Sərbəst insanlar ölkəsində
“Sərbəst İnsanlar Ölkəsində” əsəri 1930-cu ildə yazılmışdır. Bu əsər də Əhməd bəy Ağaoğlunun alleqorik əsərlərindən biridir. Əsərdə müəllif əsarət zəncirlərini qıraraq qaçan bir türkün demokratik ölkəyə gəlməsi və bu ölkənin vətəndaşı olması üçün nələr etməli olduğunu göstərir. Ə.Ağaoğlu “Sərbəst İnsanlar Ölkəsi” deyə adlandırdığı bu xəyali ölkənin başqalarının hüquqlarına sayğı göstərən, qanunlarla idarə olunan bir yer olduğunu göstərir. Ölkənin yaşayış tərzi, qanunları əsərdə utopik mənada şərh olunur.
Əhməd bəy kitabın ön sözünə filosof Monteskyenin fikirləri ilə başlayır. “Monteskyenin “Qanunların ruhu” adlı əsərində hakimiyyət biçimlərindən bəhs edərkən, deyir ki: “İstibdad – yəni şəxsi hakimiyyət – məşrutiyyət, – şərəfə, respublika da – ləyaqətə dayanır”. Bu bölgü hələ də məna və əhəmiyyətini itirməyib. Şəxsi hakimiyyət zamanı xalq – tək şəxsin şıltaq və həvəsinə tabe olduğundan, milyonlarca insanın bu şıltaqlıq və həvəsə itaət etməsi üçün yeganə çarə xalqı qorxutmaq və xof içində saxlamaqdır. Bax, buna görə də, istibdad, tərbiyə və təlimdən başlayaraq, idarə üsullarınadək, hər şeydə qorxu aşılamağa söykənir.
Konstitusiyalı monarxiya zamanı hakimiyyət hökmdarla imtiyazlı bir sinfin əlindədir. Bu ortaq hakimiyyətin yaşaya bilməsi üçün bəllidir ki, hər iki tərəf birbirinə sədaqət göstərməli və bağlı olmalıdır. Yəni şərəf şərt sayılır. Respublikaya gəlincə, orada hakimiyyət bütövlüklə xalqın əlindədir və xalqa aiddir: əhalidən hər kəsin idarəçiliyə qatılmaq haqqı vardır. Aydındır ki, milyonlarca insanın qatıldığı idarəçiliyin öz varlığını sürdürməsi və bəyənilməsi üçün bu insanlar yüksək vəzifə və məsuliyyət duyğularına, üstün əxlaqi dəyərlərə yiyələnməlidirlər; yəni respublika zamanı vətəndaşların ləyaqətli olmaları şərtdir.”
Əsər belə başlayır : “Mən bir əsir idim; azad olmaq istədim. Zəncirlərimi qırdım, qala divarını deşdim və açıqlığa çıxaraq dərindən nəfəs aldım. Önümdə geniş bir çöl vardı. Hara gedəcəyimi, necə davranacağımı bilmirdim. Çaşqın-çaşqın bir neçə addım atdım. Bir də gördüm ki, iki yolun ayrıcındayam və yerə basdırılmış bir dirəyin üstündəki bu yazını oxuyuram:
Sol tərəfə gedən yol Azadlıq yoludur.
Sağ tərəfə gedən yol köləlik yoludur.
Sol tərəfi tutdum, səhərə qədər getdim. Dan yeri ağaranda gördüm ki, bir qalanın önündəyəm. Qala qapısının üzərinə qızıl hərflərlə yazılmış bu lövhəni oxudum: Sərbəst insanlar ölkəsi “Əsl mən istəyən yerdir” deyib qapıdan içəri girmək istədim. Keşikçilər yolumu kəsdilər:
— Sən kimsən? Hardan gəlib haraya gedirsən? – deyə soruşdular.
— Mən bir əsir idim, zəncirimi qırıb buraya gəldim. İndi azad olmaq istəyirəm, – dedim. Keşikçilər diqqətlə baxdılar. Boynumda zəncirin, qollarımda buxovların izləri bəlli idi.
—Hə, görürük. Əsarətin görünən bağlarını qırmısan. Ancaq iç zəncirlərini də söküb atmısanmı? – deyə soruşdular.
—Anlamadım.
—Elə isə bu suallara cavab ver:
Tamahına yiyə durursanmı?
Doğrunu sevirsənmi?
Həqiqətə dözümün varmı?
Ləyaqət sahibisənmi?”
Əhməd bəyin təsvir etdiyi sərbəst insan ölkəsinin öz qayda qanunları vardı. Bəs bu qaydalar nə idi? Sərbəst, azad yaşamaq üçün insana nə lazım idi?Ümumi əsaslar:
1.Azadlıq dəyərli bir vergidir.
2.Azad olmaq üçün çox dəyərli olmalısan. Fikir təmizliyi, söz təmizliyi və əməl təmizliyi azadlığın əsaslarıdır.Tamahlarına yiyə durmayanlar azad ola bilməzlər.
3.Söz sadəliyi və yaşayış sadəliyi azadlığın şərtləridir.
İkinci başlıqda isə: “Sərbəst insanlar ölkəsinin əsas yasası”
Yasada aşağıdakı maddələr qeyd olunmuşdu:
1.Azadlıq doğruya və cəsarətə söykənir;
2.Yalan, sərbəst insanlar ölkəsində tam yasaqdır. Bu azara tutulan ölkə xaricinə çıxarılır;
3.İkiüzlülük və yaltaqlıq ən ağır günahdır. Bu günaha batanlar hamılıqca daşa tutulurlar;
4.Çuğulluq edənlər sərbəst insanlar ölkəsinin vətəndaşlığından çıxarılırlar;
5.Qorxaqlıqla sərbəst ölkə vətəndaşlığı bir araya sığmaz;
6.Sözlə və işlə başqasına qəsd edənlər ölkədən çıxarılır;
7.Hiylə işlədənlər və araqarışdıranlar vətəndaşlıqlarını itirməklə cəzalandırılırlar;
8.Haqqı qorumaq vəzifədir. Bu vəzifəni gerçəkləşdirməyənlər ölkəni tərk edirlər;
9.Çalışmaq vəzifədir. Çalışmadan yaşamaq istəyənlər ölkənin xeyrinə pulsuz çalışmağa məcbur olunurlar;
10.Dözüm və yardım göstərmək vəzifədir. Bu vəzifəni yerinə yetirməyənlər ölkə vətəndaşlığını itirirlər;
11.Ölkə işlərini görmək yalnız təcrübə və ixtisas sahiblərinin haqqıdır;
12.Hər bir vətəndaş ölkə məmurlarının fəaliyyətini yoxlaya bilər;
13.Hər bir məmur və hər hansı vətəndaş gördüyü işlər və əlindəki sərvət haqqında hər an hesab verməyə hazır olmalıdır. Hesabatdan qaçanlar ağır cəzaya və vətəndaşlıq haqqını itirməyə məhkum olunurlar;
14.Yuxarıdakı maddələri əzbərləmək və onlara əməl etmək hər bir vətəndaşın borcudur.
Əsərin növbəti səhifələrində bu qanunların açılışını verir və azadlığın əslində nə demək olduğunu izah edir.“İnsanlar qorxaq doğulmazlar” başlıqlı hissədə isə qorxaqların Sərbəst insanlar ölkəsində yeri olmadığını və bunun bir qəbahət olduğu deyilir. Belə izah olunur: “İnsanlar qorxaq doğulmazlar. Onları qorxağa çevirən bizlərik. Ailə və məktəbdə verdiyimiz tərbiyə, hökumətdə istifadə etdiyimiz üsullardır vətəndaşı qorxağa çevirən. Uşağa cinlərdən, pərilərdən, süpürgəsaqqallardan, divlərdən, ruhlardan söz açıb qorxutmaq istəyirsinizsə, həmin uşağın ruhuna ta beşikdən qorxaqlıq toxumunu əkmiş olacaqsınız!
Bu uşaq böyüyüb həyata qarışdığı zaman atasının yumruğundan və polisin dəyənəyindən başqa özünə ağıl öyrədəcək vasitə tapmayacaqsa, doğulduğundan bu yana şəxsiyyəti qırılar, ruhu əzilər, mənliyini itirər, şərəf və ləyaqət duyğusunu unudar və hər şeydən vahimələnər, təklənib heyvan kimi hər şeydən hürkməyə başlayar”Əsərin bir hissəsində isə fədakarlıq belə izah edilir: “Məktəbdə müəllimlər, ailədə ata-analar, ədəbiyyatda ədiblər, şair və mütəfəkkirlər mənfəətbazlıq kimi ruhi çatışmazlığa qarşı güclü mübarizə aparmağa borcludurlar. Bu baxımdan müəllim və yazıçıların rolu daha böyükdür.
Müəllimlər uşaqlarda gözə çarpan özünəvurğunluq meyllərinin dərhal qarşısını almalı, bu meyllərin iyrənc olduğunu şagirdlərə anlatmalı, yeri gələndə cəza verməkdən çəkinməməlidirlər. Yazıçılar isə öz əsərlərində fədakarlığı alqışlamalı, fədakar qəhrəmanları örnək göstərməlidirlər. Bir teatr səhnəsində fədakar bir qəhrəmanın haqq və cəmiyyət yolunda özünü fəda etməsinin ruhumuzda necə dərin təsir buraxdığını yəqin hər kəs müşahidə edib. Müəllim və yazıçıların beləcə aşıladıqları fədakarlıq qabiliyyətini cəmiyyət həyatda gerçəkləşdirib daha da qüvvətləndirməlidir. Özünəvurğunluğa qarşı nifrət aşılamaq, onun iyrənc bir keyfiyyət olduğunu göstərmək, fədakarlığı isə istədib bəyəndirmək, yaymaq ağlı başında olan cəmiyyətin ən önəmli vəzifəsidir.
Fədakarlıqla özünəvurğunluq arasında fərq görməyən bir cəmiyyət, özünə qarşı da biganə və vecsiz qalır. Aydın məsələdir ki, belə cəmiyyət xoşbəxt ola bilməz!”Bu əsərdə azad olmaq istəyən adam pirlərin müşayiəti ilə Sərbəst insanlar ölkəsinin parlamentində, universitetində, məktəbində, zavodunda, kitabxanasında olur və maddələr haqqında yetəri qədər düşünüb məlumat alır, anlamadıqlarını soruşur, öyrənir. Köhnə vərdişlərdən əl çəkib yeni qanunlarla yaşamaq çox çətin idi və ümumiyyətlə bu ölkənin necə çətinliklə yarandığını, buranın sakinlərinin bura necə alışdığını ağlında tutaraq bütün çətinliklərə tab gətirir. Beləliklə, o buranın sakini olmağa qərar verir və azadlığa sadiq qalacağına, “Sərbəst insanlar Ölkəsi Qanunu”nun maddələrinə əməl edəcəyinə and içir.
Yazar: İlahə Şıxəliyeva
Həmçinin bax: Azərbaycan əhalisinin daxili və xarici miqrasiyaların coğrafiyası
Həmçinin bax: turaz.org/sabah-havanin-temperaturu-36-dereceye-catacaq/