Məmməd Əmin Rəsulzadənin əsərləri və fəaliyyəti
Xülasə
Bu məqalədə Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk dünyasında deyil, bütün İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın böyük oğlu Məmməd Əmin Rəsulzadənin əsərlərini, siyasi fəaliyyətini, yaşamı və mübarizəsini əks etdirən hadisələrə yer verilmişdir. Onun bəzi xarici ədiblərdən dilimizə çevirdiyi tərcümələri, müxtəlif ölkələrdə nəşr olunan şeirləri də bu məqalədə öz əksini tapmışdır.
Giriş
Məmməd Əmin Rəsulzadə 31 yanvarr 1884-cü ildə Bakının Novxanı kəndində dindar ailədə anadan olmuşdur. Atası Axund Hacı Molla Ələbkər din xadimi idi Lakin O, oğlunun şəriət adamı, din xadimi olmasını istəməmişdir. Buna görədə O, M.Ə.Rəsulzadəni dünyəvi elmləri öyrənməyə yönəltmişdir. İlk təhsilini ikinci “Rus-müsəlman” məktəbində almışdır. Buranı bitirdikdən sonra təhsilini Bakıda texniki məktəbdə rusdilində davam etdirmişdir. Elə inqilabi fəaliyyətinin ilk illəridə bu dövrə aid edilir. Azərbaycan xalqının həyatına biganə qalabilməyən Rəsulzadə gənc yaşlarından siyasi həyata qoşulur. Hələ 17 yaşında olan gənc mütəfəkkir gizli fəaliyyət göstərən “Müsəlman Gənclik Təşkilatını” yaradır. Bu təşkilat XX əsrin əvvəllərində ölkəmizdə rus müstəmləkəsinə qarşı mübarizə aparan ilk gizli siyasi təşkilat idi.
Fəaliyyəti.
M. Ə. Rəsulzadənin o zaman yaratdığı “Müsəlman Gənclik Təşkilatı” nın təşviqat-təbliğat işində “Hümmət” qəzeti mühüm rol oynamışdı. M. Ə. Rəsulzadə “Hümmət”in Qafqazda türk (Azərbaycan) mətbuatı arasında ilk partiya orqanı olduğunu göstərmişdir. Bu dövrdə mətbuat geniş vüsət alır, inkişaf edir,ictimai-siyasi fikrin təşəkkülünə təkan verirdi. Mətbuata maraq həm də milli mənliyin dərk edilməsində oynadığı mühim əhəmiyyəti ilə bağlı idi. Elə həmin illərdə, 1903-cü ildəTiflisdə çıxan “Şərqi-rus” qəzetində dahi mütəfəkkirin “Bakıdan məktub” adlı ilk məqaləsi çap olunur. Bu məqaləsində daha çox elmin, təhsilin, məktəbin əhəmiyyətindən söz açmışdır. M.Ə.Rəsulzadənin o dövrün mövcud mühitinə, rus istibdad rejiminə qarşı mübarizəsini əks etdirən bir çox məqalələri bir sıra qəzet və jurnallarda nəşr olunmuşdur.
Rəsulzadə 1909-1913-cü illərdə İran vəTürkiyədə geniş fəaliyyət göstərmiş, əqidə dostlarına heç bir zaman mənəvi dəstəyini əsirgəməmişdir. 1913-cü ildə Bakıya qayıdan mütəfəkkir “Müsavat” partiyasının əsas ideoloqu olmuş və partiyanın fəaliyyət istiqamətində dəyişikliklər etmiş, daha çox türkçülük ideyaları əsas götürülmüşdür. M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan “Açıq söz” qəzeti “Müsavat” partiyasının mətbu orqanı kimi çap olunub. Bu qəzet mətbuat tariximizdə “Türk ədəbi dili ilə” çap olunan ilk mətbu orqanı idi.
Rusiya İmperiyası süquta uğradıqdan sonra, 1918-ci ilin may ayında Zaqafqaziya seyminin buraxılması, Gürcüstanın müstəqilliyinin elan edilməsi Azərbaycan ərazisində hakimiyyət boşluğu təhlükəsi yaradır. Seymin Azərbaycanlı üzvləri may ayının 27-də iclas keçirirlər. İclas Azərbaycan Milli Şurasını yaradır, M.Ə.Rəsulzadə isə sədr seçilir. Mayın 28-də isə Azərbaycan Milli Şurası müstəqilliyini bütün dünyaya elan edir. “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarı ilə qurulan bu hökumət az bir müddət ərzində çox işlər gördü. Dövlətimizin varlığını sübut edən bayrağımız, himnimiz, gerbimiz qəbul olunub, bir sıra islahatlar həyata keçiridi. Ölkəmizdə tam bir azadlıq hökm sürməkdə idi.
23 aylıq fəaliyyətin sonunda rus-mason bolşevizmi Azərbaycan Cümhuriyyətini dağıdandan sonra M.Ə.Rəsulzadə mühacir həyatı yaşamağa məcbur olur. Başına gələn amansız fəlakətlərə baxmayaraq o, yenədə öz yolundan dönmür, vətəninin, millətinin hər daim arxasında dayanır. Mühacirətdə olsa belə siyasi məqalələrini müxtəlif jurnallarda nəşr etdirmişdir
Ədəbi fəaliyyəti.
M.Ə.Rəsulzadə siyasi fəaliyyəti ilə yanaşı ədəbiyyata olan sevgisi ilə yaddaşlarda qalmışdır. Onun redaktorluğu altında bir sıra qəzet, jurnal, bülletenlər dərc edilmiş, rus, fars, fransız dillərindən əsərlər tərcümə etmiş, Azərbaycan, Türkiyə, İran, Rusiya və başqa Avropa ölkələrində kitabları nəşr olunmuşdur. M.Ə.Rəsulzadə yazılarında daha çox M.Ə.R-zadə, Rəsulzadə, Marzadə, Mürəttib, M.Əmin, Niş, Sosialist, Haman imzalarından istifadə etmişdir. Tərcümələri: rus dilindən A.B.Blyum “Fəhlə sinfinə azadlıq lazımdır?”, M.Qorki “Ana” romanından bir hissə,F.M.Dostoyevski “Qartal” hekayəsi, fars dilindən Şeyx Cəmaləddin Əfqani “Milli Birlik Fəlsəfəsi”, fransız dilindən isə A.Dadenin “Sonuncu dərs” hekayəsini dilimizə tərcümə etmişdir. “Nagəhan bəla”, “Qaranlıqda işıqlar” adlı 2 pyesi vardır. Bu pyeslərində xalqıo yanışa səsləyiş, haqlarını tələb etməyi bacarmaları və istiqlal hərəkatının təbliği əsas məqamlar idi.
O, nəşr olunan şeirlərində elmin, maarifin əhəmiyyətini, pulun cəmiyyətdə tutduğu əsas mövqeni, insanların haqsızlıq və ədalətsizliklə üzbəüz qalmasını, erməni-müsəlman qırğını, günahsız insanların haqsız yerə qətlə yetirilməsinin nəzmə çəkərək özündən sonra geriyə ədəbi istiqamətdə qızıl nümunələr buraxmışdır. Bunlarla yanaşı o, həmçinin, insanları ruhdan düşməməyə, bədbin olmamağa da səsləyirdi. “Qardaşım, arkadaşım” beyti buna misal ola bilər.
Qardaşım, arkadaşım, yorgun zavallı qardaşım,
Kim olursan ol da, ancaq ruhunu yas almasın.
Digər bir 3 bəndlik şeirində gəncləri qəhrəman olmağa, kimsəyə möhtac olmamağa səsləyir:
Dünyaya girib də qəhrəman ol!
Əsri tələf et də pəhləvan ol!
Səy et də, çalış da, olma möhtac!
Sailiyyəsən, ədüvi can ol.
Bilmərrə inanma, kəs ümidin,
Çün səbrinə hədd yox vəhidin.
M.Ə.Rəsulzadə 1955-ci ildəTürkiyənin Ankara şəhərində vəfat etmişdir. B. Vahabzadə onun xatirəsinə “Ulu bir məzar”, “M.Ə.Rəsulzadə xatirəsinə” adlı şeirlərini həsr etmişdir. Şair bu şeirlərdə dahi mütəfəkkiri hüzünlə yad edir, onun təkrarsız olduğunu vurğulayır. Şeirin bir bəndinə nəzər yetirək:
BorcluikənVətən sənə, xalq sənə,
Bu torpaqdan verəmmədik bir məzarlıq yer sənə.
Nəticə
Tarixdə yalnız bəşəri ideyaların daşıyıcısı olan şəxsiyyətlər qalır və demək olar ki, bir millətidə məhz belə şəxsiyyətlərə görə tanıyırlar. M.Ə.Rəsulzadə də belə şəxsiyyətlərdən biri idi. O, tərəfdarları ilə birgə Şərqdə ilk Demokratik Respublika yaratdı. Azərbaycan Cümhuriyyəti mahiyyətcə dünyəviliyə əsaslanırdı. Rəsulzadə dünyanın gedişatını gözəl anlayırdı. Bilirdi ki, Azərbaycanın sabahı, hərtərəfli inkişafı yalnız dünyəvi əsasda ola bilər. Çox zaman gənc nəsilə müraciət edərək, vətənin müstəqilliyi uğrunda mübarizəyə səsləyirdi. Ömrünün sonuna kimi Azərbaycanın müstəqilliyi uğrunda savaşdı. Ölüm ayağında ikən 3 dəfə Azərbaycan, Azərbaycan, Azərbaycan deyərək gözlərini əbədiyyətə yumdu.
İstifadə edilmiş qaynaqlar
- “Dövlətçilik Azərbaycan xalqının qanında vardır” M.Ə.Rəsulzadə
- Məmməd Əmin Rəsulzadə. “Milli birlik”. Bakı “Çıraq”nəşriyyatı, 2009. 176 səh.
- Yaqublu. “Məmməd Əmin Rəsulzadə ensiklopediyası”. Bakı 2013.
- “Rəsulzadənin milli dövlətçilik ideyaları”. “Xalq cəbhəsi” -2012-1 fevral-N 18 – S.11.
- Tevfik Abdulhasanlı. “Çağdaş Azerbaycan şiirinde ulusal tarih”.
YAZAR: İmamə İsmayılova
Qafqazın Günəşi Dərgisi ” Ən yaxşı Esse ” layihəsinin qalibi