Salarilər. Dövlətin yüksəliş dövrü və sonu
Mosul hakimi Nasirəddövlənin qoşunları əvvəllər işğal etdikləri vilayətləri tutmaq üçün yenə də Azərbaycanın cənub-qərb vilayətlərinəsoxuldular. Azərbaycan hakimi Mərzuban bu xəbəri eşidərək Bərdənin mühasirəsini öz sərkərdələrindən birinə tapşırıb, Əbu Abdullahı qarşılamaq üçün Səlmasa hərəkət etdi. Mərzubanla Əbu Abdullahın qoşunları arasında baş verən kiçik bir vuruşmadan sonra Əbu Abdullahın qoşunları dağılmağa, özü isə yaxındakı qalalardan birinə çəkilməyə başladı. İbn Miskəveyhin yazdığına görə, o zaman çox bərk qar yağdığı üçün Əbu Abdullahın qoşunlarının əksəriyyətini təşkil edən bədəvi ərəblər soyuqlara dözməyib döyüşdə iştirak edə bilmədi və məğlubiyyətə uğradı. Əbu Abdullah vəziyyətini yaxşılaşdırmaq məqsədilə qalalardan birinə çəkildiyi zaman Nasirəddövlədən aldığı əmrə görə, Azərbaycanı tərk edib, onunla Bağdada hərəkət etməli və Bağdada soxulan Müizzəddövlə (932-967) ilə mübarizə etməli idi.Beləliklə, Mosul hakimi Nasirəddövlənin qoşunları Azərbaycandan iki dəfə qovulmuş və Azərbaycanın cənub-qərb vilayətləri onların işğalından azad edilmişdi.Azərbaycanın cənub-qərb vilayətlərindən Mosul hakimi Nasirəddövlənin qoşunları təmizləndikdən sonra Mərzuban Azərbaycanın şimal-qərb vilayətlərini, habelə Ermənistanı öz hakimiyyəti altına aldı. Azərbaycanın şimal hissəsindəki Şirvanşah Məzyədilər
də Sacilər hakimiyyəti dövründə olduğu kimi, Salarilər dövlətinə tabe edildi. Beləliklə, Salarilər dövlətinin şimal sərhədi Dərbəndə qədər uzanırdı. Dərbənd Salarilərin hakimiyyəti altına alındıqdan sonra Mərzuban Dərbənd əhalisini vergi verməyə məcbur etmişdi.Mərzubanın Azərbaycan torpaqlarının əksəriyyətini öz hakimiyyəti altında birləşdirməsinə baxmayaraq, ölkənin cənub-şərq vilayətlərini, Zəncan, Əbhər,habelə Qəzvin Büveyhilər sülaləsindən olan Həmədan və İsfahan hakimi Əbu Əli Həsən Rüknəddövlənin (947-977) əlində qalmışdı. Mərzuban bu vilayətləri də büveyhilərdən azad etməyə çalışırdı. Büveyhi qardaşlarından Azərbaycanla sərhəd olan Rey, İsfahan və Həmədan
hakimi Rüknəddövlə Mərzuban üçün daha çox təhlükəli idi. Mərzuban onunla qarşı-qarşıya gələcəyini bilirdi. Ona görə də o, hərbi əməliyyatı əvvəl başlayıb Zəncan və Qəzvindən keçərək Reyi tutmaq fikrinə düşmüşdü. Lakin bu zaman Xorasandakı Ziyarilər sülaləsindən olan Vuşməgirin (935-967) qoşunları Rey şəhərini tutur. Şübhəsiz, bu hadisə Rüknəddövlənin nəzərini Azərbaycandan uzaqlaşdırmalı idi. Ümumiyyətlə, Mərzubanın büveyhilərlə münasibəti çox gərginləşmişdi. Müizzəddövlə Mərzubanın göndərdiyi elçini təhqiramiz bir hala salmış və Mərzubanı təhqir etmişdi. Bu hadisədən sonra Mərzuban Reyə hücum etmək işini sürətləndirmək məqsədilə qoşun toplamağa başlamışdı. Bu zaman Rüknəddövlənin əmirlərindən bir neçəsi qaçıb Mərzubanın yanına gəlmişdi. Onlar da Mərzubanı Reyə hücumatəşviq edirdilər və orada qalan digər əmirlərin ona yaxşı etimad bəslədiklərinə inandırmağa çalışırdılar. Beləliklə, Rüknəddövlənin sərkərdələri Reyə hücum etmək üçün Mərzubanı şirnikdirmişdilər. Digər tərəfdən, Mosul hakimi Nasirəddövlə məktub göndərərək, Müizzəddövlə ilə mübarizə etmək üçün Bağdada hücum etməyi Mərzubana məsləhət görür və ona lazım olan hər bir yardımı əsirgəməyəcəyini vəd edir. Lakin Mərzuban Bağdada hücum etmək haqqında Nasirəddövlənin təklifləri ilə razılaşmaq istəmirdi. Hətta Mərzuban atası
Məhəmmədi və qardaşı Vəhsudanı öz yanına dəvət edərək onlarla da məsləhətləşmişdi. Vaxtilə həbs etdiyi atası Məhəmməd Mərzubana Reyə hücum etməyi məsləhət görmüşdü. Rüknəddövlə Mərzubanla müharibə üçün lazım olan hazırlıq işlərini görməkdə idi. O öz qardaşlarına məktub göndərərək onlardan kömək tələb edirdi. Onun məktubuna cavab olaraq, İmadədövlə ona iki min süvari, Müizzəddövlə isə türk Subuktəkinin başçılığı altında bir ordu göndərdi. Bundan əlavə, Müizzəddövlə qardaşına Xorasan hakimliyinə təyin olunması haqqında xəlifənin fərmanını
göndərdi. Bütün bu hazırlıq işlərindən sonra Rüknəddövlə Mərzubana məktub göndərərək hiylə ilə onu aldatmağa və müharibənin vaxtını uzatmağa çalışırdı. Hətta Zəncan, Əbhər və Qəzvini ona verəcəyini söyləyirdi.Rüknəddövlə öz qardaşlarından tələb edilən yardımı alana qədər Mərzubanın yanına bir-birinin dalınca elçilər göndərdi və beləliklə, müharibənin vaxtını uzatdı. Qardaşları tərəfindən Məhəmməd ibn Əbdürrəzzaqın başçılığı altında göndərilən dəstələr Rüknəddövlənin yanına gəlib çatdıqda o, Qəzvinə doğru hərəkət etdi. Lakin 948 – 949-ci ildə Mərzuban da Reyə hücum etmək üçün Qəzvinə gəlmişdi.Hər iki tərəfin qoşunları qarşı-qarşıya gəldikdə Mərzuban hiss etdi ki, bu müharibəyə lazımi qədər hazırlaşmamışdır. Rüknəddövlənin qoşunları onun qoşunlarından çox qüvvətli idi. Lakin Mərzuban müharibədən imtina etməyi özü üçün alçaqlıq hesab edərək müharibəyə girişdi və müharibə Mərzubanın məğlubiyyəti ilə bitdi.Qəzvin yaxınlığına gəldikdə Mərzubanın yalnız 5 min qoşunu var idi. Rüknəddövlə onu tamamilə aldatmışdı. Müharibənin lap başlanğıcında Mərzubanın qoşunlarının sağ və sol cinahları məğlub olub qaçmağa üz qoyduqda, Mərzuban sərkərdələri ilə birlikdə əsir düşərək,Rüknəddövlə tərəfindən İsfahanın cənubundakı Səmirəm qalasına göndərilir. Mərzuban əsir düşdükdən sonra Azərbaycanda yenidən müharibələr
başlayır. Mərzubanın Qəzvin yaxınlığındakı döyüşlərdən qaçan hərbi rəisləri 2 minə qədər qoşun dəstələri ilə Gilana gələrək onun atası Məhəmməd ibn Misafiri özlərinə rəis elan edib, onunla bərabər Ərdəbilə gəlirlər. Beləliklə, Məhəmməd ibn Müsafir Ərdəbilə yiyələnir. Lakin onun hakimiyyəti uzun sürmür. O, azğın hərəkətlər etdiyinə görə qoşun dəstələri içərisində üsyan baş verir. Hərbi rəislər Məhəmmədi öldürmək istədikləri zaman, oğlu Vəhsudandan kömək almaq məqsədilə onun yanına qaçır. Lakin Vəhsudan onu həbs edir. Məhəmməd ömrünün sonuna qədər həbsdə qalır. Qəzvin yaxınlığındakı müharibədə qələbə çaldıqdan sonra Rüknəddövlə öz sərkərdəsi Məhəmməd ibn
Əbdürrəzaqı Azərbaycana hakim təyin edir. O, öz qoşun dəstələri ilə Azərbaycana soxulur. Yaranmış bu vəziyyət Vəhsudanı bərk qorxuya salır. O, Taromda həbsdə olan Azərbaycanın keçmiş hakimi Deysəmi azad edir. Beləliklə, Vəhsudan Deysəmlə razılaşaraq, onun vasitəsilə kürd süvarilərini toplamaq və Məhəmməd ibn Əbdürrəzzaqın qoşunlarına müqavimət göstərmək məqsədilə ona fəxri paltar geydirir, lazım olan vəsait və hərbi yardım edir.Məhəmməd ibn Müsafir Ərdəbildən qaçdıqdan sonra buradakı deyləmilər Mərzubanın sərkərdələrindən Əli ibn Fəzli özlərinə başçı seçmişdilər. Vəhsudanın vasitəçiliyi ilə Əli ibn Fəzl Deysəmə qoşularaq onun Azərbaycan hakimi olduğunu qəbul edir. Bütün bu hazırlıqlardan sonra Deysəm, Məhəmməd ibn Əbdürrəzzaqa müqavimət göstərmədən,
əvvəl pul toplamaq və kürd qoşun dəstələrini gözləmək üçün Bərdə nahiyələrindən biri olan Varsana çəkilir. Bu zaman, hələ Mərzuban tərəfindən Xoy və Səlmas yaxınlığındakı nahiyələrdən birinə katib təyin olunmuş İbn əs-Sakr topladığı vergiləri Deysəmə gətirir.Deysəm onunla yaxınlaşır və ondan bəzi məsləhətlər alır. Deysəmin bu hərəkəti vəziri İbn Mahmudu şübhəyə salır. Deysəm İbn Əbdürrəzzaq üzərinə hərəkət etdiyi zaman İbn Mahmuda əmr edir ki, müharibənin nəticəsi məlum olana qədər xəzinə və s. yüklərlə Muğan dağlarına çəkilsin və orada müharibənin nəticəsini gözləsin. Lakin ibn Mahmud ona xəyanət edərək Ərdəbilə – Məhəmməd ibn Əbdürrəzzaqın yanına gedib xəzinə və s. şeylərlə gəlməsini ona xəbər verir və qoşunla qarşılanmasını ondan xahiş edir. Beləliklə, vəzir Deysəmin bütün xəzinə və karvanı ilə Məhəmməd ibn Əbdürrəzzaqın tərəfinə keçir. Bu xəbər vuruşma başlandığı gün Deysəmə çatır. Deysəm ruhdan düşür. Bunu görən qoşun dəstələrində də ruh düşkünlüyü əmələ gəlir və onlar məğlubiyyətə uğrayaraq qaçmağa üz qoyurlar. Deysəm məğlub olduqdan sonra Azərbaycanın cənub-şərq vilayətləri Rüknəddövlənin Azərbaycan hakimi İbn Əbdürrəzzaq tərəfindən idarə edilirdi. İbn Əbdürrəzaq əldə etdiyi qələbədən sonra qüvvətlənmişdi. Xorasandan gətirdiyi adamlar vasitəsilə Azərbaycandan vergi toplayırdı. Lakin onun vəziri Deysəmin yanına qaçdığına görə Azərbaycanda qalmaq onun üçün çox çətin idi. Ona görə də İbn Əbdürrəzzaq 949 – 950-ci ildə Azərbaycandan Reyəgetməyə məcbur olmuşdu. Bundan sonra Azərbaycanın digər vilayətlərində hökmranlıq edən Deysəmin işi müvəqqəti də olsa, yaxşılaşmağa başlamışdı. O, kürdlərdən vədeyləmilərdən ibarət qoşun düzəltdi. Ərdəbil yenə də Deysəmin əlinə keçdi. Lakin bu zaman Ərdəbildə deyləmi sərkərdələrindən Əli ibn Mişakiağalıq edirdi. Deysəmlə İbn Mişaki arasında vuruşma başlandıqda Deysəmin yanında olan bütün deyləmilər İbn Mişakinin tərəfinə keçdilər. Deyləmilərdən yalnız Cüstan ibn Şarmazan Deysəmin yanında qalır. Onu da evində ikən tuturlar. Vəziyyətin yenə də çox ağır olduğunu görən Deysəm bir dəstə kürd ilə Ermənistana qaçır. Rüknəddövlə ilə Qəzvin yaxınlığındakı müharibədə əsir alınan Azərbaycan hakimi Salar Mərzuban Səmirəm qalasında möhkəm nəzarət altında saxlanılırdı. Mərzuban öz aşpazı vasitəsilə qaladan qaçmağa təşəbbüs etdikdə, qala rəisi Şir Asfar məsələdən xəbər tutub aşpazı qalanın qülləsindən ataraq öldürür və Mərzuban ilə ciddi rəftar etməyə başlayır. Mərzubanın anası Xorasun xatın onu azad etmək üçün çox çalışır və bir sıra vasitələrdən istifadə edir. Hətta Xorasun xatın marağalı Tuban adlı bir nəfər bacarıqlı və igid şəxsdən istifadə edərək tacir adı ilə onu Mərzubanın yanına göndərir. İbn Miskəveyh Mərzubanın Səmirəm qalasında həbsdə saxlanması və onunla əlaqədar olan məsələlər haqqında çox geniş məlumat verir. Onun yazdığına görə, Xorasun xatın Tuban və digər tacir şəklinə girmiş məharətli adamlar vasitısilə Mərzubanla əlaqə yaradır. Mərzuban özü də Şir Asfarın gənc bir qulamı ilə əlaqəyə girir. O bu gənc və tacir şəklinə girmiş şəxslərin vasitəsiləgörüş zamanı qala rəisi Şir Asfarı öldürərək həbsdən qaçır. O, Ərdəbilə gələrək qalanı tutur. Beləliklə, Mərzuban 952-953-ci ildə Azərbaycanda öz hakimiyyətini bərpa edir. Əli ibn Mişakini təcili Deysəmin dalınca göndərir. Deysəm Ermənistanda ikən Mərzubanın həbsdən azad olduğunu və İbn Mişakinin onun dalınca göndərildiyini eşidib, Ermənistandan Mosula, oradan da Bağdada gedir. Bu zaman Dərbənddə Salarilərəqarşı üsyan baş vermişdi. Üsyanı yatırtmaq üçün Mərzuban Dərbəndə getməyə məcbur olmuşdu. Mərzubanın Ərdəbildə olmamasından istifadə edən Azərbaycan kürdlərindən bir nəfər Deysəmə xəbər göndərərək onu Azərbaycana çağırır və Azərbaycanı tutmaq üçün ona lazım olan hər bir yardımı edəcəyinə söz verir. Deysəm bununla razılaşaraq Azərbaycana hərəkət edir və Səlması tutur. Mərzuban Deysəmə qarşı mübarizə aparmaq məqsədilə öz əmirlərindən birinin başçılığı altında Səlmasa qoşun göndərir. Lakin vuruşma zamanı Mərzubanın qoşun dəstələri Deysəm tərəfə keçdiyi üçün başçıları qaçmağa məcbur olur, bu döyüşdə qələbə əldə edən Deysəm Səlmasda yerləşir. Lakin Deysəm Səlmasda uzun müddət qala bilmir. Mərzuban Dərbənddə baş verən üsyanı yatırdaraq, 955-956-cü ildə Səlmasa hərəkət etdiyi zaman, Deysəm yenə də Ermənistana – İbn əd-Deyrani və İbn Xaçikin yanına qaçır. Deysəmin qoşun hissələri Mərzubandan aman istəyir və Mərzuban tərəfə keçirlər. Mərzuban Səlması tutaraq Ermənistan hakimi İbn ədDeyranidən Deysəmi ona verməsini tələb edir. O, əvvəlcə tərəddüd edir, sonra isə razılaşır. Lakin Deysəmi həbs edərək öz yanında saxlamasını Mərzubandan xahiş edir. Mərzuban bu məsələdə İbn əd-Deyrani ilə razılaşır, lakin sonradan Deysəmi ondan tələb edir.İbn Miskəveyhin yazdığına görə, Mərzubanın əmri ilə Deysəmin gözləri çıxarılır və özünü də həbs edirlər. Mərzuban öldükdən sonra Deysəm də həbsdə Salari əmirlərindən biri tərəfindən öldürülür. Beləliklə, Salarilər dövləti üçün böyük təhlükə olan Deysəm aradan götürülür. Tarixi mənbələrdə Salarilər dövlətinin, xüsusilə, dövlətin başçısı Salar Mərzubanın 955 – 956-cü ildən 957 – 958-cı ilə qədər olan fəaliyyəti haqqında məlumat verilmir. İbn Miskəveyhin yazdığına görə, 957-ci ilin dekabrında Mərzuban öldü. Azərbaycanda yenidən feodal müharibələri alovlandı. Mərzubandan sonra onun oğlanları ilə qardaşı Vəhsudan arasında hakimiyyət uğrunda müharibə və çəkişmələr başlandı. İbn Miskəveyhin yazdığına görə, Mərzuban ölərkən hökmdarlığa qardaşı Vəhsudanın, gizlində isə oğlu Cüstanın keçməsini vəsiyyət etmişdi. Hətta o göstərmişdi ki, əgər Cüstan ölərsə, yerinə İbrahim, İbrahim ölərsə, onun da yerinə üçüncü oğlu Nasir keçməlidir.İbn Miskəveyh bu məsələnin təfərrüatına gedərək qeyd edir ki, dördüncü oğlu Keyxosrov kiçik olduğu üçün Mərzuban onun haqqında bir vəsiyyət etməmişdi. Mərzuban öz hakimiyyəti altında olan qala rəislərinə (qalabəylərinə) məxfi olaraq əmr etmişdi ki, onun ölümündən sonra qalaları ancaq oğlu Custanın hakimiyyətinə tabe etmək lazımdır. Mərzubanın vəsiyyətində göstərilmişdi ki, oğlanları öləndən sonra qalalar qardaşı Vəhsudana tabe olmalıdır. Qala rəislərinə Mərzuban tərəfindən bu haqda verilən gizli nişan Vəhsudana da bildirilmişdi. Mərzuban ölən kimi Vəhsudan qala rəislərinə tabe olmağı əmr etdi. Onlar isə Mərzubanın məxfi əmrini ona bildirərək tabe olmadılar. Ara müharibələrinin başlanmasına digər bir hadisə də səbəb oldu. Mərzubanın ikinci oğlu İbrahim deyləmi feodallarından Valkin Xorşidin qızı ilə evlənmişdi. Vaxtilə Mərzuban onu həbs edib Ərdəbildə həbsdə saxlatdırırdı. Arvadının təhriki ilə İbrahim Ərdəbilə gedib Valkini həbsdən azad etdi. Vəhsudan qardaşı Mərzubanın ikibaşlı vəsiyyətindən, habelə İbrahimin Valkini həbsdən azad etməsindən narazı düşərək Ərdəbili tərk edib Taroma gedir. Bundan istifadə edən Custan hakimiyyəti əlinə alır, qardaşları İbrahim və Nasir ona tabe olurlar.Custan Əbu Abdullah Nəimini vəzir təyin edir. Ərdəbil yenə də dövlətin mərkəzi olur. Mərzuban dövründəki bütün hərbi
rəislər ona tabe olurlar. Yalnız Ermənistana hakim təyin edilmiş Custan İbn Şarmazan ona tabe olmaqdan imtina edir. Custan ibn Şarmazan Ermənistanda müstəqil dövlət yaratmaq və Salarilərdən ayrılmaq xəyalına düşür. Vəhsudan Taroma getdikdən sonra hakimiyyəti ələ keçirən qardaşlar arasında nifaq salmağa, digər nüfuzlu feodalları onların üzərinə qaldırmağa, Custanın qoşun dəstələri içərisində narazılıq yaratmağa çalışır. Qoşun hissələri Custandan maaşlarının artırılmasını tələb edirlər. Beləliklə, Vəhsudan istəyinə nail olur. Custanın qoşun dəstələri çərisində narazılıq baş verir.
İbn Miskəveyh yazır ki, Custan qoşununun möhkəmləndirilməsi məsələsi ilə məşğul olmurdu. O, Mərzubanın yaratdığı qayda-qanunları pozurdu. Dövlət işlərinə qadınlar cəlb edilmişdi. Urmu vilayəti Salarilər dövlətindən ayrılmışdı. Custan ibn Şarmazan Urmu qalasını möhkəmləndirərək müstəqil hökumət yaratmışdı. Tarom qalasında oturan Vəhsudan qardaşı uşaqları arasında iğtişaş yaradıb onların hakimiyyətini parçalamağa çalışırdı. Custan ibn Şarmazan o zaman Urmu vilayətində olan İbrahimlə əlaqəyə girir, ona külli miqdarda pul verəcəyini və qardaşı Custanı hakimiyyətdən salaraq hökmdar olmaq üçün ona yardım edəcəyini vəd edir. İbrahim müşavirlərinin narazılığına baxmayaraq, Custanın təklifləri ilə razılaşır və onunla görüşmək üçün Urmuya gedir. İbrahim orada Custan ilə görüşərək qardaşı Custan əleyhinə mübarizə etməyi qərara alırlar.Onlar Urmudan Marağaya hərəkət edərək şəhəri tuturlar. Beləliklə, İbrahim açıqcasına öz qardaşının əleyhinə hərəkət edir. Vəhsudan qardaşı oğlanları arasında təfriqə salmağa nail olur, İbrahimi Custan və Nasirdən ayırmaq məqsədilə öz yanına dəvət edərək ona hörmət göstərir və çoxlu hədiyyələr verir. Vəhsudan, eyni zamanda, Nasirə məktub yazaraq onu da özünə cəlb edir. Nasir əmisinin şirin vədlərinə inanaraq, qardaşı Custanı tərk edib Muğana gəlir. Custanın vəziyyəti daha da ağırlaşır, böyük maliyyə çətinlikləri əmələ gəlir. Qoşun hissələrini saxlamaq mümkün olmur. Qoşunlarının əksəriyyəti onu tərk edərək dəstə-dəstə Muğana, Nasirin yanına gedirlər. Nasir Muğanda mökkəmlənərək Ərdəbilə hərəkət edib şəhəri tutur, qardaşı Custanı isə oradan getməyə məcbur edir. Custan özünü müdafiə etmək üçün Nir qalasına gedir. Beləliklə, hakimiyyətə Mərzubanın üçüncü oğlu Nasir keçir. Nasir Ərdəbili ələ keçirdikdən sonra onun qoşun dəstələrində olan kürdlər və deyləmilər icrası mümkün olmayan bir sıra tələblər irəli sürürlər. Əmisi Vəhsudan isə bu işdə ona heç bir yardım etmir. Nasir Vəhsudanın onu aldatdığını anlayır. Baş hakimiyyəti əldə saxlaya bilməyəcəyini gördükdə, qardaşı Custanın yanına getməyi və onu yenidən hakimiyyətə qaytarmağı qərara alır. Nasirin dəvəti ilə Custan sığındığı Nir qalasından Ərdəbilə gəlir və yenidən hakimiyyəti öz əlinə alır. Lakin onların vəziyyəti heç də yaxşılaşmır. Salarilər dövlətinə üz vermiş böhran getdikcə şiddətlənir. Custan və Nasir əmiləri Vəhsudandan yardım almaq məqsədilə onun yalançı vədlərinə və andına aldanaraq, anaları ilə onun yanına Taroma gedirlər. Vəhsudan onları xaincəsinə həbs edir, qoşunlarını oğlu İsmayıla verib Şəmiran qalasına göndərir. Bu hadisələr baş verdiyi zaman Salar İbrahim Ermənistanda idi. İbrahim hakimiyyəti ələ keçirmək, əmisi Vəhsudandan qisas almaq, qardaşlarını və anasını həbsdən azad etmək məqsədilə qoşun toplamağa başlamışdı. Aldığı məlumata görə, Vəhsudan onun qardaşları və anası ilə çox pis rəftar edirdi. İbn Miskəveyhin yazdığına görə, Vəhsudan İbrahimin hazırlandığını eşitdiyi zaman Custanı, Nasiri və onların anasını həbsdə öldürür. İbrahimin üzərinə hücum etmək üçün Custan ibn Şarmazana sərəncam verir. O, lazımi vəsait və yardım aldıqdan sonra İbrahimin üzərinə hücum edir. Vəhsudanın əmri ilə oğlu İsmayıl da İbrahimə qarşı hücum edir. Bütün bu qoşunların hücumuna müqavimət göstərə bilməyən Salar İbrahim yenə də Ermənistana qaçmalı olur. Custan ibn Şarmazan onun qoşunlarını öz ixtiyarına keçirir və hakimiyyəti altında olan Marağanı tutaraq Urmu ilə birləşdirir. İbn əl-Əsirin yazdığına görə, Custan ibn Şarmazan Ermənistanı da ələ keçirir. Mənbələrin verdiyi məlumata görə, Salar İbrahim Ermənistanda ikən düşmənləri ilə Azərbaycan uğrunda edəcəyi müharibəyə ciddi surətdə hazırlıq işləri görürdü. O, kürd tayfalarından qoşun toplayaraq erməni feodalları ilə saziş əldə etdi. Custan ibn Şarmazan ilə əlaqəsini yaxşılaşdırdı. Qoşunda xüsusi könüllü hissələr yaratdı və öz fərmanı ilə hərbi vəzifələrə adamlar təyin etdi. Beləliklə, İbrahim hərbi cəhətdən möhkəmləndirilmiş yeni qoşun dəstələri toplayaraq Azərbaycana hərəkət etdi və Ərdəbil şəhərini tutdu. Ərdəbil hakimi İbn Mişaki Vəhsudanın yanına qaçdı. Bu zaman Vəhsudanın oğlu İsmayıl ölmüşdü. İbrahim Ərdəbili tutduqdan sonra Taroma – Vəhsudanın üzərinə hücum edir. Vəhsudan İbrahimə müqavimət göstərə bilməyib qaçır. İbrahim Taromu tutur. Vəhsudandan qisas almaq məqsədilə onun bütün əmlakını dağıdır, adamlarını qırır və ölkəsini talan edərək özünə tabe edir. Beləliklə, İbrahim Vəhsudandan öz qisasını aldıqdan sonra Azərbaycana qayıdıb Salarilər dövlətini yenidən bərpa edərək öz hakimiyyətini möhkəmlədir. 5 illik sabitlikdən sonra keçən müddət ərzində İbrahimin hücumundan Deyləmistana qaçan Vəhsudan və ibn Mişaki orada qoşun dəstələri toplayıb yaxşı təlim keçdikdən sonra Taroma qayıtdılar və oranı tutdular. Bununla kifayətlənməyib, Azərbaycana hücum etmək üçün hazırlıq gördülər. Vəhsudan mükəmməl hazırlıqdan sonra İbn Mişakinin rəhbərliyi altında Azərbaycana qoşun göndərdi. İbrahim İbn Mişakini qarşıladı və müharibəyə başladı. İbn Miskəveyhin yazdığına görə, bu müharibə 965 – 966-ci ildə baş vermişdi Müharibənin əvvəllərində İbrahimin qoşunları yaxşı vuruşur və bəzi müvəffəqiyyətlər əldə edirdilər. Lakin döyüşlərin birində İbrahim bərk yaralandığına görə qoşunları məğlubiyyətə uğrayır. O, müharibə meydanından təkcə çıxaraq yaralı halda Reyə, Rüknəddövlənin yanına qaçır. Vəhsudanın qoşunları onu təqib edirlərsə də, lakin çata bilmirlər. Vəhsudan və İbn Mişaki Azərbaycanda yenidən hakimiyyəti ələ alırlar.İbn Miskəveyhin yazdığına görə, Rüknəddövlə İbrahimi çox hörmətlə qarşılayır.
Yuxarıda qeyd etdiyimiz kimi, Rüknəddövlə İbrahimlə qohum idi, o, İbrahimin bacısı ilə evlənmişdi. Hətta İbrahimin bacısından onun Əbül Abbas adlı bir oğlu da var idi. Rüknəddövlə Reyə ağır vəziyyətdə qaçıb gələn Azərbaycan hakimi İbrahimə külli miqdarda hədiyyələr verir. Rüknəddövlə İbrahimi Azərbaycana göndərmək üçün xüsusi hazırlıq gördü. Deyləmilərdən və.s tayfalardan ibarət qoşun topladı. Həmin qoşunları mükəmməl hərbi hazırlıqdan sonra öz vəziri və katibi ustad ər-Rəis ibn Amidin başçılığı altında İbrahimlə Azərbaycana yola saldı.İbn Amid və İbrahim Azərbaycana hərəkət edərək oranı tutdular. İbn Amid İbrahimlə Urmu hakimi Custan ibn Şarmazanı barışdırır, Custan bundan sonra İbrahimə tabe olur. Beləliklə, Rey hakimi Rüknəddövlənin yardımı və bilavasitə
hərbi müdaxiləsi sayəsində Azərbaycanda Salarilər dövləti yenidən bərpa edilir. İbrahim Azərbaycanda hakimiyyətini möhkəmlətməyə başlayır.İbrahim Salarilər dövlətini yenidən bərpa etməsinə baxmayaraq, onu əvvəlki səviyyəsinə qaldıra bilmədi. Mərzubanın hakimiyyəti dövründə Salarilər dövlətinə tabe edilərək vergi verməyə məcbur edilən yerli və qonşu ölkə hakimləri özlərini müstəqil hesab edərək İbrahimə tabe olmaqdan boyun qaçırırdılar. Mərzuban dövründə asılı vəziyyətə salınmış Şirvanşah Məzyədilər Salarilərə vergi verməkdən imtina etmişdilər. Ona görə də Salar İbrahim 967-968-ci ildə Şirvana hücum edərək, Şirvanşahdan atası Mərzubanın dövründə olduğu kimi xərac verməsini tələb edir.Salar İbrahim Şirvanşahdan müəyyən miqdarda pul aldıqdan sonra Ərdəbilə qayıdır, Şirvanşah isə ondan asılı vəziyyətə düşmür. 971-ci ildən Gəncə vilayəti də Salarilər dövlətinin tərkibindən çıxır. Salarilərin Gəncədəki əmiri Şəddadilər tərəfindən qəflətən həbs edilir və şəhər Şəddadilər dövlətinə tabe olur. Azərbaycanda yeni bir feodal dövlətinin yaranması ilə Arranın bir hissəsi Salarilər dövlətinin tərkibindən çıxmış olur. Mənbələrin verdiyi məlumata görə, Azərbaycan hökmdarı İbrahim Şəddadilərə müqavimət göstərmək üçün Gəncəyə qoşun göndərir. Onlar Gəncəni mühasirə edərək Şəddadilərlə vuruşurlar. Lakin qələbə əldə edə bilməyən İbrahimin qoşunları Şəddadilərlə sülh sazişi bağlayaraq Ərdəbilə qayıdır.Beləliklə, İbrahim Şəddadilərlə müharibə meydanında məğlubiyyətə uğrayaraq Gəncə vilayətindən əl çəkməyə məcbur olur. Şəddadilər Arranın bir hissəsini, habelə Salarilərə tabe olan Ermənistan torpaqlarının müəyyən hissəsini ələ keçirirlər. Salarilər dövlətinin ərazisi kiçilir. Bundan başqa, Əhər və Qaradağ vilayətlərində Rəvvadilər müstəqil olmağa çalışırdılar. Hətta onlar hələ Mərzuban həbsdə olduğu zaman fürsətdən istifadə edərək müstəqil olmuşdular. Lakin Mərzuban həbsdən azad olduqdan sonra Rəvvadilər yenə də Salarilər dövlətinə tabe edilmişdi. İbrahimin dövründə isə onlar müstəqil olmaq üçün mübarizə aparırdılar. Azərbaycan hakimi İbrahim 980 – 981-ci ildə əsir düşərək hakimiyyətdən kənar edilmişdir. Rəvvadilər sülaləsindən olan Azərbaycan hakimi Əbülheyca Rəvvadi 987-988-ci ildə Dəbil və s. şəhərləri tutdu.Beləliklə, Salarilər sülaləsinin əlində olan axırıncı torpaqlar da Rəvvadilər tərəfindən tutulmuşdur. 941-ci ildən 981-ci ilə qədər təqribən 40 il hakimiyyətdə olan Salarilər mənşə etibarilə Azərbaycana qonşu olan Deyləm-Gilan vilayətindən olmasına baxmayaraq, onların yaratdığı dövlət yerli xüsusiyyət daşımışdır.
Ədəbiyyat siyahısı:
M.Şərifli “ IX əsrin II yarısı , XI əsr Azərbaycan feodal dövlətləri”.
Azərbaycan Tarixi II cild
YAZAR: Allahverdiyeva Vəsilə
Həmçinin bax: Yunanıstanda Sparta və Fivin hakimiyyeti
Həmçinin bax: https://tehsilim.org/tehsilim-org-sizi-sertifikatli-telime-devet-edir/
Həmçinin bax: https://turaz.org/turkmenistanin-etraf-muhit-hedeflerin-catmaga-komek-etmek-ucun-sdg-lerin-tetbiqi/