Qeyri-verbal kommunikasiya və onun ünsiyyətdə yeri

Ünsiyyət insan münasibətlərinin daxili gözəlliyində öz ifadəsini tapır. Nəzakətlilik, təmkinlilik, mehribanlıq, xeyirxahlıq, tərəf-müqabilini dinləmək bacarığı və başa düşmək arzusu, onun zövqünə, fikirlərinə, ovqatına hörmətlə yanaşmaq, sevinc və kədərini anlamaq, dərdinə şərik olmaq – bunlar ünsiyyət mədəniyyətinin əlifbasıdır.
İnsanlar heç də həmişə ünsiyyət prosesində verbal kommunikasiya vasitələrindən istifadə etməklə kifayətlənmirlər. Çoх vaхt onlar verbal yolla çatdırdıqları məlumatları gücləndirmək və ya daha səmərəli təsir göstərmək üçün sözsüz, nitqdən kənar vasitələrdən də istifadə edirlər. İnsanlar bəzən hislərini, fikir və arzularını çatdırmaq üçün söz tapa bilmir və ya onun barəsində danışmaq istəmirlər. Bu zaman informasiya mübadiləsi sözsüz, sözlərin köməyi olmadan həyata keçir. Belə ünsiyyət qeyri-verbal vasitələrin köməyi ilə baş verir. Bu cür qeyri-verbal kommunikasiya vasitələrinə müхtəlif simvolları, mimikanı, pantomimikanı, müхtəlif jestləri, hərəkətləri, səsin tembrini, intonasiyanı, gülməyi və s. aid etmək olar. Bu mənada qeyri-verbal ünsiyyət vasitəsi rolunu müхtəlif amillər, işarələr sistemi oynaya bilər. Bu cür işarələr sistemini aşağıdakı şəkildə qruplaşdırmaq olar:

1) optiki-kinetik işarələr sistemi,

2) paralinqvistik və ekstralinqvistik işarələr sistemi,

3) məkan və zamanla bağlı işarələr sistemi.

Bu cür işarə sistemlərinin informasiya mübadiləsi ilə bağlı olaraq özünəməхsus yeri vardır. Ünsiyyət zamanı informasiya mübadiləsini həyata keçirmək üçün optikinetik işarələr sistemi özünəməхsus yer tutur.

Qeyri-verbal ünsiyyət vasitələrinin müxtəlif tipləri var. Bu tiplər ünsiyyət mübadiləsində xüsusi rol oynayırlar: Mimika– yunanca “mimos” sözündən götürülmüş, simanın dəyişdirilməsi, təqlid deməkdir. Mimika sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələridir. Ekman tərəfindən müəyyən edilmişdir ki, mimikanın 7 əsas sifət konfiqurasiyası var. Onlar müvafiq olaraq yeddi emosiyanı ifadə edirlər. Sifətin ən ifadəli əlamətləri dodaqla qaş (ağız ilə göz) sahəsində yerləşir. Bu sahəyə əsas mimika sahəsi deyilir. Mimika insanın sifətinin təkrarolunmaz fərdiyyətini əks etdirir. Onun əsas funksiyası sifətin ekspressiyalarında insanın emosiya və hisslərini ifadə etməklə şərtlənir.
Son zamanlar vizual ünsiyyət (gözlərin təması) problemi diqqəti daha çox cəlb edir. Gözlərin görünən, özünəməxsus “əlifbası” var. Anatomik baxımdan gözlər nə qədər müxtəlif olsalar da, onların kodları, başqa sözlə psixosemantikası baxışların, necə deyərlər, “rəqsində” açıqlanır.
İntonasiya ünsiyyətin başlıca akustik vasitəsidir. Ünsiyyət prosesində kommunikatorun resipientə münasibəti bilavasitə onun intonasiyasında əks olunur. Onun ekspressiv-emosional funksiyası önəmlidir. İntonasiyanın bu funksiyası xüsusi məntiqi vurğu, pauza və s. akustik vasitələrlə qaynaqlanır.
Kinesika – “bədən hərəkətlərinin dili”  kimi meydana çıxır. İnformasiya mübadiləsində onun kodları jestlər vasitəsilə açıqlanır.
Proksimika (latınca proximity – yaxınlıq deməkdir) insanın şəxsi məkanı kimi ünsiyyət prosesində özünəməxsus rol oynayır. İnsan bu məkanı özününkü hesab edir və hətta onu bir növ fiziki bədəninin davamı sayır. Ünsiyyət prosesində ya kimisə özümüzə yaxın buraxırıq, hətta qolumuza gətirməsinə imkan veririk, ya da kimisə özümüzə yaxın buraxmırıq – şəxsi məkanın hüdudları ünsiyyət prosesində subyektiv olaraq belə müəyyən olunur. Bu yolla insan başqa adamlarla özü arasında ünsiyyət üçün intiutiv ölçülərlə əlverişli və ya münasib olan özünəməxsus psixoloji məsafə yaradır. “Yaxınlıq-uzaqlıq” , “isilik-soyuqluq” psixoloji məkanın emosional parametrləri belədir.

Qeyri-verbal kommunikasiya mürəkkəb prosesdir və müxtəlif amillərlə, ilk növbədə şəxsiyyət amili ilə şərtlənir. Müəyyən edilmişdir ki, intravertlərə, nisbətən ekstravertlər qeyri-verbal kommunikasiyanın kodlarını daha dəqiq açıqlayırlar. Bu prosesdə gender fərqləri də önəmli rol oynayır. Məlum olduğu kimi, qeyri -verbal kommunikasiyanın kodlarını qadınlar kişilərə nisbətən daha yaxşı oxuyurlar. Lakin araşdırmalar göstərir ki, onlar qeyri-verbal siqnallardakı yalanı kişilərə nisbətən çox vaxt dəqiq ayırd edə bilmirlər. Buna da səbəb, görünür, qadınların hislərinə asanlıqla aldanmalarıdır. Verbal kommunikasiya vasitələri ilə birlikdə qeyri-verbal ünsiyyət vasitələri insanların birgə fəaliyyəti üçün zəruri olan informasiya mübadiləsini təmin edir.

YAZAR: Gülaf Məhərrəmova

 

Həmçinin bax: İnformasiya təhlükəsizliyi anlayışı

Həmçinin bax: turaz.org/qirgizistanin-bas-naziri-ozb%c9%99kistana-gedib/