“Şəhidim Mənim”

Əziz Şəhidlərimiz..!

Allahın Salamı üzərinizə olsun. Sizə böyük hörmət və ehtiramla baş əyirəm. Çünki siz vətəni bizim üçün qoruyubsunuz. Canınız, qanınız bahasına vətənin keşiyində durubsunuz. Bizlər yaşayaq deyə, vətən sağ olsun deyə sizlər gözüyumulu ölümə gedibsiniz. Və bütün bunları çox ali bir vəzifə üçün edibsiniz. Vətəni qorumaq şərəfinə nail olduğunuz üçün özünüzlə qürur duymalısınız. Canınızı heçə sayaraq, düşmənə doğru ürəyinizdə böyük bir alovla, qəlbinizdə dərin bir ağrı ilə, amma ən əsası da böyük bir qürurla addımlayıbsınız. Ürəyinizdəki alov-düşmənə duyduğunuz nifrət hissidir, qəlbinizdəki dərin ağrı – arxanızda buraxdığınız “ana qəlbi”, ailə özləmidir, ən əsası olan da qəhrəmancasına qoruduğunuz vətənə layiqli övlad olduğunuz üçün keçirdiyiniz qürur hissi bütün bu özləm və acılara üstün gəlir. Siz yaşamaq yerinə bizləri qorumaq üçün vəfat etməyi seçibsiniz. Nəticədə bu sizi o ali, şərəfli məqama – ŞƏHİDLİK məqamına çatdırıb.

Əziz Şəhidlərimiz..!
Arxanızda buraxdığınız ailənizə, valideynlərinizə görə narahat olmayın. Çünki siz o şərəfli adı qazandığınız üçün ailəniz sizinlə fəxr edir. Sizin aldığınız “təşəkkürnamələr”-ə, medallara baxıb qürur və iftixar hissi keçirirlər. Qonşulara, qohumlara qürurla deyəcəkləri ən gözəl cümlələri budur: “Mənim oğlum (atam,əmim,dayim və s.)o ali və şərəfli adı-ŞƏHİDLİK adını qazandı.”
Təkcə onlar deyil, bütün Azərbaycan əhalisi, milləti sizinlə fəxr və qürur hissi ilə öyünürlər. Sizi böyüdən, tərbiyə edən anaya minlərlə insan təşəkkür edir.
Siz “Şəhidlik” adını almaqla təkcə öz ailəniz və millətinizi qorumaqla da qalmayıbsınız, həmçinin dünyaya hələ gözünü açmayan minlərlə, milyonlarla körpələrin həyatını da xilas edibsiniz. Sizlər, onların günəşi, ulduzu, ayı görməsi üçün, onların həyatda yaşanması gərəkən ən gözəl duyğuları, qurulası ən gözəl cümlələrini, valideynlərinə yaşadacaqları ən gözəl anları, ilk məktəb, ilk məzuniyyət günlərini və s. görmələri üçün canınızı fəda edərək onlara həyatı və yaşamı hədiyyə edibsiniz. Siz bütün bunları etdikdən sonra onlar da sizi heç vaxt unutmayacaqlar. Siz əbədi olaraq qəlbimizdə yaşayacaqsınız. Əsrlər keçsə də, bizlər ömrümüzün sonuna qədər sizi hər zaman xatırlayacaq, hər zaman dilimizdə, qəlbimizdə sizi yaşadacağıq.
Mən şəxsən, yaşadığım üçün utanıram. Əziz şəhidlərimiz, sizin analarınızdan, ailələrinizdən, ən çox da uşaqlarınızdan utanıram. Amma mən nə edə bilərəm? Sadəcə yazmağı bacarıram. Ona görə sizlərə səslənirəm.Mən sizlər qədər cəsur, mərd və mübariz ola bilmərəm. Ona görə də şəhidlik zirvəsinə siz yüksəlibsiniz, mən yox. Mən sizlərdən və ailənizdən üzür istəyirəm. Bizi bağışlayın. Ruhunuz rahat olsun. Mən bir ömür boyu çalışacağam ki bu erməni cəlladlarını rəzil rüsvay edim. Bunun üçün əlimdən gələni edəcəyəm. Onsuz da o mənfur erməni cəlladları rəzil millətdir, amma bunu yazılı formada yazıb ifşa edənlər təəssüf edirəm ki azdır.
Şəhid kimdir?
– Vətənə qurban gedən.!
Şəhid kimdir?
-Bayrağın kəfən edən.!
Şəhid kimdir?
-Düşmənə qalib gələn.!
Şəhid kimdir?
-Azadlığın əlacı.!
Şəhid kimdir?
-Millətimin baş tacı.!!!
(“Şəhid Kimdir” şeirindən)

Yazar: Gülnar Nəzərli Bakı Qızlar Universitetinin 2-ci kursunu bitirmişdir. “Qış günündə açan çiçək” adlı bir kitab müəllifi.