Şah İsmayıl Xətai

Plan:
Şah İsmayılın həyatı
Şah İsmayılın hakimiyyətə gəlməsi
Şah İsmayılın xarici siyasətinin istiqamətləri
Qızılbaşların silahları
Şah İsmayılın ölümü haqqında versiyalar

1. Şah İsmayılın həyatı
Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də nüfuzlu azərbaycanlı ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdur. İsmayıl ana tərəfdən də köklü bir ailəyə məxsus idi. Anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı idi. Ağqoyunluların Səfəvilərlə qohumluq əlaqələri yaratmaları bu sülalənin artan nüfuzu ilə bağlı idi. Lakin Ağqoyunluların Səfəvilərlə münasibəti sabit qalmır, Səfəvilərin günü-gündən artan qüdrəti onları qorxuya salırdı. Şeyx Heydər qəddarlıqla öldürülür, arvadı Aləmşah bəyim isə iki öğlu – İbrahim və balaca İsmayılla bərabər İstəxrdəki həbsxanaya salınır. Ağqoyunlu hökmdarı Sultan Yaqubun öldrülməsindən sonra hakimiyyət uğrunda gedən mübarizədə Rüstəm mirzə Səfəvilərdən istifadə etmək məqsədi ilə Şeyx Heydərin övladlarını həbsdən azad edir. Öz səhvlərini sonradan anlayan ağqoyunlular İsmayıl və ailəsini bir daha ələ keçirə bilmirlər. Şah İsmayıl Gilan hakimi Həsən xanın himayəsi altında Lələ Hüseyn bəy tərəfində tərbiyə edilir, bir dövlət xadimi kimiyetişdirilir.
Yeni qurulacaq dövlətin adının Səfəvilər olması İsmayılın ulu babalarından olan, el arasında Şeyx Səfi adlandırılan Şeyx Səfiəddin Ərdəbilinin (1252-1335) adından götürülmüşdür. (Tarixi şəxsiyyət I Şah İsmayıl Xətai:Ya bir yol seç, ya bir yol tap, ya da yoldan çəkil! Əntiqə Rəşidqızı,Ədalət.- 2010.- 8 iyun.- S. 5.)

2.Şah İsmayılın hakimiyyətə gəlməsi
1499-cu ildə İsmayıl və onun tərəfdarları hakimiyyəti ələ almağa qərar verirlər. Ağqoyunlular arasında hakimiyyət uğrunda gedən döyüşlər bunun üçün ən yaxşı şərait idi. İsmayıl və onun tərəfdarları bu əlverişli şəraiti dəyərləndirərək 70 nəfərdən ibarət bir dəstə ilə Ərdəbilə döğru hərəkət edirlər. Yolboyu onlara ustaclı, təkəli, varsaq, qacar, zülqədar, əfşar tayfalarından olan çoxlu adam qatılır. Onlar Ərdəbilə daxil olaraq, Şeyx Səfi məqbərəsini ziyarət edir, gələcək planları haqqında söhbətlər aparırlar. Digər ölkə və şəhərlərə dağılmış Səfəviyyə təriqətinin ardıcıllarını baş verəcək hadisələrlə xəbərdar etmək üçün elçilər göndərilir. İsmayılın başçılıq etdiyi əsas dəstə Gəncə, Qarabağ və Göyçə gölü istiqamətində hərəkət edir, Çuxursəddən keçərək Sarıqaya yaylağına gəlib çıxırlar. Qızılbaş dəstələrinin Ərzincana toplanması, İsmayılın tərəfdarlarının onun yanına axışıb gəlməsinə səbəb olur. Bu hadisə bir ilə qədər vaxt alır. Ərzincandakı toplantıdan Şirvan üzərinə yürüş qərarı çıxır.
1500-cü ildə İsmayıl yeddi minlik ordu ilə Şirvanşah Fərrux Yasarın iyirmi min atlı, altı min piyada ordusu ilə Şamaxı yaxınlığında Cabanü düzündə qarşılaşır. Fərrux Yasar məğlub olur və Buğurd qalaçasına qaçmaq istəyir. O, yolda Lələ Hüseyn bəyin yaxın adamları tərəfindən tutulub öldürülür. Daha sonra Şirvanşahların əsirləri tərəfindən həmin adamın Fərrux Yasar olduğu öyrənilir. Bu qələbədən sonra qızılbaş ordusu Bakı üzərinə yeriyir. Şirvanşahların paytaxtı Bakı şəhəri tutulmaqla yanaşı Şirvan xəzinəsi də ələ keçirilir. İsmayıl bundan sonra ordusu ilə Şamaxıya qayıdaraq Buğurd, Gülüstan və Surxab qalalarını ələ keçirməyə hazırlaşır. Gülüstan qalasının mühasirəsi zamanı Ağqoyunlu Əlvənd Mirzənin Culfaya hücum etmə xəbəri İsmayılı sərkərdələri ilə geri qayıtmağa vadar edir. Ağqoyunluların müxtəlif istiqamətlərdə hərəkət edən dəstələri qızılbaşlar tərəfindən məğlub edilir. Əlvənd Mirzə ilə İsmayıl arasında əsas döyüş Naxçıvan yaxınlığındakı Şərur düzündə baş verir. Əlvənd Mirzənin ordusunda Venesiyalıların köməyi ilə top və tüfənglərin olmasına baxmayaraq onlar məğlub olurlar. Əlvənd Mirzə kiçik bir dəstə ilə canını qurtarıb Ərzincana qaçır. Ağqoyunluların birinci qolunun məğlub olduğu bu şöhrətli qələbədən sonra İsmayıl Təbriz istiqamətində yol alır. O, burada özünü şah elan edirək Səfəvilər dövlətinin əsasını qoyur, adına xütbə oxudur. .( Tarixi şəxsiyyət I Şah İsmayıl Xətai:Ya bir yol seç, ya bir yol tap, ya da yoldan çəkil! Əntiqə Rəşidqızı,Ədalət.- 2010.- 8 iyun.səh 5.)

3. I Şah İsmayılın xarici siyasətinin başlıca cəhətləri
Ərəb xilafətinin tənəzzülü, xüsusən də səlcuq yürüşləri dövründən başlayaraq müsəlman şərqinin böyük bir hissəsində siyasi hakimiyyət türklərin əlinə keçmişdi. Misirdən tutmuş Hindistana və Xətaya qədər geniş bir ərazidə hökmranlıq edən müxtəlif türk sülalələri daim bir-biri ilə rəqabət halında olmuş, bu isə vaxtaşırı hərbi toqquşmalara aparıb çıxarmışdır. XVI əsrin əvvəllərində islam şərqində dörd türk xanədanı söz sahibi idi: Osmanlılar, Məmlüklər, Səfəvilər və Şeybanilər. Şah İsmayılın öz babası Uzun Həsənə məxsus olmuş məmləkəti bütünlüklə ələ keçirməsindən sonra Səfəvilər dövləti qərbdə Osmanlılar və Məmlüklər, şərqdə isə Şeybanilərlə həmsərhəd olmuşdu. Əslində gənc Səfəvi dövlətinin belə sürətlə genişlənməsi və inkişaf etməsi zəngin Azərbaycan, İran, İraq ərazilərini zəbt etməyi planlaşdıran Şeybanilər və Osmanlılar üçün arzuolunmaz bir sürpriz idi. Şah İsmayılın qonşu dövlətlərlə münasibətlərdəki mövqeyi onun babası Ağqoyunlu Uzun Həsənin xarici siyasəti ilə, demək olar ki, tam eyni idi. Uzun Həsən də şərqdəki Teymurilər və qərbdəki Osmanlılarla müharibələr aparmışdı. Sadəcə olaraq, Səfəvilər sülaləsi hakimiyyətə gəldikdən sonra qonşu dövlətlərlə münasibətlərdə bütün bu siyasi cəhətlərlə yanaşı, dini-ideoloji amil də dövriyyəyə daxil olmuşdu. İslamın sünni cərəyanının bayraqdarı olan Osmanlı və Şeybani dövlətləri rəsmi şiə məzhəbli Səfəvilər dövlətini təkcə hərbi-siyasi baxımdan deyil, ideoloji cəhətdən də özlərinə ciddi rəqib hesab edirdilər. Müasir italiyalı tarixçi A.Bauzani yazır ki, “din bu mübarizədə mühüm rol oynayırdı; özbək Şeybanilər də Səfəvilərin qərbdəki düşmənləri olan Osmanlılar kimi sünni idilər, buna baxmayaraq, bu üç qruplaşmanın hər biri türk mənşəli idi”. Eyni zamanda, Səfəvilər də geniş şiə təbliğatı aparmaqla özlərinə rəqib hesab etdikləri qonşu sünni sülalələrinin hakimiyyətini sarsıtmağa çalışır, şiə əqidəsindən onlara qarşı ideoloji silah kimi istifadə edirdilər. Seyid olduqlarını iddia edərək, hakimiyyət məsələsində “vilayət” (peyğəmbər nəslinin hökmranlıq sürməsi) prinsipini sərt şəkildə ortaya qoyan Səfəvilər özlərindən savayı islam şərqindəki digər müsəlman sülalələrinin hakimiyyətini qeyri-qanuni sayırdılar. Öz şeirlərində peyğəmbər və imamlar nəslinə mənsubluğunu qabardan Şah İsmayıl “müsəlmanəm deyənə rəhbərəm mən” misrasından da göründüyü kimi, özünü bütün islam aləminin lideri hesab edirdi. Bəzi islamşünas Qərb alimləri doğru qeyd edirlər ki, “Səfəvi xanədanı Məhəmməd peyğəmbərin yeganə legitim varisi olduğunu iddia edirdi və beləliklə də, bütün yaxşı müsəlmanların onların rəhbərliyinə tabe olmalarını tələb edirdi. Bu iddia, əlbəttə ki, bütün digər müsəlman hökmdarlarını onların düşməninə çevirmişdi”.
Tarixi faktlar göstərir ki, bu münaqişələrin başlamasında ilk addım məhz Osmanlı və Şeybani dövlətləri tərəfindən atılmışdır və həmin dövlətlərin Səfəvi ərazisinə olan işğalçılıq iddiaları müharibələrin baş verməsində mühüm rol oynamışdır. Etiraf etmək lazımdır ki, qonşu dövlətlərin işğalçılıq planlarına qarşı Şah İsmayıl heç də təkcə müdafiə olunmaq fikrində deyildi, onun özünün də geniş fatehlik planları mövcud idi. O, ata xətti (Ərdəbil şeyxləri) tərəfdən Məhəmməd peyğəmbərə, ana xətti (Ağqoyunlular) tərəfdən əfsanəvi türk hökmdarı Oğuz xana aparılıb çıxarılan şəcərəsinə əsaslanıb, sadiq türk Qızılbaş tayfalarına arxalanaraq, bütün türk-islam dünyasının birləşdiricisi rolunda çıxış etməyə çalışırdı. “(Namiq Musalı “I Şah İsmayılın Hakimiyyəti” əsəri”da onun öz dilindən “Rum ölkəsi üzərinə yürüşə çıxmaq”, “Toqatdan tutmuş Üsküdaradək” bütün Anadolunu, Mərkəzi Asiyada isə “Ceyhun çayı kənarından ta Dəşt və Xətay vilayətlərinə qədər” uzanan geniş əraziləri fəth etmək kimi işğalçılıq planları açıqlanır. Hətta qeyd olunur ki, Şah İsmayıl 1510-cu ildə Mərv yaxınlığında özbək hökmdarı Şeybani xanın öldürülməsi ilə başa çatan məşhur qələbəsindən sonra Çin imperatorunun (“fəğfur-i Çin”) Xətaya (həmin ərazi türk tayfalarının vətəni olub, Şərqi Türküstan adı ilə də məşhur idi) olan iddialarına işarə edərək, onu da eyni cür cəzalandıracağını ifadə etmişdi. Şeybani xanın başını Osmanlı sultanı II Bayəzidə (Bu hadisədən bir neçə il öncə Sultan Bəyazid Şah İsmaylın düşməni olan sultan Murada Şah İsmayılla döyüşmək üçün odlu silah və çoxminlik qoşun yardımı etmişdir) göndərən Şah İsmayıl qürurla bəyan edirdi: “Əgər [Sultan Bayəzid] öz ədəb ayağını hədd ətəkləri daxilinə yığışdırmasa və özbaşınalıq atına minərək bizim diyarımıza basqın etsə, onun da başını [Şeybani xanın] başı kimi kəsəcəyəm və Hind racasının dərgahına yüz həşəmət və ayin ilə göndərəcəyəm. Əgər Hind racası da [Sultan Bayəzidin] başını görüb ədəb-ərkan saxlamasa, onun da başını bədənindən ayırıb, Çin fəğfuru üçün sovqat göndərəcəyəm. Və əgər o da dargözlük edərək Xətadan dəm vurarsa, başını bədən yükündən azad edib, Firəngdəki Portuqal padşahına yollayacağam”. “(Namiq Musalı “I Şah İsmayılın Hakimiyyəti” əsəri”dan götürdüyümüz bu parça gənc Səfəvi şahının böyük iddialarını simvolizə edir. Mərv qələbəsindən sonra Səfəvi padşahı özünü “Türküstan taxtının və tacının varisi” kimi qələmə verməyə başlamışdı. Şah İsmayılın hərbi işğalçılıq planlarının açıqlanması baxımdan mühüm əhəmiyyət kəsb edən bir şeirindəki bəzi beytlər “(Namiq Musalı “I Şah İsmayılın Hakimiyyəti” əsəri”nın bu yöndəki faktlarını təsdiq edir:
“Qamu Rum-u Çin-ü Xorasan-u Şam,
Açar bir bəy igid bunları tamam”.
“Alıb Şam-u Rumı müsəxxər qılıb,
Pəs ondan həva-yi Firəng eylərəm”
H.Braunun təbirincə desək, “onun məqsədi özünün və öz ardıcıllarının hökmranlığını bütün istiqamətlərdə mümkün olduqca uzağa yaymaq və bu hökmranlığı sərəncamında olan bütün vasitələrdən, o cümlədən də dindən istifadə etməklə qorumaq idi”.
Beləliklə, yarandığı ilk dövrdən başlayaraq Azərbaycan Səfəvilər dövləti beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərirdi. Keçmiş Ağqoyunlu məmləkətinin fəthindən sonra Şah İsmayılın hərbi-siyasi fəaliyyətində yeni bir mərhələ başlamışdı ki, bu da özündə qonşu dövlətlərin mümkün hücumlarından qorunmaq və həmin dövlətlərin ərazisi hesabına öz imperiyasının sərhədlərini genişləndirmək planlarını ehtiva edirdi.. (Namiq Musalı “I Şah İsmayılın Hakimiyyəti” səh.178,180)

4.Qızılbaş ordusunun silahları
(Namiq Musalı “I Şah İsmayılın Hakimiyyəti”-əsərində göstərilir ki, hər bir Qızılbaş döyüşçüsünün qılıncı, oxu, kamanı, nizəsi, qalxanı və atı vardı. Bu məlumatı Anciolello da təsdiq edir. O yazır ki, Səfəvi əsgərləri dəbilqə örtürlər, hamısı süvaridirlər, nizə, qılınc, qalxan, kaman, ox və toppuzla silahlanırlar. Portuqaliyalı elçi A.Tenreiro Qızılbaşlar haqqında eyni vəziyyəti müşahidə etmişdir: “Onlar bəslədikləri yaxşı atlarla və madyanlarla gəzirlər. Oxla, qılınc və ya pala ilə, möhkəm qalxanlarla yaxşı təchizata malikdirlər… Mizraqdan da istifadə edirlər”. Uzun müddət tarixşünaslıqda Səfəvi ordusunun odlu silahlara yiyələnməsi I Şah Abbasın hərbi islahatları ilə əlaqələndirilsə də, aparılan tədqiqatlar artıq XIV-XV əsrlərdə Azərbaycanda odlu silahların ilk nişanələrinin mövcud olduğunu üzə çıxarmışdır. “Səfəvilər hələ lap əvvəldən odlu silahlara malik idilər”, lakin onların ixtiyarındakı bu cür silahların sayı olduqca az idi. “(Namiq Musalı “I Şah İsmayılın Hakimiyyəti” əsəri”ya əsasən, qızılbaş ordusu 1502-ci ildə Əlvəndə qarşı Təbrizdəki küçə döyüşlərində, 1505-ci ildə Yəzd şəhərinin alınması zamanı Məhəmməd Kərrəyə, 1508-ci ildə Zülqədər bəyliyinin qoşunlarına qarşı, 1509-10-cu ilin qışında Yəzd şəhərini özbəklərdən müdafiə edərkən, 1512-ci ildə Orta Asiyadakı Qərşi qalasının alınması vaxtı, 1515-ci ildə Diyarbəkr uğrunda döyüşlərdə tüfəngdən istifadə etmişdi. Şah İsmayılın Urgənc hakimi Barsil xanın köməyinə göndərdiyi qoşunun daxilində tüfəngçilər də vardı10. Tüfəngdən atəş açmaq üçün barıt və qurğuşundan istifadə edilirdi. Almabulağı döyüşü ərəfəsində və ondan sonra qızılbaşlar Sultan Muradın ordusundan hərbi qənimət kimi “ərradə” adlanan xüsusi ara balar üzərində yerləşdirilmiş toplara və “xərpa-yi cəng” adlanan artilleriya qurğularına yiyələnmişdilər. Həmçinin 1515-ci ildə Diyarbəkr döyüşlərində Qaraxan Ustaclunun əsgərləri Osmanlılardan 2 böyük top və bir neçə ədəd badlic ələ keçirmişdilər. I Şah İsmayıl zamanında qızılbaş ordusunun odlu silahlara malik olması digər Səfəvi mənbələri ilə də təsdiqlənir. Bu məlumatlara görə, qızılbaşlar 1501-ci ildə Bakının alınması zamanı top və tüfəng işlətmiş, eyni ildə Şərur döyüşündə, 1505-ci ildə Yəzdin alınması vaxtı, 1506-cı ildə Şir Saromun kürdləri ilə vuruşmada, 1507-ci ildə Əlaüddövlənin ordusu əleyhinə, 1521-ci ildə Heratın özbəklərə qarşı müdafiəsi zamanı tüfəngdən istifadə etmişdilər. Həmçinin venesiyalı tacir, Məhəmməd xan Ustaclunun əsgərlərinin kürdlərə qarşı Həsən-keyfini mühasirəsi əməliyyatlarında 2 mortiradan və 3-4 “əcəmi formalı, kiçik lüləli muşketdən” istifadə etdiklərini bildirmişdir. Qızılbaşlar arasında odlu silahların çox da intişar tapmaması əsasən onunla əlaqədar idi ki, bu cür silahlar üçün tələb olunan piyada qoşunlar çevik əməliyyatlar keçirməyə üstünlük verən süvari Qızılbaş ordusunun sürətli yürüş və manevr imkanlarını olduqca aşağı sala bilərdi. Buna görə də, yuxarıdakı faktlardan göründüyü kimi, Səfəvi ordusu sürət və çeviklik tələb edən uzaq yürüşlərdə və səhra müharibələrində deyil, əsas etibarilə küçə döyüşlərində və qala mühasirələrində odlu silahlara müraciət edirdi. Bundan əlavə, Şah İsmayılın Sultan Səlimə “(Namiq Musalı “I Şah İsmayılın Hakimiyyəti” əsəri”da əksini tapmış müraciətindən və digər faktlardan göründüyü kimi, qızılbaşlar odlu silahlara həvəs göstərmir və ondan geniş istifadəni qorxaqlıq və namərdlik hesab edirdilər. Ümumiyyətlə, “(Namiq Musalı “I Şah İsmayılın Hakimiyyəti” əsəri”nın mətnində odlu silahlardan badlic, xərpa-yi cəng, top, tüfəng, tüfəng-i kuçek-xəzaneyi (kiçik xəzinəli tüfəng) və zərbzən, soyuq silahlardan əmud, gürz, toppuz (əzici silahlardır), təbərzin, nəcəq (balta növləridir), şəmşir, tiğ (qılınc növləridir), xəncər, dəşnə (qısa, nazik və düz xəncər), nizə, sinan (mizraq), xədəng, navək, peykan (ox adlarıdır), tir-ü kaman (ox və yay), döyüş ləvazimatından isə bərkəstəvan (döyüş zamanı atlara geyindirilirdi), kəmərbənd, bazubənd, tərk (dəbilqə), zireh, cövşən, xəftan, çaharayinə (döyüşçü geyimləridir), qılaf (qılınc qabı), sipər (qalxan), tirkeş və ya qarban (çiyindən asılan dəri oxqabı) və s. adı çəkilir. Şah İsmayıl qiymətli silahlardan ibarət kolleksiyaya malik idi. Burada vaxtı ikən müxtəlif xanədanların (Ağqoyunlu, Qaraqoyunlu, Məmlük, Teymuri) hökmdarlarına məxsus olmuş silahlar saxlanılırdı.. (Namiq Musalı “I Şah İsmayılın Hakimiyyəti” səh. 333-336)

5. Şah İsmayılın ölümü haqqında versiyalar
Şah İsmayıl 1524-cü il mayın 23-də vəfat edib. Şahın ölümü ilə bağlı müxtəlif versiyalar var.

I versiya – Çaldıran məğlubiyyəti

Onlardan biri budur ki, Şah İsmayıl Çaldıran döyüşündəki məğlubiyyətdən sonra dərin sarsıntı keçirir və bu, onun sonunu gətirir. Halbuki bəzi faktlar Çaldıran döyüşünün elə də ciddi savaş olmadığını, bundan sonra Xətainin bir sıra döyüşlərə qatıldığını, qalib gəldiyini aşkara çıxarır.

Qaynaqlarda Şahın qorxmaz, cəsur və çox güclü bir sərkərdə olduğu yazılır. Osmanlı sultanı Yavuz Səlim məktublarında Şahı əsəbiləşdirmək üçün onun qorxaq olduğuna eyham vururdu. Halbuki Çaldıran döyüşü zamanı Yavuz bir təpə başından döyüşü izlədiyi halda, Şah İsmayıl meydana atılmış, qısa zaman ərzində Osmanlının ən güclü sərkərdələri ilə təkbətək döyüşmüş və onları məğlub etmişdi. Şah İsmayılın öldürdüyü osmanlı sərkərdələrindən biri də Malqoçoğludur. Haqqında nağıllar yazılan, filmlər çəkilən Malqoçoğlu Osmanlı ordusunun ən güclü sərkərdələrindən idi. Osmanlı mənbələri Şah Xətainin döyüş zamanı Malqoçoğlunu qılınc zərbəsi ilə iki yerə böldüyünü yazır.

Bu faktlara baxanda cəsur, dözümlü, qorxmaz Şah İsmayılın məğlubiyyət sarsıntısına görə ölməsi haqda iddialar sıradan çıxır.

II versiya – İçki alüdəçiliyi

Tarix üzrə fəlsəfə doktoru Namiq Musalı yazır ki, dini motivli dövlət qurmasına baxmayaraq, bəzi qərəzli tarixçilər Şahı, az qala, içki düşkünü kimi təqdim edirlər:

“Türkiyəli tarixçi Faruq Sümər qeyd edir ki, Şah İsmayılın “miniatürlərə görə, saqqalı taraş olunmuş, uzun bığlı, türkman üzlü bəyləri ilə gecə-gündüz içdiyini bilirik”. Tədqiqatçı miniatürlərdə əksini tapmış qabların içərisindəki içkinin məhz şərab olduğunu necə müəyyənləşdirdiyini bildirməsə də, qərəzlə iddia edir ki, “içkiyə qarşı hədsiz düşkünlüyü onun gənc yaşında həyata vida etməsində, hər halda, çox mühüm bir amil olmuşdur”.

Halbuki mötəbər mənbələr Şah İsmayılın şərab içilməsinə və sərxoşluğa qarşı mənfi münasibət göstərdiyini qeyd edirlər. İfrat eyş-işrətdən xoşlanmayan Şah İsmayıl hətta qonşu hökmdar Sultan Hüseyn Bayqaranın ona hədiyyə göndərdiyi rəqqasələr qrupunu da acıqla geri qaytarmışdı.

Dini ideologiyanı əldə rəhbər tutaraq, öz səltənətini müqəddəslik örtüyünə bürüməyə çalışan Şah İsmayıl ibadətə xüsusi fikir verirdi. Onun İraqdakı Kərbəla, Nəcəf, Kazimeyn, Samirə ziyarətgahlarında, İmam Rzanın Məşhəddəki məqbərəsində xüsusi rituallar həyata keçirdiyi məlumdur. O, hətta Nəcəfdəki Həzrət Əli məqbərəsində saatlarla təkbaşına ibadət etmişdi. Bəzi vaxtlarda isə bütün gecəni oyaq qalaraq, minacatla məşğul olurdu”.

Mənbələrdə Şah İsmayılın Həzrət Əlinin mədhinə bədahətən 35 beytlik qəsidə dediyi xatırladılır.

III versiya – Ağır xəstəlik

Şah İsmayıl öz silahdaşları ilə ov etməyi xoşlayırdı. O tez-tez ətrafına adamlarını yığıb, Azərbaycanın səfalı yerlərinə gedər, dağlara çıxar, ov edərdi.

1524-cü ilin baharında Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb, şaha təzim edir. Şah ov etmək həvəsində olduğu üçün əmr verir ki, Gürcüstanla Şəki arasında yerləşən və Şahdağı adı ilə məşhur olan yerdəki vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağına pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların Şahdağında ovlanması uğursuzluq əlaməti hesab olunurdu. Bu məsələni şaha desələr də, o buna məhəl qoymur və ovun başlamasını əmr edir. Hökmdar çoxlu cüyür və saysız-hesabsız vəhşi heyvanı Şahdağında ovlayıb, Ərdəbilə qayıdır. Lakin yolda xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olur.

Həkimlərin müalicəsi fayda vermir və Azərbaycanın tarixinin ən qüdrətli hökmdarı Şah İsmayıl 23 may 1524-cü ildə, axşam saatlarında vəfat edir (Bəzi mənbələrdə onun vərəm xəstəliyindən öldüyü yazılır). Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər.

Abbasqulu Ağa Bakıxanov “Gülüstani İrəmdə” yazır: “Hicri 930-cu ilin əvvəllərində (miladi 1524) Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şeir söyləməyə də mail idi”.

Azərbaycan torpaqlarında güclü dövlət ənənəsini formalaşdıran Şah İsmayıla zaman-zaman qara yaxmağa, hətta bu kampaniyanı onun ölümü üzərindən aparmağa çalışsalar da, tarixi faktlar hər dəfə bu cəhdləri alt-üst edərək, Böyük Şahı layiq olduğu yerdə – zirvədə saxlayır

ƏDƏBİYYAT SİYAHISI
Namiq Musalı-Şah İsmayılın hakimiyyəti
.( Tarixi şəxsiyyət I Şah İsmayıl Xətai:Ya bir yol seç, ya bir yol tap, ya da yoldan çəkil! Əntiqə Rəşidqızı,Ədalət.- 2010-məqalə
Mehman Süleymanov-Şah İsmayıl Səfəvi, Bakı, Elm və təhsil,2018

YAZAR: Fidan İbadova
Həmçin bax: https://tehsilim.org/miq-imtahanlari-davam-edir/
Həmçin bax: https://turaz.org/lisey-ve-gimnaziyalara-qebul-imtahanlari-kecirilir/
Həmçin bax: Difainin quruluşunda rol oynamış şəxsiyyətlər