Radiasiya Problemləri İnstitutunun alimləri yeni elektron modul hazırlayıblar

Radiasiya Problemləri İnstitutunun alimləri yeni elektron modul hazırlayıblar
AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) alimləri yeni elektron modul hazırlayıblar.

AMEA-dan AzEdu.az-a verilən məlumata görə, Çexiya Texniki Universitetinin Tətbiqi və Eksperimental Fizika İnstitutu (TEFİ) ilə 2019-cu ildə qurulmuş əməkdaşlıq çərçivəsində silisium əsaslı fotoelektron gücləndiricilərin (SFG) elektron modullarının işlənilməsi və onların beynəlxalq təcrübələrdə tətbiqi məqsədilə birgə görülən işlərin nəticəsində hazırlanan yeni modul mürəkkəb elektronik hissələri cəmləşdirir.

İlkin sınaqlarının RPİ-nin İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasında, TEFİ və Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda həyata keçirildiyi yeni MAPD spektrometrik modulu kosmik fəza tədqiqatlarında, radiasiya təhlükəsizliyində, nüvə fizikasında, yüksək enerjilər fizikasında, tibb sahəsində, eləcə də tədris məqsədi üçün istifadə oluna bilər.

Spektroskopik təcrübələrlə yanaşı, SFG-lərin parametrlərinin təyin edilməsində də uğurla tətbiq oluna bilən yeni modula həsr edilmiş və çexiyalı alimlərlə birgə hazırlanan “Silisium fotoelektron gücləndiricilər üçün kompakt MAPD Spektriq interfeys” adlı məqalə “Nuclear Insturmentation and Methods in Physics Research” jurnalında dərc edilib.

Mənbə: AzEdu.az
Müxbir: Zahidə Nəbizadə