Qondarma Erməni Soyqırımı

Erməni millətçiləri, daşnak rəhbərləri daim tarixi saxtalaşdıraraq qələmə veriblər. Ermənilər hər il dünyanın bir çox ölkələrində 1915-ci il 24 aprel tarixini qondarma “soyqırımı” günü kimi qeyd edirlər. Qondarma erməni soyqırımının heç bir tarixi həqiqəti əks etdirməməsinə baxmayaraq onlar bunda da siyasi məqsəd güdürlər. Əvvəla bu soyqırım qəbul olunduğu təqdirdə onlar Türkiyədən təzminat alacaq və Şərqi Anadolu torpaqlarında dövlət yaratmağa cəhd göstərəcəklər. Heç bir əsas olmadan ərazi iddiası qaldıran tək xalq, yəqin ki, ermənilərdən başqası ola bilməzdi. Erməni üsyanları və Birinci dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti “Köç” qərarı çıxartdı. Bu qərar öncəsində isə bugün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir. Onların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi.Köç Anadoluda yaşayan ermənilərin Osmanlının digər ərazilərinə köçürülməsini nəzərdə tuturdu. Bütün bu hadisələrin üzərindən uzun müddət keçdikdən sonra ermənilər soyqırım xülyasına düşdülər.Maraqlıdır, niyə bu soyqrımın 10, 15, 20 illiyi deyil də birbaşa 50 illiyi haqda qərar qəbul edilir? Niyə bu soyqırımı ilk olaraq Cənubi Amerikada yerləşən Uruqvay Respublikası tanıyır? “Erməni soyqırımı” iddialarının yayıldığı areal da maraqlıdı – Avropa və Amerika. Ermənilərin və erməni lobbisinin hədəfi “4T” adlanan tələblərinin yerinə yetirilməsidir:

1.Türklərin ermənilərə qarşı törətdiyi”Soyqırım”ın dünyada tanınması;

2.Türkiyənin “soyqırım”ı tanıması;

3.Türkiyənin “soyqırım”a uğramış adamların varislərinə təzminat ödəməsi;

4.Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi.

Erməni lobbisinin güclü səyi nəticəsində ermənilər birinci tələbə çox yaxındırlar. Hətta tanıtmaqla qalmayıb soyqırımı tanıyan əksər ölkələrdə abidə qoyulmasına da nail olublar. Bədnam iddialarını təbliğ edən 45000 sayt yaradıblar, filmlər çəkdiriblər, hətta Almaniyada mövzunu dərsliklərə salıblar, kitablar yazdırıblar və indi də demokratik Avropa dövlətlərində “soyqırım yoxdur” deyənin cəzalandırılmasını qanuniləşdirirlər.

Türkiyəli mütəxəssislər hesab edirlər ki, dünya ölkələrinin “soyqırım” qərarlarını qəbul etməsində 5 amil rol oynayır:

1.Həmin ölkələrdəki erməni azlığının təsiri;

2.Türkiyəyə düşmən münasibət;

3.Türkiyəni Avropa Birliyində görməmək istəyi;

4.Özünün törətdiyi soyqırıma suç ortağı axtarmaq cəhdi;

5.Din.

Uruqvay, Argentina, Rusiya, Kanada, Livan, Fransa, İsveçrə, İtaliya və Venesuelanın qərarları birinci səbəblə – yəni bu ölkələrdəki erməni azlığının təsiriylə, Yunanıstan və Yunan Kiprinin qərarları Türkiyəyə qarşı düşmən münasibətlə, Vatikanın qərarı din faktoruyla izah edilir. Fransa və İtaliyanın qərarlarının arxasında Türkiyənin Avropa Birliyinə üzv olmasının qarşısını almaq niyyətinin dayandığı bəllidir. Hollandiya, Belçika, Almaniya, İsveçrə və Polşanın qərarları da oxşar motivdən qaynaqlanır. Eyni zamanda Almaniya, Slovakiya və Latviya tarixən qətliamlar törətmiş ölkələr kimi özlərinə ortaq axtarırlar. Yəni “soyqırım törədən tək biz deyilik”. Bununla yanaşı,Ukraynanın Xarkov vilayətinin İzyum şəhəri 2009-cu ildə “erməni soyqırımının tanınması haqda” qərarı 2010-cu ildə ləğv edib.Ümid edək ki,yalançı tarixlərinə istinad gətirən ermənilər nə vaxtsa avantürist məqsədlərindən əl çəkəcəklər.

 

Yazar: Sara Şükürova