Qıjıkimilər

Qıjıkimilər psilofitlərdən törəmiş ali bitkilərin ən qədim qruplarından biridir. Daş kömür dövründə qıjıkimilər qatırquyruğu və plaunlarla birlikdə geniş meşələr yaratmaqla bitkilər aləmində hakim mövqe tutmuşlar. Bu bitkilər indi də geniş yayılmışdır. Hal-hazırda da qıjıkimilərin çoxlu növləri vardır. Şimal meşələrindən başlamış tropik qurşağa qəu, səhralarda, bataqlıqlarda onlara təsadüf olunur. Ölçüləri bir millimetrdən 25 metrə qədərdir. Tropik meşələrdə onların ağaç formaları da vardır.

Qıjıların həyat dövriyyəsində qeyri-cinsi nəslə cinsi nəsil, yəni sporofitlə qametofit növbələşir . Lakin saprofit faza üstünlük təşkil edir. Adətən çoxillik olur. Biz yalnız onu qıjı adlandırırıq . Erkək qıjı adı da buradan götürülüb. Çünki erkək qıjı sporofit nəsildir .

Azərbaycan meşələrində qıjının otşəkilli bir neçə növü yayılmışdır. Onlardan ən geniş yayılanı erkək qıjıdır . Onun gövdəsi torpağın üst səthinə yaxın yerləşir, yaxşı inkişaf etmiş kökümsova malikdir. Kökümsovlardan əlavə köklər və yarpaqlar çıxır . Yarpaqları iridir, ikiqat lələkvaridir , saplaqları bozumtul pulcuqlarla örtülü olur. Qıjıları bu pulcuqlara digər bitkilərdən asanlıqla fərqləndirmək olur. Tam açılmamış cavan yarpaqları ilbiz çanağı kimi qıvrılmış şəkildə olur. Bu da, qıjıların özünəməxsus ikinci əlamətidir.

Bundan əlavə, qıjıların yarpaqları budaqlar kimi ucdan böyüyür. Tropik ölkələrdə bitən qıjıların yarpaqları uzun müddət hətta bir neçə il böyüməkdə davam edir.

Beləliklə, qıjıların yarpaqları, gövdələri, kökləri ilə çiçəkli bitkilərə bənzəyir, lakin onların çiçəkləri yoxdur. Yayın ortalarında yarpaqların alt səthində qonur rəngli qabarcıqlar əmələ gəlir. Həmin qabarcıqların altında sporangilər yerləşir. Onların içərisində olan sporlar yetişdikdən sonra külək vasitəsilə ətrafa yayılır. Əlverişli şəraitdə cücərərək çox kiçik, təxminən 2-3 mm eni olan incə , ürəkşəkilli yaşıl lövhəcik əmələ gətirir. Bu, qıjının ilk cücərtisi – protaldır . Protalın alt səthində rizoidlər əmələ gəlir və onun vasitəsilə torpağa bərkidilir.

Cücərtinin torpağa sıxılmış alt ucunda qatırquyruğu və plaunlarda olduğu kimi cinsi çoxalma orqanları- arxeqoni və anteridi əmələ gəlir. Anterididə əmələ gələn spermatozoidlər arxeqonidəki yumurta hüceyrəni mayalayır . Mayalanma su damcıları vasitəsilə baş verir.

Mayalanma nəticəsində əmələ gələn ziqotadan rüşeym inkişaf edir. Rüşeym də köklər əmələ gəldikdən sonra protal məhv olur. Rüşeym isə inkişaf edərək xırda yarpaqlı cavan qıjıya çevrilir. Cavan bitki çox yavaş böyüyür. Yalnız bir neçə ildən sonra yetkin sporlu qıjıya çevrilə bilir. Beləliklə, erkək qıjı sporlar əmələ gətirdiyinə görə qeyri-cinsi nəsil , protal isə nəsil hesab olunur.

Bəzi qıjı növlərində sporlar müxtəlif ölçüdə olurlar. Bunlar müxtəlif sporlu qıjılar adlanır . Onlarda olan kiçik erkək sporlar- mikrosporlar cücərəndə qametofitə başlanğıc verir. Onların üzərində erkək cinsi orqanlar yaranır. İri sporlardan – meqasporlardan isə yumurta hüceyrəsi əmələ gətirən qametofit inkişaf edir. Bu xüsusiyyətlərinə görə müxtəlif sporlu qıjılar dəyişkən mühit şəraitinə daha dözümlü olurlar.

Qıjıların kökümsovlarından əmələ gələn tumurcuqlar vasitəsilə vegetativ yolla da çoxala bilirlər. Qıjıların suda yaşayan bir neçə çoxillik növləri də vardır. Rütubətli tropik meşələrdə çoxlu epifit , yəni başqa bitkilərin üzərində yaşayan qıjılar da vardır.

Xalq təbabətində xüsusi reseptlə erkək qıjının kökümsovlardan hazırlanan dərmandan insan bağırsağında parazitlik edən lentşəkilli qurdlara qarşı istifadə olunur. Qıjıların bəzi növlərini akvariumlar üçün yetişdirirlər. Bəzi qıjı latın kökümsovları zəhərlidir. Böyük və Kiçik Qafqaz meşələrində ,  Talış meşələrində erkək qıjı geniş yayılmışdır. Quba rayonunda da ehtiyatı çoxdur.

Daş kömür dövründə-təqribən 300 milyon il bundan əvvəl isti və rütubətli iqlim şəraiti qıjı , qatırquyruğu və plaunların inkişafı üçün çox əlverişli idi. Həmin dövrdə bu bitkilərin hündür gövdəli növlərindən sıx meşələr əmələ gəlmişdir. Güclü yağan leysan yağışlar nəticəsində yaranan sellərin gətirdiyi gil və qum altında qalan ağaclar oksigensiz mühitdə milyon illər ərzində tədricən bərkiyərək daş köçürə çevrilmişdir. Ona görə də bu dövr daş kömür dövrü adlanır. Daş kömür qiymətli yanacaq növüdür. Kimya sənayesində daş kömürdən plastik kütlələr, boyalar , lak və digər məhsullar da alınır.

YAZAR: Yusibova Aytən

 

Həmçinin bax: https://kafkazh.com/cilpaqtoxumlular/

Həmçinin bax: https://tehsilim.org/meiset-zorakiligi-ve-usaq-huquqlari-movzusunda-videokonfrans/