Quşlar sinifi
Quşlar sinfi: 8600-dən çox növü var. Uçma ilə əlaqədar quşların ön ətrafları qanadlara çevrilmişdir. Bədənləri lələklərlə örtülmüşdür. Borulu sümüklərin içərisi hava ilə dolmuş və yüngülləşmişdir. Quşlarda dişlər və sidik kisəsi yoxdur. Sağ yumurtalıq reduksiyaya uğramışdır. Maddələr mübadiləsinin sürətlə getməsi nəticəsində onların bədən temperaturu yüksək olur.
Quşların həyat fəaliyyəti
Bədən quruluşu. Quşların bədəni baş, boyun, gövdə və ətraflara bölünmüşdür. Başda, üzəri buynuz maddəsi ilə örtülmüş üst və alt dimdik vardır.Quşlarda boyun hissənin daha hərəkətli olması ona ətrafı yaxşı görməyə və bədəninin istənilən hissəsində lələklərini təmizləməsinə imkan verir. Arxa ətraflarında üzəri pulcuqlarla örtülü pəncə lüləsi və əksəriyyətində caynaqlara malik 4 barmaq vardır.
Bədən örtüyü:
Lələklərlə örtülmüş dərisi quru və vəzisizdir. Yeganə vəzisi büzdüm sümüyü üzərində yerləşən büzdüm (piy) vəzisidir. Quş dimdiyi ilə bu vəzini sıxır və yağlı mayeni lələklərinə sürtür, nəticədə onlar yumşaq və sukeçirməyən olur.
Lələklər. Bədən xaricdən kontur (biçim) lələkləri ilə örtülmüşdür. Kontur lələklərinin 3 növü – çalma, sükan və örtük lələkləri olur.
Skeleti və əzələləri:
Quşların əksəriyyətində onurğanın boyun şöbəsi hərəkətli, digər şöbələri isə hərəkətsizdir (bəzi quşlarda quyruq hissə hərəkətlidir). Quyruğun sonuncu fəqərələrinin bir neçəsi birləşərək büzdüm sümüyü əmələ gətirir. Əksəriyyətində döş sümüyü qayıq şəklində uzanaraq döş tilini əmələ gətirmişdir. Quşların ön ətraf qurşağında 2 qarğa, 2 kürək və 2 körpücük sümükləri olur. Körpücük sümükləri aşağı hissədən birləşərək çəngəl şəklini almışdır. Quşlarda ön ətrafda üç barmaq olur.
Arxa ətrafda bir neçə pəncə sümüyü birləşərək pəncə lüləsi əmələ gətirir. Əzələləri yaxşı inkişaf etmişdir. Döş tilinə uçuş zamanı qanadları endirən güclü döş əzələləri birləşir. Bu əzələlərin altında isə qanadları qaldırmağa xidmət edən körpücükaltı əzələlər yerləşir.
Həzm sistemi:
Quşlarda alt və üst çənələr dimdiyə çevrilmişdir. Tutulan qida ağızdan udlağa, oradan isə qida borusuna düşür. Quşların əksəriyyətində qida borusu genişlənərək boyun hissədə çinədan əmələ gətirir. Çinədanda qida ifraz olunan şirələrin təsiri ilə yumşalaraq mədəyə düşür. Mədə iki şöbədən – vəzili və əzələli hissədən ibarətdir. Mədənin vəzili şöbəsində qidaya həzm şirələri təsir edir. Quşlarda dişlər olmadığından qidanın xırdalanması mədənin kiçik daşcıqlara malik əzələli şöbəsində gedir. Həzm olunmayan qida bağırsağın genişlənmiş hissəsi olan kloakaya keçir və kloaka dəliyindən xaric edilir.
Tənəffüs sistemi:
Quşlar ağciyərlərlə tənəffüs edir. Uçma ilə əlaqədar quşlarda hava kisələri də meydana gəlmişdir. Hava kisələrinə dərinin altında, daxili orqanların arasında, borulu sümüklərin içərisində rast gəlmək mümkündür. Hava kisələri ağciyərlərlə əlaqəlidir. Quşlarda həm nəfəsalma, həm də nəfəsvermə zamanı ağciyərlərdə qazlar mübadiləsi baş verir ki, bu da ikiqat tənəffüs adlanır.
Qan-damar sistemi:
Quşların ürəyi dördkameralı olub, iki qulaqcıq və iki mədəcikdən ibarətdir. Suda-quruda yaşayanlarda və sürünənlərdə olduğu kimi, quşlarda da böyük və kiçik qan dövranı vardır.
Lakin bunların ürəyində arterial və venoz qan bir-birinə qarışmır. Quşlar istiqanlı olub bədən temperaturları sabitdir və 42-43°C-yə çatır.
İfrazat sistemi: İfrazat orqanı bir cüt böyrəkdir. Böyrəklərdən çıxan sidik axarları kloakaya açılır. Sidik kisəsi yoxdur.
Sinir sistemi:
Baş və onurğa beynindən və onlardan çıxan sinirlərdən ibarətdir. Baş beyində ön beyin daha yaxşı inkişaf edərək beyin yarımkürələri əmələ gətirmişdir. Quşların mürəkkəb hərəkətləri yaxşı inkişaf etmiş beyinciklə koordinasiya edilir.
Hiss orqanları:
Quşlarda görmə və eşitmə qabiliyyəti yaxşı, qoxubilmə isə zəif inkişaf etmişdir. Hər bir göz 3 göz qapağına (alt, üst göz qapaqları və qırpma pərdəsi) malikdir. Qulaq 3 hissədən – daxili, orta və xarici qulaqdan ibarətdir.
Quşların çoxalması və inkişafı. Quşların həyatında mövsümi hadisələr:
Quşların çoxalması. Quşlar ayrıcinsli heyvanlardır və yumurta qoymaqla çoxalır.
Erkəklərdə bir cüt toxumluq, dişilərdə isə, adətən, tək sol yumurtalıq inkişaf etmiş olur. Onların axarları kloakaya açılır. Quşlarda mayalanma daxilidir. Nəsil qayğısına qalma güclü inkişaf etmişdir.
Quş balalarının inkişaf tipləri. Embrional inkişafını başa vuran quş balaları yumurtanın qabığını üst dimdiyin ucundakı çıxıntı ilə sındırır və yumurtadan kənara çıxırlar. İnkişaf dərəcəsindən asılı olaraq balalar, əsasən, iki tipdə: cücəbala və ətcəbala olur.
Toyuqlarda, ördəklərdə, qazlarda, qu quşlarında yumurtadan yumşaq qu lələkləri ilə örtülü, gözləri açıq balalar çıxır. Onlar yumurtadan çıxdıqdan az müddət sonra özləri sərbəst surətdə gəzə bilir. Belə inkişaf tipinə malik quşlar cücəbalalılar adlandırılır.
Sərçələrin, göyərçinlərin və digər quşların balaları yumurtadan çıxdıqda lələksiz (və ya seyrək lələkli), aciz, göz qapaqları və qulaq dəlikləri qapalı olur. Bunlar uçmağa başlayana qədər valideynləri tərəfindən yemlənir. Belə inkişaf tipinə malik quşlara ətcəbalalılar deyilir.
Quşların fəsil dəyişkənliyinə uyğunlaşması:
Quşlarda ilin fəsillərindən asılı olaraq həyat proseslərində müəyyən mövsümi hadisələr baş verir. Belə ki, yazın əvvəlində quşların əksəriyyətində çoxalmaya hazırlıq dövrü başlanır. Onların bəziləri birləşərək cütlər əmələ gətirir. Bu dövrdə quşların bir çoxu otdan, ağac budaqlarından, daşlardan və ya mamırlardan müxtəlif quruluşlu yuva tikir. Cütləşmədən sonra dişi fərd, növündən asılı olaraq, yuvaya müxtəlif sayda yumurta qoyur. Yumurta üzərində əksərən dişi fərd (bəzi quşlarda həm də erkək) kürt yatır. Bir müddətdən sonra yumurtadan balalar çıxır.
Quşların əksəriyyəti yazda bala çıxarır. Bu dövrdə hava isinir, balaların inkişafı üçün lazımi qida və əlverişli şərait olur.
Yay ərzində balalar qidalanaraq böyüyür və müstəqil həyat tərzi keçirir.
Payıza doğru quşların bir çoxu dəstələrə toplanaraq cənub istiqamətinə – yem bol olan yerlərə köçür. Belə yerdəyişmə prosesi quşların köçməsi və ya miqrasiyası adlanır. Köçmə üçün siqnal rolunu, əsasən, günün uzunluğunun dəyişilməsi oynayır.
Yerdəyişmələrə görə quşlar oturaq, köçəri və uçub gedən quşlara bölünürlər.
Oturaq quşlar qışda yuvalama yerlərini tərk etmir. Onlara sağsağan, çölgöyərçini, ev sərçəsi aiddir. Əsasən insanların yaşayış məskənlərində qida tullantıları ilə qidalanırlar.
Köçəri quşlar. Yaza qədər yuvalama yerlərini tərk edir, oradan, adətən, yüz və ya min kilometrlərlə uzaqlaşırlar. Bunlara boz qarğa, zağca və arıquşular aiddir. Uçub gedən quşlardan fərqli olaraq, onların daimi qışlama yerləri və dəqiq yerdəyişmə marşrutları olmur.
Uçub gedən quşlar qış olmayan yerlərə gedir və yuvalama yerlərindən min və ya on minlərlə kilometr uzaqlaşırlar. Sarıköynəklər, qaranquşlar, bülbüllər, qazlar, ördəklər uçub gedən quşlardır.
Quşların ekoloji qrupları. Quşların əhəmiyyəti:
Qidalanma tipinə görə quşların ekoloji qrupları
Bitkiyeyən quşlar. Əksəriyyəti bitki qidası ilə – dən, giləmeyvə və toxumlarla qidalanır. Belə quşlara payızbülbülləri, meşə xoruzları, tetralar aiddir.
Həşəratla qidalanan quşlar. Nazik, itidimdik, iti caynaq və uzun barmaqları olur.
Yırtıcı quşlar. Dimdikləri qısa və güclüdür, qarmaq kimi aşağı əyilmişdir. Arxa ətraflarında iti caynaqlar olur. Döş və ayaq əzələləri güclü inkişaf etmişdir. Gecə və gündüz yırtıcı quşlarına bölünür. Gündüz yırtıcı quşlarına – qartal, şahin, qırğı; gecə yırtıcı quşlarına – bayquş və yapalaqlar aiddir. Yırtıcı quşlar torpaq üzərində, demək olar ki, gəzmir.
Hər şeylə qidalanan quşlar. Ən çox rast gəlinəni sərçə və qarğalardır.
Həyat tərzinə görə quşların ekoloji qrupları:
Yaşadıqları mühit şəraitinə görə quşlar bəzi ekoloji qruplara bölünür.
Meşə quşları. Əksəriyyətinin qanadları qısa, quyruğu isə nisbətən uzun olur, onların ağac və kollar arasında uçmasını asanlaşdırır. Bu qrupa, əsasən, arıquşular, ağacdələnlər, qaratoyuqlar, tetra və meşə xoruzları aiddir.
Açıqlıq sahə quşları. Ayaqlarının güclü və boynunun uzun olması vaxtında təhlükəni görməyə və düşməndən gizlənməyə imkan verir. Bitkiyeyən və həşəratla qidalanan quşlardır. Doydaqlar, durnalar, dəvəquşular bu qrupa aiddir.
Sahil və bataqlıq quşları:
Əksəriyyətində ətraflar və boyun uzun, dimdik iri olur. Bu xüsusiyyət onlara yem əldə etməyə, bədəni islanmaqdan qorumağa imkan verir. Bunlara leyləklər və vağlar aiddir. Su quşları. Onların bir çoxu yaxşı üzür, suya baş vurur və uçur. Bədənləri uzunsovdur, ayaqlar bədənin arxa hissəsinə – quyruğa yaxın yerləşdiyi üçün suda hərəkəti asanlaşdırır. Əksəriyyətində sıxlələk örtüyü və barmaqlar arasında üzmə pərdəsi olur. Torpaqda yavaş hərəkət edir. Bu qrupa, əsasən, qazkimilər dəstəsinin nümayəndələri – qazlar, ördəklər və qu quşları aiddir.
Pinqvinlər də su quşlarıdır. Onlarda ayaq barmaqları arasında üzmə pərdəsi olur. Suda üzməsində arxa ətraflar və qanadlar iştirak edir. Döş tili yaxşı inkişaf etmişdir. Bədən quruda şaquli vəziyyətdə dayanır.
Quşların təbiətdə əhəmiyyəti:
Quşlar həşəratlar və kiçik gəmiricilərlə qidalanmaqla onların sayının tənzimlənməsində iştirak edir. Onlar özləri də digər heyvanların qidasını təşkil edir. Bəzi tropik bitkilər çiçək nektarı ilə qidalanan quşlarla (kolibri) tozlandırılır. Quşlar həm də bitkilərin meyvə və toxumlarının yayılmasında iştirak edir.
Bizim hər birimiz quşların qayğısına qalmalıyıq. Onların yuvasını dağıtmaq və kütləvi şəkildə ovlamaq olmaz. Quşları qorumaq üçün onların təbii yaşayış sahələrinin və yuvalama yerlərinin saxlanılması vacibdir.
YAZAR: Fidan Əmirəliyeva (OYU BİOLOGİYA)
Həmçinin bax: https://kafkazh.com/diqqet-haqqinda-anlayis/