Qədim şəhərimiz İrəvanın itirilməsi

Plan:

  • Problemin qoyuluşu
  • Erməni məsələsinin Qafqazda həll edilməsi və erməni dövlətinin qurulması
  • İrəvanın Ararat-erməni Respublikasına güzəştə gedilməsi
  • Nəticə

Problemin qoyuluşu

Bizim indi də ağlımızda olan və bizə daima ağır gələn suallardan biri də budur: Qədim şəhərimiz olan İrəvan necə itirildi? Bəhs edilən dövrün atmosferi necə idi? Həqiqətən mi Azərbaycan Cumhuriyyətinin xadimləri özləri ürəkaçıqlığı ilə İrəvan şəhərini ermənilərə güzəştə getmişdilər? Məqalədə bu suallara cavab verməyə çalışacam. Yazacağım məqalə çox ciddi araşdırma və obyektiv qiymətləndirmə tələb edir. Gün gələr, Ermənistana tarixçilərin ekspedisiyası təşkil olunar və Ermənistan Dövlət Arxivləri açılaraq ermənilərin uzun illər özününküləşdirdiyi qədim şəhərimiz İrəvan və erməni yalanları həmin arxivlər vasitəsilə ifşa edilər. İrəvanın itirilməsi məsələsi ilə bağlı çox ciddi araşdırılma aparılmalı və ortalığa çox ciddi əsərlər qoyulmalıdır ki, bu  məsuliyyət də biz gənc tarixçilərin üzərinə düşür. Çünki bu yazdığım məqaləmdə müəyyən çatışmazlıqlar da ola bilər.

Erməni məsələsinin Qafqazda həll edilməsi və erməni dövlətinin qurulması

Məsələyə tam olaraq qiymət vermək üçün dövrün hadisələrinə ardıcıl nəzər salaq. 1917-ci ildə baş verən fevral inqilabı nəticəsində Rusiyada çar rejimi devrilir və müvəqqəti hökumət qurulur. Çar devrilsə də Qafqazda faktiki siyasi nüfuz yenə də Rusiya imperiyası Müvəqqəti hökumətinə məxsus olur. Ardınca 1917-ci ildə baş verən Oktyabr inqilabı nəticəsində Rusiyada Sovet hakimiyyəti elan edilir. Oktyabr inqilabından sonra da 1918-ci ilin martın 3-də Almaniya, Osmanlı, Avstriya-Macarıstan imperiyası və Sovet Rusiyası arasında imzalanmış Brest-Litovsk müqaviləsindən sonra Rusiya qoşunları Anadolunun şərqindən və Bakı istisna olmaqla Qafqazdan çıxarılır. Çünki həmin dövrdə Bakıda Sovet hakimiyyəti hökm sürürdü. Bizim regionda nə baş verirsə, bu gücün müvəqqəti geri çəkilməsindən sonra olur. Yeni mənafelər formalaşır. 23 fevral 1918-ci ildə Qafqazda Zaqafqaziya seymi yaradılır və keçmiş Dumada fəaliyyət göstərən fraksiyalar (gürcü, azərbaycanlı və erməni) 3 ölkənin vahid məclisini və hökumətini yaradır. Seymdəki Azərbaycan fraksiyası eyni millət olduğumuz Osmanlıya xilaskar kimi, onsuz da, illər öncədən baxırdı. Rəsulzadə, Əhməd bəy Ağaoğlu kimi rəhbər siyasi şəxslər və ideoloqlar Osmanlının hərbi yardımı hesabına Qafqazda Azərbaycan Cümhuriyyəti qurmağı hədəfləyirlər (1 s. 226). Bundan başqa  azərbaycanlılar erməni iddialarından özlərini qorumaq üçün Osmanlı dövlətinə arxalanırdılar. Qara dənizdən Aralıq dənizinə qədərki ərazidə “Böyük Ermənistan” qurmaq istəyən ermənilər Antanta ölkələrinə ümid edirdilər. Gürcülər isə Almaniya meyilli idilər (2 s 410) .

Nəticədə 26 may 1918-ci ildə gürcü fraksiyası seymdən ayrıldığını bildirir və Gürcüstan Respublikasının yaranmasını elan edir. Yəni artıq, həm bizə, həm də ermənilərə deyilir ki, Tiflisi tərk edin.  Burda çox önəmli məsələni əksəriyyət qaçırır. Gürcüstan respublika elan ediləndə bizlə ərazi mübahisələri olur və Zaqatala-Balakən, Qazax kimi ərazilərin bir hissəsinə Gürcüstan iddia edir və məsələ həll edilməmiş qalır.

Gürcüstanın seymdən çıxması məsələsi hələ qabaqcadan əsas bir problemi doğurmuşdu: Hər 3 bölünmənin taleyi, xüsusən də Azərbaycan və Ermənistanın ərazi statusu necə müəyyən olunacaqdı? Hələ qabaqcadan Müsavat üzvləri Osmanlıya müraciət etmişdilər ki, erməniləri necə edək?  Osmanlı dövlət xadimləri də bir şey fikirləşməli idilər və sonda nəticəyə varmalı idilər. Aleksandropol türklər tərəfindən ələ keçirildikdən sonra ermənilərə siyasi mərkəz olaraq İrəvanın məsələsi gündəmə gəlmişdi. Osmanlı siyasi xadimlər İrəvan məsələsi ilə bağlı kompromisə getmək istəməsələr də ermənilər israr edirdilər. İndi isə türklər ya yeni qurulacaq erməni dövləti üçün siyasi mərkəz kimi  Aleksandropolu ermənilərə verməli, ya da İrəvanı müsəlmanlardan alıb ermənilərə verməli idi.  Bu iki seçim qarşısında Aleksandropoldan imtina etmək istəməyən Osmanlı dövlət xadimləri ikinci seçimə üstünlük verdilər, yəni İrəvanı müsəlmanlardan alıb ermənilərə verməyi daha məqbul hesab etdilər. Lakin onu müəyyənləşdirmək də lazımdır ki, “Erməni məsələsi” ilə bağlı Osmanlı dövlət xadimləri arasında fikir ayrılığı da var idi. Tələt və Ənvər paşa “Erməni məsələsi”ndə “çibanı kökündən təmizləməyi” vacib şərt hesab edib, regionda erməni dövlətinin qurulmasına icazə verməmək və bu da mümkün olmadığı təqdirdə çox zəif bir Ermənistanın qurulmasının tərəfdarı olsalar da, Xəlil bəy və Vəhib paşa kimi Osmanlı dövlət xadimləri ən azından ermənilərin öz müqəddəratını təyin etmək hüququnun verilməsinin tərəfdarı idilər. Onu da bildirmək lazımdır ki, Tələt və Ənvər paşaların Erməni dövlətinin qurulmasına icazə verməmək istəklərinə Azərbaycan nümayəndələri mənfi yanaşırdılar. Azərbaycan nümayəndələrinə görə əgər Qafqazda Gürcü, Müsəlman və Erməni kantonlarının əvəzinə sadəcə iki kanton Gürcü və Müsəlman dövləti yaradılsa, o zaman Cənubi Qafqaz və xüsusilə də 11 may ultimatumunda Osmanlı dövlətinə birləşdiriləcək ərazilərdə, yəniTiflis quberniyasının Axıska və Axalkələk qəzaları, İrəvan quberniyasının Aleksandropol (Gümrü) və Sürməli qəzaları, Eçmiədzin qəzasının Sərdarabad bölgəsi, İrəvan qəzasının cənub və cənub qərb hissəsindəki Kəmərli (Gernibasar), Uluxanlı (Zəngibasar) və Vedibasar bölgələri, Şərur-Dərələyəz qəzasının Şərur hissəsi və Ordubad istisna olmaqla, Naxçıvan qəzasında yaşayan ermənilərin Azərbaycana axınları baş verə bilər və bu da Azərbaycana müsibətlər gətirə bilər. Buna yol verməmək üçün Azərbaycan nümayəndələri balaca bir ərazidə ermənilərin özlərinə milli dövlət qurmasını vacib sayırdı. Bu məsələ ilə bağlı olaraq Azərbaycan nümayəndələri 23 may 1918-ci ildə Batumdan Ənvər paşaya vurduqları teleqramda da göstərirdilər ki,  Azərbaycanın başına gələcək yenidən soyqırım hallarının yaşanmaması üçün Qafqazda ermənilərin milli dövlətləri olmalıdır. Həmçinin Azərbaycan nümayəndələri bu teleqramda bildirirdilər ki, biz erməniləri müdafiə etmirik, sadəcə olaraq məsələyə Türk siyasəti çərçivəsindən baxırıq. Xəlil bəy isə Azərbaycana aid torpaqların hissəsini alıb ermənilərə verməyin tərəfdarı idi (3 ,4 ).  Osmanlı arxiv sənədlərini incələyən zaman görə bilərik ki,  23 may 1918-ci ildə Xəlil bəy Tələt paşaya vurduğu teleqramda ermənilərə İrəvan və ətrafının verilməsinin vacib olduğunu və erməni dövlətinin qurulmasının qaçılmaz olduğunu göstərmişdir (4 s. 168).

26 may 1918-ci ildə Xəlil bəy Tələt paşaya Azərbaycan nümayəndələrinin adından teleqram göndərərək Cənubi Qafqazın müsəlmanlar yaşayan torpaqlarının bir qisminin ermənilərin istədiyini bildirdi. Lakin Ənvər paşa ermənilərin bu istəyinə qarşı çıxaraq 27 may 1918-ci ildə Vəhib paşaya teleqram göndərdi. Həmin teleqramda Ənvər paşa göstərirdi ki, “Xəlil bəyin teleqramından belə başa düşmək olar ki, ermənilər bizdən itirdikləri ərazilərin hesabına Cənubi Qafqazın müsəlmanlar yaşayan ərazinin bir hissəsini istəyiblər, müsəlmanlar da buna razılıq verib. Məncə, bu tamamilə yanlışdır. Əgər bu gün Qafqazda beş-altı yüz min nəfər əhalisi olan və kifayət qədər əraziyə sahib olan kiçik Ermənistan qurularsa, gələcəkdə əmirləri Amerikadan alaraq, o tərəfdən gələn ermənilərlə bu hökumət milyonlarla əhaliyə malik ola bilər.  Ona görə də ermənilərə heç bir torpaq verməməyin xüsusilə İrəvan ərazisinin müsəlmanlar tərəfindən tutularaq bu ərazilərin ermənilərin əlindən xilas edilməsinin tərəfdarıyam”. Bu teleqramdan aydın olur ki, Ənvər paşa da Tələt paşa kimi hərəkət edərək Qafqazda Erməni dövlətinin qurulmasına imkan verməmək, ermənilərin yaşadığı əraziləri Azərbaycan və Gürcüstan arasında bölüşdürmək, müsəlmanların yaşadığı əraziləri ermənilərdən təmizləmək istəyirdi. Bu mümkün olmadığı təqdirdə, Ənvər paşa yaradılacaq Erməni dövlətinin uzun müddət davam etməməsi şərtilə qurulmasını vacib hesab edir və İrəvanın ermənilərə verilməsinə qarşı çıxırdı. Ancaq Xəlil bəy 28 may 1918-ci ildə Tələt paşaya göndərdiyi teleqramda ermənilər üçün dövlət qurulmasının vacib olduğunu hesab edirdi. Tələt paşa və Ənvər paşadan fərqli olaraq Vəhib paşa da Xəlil bəylə eyni cür hərəkət edirdi və 29 may 1918-ci ildə Ənvər paşanın teleqramına verdiyi cavabda erməniləri büsbütün yox saya bilmərik, ona görə də onların bir dövləti olmalıdır şəklində cavab vermişdir (3 s.167-172).

Nəticədə Osmanlıdan gələn cavab belə olur ki, İrəvan və ətrafı ermənilərə verilsin. Əlbəttə, Osmanlı öz torpağını verməzdi. Ancaq məsələ təkcə bu da deyildi. Osmanlının bir strategiyası da, şərqində ona qarşı üsyanlar edən, əl-ayağına dolaşan erməniləri özündən uzaqlaşdırmaq idi. Bu məqsədlə kütləvi formada erməniləri öz ərazisindən İrəvan və ətrafına köçürür (1 s 227).

26 may 1918-ci ildə gürcü fraksiyası seymdən ayrıldığını bildirdi və Gürcüstan Respublikasının yaranmasını elan etdi. 28 may 1918-ci ildə isə həm Azərbaycan, həm də Ermənistan öz müstəqilliklərini elan etdilər. Sovet dövründə hazırlanmış “Daşnaqsütyun Partiyasının əksinqilabi rolu” adlı sənəddə Ermənistan ərazisi haqqında belə yazılır:

“Ermənistan Respublikası Yeni Bəyazid, İrəvan və Aleksandropol qəzalarının hissələrindən yaradıldı.

Bu respublikanın ərazisi 9 min kvadrat kilometr idi. Ermənistan əhalisinin xeyli hissəsini türklər və müsəlmanlar təşkil edirdi.

A.Mikoyan 1919-cu ildə “Erməni imperializmi haqqında” adlı məqaləsində vurğulayırdı:

“Erməni xalqı üçün təəccüblü və tragikomediya olmasa da, özünün spesifikliyi və irticaçı xarakteri və məzmunu ilə erməni imperializmi mövcuddur. Ermənistan faktiki olaraq İrəvan quber­niyasının ərazisini əhatə edir. Burada müsəlman əhali ermənilərdən bir qədər azdır. Lakin bu yeganə ərazidir ki, ermənilər əhalinin nis­bətən böyük kütləsini təşkil edirlər”.

Beləliklə, XIX əsrin 70-80-ci illərindən gündəliyə gətirilən “er­məni məsələsi” konkret nəticə ilə yekunlaşdı. Anadoluda niyyət­lə­rinə çata bilməyən ermənilər məqsədlərinə Cənubi Qafqazda türk torpaqlarında bir dövlət qurmaqla nail oldular.

Cənubi Qafqazda Ermənistan adlı dövlətin qurulmasında Os­manlı dövləti müstəsna rol oynadı. Bu isə bir sıra amillərlə bağlı idi. Birincisi, azərbaycanlılar və gürcülər öz ərazilərində dövlətlərini elan etmişdilər. Ermənilərə isə haradasa bir dövlət yaradılmalı idi. Əvvəlki illərdə çarizmin köçürmə siyasəti nəticəsində üstün olaraq İrəvan quberniyasında yerləşdirilən ermənilər üçün də bir dövlət quruldu. İkincisi, türklərin baxışlarına görə, regionda sülh burada yaşayan xalqların istəklərinin yerinə yetirilməsindən keçirdi. Dövlət qurmaq istəklərinə nail olan ermənilər əsassız ərazi iddialarını genişləndirdilər. Bunu xarici ölkələrin diplomatik nümayəndələri də təsdiq edirdilər.

Almaniyaya arxalanan Daşnaqsütyun 1918-ci il mayın 28-də Erməni Milli Şurasında “müstəqil” Ermənistan Respublikasının yaradılması haqqında qərar qəbul etdi. Erməni tarixçisi Lalayan yazırdı ki, Milli Şura, özünü “erməni qəzalarında vahid hakimiyyət” sayaraq hökumət təşkil etməyi Ovannes Kaçaznuniyə tapşırdı. Kaçaznuni Ermənistana gedərək başkəsən Aram paşa (daxili işlər naziri), erməni xalqının cəlladı Al. Xatisyan (xarici işlər naziri), avantürist Axverdov (hərbi nazir) və başqalarından ibarət tərkibdə daşnaq hökuməti yaratdı.

Admiral L.Bristol Markin ermənilərin heç bir baza və zəminə söyənməyən, əhalinin az bir hissəsini təşkil etdikləri Qərbi Azərbaycan torpaqlarında hökumət qurmaq cəhdlərilə əlaqədar  olaraq həyacanla yazırdı ki, “mənim bir diplomat kimi ermənilərə qarşı heç bir qərəzim yoxdur, lakin onlara yazığım gəlir və müstəqil Ermənistanın yaradılması ideyasına inana bilmirəm… İnana bilmirəm ki, ermənilər özgə xalqları idarə edə bilsinlər. Əgər hansısa bir millət ölkənin bu hissəsindən ermənilərin idarəçiliyi altına düşərsə, onlar mütləq ermənilərin zülmünə və zorakılığına məruz qalmalı olacaqlar” (5 s. 331).

İrəvanın Ararat-erməni Respublikasına güzəştə gedilməsi

Türk torpaqlarında qurulan Ararat Respublikasının paytaxtı yox idi. Çünki 1918-ci ilədək Cənubi Qafqazda heç bir zaman Ermənistan adlı bir dövlət olmamışdı. Xəzinəsi boş, iqtisadi bünövrəsi olmayan, dövlətçilik və dinc quruculuq vərdişləri olmayan Erməni Daşnaq liderləri öz fəaliyyətlərinə nədən və necə başlamaq lazım gəldiyini bilmirdilər. Məhz buna görə də Hovanesyan qeyd edirdi ki, erməni nümayəndələri “Ermənistan üçün ayrılmış balaca qayalıq ərazidə dövlətin mövcudluğu üçün nələr edilməlidir?” sualı qarşında aciz qalmışdılar. Erməni Daşnaq hökumətinin paytaxt şəhəri olmadığına görə erməni rəhbərlərinin dönə-dönə xahişindən və acizanə yalvarışlarından sonra Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini xüsusi fərmanla Erməni Daşnaq hökumətinə güzəştə getməli oldu. (Xatırladırıq ki, Müstəqil Azərbaycan Respublikası bu gün də həmin qərarı ləğv etmək və İrəvan şəhərinə ətraf əraziləri ilə birlikdə ərazi iddiası ilə çıxış etmək hüququnu özündə saxlayır. Çünki bu addım o zaman mehriban qonşuluq naminə atılmışdı- Atamoğlan Məmmədli “Ermənilərin Gerçək tarixi).

Amerikan müəllifi Səmyuel yazırdı ki, “Mövcudluğunun ikinci günü Azərbaycan İrəvan şəhərini Ermənistan Respublikasına verdi. Axı, müstəqilliyini elan etsə də, Ermənistanın siyasi mərkəzi yox idi. Yeni ölkə olan Ermənistan cəmi 400.000 nəfər sakini ilə yalnız İrəvan və Eçmiədzin (Üçmüədzin) rayonlarından ibarət idi” (5 s. 332).

Erməni Milli Şurası Azərbaycana müraciət edərək yeni qurulmuş Ararat Respublikasına İrəvan şəhərinin paytaxt kimi verilməsini xahiş etdi. Hər iki milli şuranın nümayəndələri məsələni müzakirə etdilər. Sonra müraciət Azərbaycan Milli Şurasının mayın 29-da Tiflisdə keçirilən iclasında müzakirə olundu. Həsən bəy Ağayevin sədrlik etdiyi iclasda Milli Şuranın 28 üzvündən 18 nəfəri iştirak edirdi.  Çıxış edən Nazirlər Şurasının sədri Fətəli xan Xoyski məsələ barədə Erməni Milli Şurası ilə aparılan danışıqlar barədə məlumat verərək bildirdi ki, erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazımdır, Aleksandropol Türkiyəyə keçdikdən sonra belə mərkəz yalnız İrəvan ola bilər və İrəvanın güzəştə gedilməsi qaçılmazdır.

İrəvanın paytaxt kimi güzəştə gedilməsi asan, mübahisəsiz və müqavimətsiz olmadı. Belə ki, az sonra İrəvandan olan bir neçə deputat şəhərin verilməsinə etiraz etdilər. Onlar bu səhv addımı atmamağa və qərarı dəyişdirməyə çağırdılar. Lakin Azərbaycan Milli Şurasının iyunun 1-də keçirilən iclasında İrəvan Milli Şurasının üzvlərinin İrəvanın verilməsinə etiraz olaraq imzaladıqları məktub müzakirə edilmədən protokola əlavə edildi .

İrəvanın Ermənistana paytaxt olaraq verilməsi barədə qərarın qəbul edilməsi nə ilə bağlı idi? Hər şeydən əvvəl, Azərbaycana xarici ölkələrdən təzyiq edilirdi. Hətta Osmanlı dövlət və hərb xadimləri ermənilərin törətdikləri kütləvi qırğınlara baxmayaraq, bütün ixtilafları bir kənara qoyub onlarla dinc yaşamağı tövsiyə edir, dövlətin yaşaması üçün ermənilər ilə azərbaycanlılar arasında milli sülhün qurulmasını istəyirdilər.

İkincisi, ermənilərə həqiqətən bir paytaxt lazım idi. Ermənilər paytaxt kimi əvvəllər Aleksandropolu istəyirdilər. Lakin bu şəhər türk ordusunun nəzarəti altında olduğundan ermənilər əhalisinin xeyli hissəsi azərbaycanlılar olan İrəvanı silah gücünə tutub oturmuşdular.

Üçüncüsü, erməni əhalisi artıq Cənubi Qafqazda bir amilə çevrilmişdi. Onu nəzərə almamaq mümkün deyildi. Heç əbəs deyildir ki, Böyük Britaniya rəsmi şəxslərinin bir neçə ay sonra, 1918-ci il 28 oktyabr tarixdə hazırladıqları memorandumda deyilirdi:

“Son onilliklər ərzində ermənilərin Türkiyədən qaçqın kimi Qafqaza soxulmaları “erməni məsələsi”nin həllini tələb edir. Yəni, gələcək Ermənistanın mərkəzinin Kiçik Asiyanın cənub hissəsində yerləşdirmək məsələsini meydana gətirir” .

Dördüncüsü, Azərbaycan Milli Şurası belə hesab edirdi ki, İrəvan paytaxt kimi verildikdən sonra iki xalq arasında milli sülh yaranacaq və əsassız erməni iddiaları dayanacaqdır.

Azərbaycan dövləti İrəvanı güzəştə getməyə bilərdimi? Heç şübhəsiz, baş vermiş tarixi dəyişdirmək artıq mümkün deyildir. İrəvan paytaxt olaraq hər tərəfdən təzyiq altında qalan azərbaycanlılar tərəfindən ermənilərə verilmişdir.

Bu zaman Azərbaycan dövlətinin qurulması prosesi ağır bir şəraitdə gedirdi. Bakı və Bakı quberniyasında Sovet hakimiyyəti mövcud idi. Ermənilər Yelizavetpol quberniyasının cənub-qərb hissəsində, Qarabağda türklərə və bütünlükdə müsəlmanlara qarşı qırğınları amansızlıqla törədirdilər. Qırğınlar Quba, Şamaxı və Nuxa qəzalarında və digər yerlərdə daha qəddarlıqla həyata keçirilirdi. Əgər Azərbaycan Milli Şurası İrəvanın verilməsini yubada bilsəydi, bəlkə də, onda ermənilərin sonrakı ərazi iddialarının və törətdikləri qırğınların səviyyəsini müəyyən qədər aşağı sala bilərdi.

Digər bir tərəfdən, Azərbaycan dövlətinin İrəvanı geri qaytarmaq üçün kifayət qədər hərbi gücü yox idi. Hələ Tiflisdə yerləşən Milli Şura və yeni hökumət ölkənin müvəqqəti paytaxtı olan Gəncəyə köçməyə hazırlaşırdı. Orada isə heç də hər şey qaydasında deyildi. Şəhərə çarizm dövründən yerləşdirilmiş ermənilər Azərbaycan hökumətini qəbul etmirdilər. Ölkənin təbii paytaxtı olan Bakı işğal altında idi. Hökumətin başlıca vəzifəsi Bakını azad etmək idi. Bakıya sahib olan zəngin neft mənbələrinə, demək olar, Azərbaycana yiyələnə bilərdi. Azərbaycan isə Cənubi Qafqaza nəzarət üçün bir açar rolunu oynayırdı. Bakını azad etmək üçün mövcud hərbi güc kifayət etmirdi.

Azərbaycan Milli Şurası ermənilərlə milli sülhün yaradılacağı ümidləri ilə İrəvanı Ermənistana güzəştə getdi. Amma bu ümidlər özünü doğrultmadı (2 s. 417).

Nəticə

İrəvan şəhəri yeni yaradılmış Ermənistan Respublikasına güzəştə gedilsə də Daşnak hökuməti çox keçməmiş Azərbaycana verdiyi sözünü tutmayaraq Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməyə başlayır və Qarabağ, Naxçıvan və Zəngəzurda münaqişə ocaqları yaradılır. Bundan sonra Qarabağ və ətraf əraziləri itirməmək üçün Azərbaycan hökuməti orada hərbi qubernatorluq yaradır. Çünki faktiki olaraq daşnakların Naxçıvanda, Zəngəzurda, Qarabağda ordu birləşmələri işğalçı və qarətçi yürüşlərə başlayır. 1919-cu ilin sonuna yaxınlaşdıqca həmin ərazilərin çox hissəsi erməni işğalında olur. Ancaq 1920-ci ilə girdikdə o coğrafiya yenidən çaxnaşmalar içində olur.

1920-ci ilin aprelində Qızıl ordunun müdaxiləsi nəticəsində Azərbaycanda Müsavat hakimiyyəti devrilir və Azərbaycanda Sovet hökuməti qurulur. 23 ay fəaliyyət göstərən Azərbaycan Cumhuriyyəti süqut edir və Azərbaycan faktiki olaraq Sovet Rusiyasının işğalına məruz qalır.

Bolşeviklər hakimiyyəti təhvil aldıqda Qarabağda, Naxçıvanda, Zəngəzurda erməni birlikləri artıq mövcud idi. Erməni əhalisinin say tərkibi də artmışdı. Yalnızca bu ərazilər deyil, Gürcüstanla da olan münaqişəli zonalar aktuallığını qoruyurdu (1 s.228).

 Ədəbiyyat:

  • Həsənov R. Lamadu (Öyrənmək gözəldir). 2020
  • Qasımlı M. “Erməni Məsələsindən Erməni Soyqırımı”na: Gerçək Tarix Axtarışında (1724-1920). Bakı-2014.
  • Qafarov V. Türkiye-Rusya İlişkilerinde Azerbaycan Meselesi (1917-1922). Teas Press-2018
  • Azerbaycan Cümhuriyyeti (1918-1920). Osmanlı Arşiv Belgeleri. Teaspress 2018.
  • Məmmədli. Gəlmələr. Ermənilərin gerçək tarixi. Bakı-2015

YAZAR: Əli Novruzov

Həmçinin bax: Otuz illik müharibə-Giriş və səbəblər

Həmçinin bax: turaz.org/tehsil-nazirliyinin-yeni-sayti-istifadeye-verilib/

Həmçinin bax: tehsilim.org/bdu-nun-yeni-telebe-evi-muasir-standartlara-cavab-verir/