Radiasiya Problemləri İnstitutu: Silahlı və ideoloji təxribatlara qarşı mübarizədə intellektual gəncliyin rolu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda “Silahlı və ideoloji təxribatlara qarşı ümummilli mübarizədə intellektual gəncliyin rolu” adlı videogörüş keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən birgə keçirilən görüşdə elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov çıxış edib. O, Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təcavüzünə etirazını bildirən, həmrəylik nümayiş etdirən xarici ölkələrdə yaşayan azərbaycanlı dinc aksiya iştirakçılarına qarşı ermənilərin törətdiyi vəhşiliklərdən bəhs edib, həmçinin bütün bu hadisələrə beynəlxalq hüquqi qiymət verilməsinin vacibliyini vurğulayıb.
Onlayn tədbirdə institutun elmi-işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi, dosent Rəvan Mehdiyeva, Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov və başqaları ölkəmizin hazırda həm koronavirus pandemiyasına, həm də erməni təxribatçılarına qarşı mübarizə apardığını diqqətə çatdırıblar. Bildirilib ki, Ermənistanın iyulun 12-də başlayan təxribat cəhdlərinin qarşısı məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi və ordumuzun qarşı həmləsi ilə alınıb.
Videogörüşün sonunda institutun Kanadanın Redlen Texnologiyaları tədqiqat mərkəzindən Rəvanə Həmzəyeva və Rusiyada yerləşən Birləşmiş Nüvə Araşdırma İnstitutunda elmi fəaliyyət göstərən əməkdaşlarından Mətləb Mirzəyev mövzu ətrafında fikirlərini bölüşüb və xaricdə yaşayan azərbaycanlıların həmrəy olduğunu qeyd ediblər.
Mənbə: Azertag.az
Müxbir: Aytac Cəfərova