Qorxma, bu, Sənsən…

Zaman keçir, yaşa dolursan. Hər şey getdikcə özlüyündə başqa məna alır. Bir şeyin illər əvvəl sənə aşıladığı məna ya dəyişib, ya da tamamilə mənasızlaşıb. Artıq, özün qərar verirsən nəyin mənalı ola biləcəyinə. Sadəcə düşünmək isdəyirsən. Boş yaşamağın anlamı olmadığını düşünür və öyrəndikcə öyrənirsən. Hər yeni bir şey öyrəndikcə özündə nəsə bir aclıq hiss edirsən. İnsanları əvvəlkindən daha az yarğılayır, onlardan daha az şeylər gözləyirsən, çünki bilirsən ki, sənin istədiyin dəyəri sənə yalnız özün verə bilərsən. Və bilirsən ki, hər şey düşünməyinlə başlayıb, düşünməyinlə bitir. Bəlkə də, beynində zaman -zaman tufanlar qopur, heç sakitlik tapa bilmirsən. Bəzən də o qədər səssiz və vecsiz olursan ki, hərdən bu halından özün də qorxursan. Çox vaxt hadisələrə soyuq yanaşır, onlara haqq etdiyi reaksiyanı göstərmirsən. Bəlkə də, bilirsən mövzuların dərinliyində insanların dünyagirliyinin ,tamahlarının, yaxud da mənafelərinin olduğunu . Çox vaxt səssiz olursan. Sufilərin dediyi kimi: “az danışan çox bilər, çox danışanın az bildiyi kimi”.

Həmsöhbət olmaq üçün insanları seçərsən. Hər kəslə hər mövzu haqda müzakirə etməzsən. Bilirsən çox insanın sənin dediklərinin anlamını bilmədiyini. Amma, özünü əvvəlkindən daha çox sevərsən. Bəlkə də, bu, özünə əvvəlkindən daha çox zaman ayırdığın üçündür. Tanrıyla daha yaxından tanış olarsan, hiss edərsən. Axı O, Quranda da deyir “Mən onlara şah damarından da yaxınam”. Onun sənə verdiyi gücü hiss edirsən və sevinirsən səni her şeyə rəğmən unutmadığı üçün. İnsanlıq adına daha yaxşı planlar qurarsan. Çünki bu səfər başqalarını deyil, özünü tanımağa başlamışsan və dəyişməyə başqalarından deyil, özündən başlamısan. Özün haqqda doğru bildiyin bir çox şeyin, əslində, yanlış olduğunu öyrənə bilmisən artıq. Öyrənib qəbul etmisən. Axı bilirsən özündən də qaça bilmərsən. Bu yanlışları qüsur olaraq görmür, onları ya düzəltməyə çalışır, ya da necə varsa eləcə də qəbul edirsən. Bir çox şeyi qəbullanmağa başlayırsan. Elə bil bu sürətlə gedən qatarda bir anlıq yavaşlamağı qərara alırsan-düzgün qərar. Axı indiyə qədər qovala-qaçda nə qədər irəliyə düşdün? Acı həqiqətdir ki, daha da geri düşdün. Çünki sənə lazım olan o elementi unutdun: “Ruh!”
İndi bilirsən ki, inkişafın ondan asılıdır. O kasad və məhrumdursa, irəliləyişdən söz ola bilməz. Artıq, zahiri deyil, batini gözəlləşdirir, ruhu azad və sakin olan insanlar axtarırsan. Özünə, iç səsinə qulaq verdikcə hər şeyin böyütdüyün qədər anlamlı ve çətin olmadığının fərqinə varırsan. Keçən vaxdın zamandan deyil, ömürdən olduğunu anlayırsan adəta. Və ruhunu oxşayacaq insanları, kitablar, yazarlar, musiqilər tapdığında xoşbəxt olursan, içində güllər açır. Dünyanın sözdə yox, reallıqda məktəb olduğunu anlayırsan. Həyatında boş danışanları deyil, ən azından xoş danışanları tutmağa çalışırsan. Özündən qaçmırsan, bilirsən özünün başdan başa sirr olduğunu. Və hər şeyini qəbullanır, sevirsən. Bilirsən, sufilər yeni olan tələbələrinə nə sual verirmişlər? Sualları bu imiş: Aşiq olmusan?
Əgər tələbə cavabında yox deyərmişsə, onu aralarına almazlarmış. Onlar üçün eşq önəmli imiş. Hətta bu rəbbani deyil, dünya sevgisi olsaymış belə. Eşq əks cinsi sevmək deyil anladığın. Eşq tanrını duya bilməyin, onun sənə bəxş etdiyi ruhu hiss edə bilməyindir. Sevmək və sevilmək məcburiyyətində deyilsən, ancaq bunsuz da yaşaya bilmərsən. Bəlkə də, “yaşayaram” deyirsən. Bəlkə də, yaşayarsan, amma bunun necə çətin olduğunu yolun başında anlamağın yaxşıdır, əgər yolun başındasansa. Bir çox şey yaşaya bilərsən bu uzun yolda. Amma unutma, isdəməsən, “yox” deyə bilərsən! Olmadısa, yenidən sınaya bilərsən! Əslində, “yox” deməyin necə böyük nemət olduğunu anlamalı insan. Çünki hər kəs “yox” deməyi bacarmır. Kimisi yaxınlarına, kimisi ailəsinə, kimisi də özünə “yox” deməyi bacarmır. Və bu, onun cəhənnəmi olur. Demək istədiyim odur ki,  mənfəətgüdən olma, amma ilk özünü düşünməyi bacar. Sonunda özünlə baş-başa qalacaqsan. İstər 19 yaşın olsun, istər 90. Tək qaldığın anda düzgün qərar verdiyini hiss et. Bu qərarın səndən nələri aparmağına baxmayaraq. Bu qarışıqlıqda özünü unutma. Özlüyündə bir çox şey yaşaya bilərsən. Qəbullan! Qorxma, bu,  sənsən…

YAZAR: İsmayıl Camalov

 

Həmçinin bax: Psixologiya elmi

Həmçinin bax: https://turaz.org/qirgizistan-ve-qeter-arasinda-emekdasliq-perspektivleri-muzakire-edildi/