Salarilər dövləti

  •  Salarilərin mənşəyi
  •  Dövlətin yaranması
  • Rusların Bərdəyə hücumu

Salarilərin mənşəyi
Salarilər mənşə etibarı ilə Deyləm vilayətindən idilər. Orta əsrlərdə Deyləm və ya Deyləmistan adlanan bu vilayət indi Gilan adı ilə məşhurdur. Tarixi mənbələrdən məlum olduğu kimi, bu vilayət hələ Sasanilərin hakimiyyəti dövründə (III-VII əsrlər) Deyləman və ya Deyləmistan adı ilə məşhur olmuşdur. Deyləm Xəzər dənizinin cənub-qərb hissəsində yerləşib Mazandaran və Azərbaycanla qonşu bir ölkədir. Orta əsrlərdə deyləmilər daha məşhur olduqları üçün vilayət onların adı ilə adlanırdı. Deyləmilər Xəzər tayfalarına mənsubdurlar, onlar İran dilləri sisteminə daxil olan Xəzər dialektində danışırlar. Əhalisi islam dininin şiə məzhəbinə mənsubdur. Tarixi mənbələrdən aydın olduğu kimi, Deyləm vilayətindən bir neçə sülalə meydana çıxaraq hakimiyyət sürmüşdür. Bu sülalələrdən xüsusilə Cəstaniləri Kəngəriləri, Salariləri və Büveyhiləri göstərmək olar.Salarilər sülaləsi öz mənşəyi etibarilə deyləmilərə mənsubdur. Kəsrəvi Təbrizi Salarilər sülaləsinin Kəngərilər sülaləsinin bir qolu olduğunu qeyd edir.Lakin Salarilər Kəngəri adını daşımamışlar. Onlar öz dövrlərində Salari adı ilə məşhur olmuşlar. Salarilər dövlətinin Azərbaycanda birinci hakimi Salar Mərzuban ibn Məhəmməd ibn Müsafir olmuşdu.

Dövlətin yaranması
Salar Mərzuban mövcud şəraitdən məharətlə istifadə edərək, Azərbaycanda hakimiyyəti öz əlinə almışdı. Deysəmin hakimiyyəti dövründə onun Azərbaycan üzrə katibi və maliyyə vəziri Əli ibn Cəfərlə ali rütbəli başqa şəxslər arasında narazılıq baş vermişdi. İbn Miskəveyhin yazdığına görə, düşmənləri Əli ibn Cəfərin üstünə böhtan atırdılar. Deysəmin qəzəbindən qorxan Əli ibn Cəfər kömək almaq üçün Taroma – Məhəmməd ibn Müsafirin yanına qaçır. Lakin bu zaman Taromda çox maraqlı bir hadisə baş vermişdi. Məhəmmədin oğlanları Mərzuban və Vəhsudan atalarına qarşı qiyam qaldıraraq, onun hakimiyyəti altında olan Tarom və Səmiran qalallarını tutmuşdular. Bu zaman Əli ibn Cəfər Tarom qalasına gəlmişdi. Belə bir vəziyyətin şahidi olan Əli ibn Cəfər Məhəmmədin oğlu Mərzubana müraciət edərək, Azərbaycanda hakimiyyəti ələ keçirmək üçün şirnikdirdi və bu işdə ona kömək edəcəyini vəd etdi.O, eyni zamanda Azərbaycanın zəngin bir ölkə olduğunu, buradan yaxşı vergi toplamağı bacardığını Mərzubana bildirdi. Mərzuban isə Azərbaycanla maraqlandı, Əli ibn Cəfəri öz tərəfinə çəkdi və Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra onu öz vəzirlik vəzifəsində saxlayacağına söz verdi. İbn Miskəveyhin yazdığına görə, Əli ibn Cəfər batinilər təriqətinə mənsub idi. Mərzuban da bu təriqətə meyl göstərirdi. Buna görə də onlar bir-birilə əlbir olub ümumi dil tapa bilmişdilər. Əli ibn Cəfər Deysəmdən narazı olan sərkərdələrə məktub göndərərək, onları Deysəmə qarşı hazırladı. Deysəm təriqət etibarı ilə xürrəmilərə mənsub idi. Əli ibn Cəfər isə Deysəmin qoşun hissələrində öz tərəfdarlarını yaxşı tanıyırdı. Beləliklə, o, Deysəmin hərbi rəislərini öz tərəfinə cəlb edərək onları Deysəmdən uzaqlaşdırdı. Onlar “Mərzuban hücum etdikdə, Deysəmi tərk edərək Mərzuban tərəfə keçəcəklərini” Əli ibn Cəfərə yazırdılar. Əli ibn Cəfər Mərzubanı inandırdı ki, qoşun hissələrində ona sədaqətli adamlar çoxdur. Bundan sonra Mərzuban hazırlaşaraq, 941-942-cu ildə
Azərbaycana hərəkət etdi. Deysəm onun qarşısına çıxdı. Lakin bu zaman Deysəmin qoşun dəstələrində pozğunluq əmələ gəldi. Əli ibn Cəfərin hazırladığı deyləmilər öz silahlarını Deysəmə qarşı çevirdilər. 2000 nəfərlik qoşun öz rəisləri ilə birlikdə Mərzubanın tərəfinə keçdi. Bundan başqa, Deysəmin qoşun dəstələrində olan kürdlərin çoxu onlara qoşuldu. Mərzuban Deysəm üzərinə hücum edərək, onun qalan qoşun dəstələrini dağıtdı. Məğlubiyyətə uğrayan Deysəm bir az qoşunla Ermənistana qaçdı. Mərzuban Deysəm üzərində qələbə çaldıqdan sonar Azərbaycanı tutdu və burada öz hakimiyyətini möhkəmlətməyə başladı. Ərdəbil şəhəri yenə də mərkəz oldu. Mərzuban öz
vədlərinə vəfadar çıxaraq vəzirliyi Əli ibn Cəfərə tapşırdı. Lakin vəzirlə aralarında olan dostluq uzun sürmədi. Bu hal Təbrizdə Mərzubana qarşı üsyanın qalxmasına və Deysəmlə yeni müharibəyə səbəb oldu. Vəzir Əli ibn Cəfərin Əbu Səid ibn Musa adlı katibi onun üzərinə böhtan atmışdı. Bundan başqa, o, Mərzubanı inandırmışdı ki, vəzirin şəxsi sərvətlərini əlindən almaq lazımdır. Vəzir Mərzubanın yaxın adamlarından bir neçəsinin də narazılığına səbəb olmuşdu. Bunlar da Əli ibn Cəfərə qarşı idilər. Vəzir bütün bunları hiss edərək hiylə yolu ilə Mərzubanın fikrini Təbrizə cəlb etməyi vəoraya gedərək, Mərzubandan ayrılmağı qərara aldı. O, Mərzubanı şirnikləndirmək üçün Təbrizdən külli miqdarda gəlir əldə etmək mümkün olduğuna onu inandırmağa çalışırdı. Bu məsələdə Mərzubana böyük xidmət göstərəcəyini bildirmişdi. Vəzir Əli ibn Cəfər Təbrizə getmək üçün Mərzubanın razılığını alır. Mərzuban özünə sadiq olan adamlardan bir dəstəsini Əli ibn Cəfərə qoşub Təbrizə göndərir.Əli ibn Cəfər Təbrizə gedərək əhalini öz tərəfinə cəlb etməyə başlayır və Deysəmə məktub göndərərək onunla barışıq etmək istədiyini bildirir və Təbrizə gəlməsini təklif edir. Təbrizdə olan deyləmiləri məhv etməyi və beləliklə də, yenidən Təbriz vilayətini ələ keçirməyi ona məsləhət görür. Deysəm isə Təbrizdə olan deyləmiləri öldürməyincəyə qədər ona inanmayacağını bildirir. Əli özünü Deysəmə sadiq göstərmək üçün yeni bir planın icrasına başlayır. İbn Miskəveyhin yazdığına görə, Əli ibn Cəfər şəhərin başçıları ilə danışığa girir, onlara bildirir ki, Mərzuban şəhəri öz əlinə keçirmək və əhalinin vəziyyətini yaxşılaşdırmaq fikrindədir. Lakin Təbrizdə olan deyləmilər buna mane olurlar. Əgər şəhər əhalisi Mərzubanın fikri ilə razılaşaraq onun Təbrizə gəlməsinə razıdılarsa, o zaman şəhərdə olan deyləmiləri qəflətən məhv etmək lazımdır. Şəhər başçıları Əli ibn Cəfərlə razılaşır və təyin edilmiş gündə deyləmi başçılarının üzərinə basqın edərək, onları məhv edirlər.Bundan sonra Əli ibn Cəfər baş verən hadisəni Deysəmə xəbər verir və şəhərdən topladığı qoşun dəstələrini onun qarşısına göndərir. Deysəm Təbrizə hərəkət etdiyi zaman Təbrizdə olan kürd qoşun dəstələri Mərzubandan narazı olduqları üçün Deysəm tərəfə keçmişdilər.Bütün bu hadisələri eşidən Mərzuban vəziri özündən narazı saldığı üçün çox peşman olub, Əli ibn Cəfəri öz vəzifəsinə qaytarmaq və s. – bu kimi başqa tədbirlər görərək, təcili Təbrizə hərəkət edir. O, Əli ibn Cəfərin vəzirliyini təsdiq edib, ona Əlmuxtar ləqəbi verir və fəxri paltarla təltif olunmasını əmr verir.İbn Miskəveyhin yazdığına görə, Deysəm Təbrizə Mərzubandan əvvəl gəlmişdi. Buna görə də, Mərzubanla Deysəmin qoşunları arasında bir neçədəfə şəhər ətrafında vuruşma baş verdi.Vuruşma zamanı Deysəm və onun kürd qoşun hissələri şəhərə qaçaraq orada möhkəmlənməyə çalışırdılar. Təbriz əhalisi Deysəmi müdafiə edirdi. Mərzuban
isə şəhəri mühasirə edərək, Əli ibn Cəfər ilə əlaqə saxlamağa və onu öz tərəfinə çəkməyə çalışırdı. Əli ibn Cəfər Mərzubanın barışıq təklifinə müsbət cavab verərək,arzu etdiklərini bildirdi. Hər şeydən əvvəl, əmniyyət yaradılmasını, işdən azad edilməsini, sərvət və əmlakına toxunulmamasını, ona öz evində sərbəst yaşaya bilmək imkanı verilməsini təklif etdi. 36 Mərzuban vəzirin bütün arzu və təkliflərini yerinə yetirəcəyinə söz verdi.Vəzir ilə razılaşıb, saziş əldə etdikdən sonra şəhərin mühasirəsini daha da qüvvətləndirdi. Bütün bunlara baxmayaraq, Mərzuban şəhərə daxil ola bilmir, mühasirənin vaxtı isə uzanırdı.Vəziyyətin ağır olduğunu görən Deysəm, gecə vaxtı qala divarından yol
qaçaraq öz adamları ilə Ərdəbilə hərəkət edir.Mərzuban mühasirəyə düşmək ehtimalından qorxaraq, Deysəmin Ərdəbilə yetişmək xəbərini alıncaya qədər onu təqib etmir. Deysəm şəhərdən çıxıb getdikdən sonra Əli ibn Cəfər Mərzubanın yanına gedir, lakin şəhər əhalisi Mərzubana müqavimət göstərərək onu şəhərə buraxmır. Deysəmin Ərdəbilə yetişməsi xəbərini aldıqdan sonra Mərzuban qoşunlarının bir hissəsini Təbrizin mühasirəsində qoyaraq, Əli ibn Cəfərlə bərabər Ərdəbilə gəlib orada Deysəmi mühasirə edir. Deysəmin Nəimi adlı vəziri mövcud vəziyyəti daha da gərginləşdirməyə çalışırdı. Əli ibn Cəfər Taroma getdikdən sonra, Deysəm onun yerinə Nəimini təyin etmişdi. Ərdəbil mühasirədə olduğu zaman Nəimi Deysəmə xəyanət edərək Mərzuban ilə əlaqəyə girmişdi. Mərzuban Deysəmi təslim etməyi Nəimiyə təklif etmiş, əvəzində isə onu vəzir təyin edəcəyinə söz vermişdi. Nəimi şəhərdə baş verən çətin vəziyyətə qarşı əhalinin üsyan qaldıracağı haqqında Deysəmi inandırmağa çalışır və Mərzubana təslim olmasını ona məsləhət görürdü. Deysəm isə vəzirin hiyləsinə inanaraq sülh danışıqları aparmaq məqsədilə Mərzubanın yanına görkəmli şəxslərdən ibarət bir heyət göndərir. Hətta vəzir Nəimi Mərzubana yazmışdı ki, Deysəm şəhərdən çıxıb onun yanına gəlincəyə qədər göndərilən elçiləri orada gecikdirmək lazımdır. Beləliklə, Nəimi şəhərdə narazılıq yaratmaq və
Deysəmin tez təslim olmasına nail olmaq istəyirdi. O öz istəklərinə tez nail oldu. Deysəm qaladan çıxıb Mərzubanın yanına getdi. Mərzuban onu hörmətlə qarşılamasa da onun arzularını yerinə yetirdi.Deysəm öz ailəsi ilə Tarom qalasına getdi. Burada o öz malikanələrindən aldığı mədaxil ilə yaşamalı oldu. Deysəm Ərdəbil qalasından çıxaraq təslim olduqdan sonra Azərbaycanın paytaxtı olan Ərdəbil şəhəri yenidən Mərzuban tərəfindən tutuldu.Deysəm təslim olduqdan və Ərdəbildə qalxan üsyan və iğtişaş yatırıldıqdan sonra Mərzuban Azərbaycanda hakimiyyəti öz əlinə alır. Beləliklə, Azərbaycanda hakimiyyət Sacilər dövlətinin axırıncı nümayəndəsi olan Deysəmin əlindən çıxaraq, Salarilər sülaləsinin birinci hakimi Mərzubanın əlinə keçir. Hakimiyyəti ələ keçirən Salarilər, Sacilər dövlətinin hakimiyyəti altında olan Azərbaycan torpaqlarına sahib olaraq yaratdıqları bu dövləti möhkəmləndirməyə çalışırlar.

Rusların Bərdəyə hücumu
Salarilər dövləti yenicə yaranıb Azərbaycanın cənub vilayətlərində və Bərdədə hakimiyyəti möhkəmləndirməyə başladığı zaman ruslar 944-cü ildə Azərbaycanın ən məşhur şəhəri və Arranın mərkəzi olan Bərdəyə gəldilər. 944-cü ildə baş verən bu hadisə, bir sıra tarixçiləri maraqlandırmışdır. A.Bakıxanov, B.Dorn, A.Kunik, V.Batrold kimi alimlər rusların 944-cü ildə Bərdəyə basqınını öz əsərlərində qeyd etdikləri zaman yalnız bu hadisədən təqribən üç əsr sonra öz əsərini yazan İbn əlƏsirə istinad etmişlər. Halbuki İbn əl-Əsirin “Tarix əl-Kamil” əsəri bu tarixi hadisə üçün ilk mənbə deyildir.. A.Bakıxanov “Gülüstani-İrəm” əsərində rusların Bərdəyə səfərindən bəhs edərkən, İbn əlƏsirə istinad etmiş və bu səfəri rusların 914-cü il səfəri ilə qarışdırmışdır. Maraqlı burasıdır ki, 1918-ci ildə ingilis şərqşünası D.S.Marqolius müasir ərəb müəlliflərindən İbn Miskəveyhin 944-cü ildə rusların Bərdəyə səfəri haqqında verdiyi məlumatı ilk mənbə kimi çap etdirdiyi halda, V.Batrold 1924-cü ildə nəşr olunan əsərində İbn əl-Əsirə istinad edərək, İbn Miskəveyhin ilk mənbə kimi verdiyi məlumatdan xəbərsiz olmuşdur. Əksinə, V.Batrold İbn əl-Əsirin bu məlumatı Sinan ibn Sabitdən iqtibasa etdiyi fikrini irəli sürmüşdür.V.V.Batrold əsərinin başqa bir yerində qeyd edir ki, rusların 943-944-cü ildəki yürüşü haqqında məlumat bizə yalnız XIII əsrin müəllifi İbn əl-Əsir vasitəsilə çatmışdır. İbn əl-Əsirin isə bunu hansı müəllifdən iqtibas etdiyi məlum deyildir. Rusların 944-cü ildə Bərdəyə yürüşünü sovet tarixçilərindən ilk dəfə 1926-cı ildə A.Yakubovski İbn Miskəveyhin əsərinə əsasən işıqlandıra bilmişdir. 944-cü ildə rusların Bərdəyə yürüşü haqqında ən mükəmməl məlumatı İbn Miskəveyh verir. O, bu yürüş haqqında çox maraqlı hadisələr nəql edir. Bütün bunlar göstərir ki, İbn Miskəveyh Xəzərsahili ölkələr və burada baş verən siyasi hadisələrlə çox yaxından tanış olmuş, onları öyrənmiş və öz əsərində işıqlandırmışdır. Sonrakı dövrün müəllifləri haqqında bəhs etdiyimiz hadisəni bəzi dəyişiklərlə, əsas etibarilə, İbn Miskəveyhdən iqtibas etmişlər. Yalnız Moisey Kalankaytuklu və Nizami bu hadisəni yerli xəbərlərə əsasən müxtəsər halda vermişlər. Nizami Gəncəvi bu hadisəni ehtimal ki,
Təbəri tarixindən aldığı material əsasında bədii cəhətdən zənginləşdirmiş və işıqlandırmışdır. 944-cü ildə rusların Bərdəyə yürüşünü və burada baş verən hadisələri izah etmədən əvvəl, bu yürüşü doğuran səbəbləri aydınlaşdırmaq lazımdır. Hər şeydən əvvəl, bunun səbəbi Bərdə şəhərinin IX və X əsrin əvvəllərində inkişaf edərək Yaxın və Orta Şərq ölkələri içərisində iqtisadi, siyasi cəhətdən böyük əhəmiyyətə malik olmasıdır. X əsrin əvvəllərində Bərdə Yaxın Şərq ölkələrində nəinki özünün iqtisadi əzəməti, zəngin sərvətləri, sənət və ticarət bazarı ilə şöhrət tapmış, eyni zamanda mədəniyyət və maarif sahəsində də məşhur idi. Bərdə Yaxın və Orta Şərqdə şöhrət tapmış Məkki ibn Əhməd, Səid ibn Əmir, Əbdüləziz ibn Həsən kimi adlı sanlı alimlərin ana vətəni idi. İbn Miskəveyh 943 – 944-ci ilin hadisəsini ruslarin Bərdəyə gəlməsi məsələsi ilə başlayaraq bu hadisəyə öz əsərində xüsusi fəsil həsr etmişdir. O, qeyd edir ki, “həmin ildə Azərbaycana ər-Rus adı ilə məşhur olan xalqın qoşunu gəldi, onlar Bərdəyə hərəkət edərək onu tutdular və əhalisini əsir aldılar”.İbn Miskəveyh rusların Xəzər dənizinə hansı yolla gəlməsi haqqında məlumat vermir, yalnız qeyd edir ki, “ruslar dənizlə üzərək Kür adı ilə məşhur olan çayı yuxarı üzərək və Azərbaycandan axıb Xəzər dənizinə tökülən böyük çayın mənsəbinə gəldilər. Bu çay Dəclə ilə müqayisə edilən Bərdə çayıdır”. Bəzi tarixçilər belə güman edirlər ki, ruslar bu yürüş zamanı Qara dənizdən Qafqaz sahillərinə çıxaraq, oradan dağlarla Dərbəndə gəlmişlər. Xüsusilə Nizami Gəncəvinin bədii surətdə təsvir edilən “İskəndərnamə” poemasına əsasən, ruslar Dərbəndin möhkəm istehkamlarını keçə bilmədikləri üçün gəmilərə minib Kür çayının mənsəbinə gəlmiş və burada Kür çayı vasitəsilə yuxarı üzərək Bərdəyə çıxmışlar. Ruslar Bərdəyə yaxınlaşdıqda, onları Mərzubanın Bərdə hakimi qarşılayaraq, müqavimət göstərir. Onlarla rus dəstələri arasında vuruşma başlayır. İbn Miskəveyhin göstərdiyinə görə, Bərdə hakimi şəhəri müdafiə etmək üçün 300 nəfər deyləmli, 300 nəfər kürd və suluklardan (quldur) ibarət nizami və 5 minə qədər qeyri-nizami döyüşçü ilə, yəni təqribən 5600 nəfərlə ruslara müqavimət göstərmişdi. Bərdə ətrafında baş verən vuruşma uzun çəkmir. Təqribən bir saat sürən bu döyüşdə Bərdə hakimi məğlub olur, əvvəl nizami, sonra isə qeyri-nizami qoşun dəstələri qaçmağa başlayır. Bir saata qədər davam edən şiddətli döyüşlərdən ancaq süvari dəstələr qaçıb canlarını qurtara bilirlər. Ruslar qaçanları şəhərə qədər təqib edib, Bərdəyə daxil olur və şəhəri tuturlar.Ruslar şəhər əhalisinə xəbərdarlıq edirlər: “Bizim öhdəmizə, sizə yaxşı münasibət göstərmək, sizin öhdənizə isə bizə itaət etmək düşür”. Əhalinin bir qismi bu təklifi qəbul edir, başqa bir qismi isə buna razı olmayıb, ruslara basqın edirdilər. Bu zaman Azərbaycan hakimi Mərzuban bütün vilayətlərdən 30 minə qədər qoşun toplayaraq Bərdəni mühasirəyə alır. Hər gün səhər və axşam ruslarla vuruşur, lakin hər dəfə məğlubiyyətə uğrayaraq geri çəkilir. İbn Miskəveyhin yazdığına görə, Mərzuban “topladığı qoşunun çoxluğuna baxmayaraq, ruslara müqavimət göstərə bilmədi, hətta onun hücumu belə möhkəm təsir bağışlamadı”. Beləliklə, onlar arasında müharibə bir neçə gün davam etdi. İbn Miskəveyhin yazdığına görə, çox meyvə yedikləri üçün rusların arasında misri xəstəlik yayıldı. Bu xəstəlikdən çox adam tələf oldu. Mərzubanın planına görə, gecə vaxtı yolun müəyyən bir yerində pusquda qoşun dəstəsi qoyulmalı, başda Mərzuban özü olmaq şərti ilə, əsas qoşun dəstələri isə rusların üzərinə hücum etməli idi. Ruslar hücum edən qoşun hissələri üzərinə qalxdıqları zaman onlar geri dönüb qaçmalı idi. Şübhəsiz, o zaman ruslar qaçanları təqib edəcək və pusquda duran dəstələrin yanından keçdikləri zaman qabaqcadan müəyyənləşdirildiyinə görə, pusquda duranlar çıxıb, qaçanlar isə geri dönərək rusları araya alıb vuruşmalı idilər. Mərzuban gecə pusquya qoşun dəstələri qoydu, səhər isə əsas qoşunla hücuma keçdi. Müharibə başlanan zaman, qabaqcadan nəzərdə tutulduğu kimi, Mərzuban və onun qoşunları qaçmağa üz qoydular. Ruslar isə onları təqib etməyə başladılar. Mərzubanın sonradan dediyinə görə,
işarə verilməsinə baxmayaraq, onun adamlarından qaçanlar qorxudan geri dönmək istəmirdilər. Yalnız Mərzuban özü geri döndükdən sonra qardaşı və başqa adamları da dönmüş, sonra isə qoşun dəstələri qayıdaraq vuruşmağa başlamışdılar. Bu zaman pusquda duran dəstələr də vuruş meydanına atılmışlar. İbn Miskəveyhin yazdığına görə, bu vuruşmada 700 nəfər rus, o cümlədən onların rəisləri öldürülmüş, qalanlar isə qaçaraq qalaya girmişdilər.Beləliklə, Mərzuban hazırladığı hərbi fənd ilə də qələbə çala bilmir. O, qalanı uzun müddət mühasirədə saxlayaraq qələbə əldə edəcəyinə inanır. Lakin bu zaman Mosul hakimi Nasirəddövlənin qardaşı oğlu Əbu Abdullah Hüseyn ibn Səid Həmdan Azərbaycana hücum edərək, Səlmas vilayətini tutur. Bu xəbəri eşidən Mərzuban Bərdə qalasını mühasirədə saxlamaq üçün öz sərkərdələrindən birinin başçılığı altında 500 deyləmli, 1500 kürd süvarisi və2000 könüllüdən ibarət (cəmisi 4000-ə qədər) qoşun dəstəsi qoyaraq, özü əsas qoşun hissələri ilə Səlmasın müdafiəsinə gedir. Beləliklə, ölkənin cənubunda baş verən hadisələr Mərzubanı Bərdə şəhərini mühasirədə saxlamaq üçün lazım olan qoşun hissələrini qoyub əsas qoşun hissələri ilə cənuba getməyə məcbur edir.Mərzuban Səlmasa getdikdən sonra onun Bərdə mühasirəsindəki qoşun dəstələri müharibəni davam etdirərək qalanı mühasirədə saxlayırlar. V.Batroldun yazdığına görə, bu mühasirə uzun müddət davam etmişdir. Lakin uzunmüddətli mühasirə, müharibə və xəstəlik nəticəsində ruslar çox tələfat verirlər. Uzun müddət mühasirədə qalmağı faydasız hesab edən ruslar Bərdəni tərk etməyi qərara alırlar. İbn Miskəveyhə görə, onlar ələ keçirdikləri qiymətli şeyləri götürərək bir gecə Bərdəni tərk edib, Kür sahilinə hərəkət edirlər. Özləri ilə apara bilmədikləri şeyləri isə yandırırlar.

Ədəbiyyat siyahısı:
M.Şərifli “ IX əsrin II yarısı , XI əsr Azərbaycan feodal dövlətləri”.
Azərbaycan Tarixi II cild

YAZAR: Allahverdiyeva Vəsilə

YAZININ ARDI: Salarilər. Dövlətin yüksəliş dövrü və sonu

Həmçinin bax: Cənubi Qafqaz Sasani ağalığı dövründə-I hissə

Həmçinin bax: https://tehsilim.org/2021-ci-il-azerbaycanda-nizami-gencevi-ili-elan-edilib/