Qazimizin Xatirələri

Ordumuzun tarix yazdığı şanlı Aprel Döyüşlərindən iştirak edən və qazilik rütbəsinəyüksələn Alpər Bahadur ( şərti addır ) 1990 Azərbaycanın X rayonunda dünyaya gəlmişdir. 2008-ci ildə hərbi xidmətə çağrılmış və 2011-ci ildən XTQ sırasına qoşulmuşdur.
Xidmətdə olduğunuz müddətdə ordunun qida, geyim və silahla təminatı hansı səviyyədə idi?

2014-cü ildə Zakir Həsənov Müdafiə naziri olduqdan sonra müasir silahlarla təmin olunduq. Bizim hal-hazırda yüksək səviyyədə texnika və cihazlarımız var. Düşməni göz açmağa qoymayan silahlarımız var. Aprel döyüşlərində düşmənlər Azərbaycan ordusunun gücünü gördülər.

Gələk geyim məsələsinə, əvvəlki Müdafiə nazirinin zamanında bizim bir formamız var idi və bu çətinlik yaradırdı. Hətta özümüz məcbur qalıb pul yığıb parça alır, forma tikdirirdik. Amma yeni Müdafiə naziri gəldikdən sonra bizim hal-hazırda 2-3 formamız var. Hazırda geyim çox yüksək səviyyədədir.

Yanınızda uğurlu saydığınız hər hansı bir əşya daşımısınızmı?

Xidmət dövründə məsələn komanda bıçağı olurdu. Həqiqətən çox uğurlu olurdu mənim üçün. Məsələn, düşmənlə bəzən qarşılaşırsan, artıq əlbəyaxa döyüşmək lazım gəlir. Onda komanda bıçağı imdadına çatır insanın. Komanda bıçağını hər daim üstümdə gəzdirirdim, indi də göz bəbəyim kimi qoruyuram.

Hərbi xidmətdə normal bir gününüz necə keçirdi?

Mən xüsusi təyinatlı xidmət edirdim. Normal günümüz təlim, məşq ilə keçirdi. Biz orda ailə kimi olurduq. Yəni ora ikinci ailəmdi deyə bilərəm. Hər daim döyüş ruhunda olurduq.

Yaralıları, şəhid olanları gördükdə hansı hisləri keçirirdiniz?

Əlbəttə yaxınlarımızı itirdikdə çox pis oluruq. Hələki çiyin-çiyinə xidmət etdiyim qardaşlarım ola. Onları elə yaralanan, şəhid olan görəndə çox sarsıdıcı olurdu bu bizim üçün. O anları  hələ də unuda bilmirəm.

Yaxın dostlarınızdan şəhid olan olubmu?

Qeyd etdiyim ki, Xüsusi Təyinatlı dostlarım hamısı mənə çox əziz idi və onların hamısını bir barmaq kimi tanıyırdım. XTQ komandiri Milli Qəhrəman Murad Mirzəyev, Samid Telmanov, Kəşfiyyat rəisi Raquf Orucov, Kəşfiyyat rəisi Vüqar Yusifov, Kapitan Mühit Orucov o sağikən Milli Qəhrəman adını almışdı. Rəhmətlik Pəncəli Teymurov. Döyüş zamanı mənlə iş yoldaşım Orxan Müstəcəbovun arasına minamuyot düşdü. Mən yaralandım və qazi oldum, amma Orxan şəhid oldu. Bir çoxunun adını qeyd edə bilərəm. Elvin Namazov, Elimdar Səmədov 22 Xüsusi Təyinatlı iş yoldaşım şəhid oldu. Bir çoxunun adını sadalaya bilərəm. Onların bizim sərvətimizdi. Biz yox, Milli Qəhrəman onlardı. Həqiqətən də şəhidlər bizim milli sərvətimizdir. Onlar tarix yazdılar.

Qazi olmağı şərəf sayırsız?

Əlbətdə qazi olmaq mənim üçün şərəfdir. Mən özümə qazilik arzulamırdım, şəhidlik arzulayırdım. Nə üçün? Çünki şəhidlər həmişə cənnətdə olur. Allah bütün şəhidlərimizə rəhmət etsin. Əlbətdə ki, mənim başım hər zaman ucadır mən qaziyəm. Nə üçün qazi olmuşam? Torpağıma, millətimə, vətənimə xidmət edərkən qazi olmuşam. Şahdamarından azərbaycanlı qanı axan hər kəs vətənini sevməlidir. Vətən bizim anamızdır. Biz də anamızı qorumaq üçün qazi olmuşuq. Qazi olmağıma baxmayaraq Ali Baş Komandanın döyüş  əmrinə hazıram. Mən XTQ döyüş əmrinə gedərsə inşaAllah mən də onların döyüş sırasına qoşulacağam, inşaAllah. Əlbətdə qazi olmaq mənim üçün şərəfdir.

Qazi olduqdan sonra ətrafınızda özünüzə qarşı xüsusi ehtiram hiss edirsinizmi?

Əlbətdə ki, qazi olduqdan sonra ətrafımda ehtiram hissi duyuram. Təbii ki, bu mənim özümə deyil xidmətimə olan ehtiram hissidir. Qazi elə- belə olmamışam döyüşüb, yaralanıb qazi olmuşam və əlbətdə ehtiram hissini daha çox duyuram. Mən XTQ xidmət edəndə məni ancaq dostlarım və qohum- əqrabam tanıyırdı. Amma, qazi olduqdan sonra demək olar ki, Azərbaycanın 90 % tanıyır. Və həqiqətən özümlə çox qurur duyuram, çox sağ olsunlar.

 Sizcə, xalqımızın qazilərə qarşı münasibəti necədir?

Xalqımızın qazilərə münasibəti əlbətdə ki, həqiqətən çox yaxşıdır.  Aprel döyüşlərində şəhidlərimiz və qazilərimiz tarix yazdı. Bununla da Azərbaycan milləti üçün tarix yeniləndi. Millətimiz aprel döyüşlərindən sonra düşündü ki, bizim ordumuz var, gücümüz var. Bizim də  qazilərimiz  döyüş tapşırığında, döyüşdə qazi olublar. Bizim millətin qazilərə olan münasibəti 100 % əminəm ki, yaxşıdır.

Qazi olduqdan sonra həyatınızda nə dəyişdi? Sonradan mülki həyata uyğunlaşmaqda çətinliyiniz oldu?

Qazi olduqdan sonra mənim həyatımda vurğuladığım kimi millətin sevgisi dəyişdi. Həqiqətən ən əsas bu dəyişdi. Mən hələ də mülki həyata uyğunlaşa bilmirəm. 11 il XTQ xidmət etmiş. Kaş yaralanmazdım və xidmətdə qalıb şəhidlərimizin qisasını alardım. Mən o hisslə yaşayıram. İnşaAllah Tanrı o hissi mənə qismət etsin. Bugünkü gün mən yenə mülki həyata uyğunlaşa bilmirəm. Çox istərdim ki, bir şans yaransın və mən XTQ geriqayıdım və tapşırıqlarda iştirak edim.

 Döyüşlərdən əvvəl və sonra əsgərlərimizin əhval-ruhiyyələri necə olurdu?

Şəxsən deyim ki, əsgərlərimiz, döyüş yoldaşlarımız, silah yoldaşlarımız döyüşdən əvvəl də döyüş abu-havasında olublar. Döyüşlərdən sonra istək daha da artdı. Bizləri, şəhidlərimizi, qazilərimizi, döyüş yoldaşlarımızı gördülər və həqiqətən döyüş abu- havası yarandı. Komandirlərimiz və biz əsgərlərə elə dərs keçirdik ki, onlar üçün həmişə döyüş abu- havası yaşanırdı.

Ən yadda qalan xatirəniz hansıdır?

Ən yadda qalan hadisə silah yoldaşım XTQ yoldaşım kəndlim və eyni məhlədə böyüdüyüm Əkbər Hüseynovu ( şərti ad ) döyüş bölgəsində düşmən səngərindən öz səngərimizə kimi yaralı halda çıxartmışam. Daha sonra ağlamışdım, uşaqlıq dostumu itirdiyimi zənn edirdim. İndi o da qazidir. Bir digər yaddan çıxarmayacığım hadisə isə silah yoldaşım Fikirət Məmmədovun şəhid olmasıdır. Biz XTQ girəndə ilk dəfə təzə gələnlər başqa qidalarla qidalanırlar. İlk dəfə də mən kursu bitirəndən sonra. Döyüş yoldaşım mənə  bir tikə ət uzatmışdı. Yedikdən sonra bunun güzrə əti olduğunu demişdi. Bunu yaddan çıxartmıram. Yadımda qalan ən əsas şey isə XTQ kollektii olub.  Mən  o kollektivi yaddan çıxartmayacağam.  Mən orda birliyi- bərabərliyi görmüşəm.

Sonda oxuyucularımıza nə demək istəyirsiz?

Oxuyucularımıza onu demək istəyirəm ki, şəhidlərimizə, şəhid ailələrimizə diqqət yetirək. Şəhidlərimizi tanıyaq. Üzr istəyirəm müğənnilərimizi, şou biznesi yox. Vətənpərvər olmaq lazımdır. Vətəni sevmək lazımdır. Şəhidlərimiz bizim sərvətimizdir. Onları unutmamalıyıq. Bir çox gənclərimiz şəhidlərimizi, Milli Qəhrəmanlarımızı tanımırlar. Bu məni çox yandırır. Vətənimi sevək, şəhidlərimizi tanıyaq, şəhid ailələrinə hörmət qoyaq, qazilərimizi tanıyaq, şəhidərimizi tanıdaq, Milli Qəhrəmanlarımızı tanıyaq.  Bir sözlə gənclərimizi vətəni sevməyə, vətənpərvər olmağa çağırıram.

Çox sağ olun dəyərli qazimiz, Alpər Bahadur bəy, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik. Allah daima sizləri qorusun, inşaAllah.  

Müsahibəni götürdü: Sabir Əliyev
Redaktor: Nərmin Əsgərli