Səfəvi Osmanlı müharibələrinin II mərhələsi

1576-cı ilin mayında I Təhmasibin vəfatından sonra hərbi feodallar arasında çəkişmələr yenidən başlandı. Şahın oğulları Məhəmməd Mirzə, İsmayıl Mirzə və Heydər Mirzə arasında taxt-tac üstündə mübarizə qızışdı. İsmayıl Mirzə bu mübarizədə qalib gələrək, II İsmayıl (1576-1577) adı ilə özünü şah elan etdi. Lakin saray çevrilişi nəticəsində İsmayıl Mirzə 1577-ci ildə öldürüldü. Ölkədə ikihakimiyyətlilik yarandı. Qəzvində I Təhmasibin qızı Pərixan xanım hakimiyyəti ələ aldı. Qızılbaş əmirləri Pərixan xanımı tərk edib, Məhəmməd Mirzənin tərəfinə keçdilər. 1578-ci il fevralın 13-də Məhəmməd Mirzə (Xudabəndə) Qəzvində müqavimətsiz taxta sahib oldu. Məhəmməd Xudabəndə (1578-1587) Pərixan xanımı edam etdirdi, arvadı MəhdiUlya isə “dövlət işlərini” öz əlinə aldı. O, ali divanın vəkili vəzifəsinə qədər yüksəldi.

Əslində ölkə qızılbaş tayfaları arasında bölünmüşdü. Məhəmməd Xudabəndinin yalnız şahlıq adı qalmışdı. 1577-ci ildə Van hakimi Xosrov paşa Səfəvilərə qarşı kürd tayfalarının qiyamını təşkil etdi. O, 1555-ci il sülhünü pozaraq, kürdlərlə birlikdə Xoy üzərinə hücum etdi. Xoy və Salmas hakimi Mahmud Sultan Rumlu üsyançılara qarşı inadla müqavimət göstərdi, lakin şəhid oldu. Xoy, Salmas, Urmiya üsyançı kürdlərin əlinə keçdi. Sultan III Murad (1575-1595) yaranmış vəzəiyyətdən istifadə etdi. Osmanlı ordusunun baş komandanı Mustafa Lələ paşa Ərzuruma 100 min nəfərlik qoşun topladı. Sultan vassalı Krım xanı II Məhəmməd Gəraydan (1577-1584) bu yürüşdə iştirak etməyi tələb etdi. Mustafa Lələ paşa Qars qalasını bərpa etdirib, oraya qoşun yeritdi. 1578-ci il avqustun 9-da Çıldır döyüşündə qızılbaşlar məğlub oldular. Mustafa Lələ paşanın göndərdiyi 20-30 min nəfərlik qoşun hissələri Ahalsıxı ələ keçirib Kaxetiyaya daxil oldular.

Səfəvi ordusunun rəhbərliyində birliyin olmaması, Qızılbaş əmirlərinin həddindən artıq özlərinə arxayın olmaları, Osmanlılarla döyüşə o qədər də əhəmiyyət verməmələri, qüvvələr fərqi – bütün bunlar nəticədə Çıldır döyüşündə məğlubiyyətə gətirib çıxartdı. Çıldır döyüşündən sonra Mustafa Lələ Paşa Şirvanı, 1578-ci ilin avqustunda Tiflisi,
az sonra Qorini tutdu. 1578-ci il sentyabrında Qanıx (Alazan) çayı sahilindəki döyüşdə Osmanlı ordusu böyük itki verdi. Səfəvi ordusu Qarabağa, oradan da Təbrizə qayıtdı. Mustafa Lələ paşa sentyabrın ortasında Ərəşə daxil oldu. Osmanlı ordusu Ərəş, Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad və Salyanı müqavimətsiz tutdu. 1578-ci ilin sentyabrında Məhəmməd Xudabəndənin oğlu Həmzə Mirzə 30 minlik qoşunla Qarabağa gəldi, əmirlərin və vəzir Mirzə Salmanın qoşunları ilə birləşərək Şamaxı qalasında Osman paşanı mühasirəyə aldılar. 1578-ci il noyabrın 28-də Krım xanı Adil Gərayın 12 minlik qoşunu məğlub oldu və Adil Gəray əsir alındı. Mirzə Salman qoşunla təcili Şamaxıya yürüş etdi. Osman paşa Dərbəndə qaçdı. Şirvan Osmanlılardan azad olsa da, Dərbənd tutulmadı. Səfəvilər Şirvanı Osmanlılara güzəştə vermək istəmirdilər.

1580-ci ilin əvvəllərindəqızılbaş qoşunu Təbrizdən Şirvana hərəkət etdi. Osmanlı ordusunun komandanı Sinanpaşa Ərzurumdan Səfəvi sarayına hədələyici məktubla elçi göndərdi. Şahrux xan möhrdar Sinan paşanın iddialarına sərt cavab verdi. Sinan paşanın təklifi ilə həmin qış hərə öz yerində qaldı, lakin Şirvan Krım türklərinin 3-cü basqınına məruz qaldı. Osman paşa Krım türklərinin köməyi ilə Bakıya daxil oldu. Məhəmməd Xudabəndə təcili əmirləri qoşunla Mollahəsənli qəsəbəsinə göndərdi. Osmanlılar geri çəkildilər və Dərbənddə möhkəmləndilər. 1581-ci ilin yazında Qazı Gəray və Səfi Gərayın rəhbərliyi ilə Krım türkləri 4-cü dəfə Şirvana hücum etdilər. İmamqulu xan Qacar Qızılbaş dəstəsini Şirvan hakimi Peykər xanın köməyinə göndərdi. Şamaxı ilə Şabran arasında baş vermiş döyüşdə Qazı Gəray əsir alındı, Krım türklərinin və Osmanlıların birləşmiş qoşunları məğlub oldular.

1582-ci ilin əvvəllərində Sinan paşa sülh bağlamaq məqsədi ilə Səfəvi səfiri İbrahim xan Tərxanla birlikdə Ərzurumdan İstanbula gəldi. Lakin Qızılbaş əmirləri bildirdilər ki, Şirvanı heç bir vəchlə güzəştə getməyəcəklər. Əgər sultan 1555-ci il sülhünün şərtlərinə razı deyilsə, onda müharibəni davam etdirəcəklər. Sultan III Murad 1582-ci ildə sülh danışıqlarına başlamış Sinan paşanı vəzifəsindən azad edib, Fərhad paşanı Şərqəyürüşə ordu komandanı təyin etdi. Qarabağdan Xorasana yürüş etdikdən sonra qızılbaş əmirlərinin Şirvana qayıda bilməməsindən istifadə edən Osman paşa yenidən Dərbənddən Şamaxıya hücum etdi. Şirvanda Osmanlı hakimiyyəti bərpa edildi. 1583-cü ilin yazında Qarabağ hakimi İmamqulu xan Qacar yeni qüvvə ilə Kürü keçib Şirvana daxil oldu. O, Rüstəm xanı öz dəstəsi ilə Osmanlılara qarşı döyüşə göndərdi. Bu döyüşdə Osmanlılar darmadağın edildilər. Samur çayı sahilində 1583-cü ildə tarixdə “Məşəl savaşı”adlanan döyüş isə Osmanlı qüvvələrinin üstünlüyü ilə qurtardı, qızılbaşlar meydanı tərk etdilər [8, s. 432].

1585-ci il avqustun 12-də Osmanlı qoşunu Pasinabad-Çaldıran-Xoy-Mərənd-Sufiyan Təbriz istiqamətində yürüşə başladı. Məhəmməd Xudabəndə oğlu Həmzə Mirzənin başçılığı altında onlara qarşı 20 min nəfərlik qoşun göndərdi. 1585-ci ilin sentyabrında Məhəmməd xan Toxmağın başçılığı ilə qızılbaşların əsas dəstələri Sufiyan ərazisində döyüşdə Osmanlılara ağır zərbə vursalar da, onların sayca üstünlüyü qızılbaşları geri çəkilməyə məcbur etdi. Bir gün sonra Osman paşa Təbriz üzərinə hücuma başladı. Müdafiəsiz qalan Təbriz təslim oldu. Osman paşa bir aydan artıq Təbrizdə qaldı. 1586-1589-cu illərdə tədricən bütün Azərbaycan Sultan III Muradın ordusu tərəfindən işğal olundu. Səfəvilər dövləti ərazinin qalan hissəsini itirməmək üçün 1590-cı ildə ağır şərtlərlə nəticələnən İstanbul sülh müqaviləsini imzaladı. Azərbaycan (Qarabağ, Ərdəbil və Lənkəran vilayətlər istisna olmaqla), Cənubi Qafqaz əraziləri və İranın bəzi qərb vilayətləri Osmanlı imperiyasının tərkibinə daxil edildi.

Səfəvi-Osmanlı müharibəsinin II mərhələsi 1590-cı il İstanbul sülh müqaviləsi ilə sona çatdı. Sülhə görə Şirvan, Qarabağ, Təbriz, Sərab, Marağa və onların qərbində yerləşən digər torpaqlar Osmanlıların hakimiyyəti altına düşdü, Xalxal, Ərdəbil, Qaracadağ və Lənkəran Səfəvilərin əlində qaldı. Azərbaycan torpaqları ilə yanaşı, Səfəvi imperiyasına daxil olan Şərqi Gürcüstan, habelə İranın qərb vilayətləri də Osmanlı imperatorluğunun tərkibinə qatıldı. Azərbaycanın cənub-şərq vilayətləri Qəzvinə tabe idi. Ərdəbil xüsusi idarəetmə hüququ daşıyırdı. 1593-cü ildən qızılbaşlara tabe edilən Azərbaycanın Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Qızılağac, Lənkəran vilayətləri, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazilər vahid Azərbaycan bəylərbəyiliyində birləşdirildi.

İstifadə olunmuş ədəbiyyatlar:

İradə Nuriyeva.”Azərbaycan qədim zamanlardan günümüzədək”

Azərbaycan tarixi.VIIcilddə.II cild

YAZAR: Zeynəb Hüseynzadə
HƏMÇİNİN BAX: Səfəvi Osmanlı müharibələrinin I mərhələsi
HƏMÇİNİN BAX: https://Tehsilim.org/emin-abid-gultekin/