Relyef və İqlim
Relyef – endogen və ekzogen qüvvələrin qarşiliqli təsiri nəticəsidir.
Yer qabığının geoloji strukturlarının relyefin əmələ gəlməsində böyük rolu vardır. Lakin biz hər hansı bir sahənin relyefini öyrənərkən geoloji strukturların relyefdə tam strukturların relyefdə tam əksini müşahidə etmirik. Deməli, relyefin inkişafına və onun müəyyən formalarının əmələ gəlməsinə geoloji strukturları törədən endogen qüvvələrdən başqa digər qüvvələr də təsir göstərir. Bu qüvvələr ekzogen qüvvələrdir.
Ekzogen qüvvələrə aid olan eroziya prosesinin bütün növləri (buzlaq eroziyası-ablasiya, ekzarasiya, külək eroziyası-deflasiya, daha böyük amil olan axar suların eroziyası, abraziya, akkumulyasiya), endogen qüvvələrin (tektonik hərəkətlər, vulkanizm və s.) yaratdığı relyef formalarını qüvvətli dəyişdirir.
Ekzogen qüvvələrin yer səthinə təsiri nəticəsində tektonik (endogen) relyef müxtəlif dərəcədə dəyişir. Bu işdə vaxtın (zamanın) böyük əhəmiyyəti vardır. Uzun geoloji dövrlər ərzində ekzogen qüvvələr relyefə təsir göstərir və endogen qüvvələrin əmələ gətirdiyi ilkin relyef çox dəyişir, nəticədə ondan bir əsər qalmır (qırışıq dağların peneplenləşməsi, çevrilmiş relyef, quruda olan böyük tektonik çökəklərin kontinental, dənizdəkilərin isə dəniz çöküntüləri ilə dolması və s.).
Relyef ekzogen qüvvələr tərəfindən dəyişilməsində daxili hərəkətlərin xarakterinin böyük əhəmiyyəti vardır. Dağlıq sahə uzun müddət qalxmaqda davam edirsə, denudasiya hər il onu müəyyən dərəcədə alçatmasına baxmayaraq, o öz yüksəkliyini itirmir. Lakin, onun tərkibində iştirak edən geoloji strukturlar və ilkin relyef formaları arası kəsilmədən dəyişir (təkamül edir). Müəyyən edilmişdir ki, yer qabığının inkişafında geoloji vaxt keçdikcə bir sahədə baş verən aktiv tektonik hərəkətlərin intensivliyi azalır, dayanır və bəzən əks istiqamətli hərəkətlər də baş verir. Birinci halda, yəni tektonik hərəkətlər zəiflədikdə vaxt keçdikcə ekzogen qüvvələr onu tamamilə dəyişir, yüksək dağların yerində düzənliklər və alçaq təpəliklər əmələ gəlir.
Tektonik hərəkətlər istiqamətini dəyişdikdə ekzogen amillərin təsiri olmadan həmin dağlar çökür, onların yerində böyük çökəklər əmələ gəlir. Çökəkliklər sahəsi isə dağlara çevrilir. Ekzogen amillərin relyefə təsiri əhəmiyyətli dərəcədə endogen qüvvələrin xarakteri ilə müəyyən edilir. Məsələn, yer səthində eroziyanın, yaxud akkumulyasiyanın mövcud olması hər şeydən əvvəl endogen relyefin xarakterindən və deməli endogen qüvvələrin təsirindən asılıdır. Ekzogen proseslərin intensivliyinə və relyefi daha sürətlə dəyişməsinə endogen qüvvələrin (məsələn, tektonik qalxmanın qüvvətlənməsinin dərinləşdirici eroziyanı gücləndirməsi, dağqabağı çökəklərin əyilməsinin akkumulyasiyasını gücləndirməsi) böyük təsiri vardır.
Ayrı-ayrı amil və proseslərlə əlaqədar olaraq əmələ gələn və inkişaf edən relyef tipləri, formaları haqqında müvafiq muhazirələrdə daha ətraflı məlumat veriləcək. Burada isə məqsəd yalnız onu qeyd etməkdir ki, yer səthinin relyefinə tək endogen və ekzogen proseslərin nəticəsi kimi baxmaq düzgün deyil. Hər hansı bir sahənin relyefinə nəzər salsaq, hər iki kateqoriyaya aid olan qüvvələrin qarşılıqlı əlaqəsi, bir-birinə təsiri və yer qabığı relyefınin inkişafında birgə fəaliyyəti aydın görünür.
SÜXURLARIN XASSƏLƏRİ VƏ RELYEFİN
İNKİŞAFINDA ONLARIN ƏHƏMİYYƏTİ.
Yer qabığı müxtəlif xassəli süxurlardan təşkil olunmuşdur. Relyefin inkişafında və formalaşmasında süxurların özləri bilavasitə passiv rol oynayır. Lakin süxurlar çox müxtəlif xassələrə malik olduğuna görə, ekzogen amillərin fəaliyyətinə də müxtəlif dərəcədə məruz qalır və nəticədə dolayı da olsa mürəkkəb relyef formalarının yaranmasına səbəb olur.
Süxurlar ekzogen qüvvələrin təsirinə məruz qalmalarına görə iki əsas qrupa–çoxdavamlı və azdavamlı süxurlara ayrılır.
Geomorfoloji nöqteyi-nəzərdən süxurların xarici amillərin dağıdıcı fəaliyyətinə davamlılığı aşağıdakı xassələrdən asılıdır: quruluşunun eyni və ya müxtəlif olması, istilik keçirməsi, sukeçirmə qabiliyyəti, çatlılığı, suda həll olması, kimyəvi davamlılığı və s. Bu qeyd edilən xassələrdən asılı olaraq müxtəlif süxurların aşınmaya, həll olmaya, eroziyaya və s. proseslərə qarşı davamlılığı müxtəlif olur. Buna görə də xarici amillərin yer səthinə təsiri nəticəsində müxtəlif relyef formaları və tipləri əmələ gəlir.
Yer səthində xarici amillərə çox davamlı olan süxurlar adətən, relyefin müsbət formalarını–yüksəklikləri, tirələri təşkil edir. Azdavamlı süxurlar yayılan sahələrdə isə çökəklər və dərələr yaranır.
Süxurların göstərilən xassələri fiziki aşınmanın intensivliyinə böyük təsir göstərir. Eyni tərkibli süxurlar fiziki aşınmaya qarşı davamlı olur, müxtəlif tərkibli və quruluşlu süxurlar isə asan aşınırlar. Süxurlardan fiziki aşınmaya (xüsusilə termik aşınma) laylılıq, çatlılıq, rəng və teksturadan asılı olaraq müxtəlif intensivlikdə gedir.
Süxurların kimyəvi tərkibi və davamlılığı relyefin formalaşmasında görkəmli rol oynayır. Suda asan həll olan karbonatlı süxurlarda karstın geniş yayılması buna misal ola bilər. Vulkanik sahələrdə maqmanın kimyəvi tərkibinin fərqli olması relyefdə özünü göstərir. Əsas lavalar sıyıq olduğuna görə ətrafa asanlıqla axır, böyük lava yayalaları, çölləri əmələ gətirir. Turş lavalar qatı və az hərəkətedici olduğuna görə püskürmə mərkəzi ətrafında qalaqlanaraq ekstruziv gümbəzlər əmələ gətirir ki, bu da relyefdə ətraf sahələrdən kəskin fərqlənir.
Süxurların sukeçirmə qabiliyyəti onun başlıca xassələrindən biridir. Bunun da geomorfoloji əhəmiyyəti böyükdür. Adətən, asan sukeçirən süxurlarda atmosfer suları yerin alt qatlarına süzülür və səthdə eroziya formaları inkişaf edə bilmir (Avstraliya və Nallarbor yaylası). Sukeçirməyən, yaxud çətin sukeçirən süxurlar üzərində atmosfer suları səth axını əmələ gətirərək erozion relyef formalarının geniş yayılmasına səbəb olur.
RELYEFİN ƏMƏLƏ GƏLMƏSİNDƏ
DENUDASİYANIN ROLU
Aşınmış məhsulların öz yerindən başqa yerə aparılması prosesinə denudasiya deyilir. Denudasiya tektonik hərəkətlər və vulkan püskürməsi nəticəsində əmələ gələn bütün yüksəklikləri (dağları) müxtəlif yollarla aşındırır və alçaldır. Bütün ekzogen amillərin dağıdıcı fəaliyyətini denudasiya adlandırmaq olar.
Denudasiyanı təşkil edən bütün mürəkkəb proseslərdə daimi qüvvələrdən biri ağırlıq qüvvəsdir. Bu aşınmış məhsullara ya bilavasitə, yaxud da hərəkətdə olan hər hansı bir kütlənin vasitəsi ilə təsir göstərir, onun bir yerdən başqa yerə, başlıca olaraq yüksəkliklərdən çökəklərə və düzənlərə tərəf hərəkət etməsini, yerini dəyişməsini şərtləndirir. Denudasiya hərtərəfli və mürəkkəb bir prosesdir. O meyilliyi 3-4° və artıq olan bütün yamaclarda səthin alçalmasına səbəb olur. Beləliklə, denudasiyanın fəaliyyəti tektonik qalxmaların yaratdığı relyef formalarının dəyişməsinə yönəlmişdir.
Ağırlıq qüvvəsi öz əsasından ayrılmış bütün süxur hissələrinə təsir göstərir. Yamacın meyilliyindən və ağırlıq qüvvəsinin təsirinə məruz qalan kütlənin xarakterindən asılı olaraq denudasiya özünü müxtəlif formalarda göstərir. Adətən, dağlıq ölkələrdə öz əsasından ayrılmış süxur parçaları (qırıntıları) öz ağırlığı altında yamac üzrə aşağı hərəkət edir. Yamacın meyillik dərəcəsindən asılı olaraq süxur parçası (qırıntı) müxtılif sürətlə əvvəlki yerindən müxtəlif məsafəyə hərəkət edir.
Yamacın çox dik olduqda əsasından ayrılan qırıntılar ani bir vaxtda yamac aşağı yuvarlanaraq meyillilik azalan yerlərdə toplanır (qalaqlanır) və «töküntü konus» (ufantı konusu) əmələ gətirir. Demək olar ki, bütün dağlıq sahələrdə möhkəm və çatlı süxurlardan təşkil olmuş dik yamacların ətəyində «töküntü konuslarına» rast gəlmək olar. «Töküntü konusun»da qırıntı materialın növləşməsi müşahidə edilir. Ən iri kəsəklər konusun aşağısında (ətəyində), ən xırdaları isə zirvəsində toplanır. Adətən, konusun zirvəsindən yuxarıda çox ensiz «daş çayı» yerləşir.
Yamacla aşağı qırıntı məhsullar ya sahəvi, yaxud da xətti hərəkət edir. Lakin yamaş üzrə aşağı getdikcə sahəvi hərəkət xətti hərəkətlə əvəz olunur. Hərəkət edən qırıntılar öz yataqlarına təsir göstərərək dayaz şırımlar əmələ gətirir. Dik yamaclarda əmələ gələn daş axınlarında hərəkət həmişə olur. Kənarından olan təsir bu hərəkəti sürətləndirə bilər.
Aşınma qabığı yamacın meylliliyi 3-4° və bundan artıq olduqda hərəkət edir. Belə az meylli yamaclarda kütlənin hərəkətinə səbəb aşınma qabığını təşkil edən hissəciklərin həcminin böyüməsi nəticəsində onlar bir-birini itələyir. Gecə soyuduqda hissəciklərin həcmi kiçilir və onların arasında kiçik boşluqlar əmələ gəlir. Hər bir hissəcik dayanmaq üçün özündən aşağıda hissəciyə söykənməli olur. Beləliklə, hər iki halda (həcmin böyüməsi və kiçilməsi hallarında) hissəciklər və bütövlükdə aşınma qabığı, xüsusilə onun üst təbəqələri yamac aşağı hərəkət edir.
Bu hal çoxillik donuşluq sahələrində özünü daha aydın göstərir. Bundan əlavə narın çöküntülərdən ibarət olan aşınma qabığı çox islandıqda həcmin genişlənməsi və ağırlığın artmasının təsiri nəticəsində nisbətən artıq sürətlə aşağı hərəkət edir. Aşınma qabığı suda asan islanan gil hissəciklərindən ibarət olduğu üçün çox islandığı zaman sıyıqlaşır və yamac üzrə aşağı hərəkət etməsi sürətlənir.
Bütöv (sahəvi) denudasiya əksərən yamacların yuxarı hissəsində baş verir, aşağı getdikcə isə xətti denudasiyaya çevrilir. Hətta bütöv kütlə olan aşınma qabığında da aşağı getdikcə xətti hərəkət baş verir. Qeyd etmək lazımdır ki, yer səthində sahəvi denudasiya, xətti eroziya üstün olan yerlərdə (su eroziyası, buzlaq eroziyası–ekzarasiya, külək eroziyası sahəvi olduğu kimi xətti də ola bilər) sahəvi denudasiyanın fəaliyyəti nəzərə az çarpır.
Dağ və dərə yamaclarının suayırıcıya tərəf geri çəkilməsində (səthinin daimi olaraq alçalması nəticəsində) və uzun geoloji vaxt ərzində dağların peneplenləşməsində sahəvi denudasiyanın rolu vardır.
Tektonik qüvvələrin təsiri nəticəsində ərazi də nə qədər çox yüksəyə qalxarsa, denudasiyanın fəaliyyəti də (intensivliyi) o qədər artar və peneplenləşmə sürətlənər. Nisbi yüksəklik fərqi artdıqca yamacların meyilliyi, bununla bərabər denudasiya prosesinin enerjisi və yamacın yeniləşməsi prosesinin intensivliyi də artır. Xətti eroziya sahəni sıx və dərin dərələrlə parçaladıqca denudasiya səthlərini artırır. Buna görə də daha intensiv və kəskin parçalanmış sahələrdə denudasiya prosesi daha aktiv geomorfoloji proses kimi relyefə təsir göstərir, onu dəyişdirir və ümumiyyətlə, relyefin təkamülündə mühüm rol oynayır.
Relyefin inkişafında və əmələ gəlməsində iqlimin rolu böyükdür. İqlim xarici (ekzogen) amillər sırasında ən mühüm yer tutmaqla relyefə bilavasitə təsir göstərir. Yer səthi qatına təsir göstərən bu amil çox müxtəlif hadisə və proseslər törədərək olduqca mürəkkəb relyef formalarının yaranmasına səbəb olur. İqlim və relyef arasında mürəkkəb əlaqə vardır. Onların bir-birinə qarşılıqlı təsiri, yer səthində relyef əmələ gəlməsi prosesindən uzaq olan digər prosesləri də müəyyən edir.
İqlim relyefə təsir etdiyi kimi, relyef də iqlimə təsir edir. O, eyni zamanda dolayı yolla öz-özünə də təsir göstərir. Iqlim amilləri yeni relyef formaları əmələ gətirməklə ərazini çox parçalayır və bu parçalanmış sahələrin özünəməxsus mikroiqliminin yaranmasına səbəb olur. Beləliklə, bu iki amil – iqlim və relyef nəinki bir-birinə, hətta biri başqası vasitəsi ilə özünə də təsir göstərir.
Yer qabığının geomorfoloji landşaftları birbaşa iqlimin təsiri nəticəsində yaranmışdır. Hər bir iqlim qurşağında özünəməxsus relyef əmələ gətirən amillər mövcuddur. Başqa sözlə desək, ayrı-ayrı iqlim qurşaqlarında relyefin inkişafı (xarici amillərin təsiri ilə) müxtəlif istiqamətlərdə gedir.
Relyef əmələ gəlməsində iqlimin rolunun təsnifatını A. Penk vermişdir. O, üç əsas iqlim tipi ayırmışdır: 1) nival; 2) humid (rütubətli); 3) arid (quru və isti).
İ. S. Şukin relyef əmələ gəlməsində iqlimin mürəkkəb fəaliyyətini nəzərə alaraq onun daha dəqiq təsnifatını vermiş və baş verən proseslərin mahiyyətini göstərmışdır.
1) N i v a l i q l i m – bütün fəsillərdə yağıntıların sülb halında (qar) düşməsi ilə xarakterizə olunur. Yer səthinə düşən sülb yağıntının miqdarı qısa yay fəslində əriyən həcmdən xeyli artıq olduğuna görə toplanaraq buzlaq əmələ gətirir. Nival iqlimdə daimi qar xətti qütblərdə dəniz səviyyəsinə qədər düşür, quruda böyük sahə tutan qalın buzlaq kütləsi əmələ gəlir (Qrenlandiya, Antarktida və s.). Adətən, qalın buzlaq örtüyünün relyefi onun altında yatan qurunun relyefinə uyğun gəlir.
Nival iqlimə qar xəttindən yüksəyə qalxan dağlarda da rast gəlmək olur. Adətən, relyefdə yüksək dağların nival iqlimi sahəsində buzlaq formaları: karlar, tabağaoxşar dərələr (troqlar), iti yallar, piramidaya oxşar zirvələr və s. əmələ gətirir.
Qütb iqlimi, yaxud çoxillik donuşluq qruntları iqlimi – kontinental tundralar zonası üçün (Şərqi Sibir) xarakterikdir. Bu iqlim uzun sürən sərt qışı, qısa və sərin yayı, yağıntılarının azlığı (300 mm-dən az), çox buludluluğu, günəş radiasiyasının az intensivliyi və güclü küləklərlə səciyyələnir. Qütb iqlimi zonasında qalınlığı bir neçə yüz metrə çatan çoxillik donuşluq qatı yerləşir. Bu hadisə ilə relyefin xüsusi mikro və mezoformaları əlaqədardır. Bu iqlim şəraitində bütün il boyu, hətta yayda belə fiziki aşınma qüvvətli gedir və bol iri qırıntılı məhsul toplanır. Kimyəvi aşınma isə olduqca zəif gedir. Bu zonanın dağlarında soliflüksiya və şaxta aşınması dağüstü terrasların (qolslar) və hamarlanmış səthlərin əmələ gəlməsinə səbəb olur.
Qışda küləyin qarı sovurması nəticəsində şaxta açıq qalan qruntun səthində çatlar əmələ gətirir. Yazda çatlara dolan sular gecələr donur və onları genişləndirir, həm də yeni çatlar sisteminin yaranmasına səbəb olur. Bu proses nəticəsində qrunt çox parçalanır, yer səthində «daş çoxbucaqlıları», daş zolaqları və s. əmələ gəlir.
Çoxillik donuşluq şəraitində sular əhəngdaşı qatlarında karst əmələ gətirə bilmir. Bunun əvəzinə həmin zonada termokarst hadisəsi–müəyyən dərinlikdə donuşluğun əriməsi və üst qatın uçaraq çökəklər yaratması hadisəsi baş verir.
2) H u m i d i q l i m – il ərzində düşən yağıntıların buxarlanması və yerə hopan suların çox olması ilə xarakterizə olunur. Qalan atmosfer suları isə yamacla axaraq səthi denudasiyanı əmələ gətirir və çaylar şəklində axaraq eroziyanının müxtəlif növlərini törədir. Bununla əlaqədar olaraq humid iqlimlərdə relyefin eroziya formaları geniş ayırmaq olar.
Humid iqlimi üç yarımtipə bölmək olar:
- a) M ü l a y i m e n l i k l ə r i n i n h u m i d i q l i m i – həmin qurşağın daha şimal (şimal yarımkürəsində) və cənub (cənub yarımkürəsində) zonaları üçün xarakterikdir. Hər il qışda qar örtüyü əmələ gəlir və bir neçə ay suyun torpağa keçməsi dayanır. Qarlar əriyəndə, çaylar daşır. Onlar böyük dağıdıcı və toplayıcı iş görür. İllik yağıntılar 300-650 mm arasında dəyişir, hətta bundan da artıq olur. Qışda temperatur – 20° –25°-yə düşür, iyulda +10° ilə +20° arasında dəyişir. Yayda kimyəvi aşınma çox qüvvətli gedir. Ağac bitkilərinin (iynəyarpaqlı və enliyarpaqlı) və çəmənlərin yayılması yarğan eroziyasının inkişafına mane olur. Eroziya şəbəkəsi orta sıxlığa malikdir. Karbonatlı süxurlarda karst hadisəsi inkişaf edir. Əksər halda karstın örtülü forması yayılmışdır ki, bu da üstdən karstlaşmayan süxur qatları ilə örtülmüşdür.
- b) M ü l a y i m e n l i k l ə r i n s e m i h u m i d i q l i m i – kəskin fərqlənən rütubətli və quru dövrlərə bölünür (musson iqlim sahələri, subtropiklər və s. Rusiya çölləri iqlimini də bu tipə aid etmək olar). Rütubətli dövrdə eroziya və kimyəvi aşınma, quraq dövrdə isə fiziki (termik) aşınma sürətlə gedir. Relyefin formalaşmasında daimi axar sularla bərabər, müvəqqəti axar sular da böyük fəaliyyət göstərir. Çöllər zonasında müvəqqəti axar sular xətti eroziyanı (yarğan eroziyasını) inkişaf etdirərək, ərazini çox parçalayır.
- v) E k v a t o r i a l m e ş ə l ə r i n h u m i d i q l i m i. Bu iqlim zonasında illik yağıntıların miqdarı 1500-2000 mm və daha artıq olur: Temperaturun illik amplitudu (qitə daxilində 6°, dəniz sahillərində 1°-2°) sutkalıq amplitudundan xeyli az olur. Torpağın və qayaların səthində bu fərq daha yüksəkdir. Orta illik temperatur +23° +28°-dir. Belə bir şəraitdə fiziki aşınma olduqca zəif, kimyəvi aşınma isə çox sürətlə gedir.
Aşınma qabığı çox qalın olur və qırmızı torpaqlar inkişaf edir. Çox zəngin bitki örtüyü səthi axarı azaldır, xətti eroziya yaxşı inkişaf edə bilmir. Bu zonanın çaylarında da eroziya zəif gedir. Bunun səbəbi çaylarda asılı və diblə sürüdülən materialın az olmasıdır. Ekvatorial meşələrin kənar yarımzonalarında (savannalarda) iqlim qeyd ediləndən xeyli fərqli olduğuna görə, burada relyef əmələ gəlməsi prosesi başqa istiqamətdə gedir.
3) A r i d i q l i m – yağıntıların azlığı (150-200 mm-dən az), havanın çox quruluğu, buxarlanmanın intensivliyi, səmanın açıqlığı havanın qışda və gecələr xeyli soyuması ilə xarakterizə olunur. Belə iqlim şəraitində bitki örtüyü ya çox seyrək, yaxud da tamamilə olmur. Külək heç bir maneəyə rast gəlmədən quru və kövrək süxurları sovurur. Külək səhrada deflyasiyanı (sovrulmanı), akkumulyasiyanı və korroziyanı (yonmanı) şərtləndirən başlıca amillərdir. Bu müxtəlif işlərin nəticəsində mürəkkəb relyef formaları yaranır.
Arid iqlimi iki yarımtipə ayırmaq olar:
- a) t a m a r i d i q l i m – passatlar zonasının tropik səhralar iqlimidir. Yağıntıları çox az olub ildə, bəzən bir neçə ildə bir dəfə düşür, bəzən də çox qüvvətli leysan yağışlar yağdığına görə güclü səth axını əmələ gətirir. Səhrada bu səth axınları qutuyabənzər, lakin bir-birindən çox aralı yerləşən, səhra daxilindəcə qurtaran erozion dərələr, şırımlar əmələ gətirir. Belə səhralar axmaz hövzələrdir. İntensiv aşınma nəticəsində əmələ gələn külli miqdarda qırıntı materiallar səhra daxilində qalır (külək yanız narın tozları xaricə çıxara bilir). Səhralarda relyefin əsas formaları qapalı, axmaz hövzələrdir. Bunların bir çoxu tektonik mənşəli olsa da, formalaşmasında küləyin rolu böyükdür.
- b) s e m i a r i d i q l i m – mülayim enlik səhralarının iqlimidir. Bu iqlim zonasında yağıntıların miqdarı bir qədər artıq olub, hər il müəyyən (qısa) dövrdə düşür. Müvəqqəti yağışlar zamanı sahəvi və eləcə də xətti eroziya inkişaf edərək reyefin dəyişməsinə təsir göstərir. Xətti eroziya çox inkişaf etdikdə xüsusi relyef tipi – «pis torpaqlar» (bedland) əmələ gəlir. Adətən, semiarid iqlim səhralarında qumlar tez bərkiyir və onların hərəkəti dayanır.
BEDLEND (YARARSIZ TORPAQLAR)
Bedlend ingilis sözü olub, bad – pis, yoxsul, yarasız, land – isə ölkə, torpaq deməkdir. Bu termin birinci dəfə Şimali Amerikada işlədilməyə başlamışdır. Bedlend Arizona, Kaliforniya, Nebraska, Cənubi Dakota və s. ştatlarda olan çox parşalanmış geniş sahələrdə adlandırılır.
Bedlend semiarid (yarımsəhra) iqlim şəraitində, aşınma proseslərinin intensiv getdiyi, yağıntıların az olduğu, lakin onların il müddətində qeyri-bərabər paylanaraq leysan xarakteri daşıdığı sahələrdə inkişaf edir. Bedlend başlıca olaraq gil, mergel, gilli-şist, qum, gilli-qum süxurlarında əmələ gəlir. Bu süxurların içərisində gil daha çox olarsa, yağış suları yerə hopa bilmir və səth sularını (axınlarını) əmələ gətirir ki, bu da ərazinin daha da kəskin parçalanmasına səbəb olur.
Bedlend göstərilən süxurlardan başqa müvafiq iqlim şəraitində konqlomeratlı, çaqıldaşlı və tuflu süxurlarda da inkişaf edir. Bedlendin bu növü Orta Araz çökəkliyinin şimal-şərq yamaclarında, Naftalan maili düzənliyində və bir sıra başqa sahələrdə geniş yayılmışdır. Bu süxurlarda təsadüf edilən bedlendin yarğan və dərələri gilli-qumlu süxurlara nisbətən geniş, dibləri yastı, yamacları isə maili olur. Ona görə də bu sahələrdə bir sıra ot bitkiləri yaxşı bitir və həmin ərazidən otlaqlar kimi istifadə edilir.
Bedlend həm üfüqi, həm də dislokasiyaya süxurlarda inkişaf edir. Adətən, bedlend relyefi sahələrində yalançı karst da (psevdokarsta) rast gəlmək olar.
D.A.Liliyenberq, M.A.Müseyibov, N.Ş,Şirinovun və başqa müəlliflərin fikrincə, gilli karst və bedlend arasında sıx genetik əlaqə vardır.
Bedlend yayıldığı süxurlarda, litoloji cəhətdən müxtəlif tərkibli layların növbələşməsindən asılı olaraq selektiv (seçmə) eroziya nəticəsində çox qəribə fiqurlu relyef formaları əmələ gəlir.
Azərbaycan ərazisində bedlend Qobustanda, Acınohur öndağlığında, Ceyrançöldə və Naxçıvan MR-da və Orta Asiya dağlarının ətəklərində inkişaf etmişdir. Burada yararsız torpaqlar başlıca olaraq gilli-qumlu, çaqıldaşlı və gilli-mergelli süxurlarda, Tacikistanda Darvaz depressiyasında isə konqlomeratlarda inkişaf etmişdir. Fərqanə depressiyasını və Hissar dərəsini dörd tərəfdən əhatə edən və lyoss örtüyünə malik olan prolüvial konqlomeratlardan təşkil olunmuş dağətəyi maili şleyflərdə bedlendin bir növü olan və yerli əhalinin «adır» adlandırdığı erozion relyef çox geniş yayılmışdır.
MDB-dən başqa bedlend ABŞ-ın cənub-qərb ştatalarında, Çinin şimal və qərbində, Şimali Afrikada, Yaxın və Orta Şərq ölkələrində də çox geniş yayılmışdır.
Yazar : Səbinə İsmayılova
Həmçinin bax : cagatay-xanligi-qara-hulaku-ve-yisun-monke-xanin-hakimiyyeti-illerinde/
Həmçinin bax : https://turaz.org/aztv-de-turkdilli-olkelerle-bagli-yeni-layiheye-baslayir/