiyanın şimalında geniş *Qobi səhrası (Şamo)* yerləşir. Səhranın cənub-qərb hissəsi qumlarla örtüldüyü halda, şimal-şərq hissəsi başlıca olaraq daşlı səhralardan ibarətdir. Burada gilli və lyosslu səhralara da təsadüf edilir. Qobi səhrası cənub-şərqdə *Ordos (Kuzupçi) səhrasına* keçir. Mərkəzi Asiyanın dağları da daşlı səhraları xatırladır.

*5* Cənub yarımkürəsinin səhralar qurşağı üç hissəyə parçalanır.

*5.1 Cənubi Amerika*  Burada səhralar Cənubi Perudan başlayıb 25° cənub en dairəsinə qədər davam edir.

+ Bu səhralar Qərb Kordilyeri ilə Sahil silsiləsi arasında yerləşməklə iki hissəyə bölünür: *şimal – Pampa, Tamaruqal; cənub – Atakama*.

+Çili və Peru səhralarında barxanlar yayılmışdır.

+ İkinci səhra zolağı Qərbi və Şərqi Kordilyer silsilələri arasında yerləşib, *Puna* adlanır. Bu da iki hissəyə ayrılır: *şimal hissəsi Boliviya Punası, cənub hissəsi isə Puna-de-Atakamadır* (mütləq yülsəkliyi 3400-4000 m).

*5.2 Cənubi Afrika.* Burada geniş *Kalaxari qum səhrası* yerləşmişdir.

*5.3 Avstraliya.* Səhralar materikin mərkəz və qərb hissələrini tutur. Burada başlıca olaraq qum səhraları yayılmışdır.

Yazar: Səbinə İsmayılova

Həmçinin bax : karst-prosesleri/

Həmçinin bax : https://turaz.org/erdogan-turkiye-ve-qirgizistan-ticaret-dovriyyesini-1-milyard-dollara-catdirmagi-hedefleyir/

Həmçinin bax :https://tehsilim.org/tehsil-naziri-ostim-texniki-universitetinin-numaynde-heyeti-ile-gorusub/