Sallivan. Biheviorizmlə psixoanalizin sintezi

Harri Stek Sallivan 1892-ci ilin 21 fevralında Nyu-York ştatında, Noriç qəsəbəsi yaxınlığında fermada anadan olub. Uşaq ikən o, tez-tez xəstələnərdi, şizofreniyaya tutulduğu üçün onun dostları olmamışdı. Demək olar ki, uşaqlıqda keçirdiyi bu neqativ səbəblərdən dolayı o, psixologiyaya meyl etmişdir. Orta məktəbi bitirdikdən sonra Çikaqoya gəlir və tibb kollecinə daxil olur. 1917-ci ildə doktor dissertasiyasını müdafiə etdikdən sonra isə Birinci Dünya müharibəsi zamanı hərbi həkim işləyir. 1922-ci ildə Müqəddəs Yelizaveta adlı şəhər xəstəxanasında işləməyə başlayır. Burada o, ilk dəfə ciddi psixi pozğunluqlardan əziyyət çəkən xəstələrin müalicəsi üçün radikal metodlardan istifadə etməyə başlayır. Şizofreniya xəstəliyi üzərində tədqiqatlar aparır, həmçinin klinik psixoloq kimi də şöhrət qazanır. Tausona köçdükdən sonra-1923-cü ildən etibarən həm Şeppard və E.Prattın xəstəxanasında həkim işləyir, həm də Merilend Tibb Məktəbində professor kimi fəaliyyət göstərir. Məhz Tausonda o, 1929-cu ildən etibarən öz nəzəriyyəsinin əsas müddəaları üzərində çalışmağa başlayır. O, 30-40-cı illərdə müxtəlif universitetlərdə psixiatriya və psixologiyaya dair mühazirələr oxumuşdur. 1943-1947–ci illərdə Vaşinqton psixiatriya məktəblərində söylədiyi mühazirələr onun ölümündən sonra tələbələri tərəfindən nəşr edilmişdir. İlk kitabı 1942-cü ildə “Psixiatriyada klinik tədqiqatlar” adı ilə nəşr edilmişdir. İlk leksiyaları isə 1947-ci ildə nəşr olunan “Psixiatrik müsahibə” adlı kitabda toplanmışdır. 1940-1941-ci illərdə Sallivan hərbi çağırış xidmətində konsultant kimi işləmiş, İkinci Dünya müharibəsi dövründə isə seçim mərhələsi, effektli liderlik və əxlaqi prioritetlərin bərkidilməsi proqramları üzərində işləmişdi. 1948-ci ildə YUNESKO-nun müxtəlif proyektlərində fəaliyyət göstərmiş, eləcə də “Xalqlararası münasibətlərə gərginliyin təsiri” layihəsi üzrə tədqiqatlar aparmışdır. Təəssüf ki, Sallivan özü həyatda şəxsiyyətlərarası münasibətlərdə daim əziyyət çəkmişdir. Bu həmişə onun həyatının ən aktual problemi olmuşdur. Bütün bu çətinliklərə baxmayaraq, məhz onun tədqiqatları nəticəsində insan şəxsiyyətinin formalaşması cəmiyyət çərçivəsində tam olaraq öyrənilmişdir. Desək ki, “başqalarını xilas edərək o özünü qurban etmışdir” doğru olar.
Sallivan 1949-cu ildə 14 yanvarda Parisdə vəfat etmişdir. Onun ailəsi olmamışdır və ondan qalan yalnız onun tədqiqatları, əlyazmaları və “Şəxsiyyətlərarası münasibətlər” nəzəriyyəsi oldu. Sallivan öz nəzəriyyəsini “şəxsiyyətlərarası psixiatriya nəzəriyyəsi” adlandırmışdır. Onun fikrincə, psixoloji tədqiqatların obyekti ayrı-ayrı subyektlər deyil, subyektlərin birgə fəaliyyətinin məhsulu olan şəxsiyyət olmalıdır. Sallivan şəxsiyyətin inkişafının mexanizmini aşağıdakı şəkildə nəzərdə tutur:
1.İncəliyə, əzizlənməyə tələbat
2.Həyəcandan qaçmaq cəhdi.
O qeyd edirdi ki, təhlükəsizliyə olan tələbat, həyəcandan qaçmaq cəhdi sosial xarakter daşıyır, lakin bu sosiallıq uşaq doğularkən onun üzvi tələbatına daxil olur. O belə hesab edir ki, uşaq doğularkən hər iki mexanizm mövcud olur və  onlar şəxsiyyətin inkişaf mexanizmini təşkil edirlər. Lakin insan yaşadığı xarici aləmdə daima onu təmin etməyən və həyəcan doğuran hallarla rastlaşır. Məhz xarici aləmlə həmin mübarizədə, başqa sözlə, narahatlıqla mübarizədə insan şəxsiyyəti formalaşır. Sallivan bunu “mən sistem” adlandırır. O, göstərir ki, “mən-sistem” , daha doğrusu, şəxsiyyət, birincisi şüursuzluq səviyyəsində narahatlıqla mübarizədə, ikincisi, həmin narahatlıqdan yaxa qurtarmaq üçün müxtəlif vasitələri tapma prosesində inkişaf edir. “Mən sistem” uşağı, yeniyetməni, sonradan isə yaşlı adamları əvvəlcə ananın, sonra isə başqa adamların, məsələn, iş yerindəki həmkarlarının köməyinə qaşmağa məcbur edir. Beləliklə də, Sallivenə görə, şəxsiyyətlərarası münasibətlər formalaşan şəxsiyyətin mexanizmi kimi özünü göstərməyə başlayır.
Sallivenin “Şəxsiyyətlərarası psixiatriya nəzəriyyəsində” biologiyadan götürülmüş üç prinsip əsas götürülür:
1.Sosial mövcudluq prinsipi
2.Funksional aktivlik prinsipi
3.Təşkilatçılıq prinsipi.
Həmçinin Sallivan Amerikada mövcud olan iki nəzəriyyəni – psixoanaliz biheviorizm nəzəriyyələrini öz nəzəriyyəsində birləşdirmişdir. Harri Sallivan öz nəzəriyyəsində iki əsas qüvvənin insana təsir etdiyini söyləyir: birincisi gərginlikdir, ikincisi isə enerjinin transformasiyasıdır. Bu iki anlayışlar sırf fiziki mənada qəbul edilir. Belə ki, Nyutona görə cisimdə iki enerji mövcuddur: potensial və kinetik. Sallivana görə enerji insanda ya gərginlik kimi, ya da birbaşa fəaliyyətdə əks olunur. Gərginlik isə mənbəyinə görə uyğunlaşmış və uyğunlaşmamış olur. Enerjinin transformasiyası isə növbələşir və davranışın konkret obrazlarına çevrilir ki, bu da onun həyatının dinamikasına çevrilir. Bu həyat dinamikaları hissi və intellektual olaraq iki qrupa bölünür və patternlərə çevrilir. Hissi patternlər ağız, dodaq, əllərlə – fiziki təmaslarla, intellektual patternləri isə hadisə və davranışlara məntiqi yanaşma tərzində, münasibətdə ifadə olunur. Sallivan insan mövcudluğunun əsasını onda aktiv olan koqnitiv sistemin varlığında görürdü. Sallivana görə insan şəxsiyyəti anadangəlmə deyil, körpənin insanlarla ünsiyyətində, cəmiyyətlə təmasında formalaşır. Uşaq öz inkişafında bir neçə mərhələdən keçir. Bu mərhələlər biliklər sisteminin formalaşması əsasında müəyyən edilir ki, həmin dərəcələr bunlardır: prototoksis, parataksis, sintaksis. Prototoksis biliklərə ilkin ibtidai təsəvvür və təcrübələr daxildir. Zamanla bu biliklər insanın şüurunda başqa hisslərlə qarışır və üzə çıxdığı zaman dərk edilməz olur. Parataksis bilgilər səbəb-nəticə əlaqəli yaranan deduktiv təcrübə və təsəvvürlərdir. Lakin bu bilgilərin mənbəyi gizli və qarışıq, izahedilməz olur. Sintaksis bilgilər – yalnız insana məxsus olan bu bilgilər məntiq və təfəkkür vasitəsilə dərk edilməklə yanaşı, həm də simvollarla nəsildən-nəsilə ötürülmək imkanına malikdir. Bu biliklər idrakı və şüuru olan hər kəs tərəfindən qəbul edilir.
Hər bir mərhələdə uşaqda müəyyən bir model formalaşır. Onun nəzəriyyəsinə görə tələbatlar insanlarda təlaşlıq yaradır. İnsanlarda əsas və zonal tələbatlar vardır. I dərəcəli (əsas) tələbatlara təlaşlıqdan qaçma və qayğıya olan tələbatları aid etmək olar.Təlaşlıqdan qaçma tələbatı insan şəxsiyyətində aparıcı rol oynayır və “Mən sistemi”nin formalaşmasına təsir göstərir. Sallivan “Mən sistemi”nin 3 strukturunu ayırır: “yaxşı Mən”, “pis Mən” və “qeyri-Mən”. “Mən sistemi” uşağın ilk 12-18 aylarında formalaşır. Sallivan “Mən sistemi”ni şəxsiyyətin formalaşması strukturunun ilk bünövrə daşı hesab edirdi. İnsanın özü haqqında pis fikiləri təlaşlığın yaranmasına səbəb olur.

Psixologiyada insanların bir-birini qavramasında stereotiplərin rolu haqqında baxışlar məhz Sallivana məxsusdur. Məhz buna görə öz təhlükəsizliyini təmin etmək üçün insan iki növ fəaliyyətə meyl edir: dissosiasiya və məhdud seçmə. Dissosiasiya zamanı insan müəyyən meyil və ehtiyacları şüuruna daxil etmək istəmir. Bu meyil və ehtiyaclar sosial norma və qanunlara uyğun olur. Lakin həmin meyil və ehtiyaclar onun yuxusuna fikirlərinə və digər şüursuz fəaliyyətində üzə çıxa bilir. Məhdud seçmə zamanı insan görmək istəmədiyi əşya və hadisələri hiss etməməyə çalışır, onlardan qaçır. Əsasən də qəbul etmək istəmədiyi hadisələri unutmaq üçün bu davranışdan istifadə edir. Sanki baş verənlər dondurulur.
Sallivan psixoanalitiklərin tələbatların şüursuz xarakteri haqqında fikirləri ilə, eləcə də aqressiv instinktin anadangəlmə olması ilə razılaşmamışdır. O, əmin idi ki, aqressiya və təlaşlılıq uşaqların ilk günlərində yaranır. Uşaq öz təlaşlılıq hissini onun rahatlığına görə narahat olan anadan alır. Sonralar təlaşlıq hissinin yaranmasının digər səbəbləri yaranır. Bu da aqressiyanın yaranmasına gətirib çıxarır ki, insanda “yaxşı Mən” və “pis Mən”in dominantlığından asılı olaraq da situasiyanın həlli yolları dəyişir. “Mənfi Mən” dominant olduğu halda günahın kiminsə üzərinə atılması baş verir. Bu da müəyyən psixoloji müdafiə mexanizmlərinin aktivləşməsinə səbəb olur. İnsan daim xeyir və şər arasında seçimdə olur, bir çox dinlər və qanunlar insana bu işdə kömək etməyə çalışsa da, insan hər bir halda öz dünyagörüşünə və əxlaqi səviyyəsinə görə seçim edir.
Həmçinin iki qrup gərginlik mövcuddur:
1. Ehtiyaclar
2. Enerjinin transformasiyası
Ehtiyaclar da öz növbəsində iki növdə olur:
• Əsas ehtiyaclar
• Zonal ehtiyaclar
Əsas ehtiyaclara şəxsiyyətlərarası və fizioloji ehtiyaclar, zonal ehtiyaclara isə oral, genital və manual ehtiyaclar daxildir.
Gərginliklər ehtiyacların ödənilməsinə görə uyğunlaşmış və uyğunlaşmamış formada olur. Enerjinin transformasiyası ehityacların ödənilməsinə görə və ya narahatçılığın dərəcəsini azaltmaq üçün açıq və gizli şəkildə fəaliyyətdə özünü göstərir. İnsan şəxsiyyətinin inkişafını 6 mərhələyə bölünür:
1. Körpəlik – 0-2 yaş arası. Onun üçün əsas insan anadır, vacib olan ehtiyac nəvazişdir. Əsas prototoksis bilgi yaxşı ana və ya pis anadır.
2. Uşaqlıq – 2-6 yaş arası. Əsas adamlar valideynlərdir. Vacib olan ehtiyac qorunma və diqqətdir.
3. Yuvenil əsr – 6-8,5 yaş arası. Yeni tanışlar yaşıdları, insanlarla münasibətdə orientasiya olmaq istəyi.
4. Gənclikqabağı dövr – 8,5-13 yaş arası. Tək dosta ehtiyac hissi yaranır.
5. Erkən gənclik – 13-15 yaş arası. Qrup münasibətləri, müxtəlif insanlarla əlaqə və münasibətlər.
6. Yetişkin gənclik – 15 yaşdan yuxarı. Fiziki yaxınlıq ehtiyaclarının yaranması, əks-cinslərə maraq və meyil, özünü kəşf və təsdiqləmə ehtiyaclarının formalaşması.
Ümumilikdə, psixologiyaya aid yeddi sahə vardır: 1) psixoanaliz; 2) davranış; 3) fəaliyyət psixologiyası; 4) mədəni-tarixi psixologiya; 5) geştalt psixologiyası; 6) humanist psixologiya; 7) idrak psixologiyası.
Bunların hamısı bir-birlərinə yad deyil, ancaq, müəyyən mənada, əhəmiyyətli dərəcədə fərqlənir. Bu hal onları sintez etmək cəhdlərini dayandırmamalıdır. Qarışıq bilik həmişə komponentlərinin səpilməsindən daha konseptual olaraq güclüdür. Bu komponentlərin üstünlükləri güclənməlidir və bir-birini zəiflətməməlidir. Yuxarıda göstərilənlərə uyğun olaraq, psixoloji istiqamətlərin əlaqəsi və onların sintezi nəzərə alınmaq üçün müxtəlif imkanların nəzərə alınması məna daşıyır.

YAZAR: Naib Məmmədov 

Həmçinin bax: Psixi sağlamlığın meyarları

Həmçinin bax: https://turaz.org/din-xalqa-muraciet-etdi/

Həmçinin bax: https://tehsilim.org/ordubad-mekteblileri-kutlevi-profilaktik-muayinelerden-kecirilib/