Səfəvi dövlətinin süquta yaxınlaşması

Səfəvi dövlətinin ağır günlərində şah Sultan Hüseyn Rus dövlətindən kömək almaq üçün onunla yaxınlaşmağı qərara aldı. Bu məqsədlə 1713-cü ildə “dostluq və ticarət müqaviləsi” bağlamaq üçün Fəzlulla bəyi Peterburqa göndərdi. İran dövlətinin Rusiyaya müraciəti I Pyotrun şərqdə siyasətinin reallaşması dövrünə təsadüf edir. Həmin illər Rus dövləti Türkiyə ilə uğursuz müharibə aparmış və 1711-ci ildə Prut müqaviləsini imzaladıqdan sonra Qara dənizə çıxış əldə etməkdən əlini üzərək bütün ümidini Xəzər dənizi hövzəsinə bağlamışdı. Hələlik İsveçlə müharibə davam etdiyi bir şəraitdə Cənuba yürüşü keçirmək imkanına malik olmayan çar kəşfiyyat xarakterli tədbirlər görürdü. O, 1714-cü ildən başlayaraq Xəzər dənizinin şərq sahillərini öyrənmək üçün Bekoviç-Çerkasskinin başçılığı ilə buraya ekspedisiya göndərmişdi. I Pyotr Xəzər dənizinin qərb sahillərini öyrənmək məqsədilə Azərbaycandan, xüsusilə karvan yolu ilə Şirvandan keçmək şərtilə Səfəvi dövlətinə özünün yaxın adamlarından birini – A.P.Volınskini göndərdi. Elçi kimi İsfahana yola düşən A.P.Volınskiyə I Pyotr eyni zamanda xüsusi və gizli göstərişdə vermişdi. Həmin göstərişə əsasən Rus dövlətinin elçisi karvan yollarını, bu yollar boyunca otlaqların olub-olmamasını (bu, süvari qoşunlar üçün vacib idi), yerli qoşunların müdafıə qurğularının vəziyyətini öyrənməli, burada xristianlarla əlaqə yaratmalı idi. A.P.Volınskiyə burada rus ticarətinin inkişaf etdirilməsi perspektivlərini öyrənmək də tapşırılmışdı. A.P.Volınskinin yola düşməsi haqqında qərar 1715-ci il mayın 30-da verildi. Lakin hazırlıq işlərinə düz bir il vaxt sərf olundu. Yalnız bundan sonra A.P.Volınski onu müşayiət edən dəstə ilə yola düşüb, 1716-cı il iyulun 13-də Həştərxan şəhərinə gəlib çatdı. Burada səfırlik üçün ayrılmış üç böyük gəmiyə və üç barja yerləşib yoluna davam edərək Azərbaycanın Niyazabad limanına yanaşdı. Həmin vaxt Azərbaycanda, xüsusilə Şirvanda ara-sıra üsyanlar baş verdiyindən Şirvan bəylərbəyi Keyxosrov rus elçisinin təhlükəsizliyini təmin etmək məqsədilə onu müşayiət üçün 200 nəfərdən ibarət süvari göndərdi. A.P.Volınskinin dəstəsi Niyazabaddan Şamaxıya yollandı. Şamaxı hakimləri qonağı təntənəli şəkildə qarşıladılar. Hətta qala divarlarında yerləşən toplardan yaylım atəşi açıldı.

A.P.Volınski Şamaxı şəhərində üç aydan artıq qaldı. Həmin müddət ərzində o, I Pyotrun məxfı göstərişinə əsasən bir çox mühüm məsələlərin həlli ilə məşğul oldu, daha doğrusu, dövləti maraqlandıran məlumatı topladı. O, həm də illərdən bəri Şamaxıda məskən salmış rus tacirlərinin ticarət məsələlərini qaydaya salmağa çalışdı. Şamaxıdakı rus tacirləri A.P.Volınskinin gəlişini bilmiş və ona şikayətlə müraciət etmişdilər. Onların dediyinə görə, yerli tacirlər və hakimlər mərkəzi hökümətlə hesablaşmır, onların mallarını ya ucuz qiymətə zorla və yaxud da aldıqları borcları qaytarmırdılar. Rus tacirlərinin şikayətləri əsasında A.P.Volınski Şamaxıda və Niyazabad limanında yerli hakimlər tərəfındən rus tacirlərinin və təbəələrinin incidilməsi barədə rəsmi məktub yazıb Şirvan bəylərbəyi Keyxosrova göndərdi. Şirvan bəylərbəyi rus elçisinin məktubunu ehtiramla qəbul etsə də, heç bir tədbir görmədi. 1716-cı il dekabrın 7-də A.P.Volınski bəylərbəyi tərəfindən ona təhkim olunan mehmandar və onu müşayiət edən dəstə ilə Şamaxını tərk edib İsfahana yola düşdü. Yolboyu A.P.Volınski bir çox çətinliklərlə qarşılaşmalı oldu rus elçisi karvanının hərəkətinə bir tərəfdən qışın soyuğu, digər tərəfdən ərzaq qıtlığı mane olurdu. Səfəvi dövlətinin qanunlarının əsasən xaricdən gəlmiş şəxslər ölkə daxilində mərkəzə kimi yerli əhali tərəfindən ərzaqla və gecələmək üçün yataqla təmin edilməli idi. Təyin adlanan bu verginin bütün ağırlığı yerli əhalinin üzərinə düşürdü. Onsuz da vəziyyəti ağır olan əhali “rəsmi qonağın” gəldiyini görüb əlçatmaz yerlərə qaçır, yalnız qonaq getdikdən sonra öz yurduna qayıdırdı. Hətta Əhərə yaxınlaşan A.P.Volınskini şahın qonağı kimi şəhərə buraxmamışdılar; burada şah üsuli-idarəsinə qarşı üsyan qalxmışdı. A.P.Volınski Azərbaycanda müşahidə etdiyi mənzərəyə, yerli feodalların mərkəzi hakimiyyətlə hesablaşmaması, Şirvanın bir çoxlu yerlərində üsyanların baş verməsi, Əhərdəki üsyan, yerli əhalinin mehmandarın gözündən qaçıb təyin vergisini verməməsinə əsasən belə qənaətə gəlmişdi ki, Səfəvi dövlətində şahın yalnız adı var, hakimiyyət isə yerli hakim feodalların əlindədir. Əhərə daxil ola bilməyən A.P.Volınski Təbriz istiqamətində hərəkət etməyə məcbur olmuşdu. Təbrizlilər barədə öz gündəliyində tərifli sözlər yazmışdır. Təbrizdə çox qalmayan A.P.Volınski yoluna davam edərək, 1717-ci il martın 14-də təntənəli şəkildə İsfahan Şəhərinə daxil oldu. Şah Sultan Hüseynin yanında rəsmi qəbulda olub, ona etimadnamə təqdim etdikdən sonra A.P.Volınski etimad üd-dövlə (baş vəzir) Fətəli xanla görüşlər keçirərək danışıqlar apardı, türkləri buraya buraxa bilmərik. Beləliklə, Xəzərboyu əyalətlərə yürüş etmək üçün zəmin yarandı. Əvvəlcə yürüşə 1723-cü ildə başlamaq planlaşdırılmışdı. Sonra bu vaxt bir il qabağa çəkmək lazım gəldi. Peterburqda xəbər alınmışdı. Qiyamçı əfqan qəbilələri 1722-ci ilin martında İsfahan yaxınlığında şah qoşunlarını məğlubiyyətə uğratmış və Səfəvilərin paytaxtını mühasirəyə almışlar. Peterburqda qorxurdular ki, Türkiyə Səfəvi dövlətinin süqutundan istifadə edib Rusiyadan əvvəl Xəzərboyu vilayətləri ələ keçirər. Qəti addım atmazdan əvvəl I Pyotr Xəzərboyu əyalətlərin sakinləri arasında yürüşün səbəbini doğrultmaq məqsədilə “Manifest” çap edib, xüsusilə rus ordusu hərəkət edəcək istiqamətdə yerləşən şəhər və kəndlərə göndərdi. “Manifest” də yürüşün əsil səbəbi, mahiyyəti ört-basdır edilir və göstərilir ki, rus ordusunun bu yürüşdə məqsədi Şirvan üsyanı zamanı Şamaxıda qətl və qarətə məruz qalmış rus tacirlərinin intiqamını almaq, habelə Rusiya dövlətinin dostu olan İran şahına qarşı qalxan üsyançılara, xüsusilə Hacı Davuda və Surxay xana cəza verməkdən ibarətdir. I Pyotr “Manifest”ində həmçinin yerli əhaliyə əmin-amanlıq da vəd edirdi. “Manifest” Azərbaycan dilində də çap olunmuşdu. Öz var-dövlətini, mövqeyini itirməkdən ehtiyat edən bəzi feodallar I Pyotrun “Manifest”inə müsbət münasibət bəslədilər.

Bakı tərəfə üzəcək hərbi donanma üçün I Pyotr Kazan və Nijni Novqorod şəhərlərində 100-ə qədər iri və kiçik gəmilər quraşdırılmasını əmr etdi. Bakıya dəniz vasitəsilə yürüş hazırlandığı bir zamanda – 1722-ci ilin oktyabrında İranın paytaxtı əfqan qəbilələri tərəfindən zəbt edildi. İşğalçılar bununla kifayətlənməyib, İranın digər şəhərlərinə də basqın etməyə başladılar. Gilan əyalətini də təhlükə gözləyirdi. I Pyotr Gilanı zəbt etmək fikrində idi. Odur ki, imperator vaxtı itirmədən hazır olmuş gəmilərlə Gilan istiqamətində hərəkət etməyə əmr verdi. 1722-ci ilin dekabrında başda polkovnik Şipov olmaqla rus eskadrası Ənzəli limanına daxil olub, heç bir müqavimətə rast gəlmədən Rəşt şəhərini zəbt etdi. İsfahan şəhəri əfqanların əlinə keçdiyi zaman şahın mühasirədən Astrabada qaçmış böyük oğlu II şah Təhmasib adı ilə özünü İran hökmdarı elan etmişdi. Qeyd edək ki, hələ əfqanlar İsfahanı mühasirədə saxladıqları zaman şah Sultan Hüseyn Xəzərsahili vilayətləri Rusiyaya güzəştə getmək müqabilində rus hökumətinin Səfəvilərə hərbi yardım göstərməsi haqqında müqavilə bağlamaq üçün İsmayıl bəyi Peterburqa yola salmışdı. İsmayıl bəy hələ İranı tərk etməmiş əfqanların İsfahanı tutduğunu və II Təhmasibin özünü şah elan etdiyini eşitmişdi. Buna görə də, səlahiyyətlərinin yeni şah tərəfindən təsdiqlənməsini vacib sayaraq geri qayıtmışdı. II Təhmasib rus qoşunlarının Xəzərboyu əyalətləri tutduğundan xəbərsiz olduğuna görə, İsmayıl bəyin öz missiyasını yerinə yetirməsinə razılıq vermişdi. Lakin İsmayıl bəy yola düşdükdən sonra II Təhmasibə çatdırdılar ki, rus qoşunları onsuz da gəlib Rəşti tutublar. Xəbəri eşidən şah İsmayıl bəyi geri çağırmaq məqsədilə dalınca çapar göndərdi. Çapar Rəştə çatarkən polkovnik Şipov yalandan İsmayıl bəyin olduğu gəminin artıq Rusiyaya yola düşdüyünü bildirərək onu İsmayıl bəylə görüşməyə qoymadı. Hadisələrdən xəbərsiz İsmayıl bəy rus gəmilərindən birində yola düşdü.

1723-cü il iyulun 21-də rus donanması Bakı limanına daxil oldu. Ciddi müqavimət göstərməsinə baxmayaraq, Bakı qarnizonu çoxsaylı orduya və hərbi texnikaya malik olan düşmən hücumuna tab gətirmədi və bombardman nəticəsində şəhərdə baş verəcək yanğının, tələfatın qarşısını almaq məqsədilə qalanı yadelli işğalçılara təslim etməyə məcbur oldu. Bakı qalası alındıqdan sonra burada yerli inzibati hakimiyyət edildi və komendantlıq idarəsi yaradıldı. Bakının ilk komendantı knyaz Baryatinski təyin olundu. Bakıdan sonra ruslar asanlıqla Salyan şəhərini işğal etdilər.

Rus qoşunları Xəzərboyu əyalətlərin bir hissəsini işğal etdikdən sonra I Pyotr İranın elçisi İsmayıl bəyə Dərbənddən Gilana qədər olan torpaqları, habelə Şamaxı, Mazandaran və Astrabadı İran dövlətinin rəsmi şəkildə Rusiyaya güzəştə getməsi barədə müqavilə bağlanmasını təklif etdi. Yuxarıda deyildiyi kimi, Ģahın onu səlahiyyətlərdən məhrum etməsindən xəbəri olmayan İsmayıl bəy İran şahından heç bir icazə almadan 1723-cü il sentyabrın 12-də göstərilən Şərtlər əsasında Peterburqda Rusiya ilə müqavilə imzaladı. Rusiya əvəzində Səfəvi şahına öz hakimiyyətini qorumaq üçün hərbi yardım göstərməyi öhdəsinə götürdü.

Beləliklə, 1722-1723-cü illərdə Azərbaycanın Xəzərboyu əyalətləri Rusiya tərəfindən işğal edildi. 1721-ci ildə isə Şirvan üsyanı nəticəsində Şamaxı ətrafında gələcək Şamaxı xanlığının təməli qoyulmuş oldu. Lakin II Təhmasib əvvəlcədən hüquqi əsasdan məhrum olan bu müqaviləni təsdiqləməkdən qəti boyun qaçırdı. İsmayıl bəy vətən xaini elan olundu və geri qayıtmağa cəsarət etməyib ömrünün sonunadək Rusiyada qaldı.

İstifadə olunmuş ədəbiyyatlar:

  1. Azərbaycan tarixi VII cilddə.III cild
  2. Bakıxanov “Gülüstani-İrəm”
Yazar: Zeynəb Hüseynzadə

həmçinin bax Peçeneqlər və tarixləri

həmçinin bax https://tehsilim.org/huseyn-cavid-ve-muasir-dovr-movzusunda-respublika-elmi-konfransi-kecirilecek/