Qızıl Ordanın təşəkkülü və Kalka müharibəsi

Cuci Ulusunun qurucusu Çingiz xanın böyük oğlu Cuci idi və dövlət rəsmi adını ondan almışdır. Orta əsr tarixi mənbələrində Cucinin məskunlaşdığı torpaqlar haqqında məlumatlar vardır. Əslində Azərbaycan tarixçisi Rəşidəddin bu məsələ ilə bağlı belə deyir: “Çingiz xan İrtiş çayı və Altay dağları sərhədləri daxilində bütün bölgə və millətləri, qışlaq-yay yerlərini və Dəşt-i Qıpçaq və oradakı dövlətlərini Cuci xanın idarəsinə verdi. Vətəni İrtış ətrafında idi, dövlətinin mərkəzi də orada idi”. Nuveyrinin yazdığına görə, Çingiz xan oğlu Cuciyə Qıpçaq ölkəsini, yəni Xarəzm torpaqlarını və Qayalıq sərhədlərindəki yay və qışlaqlardan Saksın və Bulqar bölgələrinə qədər olan əraziləri öz nəzarəti altına almağı əmr etdi.

Eyni ifadələr orta əsr yazıçılarından olan əl-Ömərinin əsərində də işlənir. Başqa bir orta əsr tarixçisi Vassaf Cucinin Azərbaycanı ona qalan torpaqların qərb sərhəddinə daxil etdiyini qeyd edərək yazırdı: “Çingiz xan hələ sağ olanda monqol qoşunlarının ələ keçirdikləri torpaqlar onun oğulları arasında bölünmüşdü. Qayalıq və Xarəzm bölgələri, Saksın və Bulqar sərhədlərinə, qərbdə Dərbəndə qədər uzanan torpaqları Cucinin idarəsinə vermişdi”. Çingiz xan həmçinin Cuciyə hələ fəth edilməmiş İdil-Ural bölgəsini və qərbdə monqol atlarının ayaq basacağı istənilən yeri idarə etmək hüququ verdi. Bu mövzuda XIV əsr Azərbaycan tarixçisi Həmdullah Qəzvini daha ətraflı məlumat verir: “Cuci xan Çingiz xanın böyük oğlu idi. Atasının tapşırığına əsasən, Xarəzm bölgəsi, Dəşt-i Xəzər, Bulqar, Saksın, Alan, As, Rus, Mikes, Başqırd və o sərhədlər ona həvalə edildi”.

Cuci Çingiz xanın əmrinə əsasən, İrtişin orta axınında bir yerdə çadırını qurdu. Lakin o, 1227-ci ilin fevralında atası hələ sağ ikən vəfat etmişdir. Əslində Cucinin böyük oğlu orda idi və atasının ölümündən sonra onun rəsmi olaraq Cuci Ulusunun başçısı olmaq hüququ var idi. Lakin o, kiçik qardaşı Batını çox sevdiyi üçün Cuci Ulusunun taxtından onun xeyrinə imtina etdi. Bunda Çingiz xanın arvadı Börtenin Batıya dəstək verməsi də öz təsirini göstərmişdir. Çünki Batunun anası Uki Xatun Börtenin qardaşı qızı idi.

Bunun üzərinə Çingiz xan Cuciyə verdiyi torpaqları oğulları arasında yenidən bölüşdürdü. Bu bölgüyə görə o, sağ qolu olaraq İdil tayfasını və daha qərbə doğru zəbt edilməsi planlaşdırılan əraziləri Batının idarəsinə buraxdı. Üstünlük əlaməti olaraq Ağ Orda da onun tərəfindən qurulmuşdu. Ona görə də onun nəslindən olan xanlar Ağ Orda sülaləsini yaratdılar. Çingiz xan Batının böyük qardaşı Ordanın nəslindən olan sülalə Göy Orda sülaləsi adlanırdı, çünki o, gümüş busağalı Göy Ordanın əsasını qoymuşdur. Beləliklə, Orda İçenə cənubda Sığnaq şəhəri də daxil olmaqla Qaratağdan bugünkü Qazaxıstan sərhədləri daxilində, Aral dənizinin şərq sahilində Sırdəryanın ağzına və Uludağ dağına qədər uzanan sol qol verildi.

Çingiz xan kiçik nəvəsi Şibana plülad (polad) dana hazırlatdırdı. Cənubi Uralın şərqində İlək və İrgiz çaylarının yerləşdiyi bölgə də Şibanın hakimiyyəti altında qaldı. Lakin Şiban və Cucinin cariyə olan 17 oğlu Batını dəstəklədi. Beləliklə, böyük qardaşı Ordanın təsdiqi ilə Batı Cuci Ulusunun böyük xaqanı seçildi. O, Batının ətrafına verilən 17 qardaşının hər birinə bir qədər nökər verdi və millət əmiri kimi hökmranlıq etmələri üçün onlara müəyyən mülklər. Əmiri-kəbir olaraq kiçik qardaşlarından Bərkəni orduya sərkərdə təyin etdi. Beləliklə, Böyük Monqol İmperiyasının Cuci Ulusu yarandı. Cuci Ulusunu meydana gətirən əsas sülalələr yuxarıda qeyd olunduğu kimi Ağ Orda və Göy Orda olaraq təyin olunsa da, 1269-cu ildən müstəqillik qazanan Cuci Ulusu üçün tarixi ədəbiyyatda Qızıl Orda adının istifadəsi mənimsənildi.

Batı, Çingiz xanın idarəçiliyinə buraxdığı İdil tayfasını və qərbdə fəth edilməsi planlaşdırılan Dəşt-i Qıpçaq ölkəsini şəxsən döyüşərək almalı oldu.  1220-ci ildə Xarəzm yürüşü zamanı monqollar İdil bölgəsinə hakim olmaq üçün ilk cəhdi etmişdilər. 1240-cı ildə yazılan “Monqolların Gizli Tarixi”ndə bu məsələ ilə bağlı bunları yazmışdır: “(Çingiz-Xan) sonra Hanqlin,  Kibça’ut, Bacigit, Orusut, Macarat, Asut, Sasut, Sabutay Bahadır isə şimalda yerləşən Serkesut, Kaşimir, Bolar (Bolqar) və Raral adlı on bir tayfa, dövlət və xalqa qarşı yürüş etdi. Böyük İdil və Cayah (Yayık) çaylarını keçib Kiva-men-kermen şəhərinə yürüş etdi”.

1222-ci ildə Çingiz xanın əmri ilə İran və Azərbaycan üzərindən şimala göndərilən Cəbə və Sabutay noyanların komandanlığı altında olan monqol ordusu əvvəlcə alanları, çərkəzləri və ləzgiləri, sonra isə qıpçaqları məğlub etdi.  Monqollardan qaçan qıpçaqlar rus knyazlığı ilə ittifaq yaratdılar.  Beləliklə, 100 min nəfərdən artıq ordu yaratdılar.  Lakin Monqol ordusu cəmi 40 min nəfərdən ibarət idi.  Buna baxmayaraq monqol ordusu 1223-cü ilin payızında Kalka çayı sahilində baş verən döyüşdə sayca çox olan rus-qıpçaq ordusunu qılıncdan keçirməyə müvəffəq oldu. Rusların məhv edildiyi bu müharibədə  ağır itkilər verən bir çox Rus knyazı da həyatını itirdi.  Daha sonra monqollar Xəzər dənizinin şimal sahilindəki Saksin şəhərini yerlə-yeksan etdilər və cənubdan orta İdil boyunca Bolqar dövlətinə hücum etdilər.  Lakin İdil bulqarları tərəfindən pusquya salındıqdan sonra böyük itki verərək Çingiz xanın tərəfinə qayıtdılar.  Çağdaş ərəb yazıçısı əl-Kamil İbnü’l Esir (1160-1233) monqol ordusunun İdil bulqarları tərəfindən ilk məğlubiyyətini belə qeyd etmişdir:

“Monqollar, yuxarıda qeyd etdiyimiz kimi, rusları məğlub edib onların ölkəsini qarət etdikdən sonra 620-ci ilin (1223) sonunda Bolqar torpağına doğru hərəkət etdilər.  Bolqarlar monqolların üzərlərinə gəldiyini biləndə yolun müxtəlif yerlərində pusqular qururlar və əsgərlərini bu pusqulara yerləşdirdikdən sonra monqolların qalan adamları ilə qarşı-qarşıya gələrək onları pusquya çəkməyə başlayırlar.  Monqollar bolqarların qurduqları bu pusquları keçdikdən sonra bolqarlar qəfil geri döndülər və pusquda olanlar çölə atılaraq monqolları iki atəş arasında qoyub getdilər.  Bolqarlar monqolları hər iki tərəfdən qılıncla doğramağa başladılar, bir neçə istisna olmaqla, sağ qalan olmadı.

Rəvayətə görə, bu monqollardan dörd minə yaxını Saksin tərəfə yürüş edərək öz hökmdarı Çingiz xanın yanına qayıtdılar.  Beləliklə, Qıpçaq torpağı monqollardan təmizləndi.  Qıpçaqların ölümündən sağ çıxanlar yenidən öz ölkələrinə qayıtdılar”. Lakin monqolların Birinci Dəst-i Qıpçaq Ekspedisiyası olaraq xarakterizə edilən bu hərbi fəaliyyət həm də kəşfiyyat əməliyyatı idi.

QAYNAQ: Dinçer Koç- Altın Orda Tarihi
TƏRCÜMƏÇİ: Arzu Oruclu
HƏMÇİNİN BAX: Psixi sağlamlıq
HƏMÇİNİN BAX: Tehsilim.org/pariltisini-hiss-etdirmeyen-qigilcim-qurbaneli-serifzade/