Rəqəm çoxkanallı telekommunikasiya sistemləri

 İKM-15 rəqəm telekommunikasiya sistemi

İKM-15 çoxkanallı telekommunikasiya sistemi KSPP və ya VTSP tipli simmetrik kabellər üzrə kənd ATS-ləri arasında birləşdirici xəttləri təşkil etmək üçün istifadə olunur. Bu sistem 15 ədəd tonal tezlik kanalı, 2 ədəd tonal tezlik kanalının əvəzinə bir ədəd ikinci sinif radio-yayım kanalı, hər bir telefon kanalı üzrə üç ədədə qədər siqnal kanalı və 100 Bod veriliş sürətinə malik dörd ədəd teleqraf kanalı yaratmağa imkan verir. Bundan başqa, bir ədəd tonal tezlik kanalının əvəzinə 64 kbit/san sürətə malik rəqəm veriliş kanalının təşkili imkanı da vardır.

İKM-15 sistemi rabitə xətti üzrə rəqəm siqnalının 1024 kbit/san sürətlə verilişini təmin edir. BQ-15×2 avadanlığının köməyi ilə iki ədəd bu cür qrup rəqəm siqnalı birləşdirilərək 2048 kbit/san veriliş sürətli ümumi rəqəm selinə, səkkiz ədəd bu cür rəqəm siqnalı ilə 8448 kbit/san sürətli qrup rəqəm siqnalına çevrilir. Beləliklə, telekommunikasiya şəbəkələrində İKM-15 sisteminin İKM-30 və İKM-120 sistemləri ilə birgə işləməsi imkanı təmin olunur.

Aralıq xidmət olunan stansiyalardan istifadə olunduğu halda bu sistem vasitəsi ilə təşkil olunan rabitənin uzaqlığı  100 km-ə qədər, regenerasiya sahəsinin maksimum uzunluğu KSPP-1x4x0,9 kabeli üzrə 7,2 km və KSPP-1x4x1,2 kabeli üzrə isə 7,4 km-ə bərabərdir. Regeneratorun korreksiyaedici gücləndiricisində SAT (səviyyənin avtomatik tənzimlənməsi) qurğusunun imkanını nəzərə almaqla regenerasiya sahəsinin zəifləməsi 26 dB-dən 46 dB-ə qədərdir.

İKM-30 rəqəm telekommunikasiya sistemi

İKM-30 telekommunikasiya sistemi şəhər ATS-ləri, şəhər və şəhərətrafı ATS-lər, ATS və şəhərlərarası stansiyalar arasında damarlarının diametri 0,5; 0,6; və 0,7 mm olan kağız və ya polietilen izolyasiyalı alçaqtezlikli kabellərin cütlükləri üzrə 30 ədəd tonal tezlik kanallarını təşkil etməyə imkan verir. Bundan başqa, İKM-30 yüksək dərəcəli rəqəm telekommunikasiya sistemləri üçün kanalyaradıcı avadanlıq kimi də istifadə oluna bilər. İKM-30 sisteminin xətt traktı avadanlığı xətti rəqəm siqnalını formalaşdırmaq və qəbul etmək, məsafədən qida gərginliyinin verilişini təmin etmək, aralıq xidmət olunmayan regenerasiya məntəqələrinə telenəzarəti və xidməti rabitəni təşkil etmək üçündür. İKM-30 sisteminin telenəzarət qurğusu zədələnmiş regeneratorun, kabelin zədələnmiş regenerasiya sahəsinin və alçaq təzyiqə malik regeneratorların təyin olunma imkanını təmin edir.

İKM-30 rəqəm telekommunikasiya sisteminin struktur sxeminin izahı:

ATS-dən danışıq və İQƏS-ları razılaşdırıcı qurğulara (RQ) daxil olur. Kvazielektron razılaşdırıcı qurğular İKM-30 sisteminin koordinat və dekada-addım ATS-lərinin avadanlıqları ilə birgə işini təmin edir. Çıxış RQ-dan giriş RQ istiqamətində növbəti idarəedici və qarşılıqlı əlaqə siqnalları-məşğulluq, nömrənin yığılması, çağıran abunəçinin dəfetmə siqnalı və s. ötürülür. Əks istiqamətdə isə ilkin vəziyyətə nəzarət siqnalı, abunəçinin cavab siqnalı, çağırılan abunəçinin dəfetmə siqnalı və s. verilir. Dördnaqilli traniziti təşkil etmək üçün RQ-lar qəbuledici-verici qurğulara (QVQ) ötürmək üçün siqnallar formalaşdırır. Sonra danışıq siqnalları QVQ-ya daxil olur və bu qurğu tonal tezlik kanalının iki və dörd naqilli sonluğunu təmin edir. Danışıq siqnalının tezlik spektri məhdudlaşdırıldıqdan sonra QVQ-da siqnalın zamana görə diskretləşdirilməsi, yəni amplitud-impuls modulyasiyası yerinə yetirilir.

İKM-120 rəqəm telekommunikasiya sistemi

İKM-120 sistemi yerli və zonadaxili rabitə şəbəkələrinin ZKPAP və MKS tipli yüksəktezlikli simmetrik kabel dövrələrini sıxlaşdırmaqla 8448 kbit/san veriliş sürətinə malik 120 ədəd kanal təşkil etmək üçün istifadə olunur. Digər halda bu sistem 312-552 kHs tezlik spektrinə malik 60 kanallı standart qrupu və 30 kanallı ilkin rəqəm selini təşkil etməyə imkan verir. Bundan başqa, ümumi buraxma qabiliyyəti 32 kbit/san olan diskret informasiyanı ötürmək üçün əlavə olaraq dörd ədəd rəqəm kanalı təşkil etmək olar. Bu sistemdə 312-552 kHs  tezlik spektrli ikinci standart kanal qrupunun analoq-rəqəm çevrilməsi imkanına da baxılmışdır.

Zonadaxili şəbəkədə rabitənin maksimal mümkün uzaqlığını 600 km məsafəni xidmət olunan və xidmət olunmayan regenerasiya məntəqələrindən istifadə etməklə əldə etmək mümkündür. Regenerasiya sahəsinin nominal uzunluğu 5 km-ə, xidmət olunan regenerasiya məntəqələri arasında məsafə isə 200 km-ə bərabərdir. Xətt traktı ikikabelli dördnaqilli rabitə sxemi üzrə təşkil olunur və xətti rəqəm siqnalı kimi yüksək vahid sıxlığına malik kvazi üçlük kodlardan (HDB-3) istifadə olunur.

İKM-120 avadanlığının tərkibinə generator avadanlığı, verici generator (VG), veriliş və qəbulunun asinxron uzlaşma blokları (AUBver və AUBqəb), veriliş və qəbulun ikinci səviyyədən birləşmə blokları, sinxrosiqnal qəbuledicisi, nəzarət və siqnalizasiya bloku və etibarlılığa nəzarət bloku daxildir.

İKM-480 rəqəm telekommunikasiya sistemi

İKM-480 sistemi zonadaxili və magistral rabitə şəbəkələrində MKT-4 koaksial kabelinin 1,2/4,6 mm diametrli damarları üzrə qrup rəqəm selinin 34368 kbit/san veriliş sürətində 480 ədədə qədər kanal təşkil etməyə imkan verir. Sistemin xətt traktı birzolaqlı dördnaqilli birkabelli sxem üzrə tərtib olunur. Tonal tezlik üzrə veriliş sahəsinin uzunluğu 2500 km, xidmət olunan regenerasiya məntəqələri arasında məsafə 200 km və regenerasiya sahəsinin uzunluğu isə 3 km-ə bərabərdir.

 İKM-1920 rəqəm telekommunikasiya sistemi

İKM-1920 sistemi zonadaxili və magistral rabitə şəbəkələrində 2,6/9,5 mm diametrli cütlüklərə malik KM-4 kabeli üzrə qrup selinin veriliş sürəti 139264 kbit/san  olan 1920 ədəd tonal tezlik kanalı və ya bir ədəd televiziya və 480 ədəd tonal tezlik kanalı təşkil etməyə imkan verir. Bu sistemin xətt traktı dördnaqilli birkabelli rabitə sxemi üzrə təşkil olunur. Rabitənin maksimum uzaqlığı 12500 km, xidmət olunan stansiyalar arasındakı məsafə 240 km-ə qədər və regenerasiya sahəsinin uzunluğu isə 3 km-dir. İKM-1920 telekommunikasiya sisteminin veriliş dövrü 2176 impuls mövqeyindən ibarətdir ki, bunun da 2148 ədədi informasiya və 28 ədədi isə xidməti simvollardır. 15,625 mk/san davametmə müddətinə malik veriliş dövrü 4 qrupa bölünmüşdür və hər bir qrup 544 impuls mövqeyinə malikdir ki, bunun da bir hissəsi xidməti siqnalların ötürülməsi üçün istifadə olunur.

YAZAR: Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat  Kollecinin Telekommunikasiya fakültəsi, Çoxkanallı Telekommunikasiya Sistemləri ixtisasının son kurs tələbəsi Əhmədli Lamiyə

Həmçinin bax: Çoxkanallı telekommunikasiya sisteminin xətt traktı

Həmçinin bax: https://turaz.org/hikmet-haciyevden-aciqlama/

Həmçinin bax: https://tehsilim.org/naxcivan-muellimler-institutunda-qarabag-azerbaycandir/