Rütubətli və yarımrütubətli subtropik meşələr zonası
- Sarı dağ-meşə torpaqları
- Podzollu sarı torpaqlar
- Podzollu-qleyli-sarı torpaqlar
Rütubətli və yarımrütubətli subtropik meşələr zonası. Respublikamızda rütubətli subtropik zona Lənkəran vilayətində dənizsahili ovalıq və alçaq dağlıq qurşağında 500-600 m-dək yüksəklikdə inkişaf etmişdir. Vilayətdə orta illik temperatur 14,0-14,30-dir. Ən soyuq ayın -yanvarın temperatur 0-30 arasında tərəddüd edir. Ərazinin ovalıq hissəsində fəal temperatur 4400-45000, yağıntıların illik miqdarı isə 1300-1400 mm-dir. Sarı torpaqların yayıldığı ərazilərdə ilin böyük dövrü yüksək rütubətlənmə şəraiti hakimdir. Bu isə yuyucu su rejiminin yaranmasına səbəb olur. Zonada 3 torpaq tipi ayrılır: sarı dağ-meşə, podzollu-sarı, podzollu-qleyli-sarı torpaqlar.
Sarı dağ-meşə torpaqları coğrafi cəhətdən dağətəyi və alçaq dağlıq qurşaqda dəniz səviyyəsindən 50-100 m-dən 600-700 m-dək yüksəkdə, parçalanmış yamaclarda yerləşir. Sarı dağ-meşə torpaqları enliyarpaqlı hirkan meşələri –dəmirağacı, palıdlı-vələsli-dəmirağacı, vələsli palıdlı və meşəaltı ot bitkilərinin də inkişaf etdiyi palıd meşələri altında formalaşırlar. Bu meşələrdə qalın meşə döşənəyi əmələ gələ bilmir. Onun qalınlığı çox vaxt 1-3 sm təşkil edir.
Torpağın A1 horizontunda humusun miqdarı 7,6% təşkil edir. Profilboyu aşağıya doğru hərəkət edərkən A2 qatında humusun miqdarı kəskin şəkildə, sonra isə tədricən azalır. İlboyu isti mövsümün çox davam etməsi nəticəsində üzvi maddələrin minerallaşması çox intensiv getdiyindən torpaqda daha yüksək miqdarda humus maddəsi toplana bilmir. A1 horizontunda udma tutumunun orta miqdarı 39,8 mq-ekv təşkil edir. Udulmuş kationlar arasında kalsium və maqnezium 95%, natrium və kalium 2,4%-dək, hidrogen (alüminium) isə 1%-dən 3%-ə qədərdir. Torpaq mühitinin reaksiyası zəif turşdur (pH-5,8).
Podzollu sarı torpaqlar Azərbaycan Respublikasında Lənkəran vilayətində dağətəyi düzənliyin Xəzər abrazion-akkumlyativ terraslarında yayılmışdır. Podzollu sarı torpaqlar qrunt sularının dərində olmadığı yuyucu su rejimi şəraitində inkişaf edir. Bu torpaqların yayıldığı ərazilərdə torpaqəmələgəlmə prosesi izafi səthi və qrunt rütubətlənməsi və pH-ın qiymətinin xeyli aşağı olduğu bir şəraitdə gedir.
Podzollu sarı torpaqlarda onu sarı dağ-meşə torpaqları ilə yaxınlaşdıran bir sıra əlamətlər mövcuddur. Bunlardan udma tutumunun yüksək olması, əsaslarla yüksək dərəcədə doyması, turşuluğun profil üzrə ümumi gedişi, profilin yuxarı hissəsinin silisium-oksidlə, aşağı hissəsinin isə dəmir və alüminium biryarım oksidləri ilə zənginləşməsi, yüksək gilləşmə və lil hissəciklərinin mineroloji tərkibinin oxşar olmasını göstərmək olar. Bu torpaqların üst çürüntülü-akkumlyativ qatında humusun miqdarı 6,2-6,5% arasında dəyişir. Bu torpaqların tipik növlərində bir qayda olaraq üst qatlardan aşağıya doğru humusun miqdarı əvvəlcə kifayət qədər kəskin şəkildə, daha sonra tədricən azalır. Humusun xeyli hissəsi dəmir-oksidləri ilə birləşmişdir.Təsvir edilən torpaqların üst qatında udma tutumunun miqdarı 21,7 mq-ekv. təşkil edir. Udulmuş əsaslar içərisində Ca2+ və Mg2+ üstünlük təşkil edir. Torpağın üst qatlarında udulmuş hidrogen və alüminiumun miqdarı 3,7-0,7 və 1,7-0,3%-dir. Mühitin reaksiyası turşdur (pH 5,3-5,5).
Podzollu-qleyli-sarı torpaqlar Lənkəran vilayətində dənizkənarı ovalığın nisbətən cənub hissəsində alçaq terraslarda, relyefin çökək hissələrində yayılmışdır. Podzollu-qleyli-sarı torpaqlar hirkan meşələri altında inkişaf etmişdir.
Ərazidə payız, qış və yaz fəsillərində qrunt sularının səviyyəsi yer səthindən 1 m hündürlüyə kimi qalxır. Bununla əlaqədar torpaqların profili yüksək dərəcədə rütubətlənmiş vəziyyətdə olur. Bu zaman suda asan həll olan maddələr profil boyu aşağıya hərəkət edir. İsti və nisbətən quraq yay mövsümündə qrunt sularının səviyyəsi yer səthindən 2-2,5 m-dək aşağı düşür. Torpaqların üst hissəsinin rütubətliliyi kəskin şəkildə azalır, torpaqların aerasiyası yaxşılaşır. Bu zaman oksidləşmə prosesi profilin üst hissəsini əhatə edir, asan həll olunan maddələrin profildən yuyulub aparılması müşahidə edilmir. Yağmurlu, temperaturun aşağı olduğu mövsümdə torpağın üst qatında pH-ın qiymətinin aşağı düşməsi, mütəhərrik alüminium və dəmir birləşmələrinin miqdarının nisbətən artması müşahidə olunur. Burada A1 və A2 qatları arasında aydın sərhəd seçilmir, üst qat çox vaxt suvarma və plantaj becərməsinin təsirinin müşahidə edildiyi qarışdırılmış mədəni qatdan ibarət olur. Bu torpaqlar üçün bərkimiş əkinaltı B2 qatının olması səciyyəvidir. Həmin qatın mövcud olmasını çox vaxt suvarma ilə izah edirlər. Əkinaltı bərkimiş qatın olması, qarnulometrik tərkibi ilə əlaqədar olaraq bu torpaqlar suyu çox zəif keçirir. Buna görə də çox vaxt səthdə səth sularının toplanıb dayanması müşahidə olunur. Bu isə öz növbəsində AB horizontunda qleyləşmə prosesinin inkişafı üçün əlverişli şərait yaradır. Ancaq qrunt sularının təsiri altında profilin aşağı hissəsindəki B və BC horizontlarında güclü qley əmələgəlmə prosesinin inkişafı bu torpaqların ən səciyyəvi əlamətlərindən hesab olunur. Çay plantasiyaları altında humusun miqdarı 3,2-3,4%-ə qədər dəyişir. Profilboyu humusun miqdarının xeyli kəskin şəkildə azalması müşahidə olunur. Humusun tərkibi fulvat tiplidir.Təsvir edilən torpaqlarda udma tutumunun miqdarı 30 mq-ekv-ə çatır. Udulmuş kationlar içərisində Ca2+ üstünlük təşkil edir və udma tutumunun 66-78%-ni təşkil edir. Podzollu-qleyli-sarı torpaqlarda mühitin reaksiyası zəif turşdur.
YAZAR: İsmayılova Səbinə
Həmçinin bax: Aktinobakteriyaların quruluşu
Həmçinin bax: turaz.org/dovlet-qullugu-uzre-sertifikat-elde-etmis-sexslerin-nezerine/
Həmçinin bax: tehsilim.org/yeni-elektron-xidmet-istifadeye-verilib/