Qavrayışın növləri
Qavrayışın müxtəlif növlərini sadə və mürəkkəb olaraq iki böyük qrupa aid edirlər.
Qavrayışın sadə növlərini analizatorlara əsasən xarakterizə edirlər. Sadə qavrayışın görmə, eşitmə, iybilmə, dadbilmə, kinestetik, toxunma növlərini fərqləndirirlər.
Görmə qavrayışı.
Məsələn: Mən mırıldayan pişiyə baxıram. Burada ən azı 3 analizator-görmə, eşitmə, hərəkət analizatoru iştirak edir. Bu prosesdə görmə analizatoru digər analizatorlara görə üstün rol oynayır. Belə qavrayışa görmə qavrayışı deyilir.
Qavrayışın ayrı-ayrı növlərinə xalis halda az rast gəlinir. Onlar, adətən birləşir və qavrayışın mürəkkəb növləri meydana gəlir. Qavrayışın mürəkkəb növlərinə aiddir: məkan, zaman, hərəkət qavrayışları aid edilir. İnsanın insanı qavraması da özünəməxsus cəhətlərə malikdir.
Məkan qavrayışı.
Məkan materiyanın mövcudluq formasıdır. Perseptiv fəaliyyətin predmetlərin qavranılmasından daha mürəkkəb forması olan məkanın qavranılması dedikdə cisimlərin obyektiv məkan xüsusiyyətlərinin və münasibətlərinin formasının, həcminin, relyefinin, fəzada tutduğu yerin, uzaqlığının qavranılması başa düşülür. Məkanın qavranılmasında bələdləşmə hərəkət analizatoru əsas rol oynayır. Onun köməyi ilə müxtəlif analizatorlar arasında əlaqə yaranır. Məkan bələdləşməsinin xüsusi mexanizmlərinə analizator fəaliyyətinin hər iki yarımkürə arasındakı sinir əlaqələrini: binokulyar görməni, binaural eşitməni, bimanual lamisəni, dirinik iybilməni və s.aid etmək lazımdır. Əşyaların məkan xassələrinin inikasında bütün qoşa analizatorlar üçün xarakterik olan asimmetriya mühüm rol oynayır. İnsanın məkan qavrayışı obyektiv şəkildə mövcud olan məkanın inikasıdır. Bir sıra cinayət işlərində, məsələn avtonəqliyyatla bağlı işlərdə hərəkət edən obyektlərin məkan koordinatlarının düzgün qavranılmasıı və dərk edilməsi mühüm əhəmiyyətə malikdir. Məkanın qavranılmasında əsas görmə analizatoru iştirak edir. Cismin böyüklüyü və forması görmə, lamisə və əzələ-hərəkət duyğularının qarşılıqlı əlaqəsi sayəsində düzgün qavranıla bilər. Uzaqdakı cisimlər kiçik, yaxındakılar böyük görünür. Buna görə də, cismin formasının, böyüklüyünün qavranılması yalnız görmə analizatorunun fəaliyyıtindən deyil, təcrübəndən də asılıdır. Məkan qavrayışları gerçəkliyin cisimlərinin məkan münasibətlərini düzgün əks etdirir. Bəzən müxtəlif səbəblərdən asılı olaraq cisimlər təhrif olunmuş halda da əks etdirilə bilər. Bu iki amildən asılıdır.
1. Cisimlərin hansı əhatədə olmasından
2. Analizatorların sağlamlıq vəziyyətindən.
Cisimlərin həcminin düzgün qavranılması iki cür mexanizmin: akkomodasiya və konvergensiya vasitəsilə həyata keçirilir. Akkomodasiya göz büllurunun əyriliyinin dəyişməsindən asılı olaraq onun işığı sındırma qabiliyyətinin dəyişməsindən ibarətdir. Konvergensiya görmə oxlarının qavranılan cismin üzərinə düşməsindən ibarətdir.
Zaman qavrayışı.
Zaman da məkan kimi materiyanın mövcudluq formalarından biridir. Zaman qavrayışı gerçəkliyin hadisələrinin obyektiv müddətinin, sürətinin və ardıcıllığının inikasından ibarətdir. Zaman qavrayışı obyektiv gerçəkliyi əks etdirməklə insana, ətraf mühitə bələdiləşmək imkanı verir.
Zaman qavrayışında müxtəlif analizatorlar iştirak edir, bununla belə kineztesik (hərəki) və eşitmə duyğuları əsas rol oynayır. Hərəkət duyğuları hadisələrin müddətini, surətini, ardıcıllığını daha dəqiq əks etdirməyi təmin edir. Bu duyğu ritmin qavranılmasında da mühüm rol oynayır. Əslində sırf zamanı deyil, zaman daxilində baş verən hadisələri qavrayırıq. Zamanın qavranılması əsasında orqanizmin həyati fəaliyyətində ritmik proseslər durur. Eksperiment vasitəsilə bəlli olub ki, hər hansı bir hadisənin qavrarılması mühüm dərəcədə qavrayan subyektin həmən zaman intervalında məşğulluğundan asılıdır. Zaman obyektiv mövcudluqdur, lakin onun qavranılması subyektiv xarakterdə olur. Əgər qavradığımız zaman maraqlı hadisələrlə zəngindirsə, bizə elə gəlir ki, vaxt əslində olduğundan sürətlə keçir. Əksinə, həmin vaxtda baş verən hadisələr maraqsızdırsa biz vaxtın çox ağır, ləng keçdiyini zənn edirik. Hadisələrə münasibətimiz keçirdiyimiz hisslər də zamanın qavranılmasına təsir edir. Hadisələr bizdə müsbət hisslər yaradırsa vaxt sürətlə keçir. Buna görə uşaqlar zamanın gec, yaşlılar tez keçdiyini düşünür. Vaxtı düzgün qiymətləndirmək üçün saatdan istifadə edilməlidir.
Hərəkət qavrayışı.
Hərəkət qavrayışı cismin istiqamətinin, sürətinin inikasıdır. Hərəkət qavrayışı həm məkan, həm də zaman amillərindən — cismin uzaqlığından, onların yerdəyişmə sürətindən, həm də qavrayanın özünün məkanda hərəkətindən asılıdır. Məsələn, saatın əqrəbinin hərəkətini bilavasitə görmək olmur. Onun əvvəlki yeri ilə hazırki yerini müqayisə etməklə hərəkət etdiyini söyləyirik. Həddən artıq surətli hərəkətləri də qavramaq mümkün olmur. Hərəkətin qavranılması görmə, eşitmə, hərəkət analizatorlarının birgə fəaliyyəti zamanı baş verir. Hərəkətin qavranılmasında hərəkətin müxtəlif xassə və xüsusiyyətləri əks olunur. Məsələn, hərəkətin səciyyəsi (əyilmə, qalxma), forması (düzxətli, əyrixətli), istiqaməti (aşağı, yuxarı, sola, sağa), müddəti (uzun, yoxsa qısa müddət), sürəti (cəld, ağır və s.).
Qavrayışın qeyd edilən növləri gerçəkliyin cisim və hadisələrinin müxtəlif xassələri barədə məlumat verməklə insanın ətraf aləmə yaxından bələdləşməsini, əməli və nəzəri fəaliyyətini səmərəli surətdə təşkil etməyə zəmin yaradır.
Qarşıda məqsədin olub-olmasından asılı olaraq qavrayışın iki növü mövcuddur:
1) Qeyri ixtiyari qavrayış
2) İxtiyari qavrayış
Qarşıya xüsusi məqsəd qoymadan hər hansı bir obyektin qavranılmasına qeyri-ixtiyari qavrayış deyilir. Öz qeyri-adiliyi, yeniliyi, cazibədarlığı ilə fərqlənən bu cür obyektləri xüsusi niyyət olmadan, özümüzdən asılı olmadan qavrayırıq.
Qarşıya qoyduğumuz məqsədə müvafiq olaraq bir obyekti başqalarından ayıraraq qavradıqda baş verən inikas prosesinə ixtiyari qavrayış deyilir. Müəllimin mühazirəsini dinlədikdə, seriala baxdıqda, kitab oxuduqda biz bu cür hərəkət edirik.
Yazar: Günel Həsənova
Həmçinin bax Panik atak