Qaraqoyunluların mənşəyi

Xalqımızın təşəkkülündə iştirak etmiş qədim tayfa birliklərindən biri də Qaraqoyunlulardır. Qaraqoyunlu tayfasının mənşəyi problemi uzun illər ərzində tarixşünaslığımızda tədqiqat obyekti olmamış, bu tayfa birliyini təşkil etmiş tayfaların və boyların Azərbaycanın, Şərqi Anadolunun həm türkləşməsində, həm də siyasi tarixində oynadığı rol lazımi səviyyədə öyrənilməmişdir. Tarixi qaynaqlardan məlum olur ki, bu tayfa birləşməsi “Türkman” adlanan etnik qrupa mənsub idi.

Müasir dövrdə türkmən , türkman şəklinə düşmüş bu ad tarixi mənbələrdə öz əksini hansı fonetik variantlarda tapmışdır?

Bir xalac rəvayətində deyilir ki, Makedoniyalı İskəndər Şərqdə xalac tayfaları ilə qarşılaşarkən onların türklərə oxşadığını qeyd edir və bu səbəbdən də xalacları “türk manənd” (türkə bənzər) adlandırmışdır. Beləliklə də ilk dəfə “Türkmən/türkman” ifadəsi meydana çıxmışdır. “Türk manənd” – əsil məkanı və mənşəyi çox da aydın olmayan bu sözü Mahmud Qaşğari fars etimologiyasına əsasən “türkə bənzər”, “türkə oxşar” şəklində təqdim etmişdir. Tədqiqatçıların fikrinə görə, X əsrdə oğuzlar islam dinini qəbul etdikdən sonra onlara “türkmən/türkman” deyilmişdir. V.V.Bartold yazır: “… müsəlman – oğuzlar həmçinin ‘türkman” (türkmənlər) adlandırılmağa başlandılar. V.İ.Jirmunski qeyd edir: ‘Türkmən” etnik istilahına ərəb mənbələrində X əsrin II yarısından etibarən təsadüf olunur. İlk əvvəl, görünür o, bu dövrə yaxın müsəlmanlığı qəbul etmiş oğuz qrupunu ifadə etmişdir.

Türk tədqiqatçısı F.Köprülü də Mahmud Qaşğarinin məlumatlarına əsaslanmış və “türkman” adını müsəlman əqidəli oğuzlara verildiyini göstərmişdir.Bu fıkri Orxan Şaiq müdafiə edir. Faruq Sümer də Biruninin verdiyi məlumatlara əsaslanaraq islamı qəbul etmiş oğuzlara “türkman” deyildiyini qəbul edir. Lakin türk tarixçilərindən İ.Qafəsoğlu belə qənaətə gəlir ki, türkman terminini islamı qəbul etmiş oğuzlara şamil edilməsini qəbul etmək olmaz. Çünki qaynaqlarda oğuzlardan öncə islamı qəbul etmiş türk tayfalarında öz adını dəyişdirməsi haqqında qeydlər yoxdur. Onun fikrincə, ‘türkman” sözü siyasi termin kimi IX əsrdən etibarən işlənilməyə başlamış və “əsil”, “böyük türk” mənasını ifadə etmişdir. Bu dəlillər bir daha göstərir ki, etnik məna kəsb edən “türkman” istılahı tarixən daha geniş anlam olmuşdur. Həmin ıstilah islam dinini qəbul etmiş bütün oğuz tayfalarına şamil olunmuş bir ad idi.

Məlumdur ki, XI əsrdə Azərbaycana və Kiçik Asiyaya gəlmiş türk-səlcuq tayfalarının əsas hissəsini oğuzlar və türkmənlər təşkil etmişdir.Türk alimi Z.V.Toğana görə, oğuzların “oğuz” və “türkmən” adları ilə iki qismə bölünməsi də məhz səlcuqların hökmranlığı dövründə meydana gəlmişdir.Tarixən “türkmən” istilahı həm də oğuzların daha çox köçərilik etmiş hissəsinə şamil edilmişdir. V.V.Bartold və V.M Jirmunski də “türkmən” istilahını oğuz tayfalarının köçəri həyat tərzi keçirmiş hissəsinə verilmiş bir ad kimi işlətmişdir.

Z.M.Bünyadov və O.Ə.Əfəndiyev yazırlar ki, XlV-XV əsrlərdə “qaraqoyunlu” və “ağqoyunlu” adlarını almış tayfalar və qəbilələr özlərini vahid türkman xalqının hissələri hesab edirdilər. Onlar özlərini Kiçik Asiyanın (Osmanlı, Rumlu) və Orta Asiyanın (Cığatay) türkmənlərindən fərqləndirirdilər. Həmin dövrdə Azərbaycan türkmanları Orta Asiyadan köçmüş  uzaq əcdadlarından dilinə, mədəniyyətinə görə güclü şəkildə fərqlənirdilər və yerli əhali ilə qaynayıb-qarışmışdılar.

Qaraqoyunlu tayfasının adı və mənşəyi məsələsilə əlaqədar olaraq türk tarixşünaslığında hansı mülahizələr irəli sürülmüşdür?

Faruq Sümer yazır: “Qaraqoyunlu tayfasının adı bu gün hakim olan ümumi qənaətə görə, totemlərinin qoyun olması ilə əlaqəli sayılsa da qədim türklərdə digər tayfalarda olduğu kimi totem olan heyvanların ətinin yeyilməsi qəbul olunmadığına görə bu adın onlara aid sürülərinin rəngi ilə bağlı verilmiş olması mümkündür”. Əbdülxaluq Çay Faruq Sümerin bu fikrini müdafiə edir və başlıca məşğuliyyəti heyvanıdarlıq olan Qaraqoyunlulara bu adın bəslədikləri heyvanların rənginə görə verildiyini əsaslandırmağa çalışır.

Türklərdə qoyunun totem mahiyyətində olmasına dair Türkiyə tarixçiləri arasında fıkir ayrılığı vardır. Məsələn O.Turan , E.Esin və H.Z.Koşay qoyunun (QOÇ) əski türklərdə başlıca totemlərindən biri olması fikrindədirlər.

Yurdumuzda qoyunun (QOÇ) əski zamanlarda əhali arasında totem səciyyəsi daşıdığını R.Əfəndiyev və M.Seyidov
da qeyd edirlər. Bu adın qaraqoyunlulara verilməsi ilə əlaqədar olaraq M.Seyidov yazır: “Qaraqoyunluların adları onların fəlsəfi mifoloji görüşləri, inamları, ictimai quruluşları ilə sıx bağlıdır. Qoyunun “onqon” olduğunu “Oğuznamə” də aydın göstərir. Dastanda qeyd edilir ki, “Oğuz xaqan böyük ordugah … sağ tərəfdə qırx qulac ucalığında ağac dikəltdi: onun başına bir qızıl toyuq qoydu, ayağına bir ağ qoyun bağladı. Sol tərəfdə qırx qulac
ağac dikəltdi. Onun başına bir gümüş toyuq qoydu, ayağına bir qara qoyun bağladı. Sağda Bozoqlar oturdu. Solda Üçoqlar oturdu”. Dastandan məlum olur ki, Oğuz Xağan oğlanlarını iki soya – Bozoqa və Üçoqa bölmüş və hərəsinə
də ayrıca onqon – ağqoyun və qaroqoyun, qızıl toyuq, gümüş toyuq vermişdi. M.Seyidovun fikrincə, ağ və qara qoyuna tapınmış Bozoq, Üçoq qəbilələrində toyuq zoomorfiq onqonu zəifləmiş və tədricən sıradan çıxmışdır. Hər
iki tayfa birləşməsi sonralar yalnız ağ və qara qoyuna tapındıqları üçün Ağqoyunlu və Qaraqoyunlu adlanmışlar.

Fransız şərqşünası J.Dogininin fıkrincə, Qaraqoyunlu türkmənləri bayraqlarındakı qara qoyun rəsminə görə Qaraqoyunlu adlanmışlar. XVIII əsrin ortalarında irəli sürülmüş bu fikir Türkiyə, Azərbaycan və Sovet tarixşünaslığında qəbul olunmuşdur. Bu fikirlə razılaşmaq mümkün deyildir. Çünki tayfa və sülalənin öz adını bayraqdakı qara qoyun rəsminə görə alması fikri həqiqətdən uzaqdır. Belə nəticəyə gəlmək olar ki, Qaraqoyunlu tayfa birləşməsində qoyun artımla bağlı olan zoomorfık onqon imiş və ona görə də tayfa bayraqlarında bu onqonun (qoç) şəkli çəkilirmiş. F.Kırzıoğlu da belə qənaətə gəlir ki, qaraqoyunlular bayraqlarına qoç başı təsvirləri qoyaraq qədim onqonlarının xatirəsini yaşatmışlar.

Ş.Q.Səfəroğlu və Ə.Müdarrisoğlu da belə hesab edirlər ki, Qaraqoyunlu adı türklərin islamaqədərki dövrdə inandıqları Qoyun toteminə əsaslanır. Faruq Sümer yazır ki, bayraqlarında qoyun rəsmi olduğu üçün qaraqoyunluların bu adı almasına aid Qərb müəlliflərinin iddialarının heç bir əsası yoxdur. O, öz fikrini orta əsr qaynaqlarında bununla bağlı heç bir məlumatın olmaması ilə əlaqələndirir.

Qaraqoyunlu tayfasının mənşəyi məsələsi, onların Azərbaycanda və Şərqi Anadoluda məskunlaşması ilə bağlı türk tarixçiləri arasında müxtəlif fıkirlər mövcuddur.

Azərbaycanda, Şərqi Anadoluda monqol hakimiyyətinin zəifləməyə başlaması ilə fəallaşmış türkmanların ən məşhur qolu olan Qaraqoyunluların Oğuz və ya türkman elini təşkil edən 24 boydan hansına mənsub olması haqqında mənbələrdə müəyyən bir məlumata rast gəlmirik. Yalnız, XV əsrin Osmanlı tarixçilərindən Mövlana Şükrullah Qaraqoyunlu tayfasının mənşəyini Oğuz xanın oğlu Dəniz xanla əlaqələndirmişdir. Şükrullah yazmışdı: “852/1449 – cu ildə sultan II Murad bu binəvanı elçiliklə Mirzə Cahanşahın yanına göndərmişdi. Söhbət əsnasında buyuruldu ki, tarixi oxuyan Mövlana İsmayılı çağırsınlar və Oğuz tarixini də gətirsinlər. Mövlana İsmayıl gəldi və Monqol yazısı ilə yazılmış bir kitab gətirdi. O, kitabdan anlaşıldı ki, Sultan Muradın nəsəbi Oğuz oğlu Göyalpa, Qara Yusifinki isə 41-ci nəsildən Dənizalpa bağlanır”. Faruq Sumer yazır ki, Şükrullahın bu qeydinə əsasən Qaraqoyunlular Oğuz nəslindən Dəniz xanın oğulları olan İğdir, Büğduz, Yıvə və Kınık boylarından birinə mənsub olmuşdur. Bunlardan Yıvə boyu ilə Qaraqoyunlular arasında nəsli qohumluq əlaqələrinin ola biləcəyinə dair bəzi izlər görünür. Bu fikri Ə.Çay da müdafiə edir. F.Sümer Yıvə türklərinin Səlcuq yürüşləri dövründən etibarən Azərbaycanda məskunlaşdıqlarını və XII əsrin II yarısında Həmədan bölgəsində öz bəyliklərini yaradaraq onu Monqol yürüşlərinə qədər qoruyub saxladıqlarını qeyd edir. Monqol istilasından əvvəl Bərçəni adlı bir bəyin rəhbərliyi altında olan Yıvələrin yaşadığı Həmədan ətrafında Qaraqoyunlu dövlətinin dayağı olan və hökmdar ailəsi ilə qohumlaşmış Baharlu tayfası yurd salmışdı. V.F.Minorskinin fıkrincə, bu tayfanın daşıdığı adın Həmədan yaxınlığındakı Bahar qalası ilə əlaqəsi olması ehtimalı vardır. V.F.Minoski bu məkan birliyinə, Qaraqoyunlu sikkələrində olan damğaların da Oğuz damğalarından daha çox Yıvə damğasına bənzədiyinə əsaslanaraq Qaraqoyunluların Yıvə boyundan olduğunu göstərir. F.Sümer isə buna az əhəmiyyət verir. Qaraqoyunlu sikkələrində görünən damğaların bir naxış olduğunu bildirir. Onun qənaətinə görə, qaraqoyunluların Monqol istilası nəticəsində Türküstandan İran və Şərqi Anadoluya gəldikləri haqqında rəvayət də bu qohumluq münasibətinə daha zəif bir ehtimal verdirməkdədir. Ə.Çay yazır ki, baxmayaraq ki, F.Sümer Qaraqoyunlu sikkələrində görünən damğanı naxış kimi qəbul edir, bu həqiqətən Yıvələrin qoç başı rəsminin piktoqramı şəklində olan damğasıdır. F.Sümer “Oğuzlar” adlı əsərində Qaraqoyunluların Yıvə boyundan olduğunu göstərmiş, Minorskinin fıkrini müdafiə etmişdir. Ə.Çay belə hesab edir ki, Baharlu-Yıvə münasibəti Qaraqoyunluların oğuzların Yıvə boyundan olduğunu təsdiq edir.

Osman Turan Qara Yusiflə oğlu Pir-Budağın Ərzincanda birgə zərb etdirdiyi sikkələr üzərində görülən işarənin Rəşidəddinin Oğuz boyları cədvəlindəki Yazır boyunun damğasına oxşadığını əsas tutaraq Qaraqoyunluların Oğuzların Yazır boyundan olduğunu güman edir. F.Sümerin fikrincə, bunu təyin edəcək heç bir dəlil yoxdur və Qaraqoyunlu hökmdarlarının zərb etdikləri digər sikkələr üzərində həmin işarəyə təsadüf olunmamışdır. M.X.Yınanç yazır ki, orta əsr Osmanlı tarixçiləri Əlinin və Cənnabinin verdiyi məlumata görə, Qaraqoyunlular Elxanilərdən Arğun xanın (1284-1291) dövründə Azərbaycana və Şərqi Anadoluya gəlmişlər. M.X.Yınanç XV əsrin fars mənbələrinin məlumatlarına əsaslanaraq Osmanlı tarixçilərinin “Oğuzu” “Arğun” oxumaqla səhvə yol verdiklərini təsdiq etmişdir. F.Sümer də qeyd olunmuş rəvayətin həqiqətlə əlaqəsi olmadığını göstərmiş və M.X.Yınançın fikrini müdafiə etmişdir.   Dövlətşah Səmərqəndi öz təzkirəsində Qaraqoyunlulara dair məlumat vermişdir. O, Qaraqoyunlu hökmdarı İskəndər haqqında yazmışdı: “İskəndərin soyuna gəlincə o, Qara Yusifin, Qara Yusif də Qara Məhəmmədin oğludur. Bunların əsli uzaq Türküstanda Qazqurd dağlarındadır. Əski zamanlarda Azərbaycan və Bitlisə gəlmişlər. Köçəridirlər” .

Z.Bünyadov və O.Əfəndiyev yazırlar ki, “ehtimal etməyə əsas var ki, sonralar qaraqoyunlu tayfalarının tərkibinə daxil olmuş tayfaların və qəbilələrin bir hissəsi artıq VIII-IX əsrlərdə Azərbaycanda məskunlaşmış və monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıb çıxarılmışlar. Onların mülahizəsində obyektiv həqiqət vardır. Çünki faktlar göstərir ki, yerli, oturaq əhali ilə türkman tayfalarının qaynayıb-qarışma prosesi XIII əsrdən xeyli əvvəllərə təsadüf edir. Məhz bunun nəticəsi idi ki, qərbi türkmənlər Orta Asiya türkmənlərinin birbaşa xələfləri olsalar da Azərbaycan etnosunun mühüm hissəsini təşkil edirlər. Azərbaycan türkmanları tədricən Şərqdə, Orta Asiyada məskunlaşmış həmqəbilələrindən əhəmiyyətli dərəcədə fərqlənməyə başlamışdılar. Bəzi tarixçilər Qaraqoyunluların Barani/Baranlu sülaləsindən olduğunu qeyd edirlər. Orta əsr müəllifləri Qaraqoyunlu hökmdarlarının Baranilərdən olduğunu göstərirlər. Əbu Bəkr Tehrani də Qara Yusif Barani , Məhəmməd Nəşri və Aşiq Paşazadə də Cahanşah Baranlu kimi göstərilmişdir. Babur öz xatirələrində Cahanşahı Barani kimi təqdim edir.  V.Minorski “Barani” adının şəxs və tayfa adı deyil, yer adı olduğunu qeyd etmişdir. O, öz fikrini Qaraqoyunlu sikkələrində göstərilmiş “Baran” adlı zərb yerinin, Mərv və Buxara yaxınlığında da Barani kəndlərinin olması ilə  əsaslandırır.Faruq Sümer Qaraqoyunlu xanədanının daşıdığı ailə adının Şərqi Anadoluda vaxtilə pul kəsdikləri “Baran” adlı yerdən aldığını qeyd edərək V.Minorskinin fıkrini müdafiə edir. Ə.Çay bu adın şəxs adından yaranması qənaətindədir.

Qaraqoyunlu tayfa birliyini təşkil edən boyların və tayfaların Azərbaycanda məskunlaşması daha erkən dövrlərdən başlanmışdı. Türkiyə tarixçilərinin tədqiqatlarında bu tayfa birliyinə daxil olan müxtəlif tayfalar və boylar qaynaqlara əsasən araşdırılmışdır. Qaraqoyunlu tayfa birliyini öz ətrafında birləşdirmiş və bu birliyin özəyini təşkil edən Qaraqoyunlu tayfasıdır. Faruq Sümer belə güman edir ki, bu tayfa idarəçi, rəhbər rol oynaması əsasında özünün qəbiləvi mahiyyətini itirmişdi. Qaraqoyunlu tayfası ilə bağlı olan etnonimlər Azərbaycanda, Şərqi Anadoluda və İranda son dövrlərə qədər mövcuddur. M.H.Baharlının tədqiqatlarında Azərbaycanın Cavanşir, Göyçay, Gəncə, Zəngəzur və Şəki qəzalarında Qaraqoyunlu oykonimləri aşkar edilmişdir. Son araşdırmalar da Azərbaycanın Ağsu, Bərdə, Qubadlı, Tərtər və Goranboy bölgələrində Qaraqoyunlu  oykoniminin  saxlanıldığını sübut etmişdir. İran ərazisində də Qaraqoyunlu oykonimi qalmaqdadır.Faruq Sümer Azərbaycanda və Şərqi Anadoluda izləri son dövrlərə qədər yaşayan bu tayfalarla Qaraqoyunlu tayfası arasında siyasi əlaqənin olduğunu göstərir.

Qaraqoyunlu tayfa birliyində Sədlu tayfasının böyük rolu var idi. Bu tayfa öz adını XIV əsrdə Səd adlı bəyin adından almışdır. Hafiz Əbru və Əbdürrəzzaq Səmərqəndi Naxçıvanda və Sürməli bölgəsində qədim dövrlərdən Qaraqoyunluların əsas tayfalarından olmuş Sədlu tayfasının yaşadığını qeyd edirlər. Q.Qeybulayev heç bir əsas olmadan belə hesab edir ki, XIV əsrin sonunda Qaraqoyunlular Sədluların guya yaratmış olduğu əmirliyə son qoymuş və Sədlu tayfası dağılmış, onların bir hissəsi ayrumlara birləşmiş, digər hissəsi isə Azərbaycana gəlmişdi.Sədlu tayfasının Qaraqoyunluİarla yaxın qohum olduğu anlaşılır. F.Sümer yazır ki, qaynaqlar Sədin övladlarının Qaraqoyunlu hökmdarları ilə əmiuşağı olduğunu göstərir.

Qaraqoyunluların başlıca tayfalarından biri də Qaramanlu idi. Qaramanlu tayfası ilə bağlı Azərbaycan sovet tarixşünaslığında belə bir fikir mövcuddur ki, guya bu tayfa öz adını Kiçik Qaramanlu bəyliyinin adından almış və 1471-ci ildə Osmanlı Türkiyəsinin bu bəyliyi işğal etməsindən sonra Qaramanlular köçüb Azərbaycana gəlmişlər.Bu fıkrin elmi əsası yoxdur. Çünki məsələ bu cür qoyularsa, Qaramanlu tayfasının Qaraqoyunlularla əlaqəsinə ehtiyac qalmır. Ş.Təkindağ belə hesab edir ki, Qaramanlular XIII əsrin I yarısında, Monqol yürüşləri zamanı digər türkman tayfaları kimi Azərbaycana gəlmiş və Şirvan bölgəsində məskunlaşmışlar. Təhsin Ünal isə Qaramanlu tayfasının hələ XI əsrin əvvəllərində Səlcuq yürüşlərindən də öncə Azərbaycanın Aran və Şirvan bölgələrində yaşadığını qaynaqlara əsaslanaraq qeyd edir.

Qaraqoyunluların əsas tayfalarından olan Haculu tayfasının adı “Kitabi Diyarbəkriyyə” əsərində qeyd olunur. Qara Yusifın Ərzincan valisi Pir Ömərə yardıma göndərilmiş əmirləri arasında Əmir İlyas Hacılunun adı çəkilir. Hacılu tayfasının  F.Sümer Haculu tayfasının öncə Kərkük-Ərbil bölgəsində yaşadığını göstərsə də, F.Kırzıoğlu bu tayfanın Qarabağda məskunlaşdığını qeyd edir. Hacılu tayfası ilə bağlı oykonimlər XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın Zəngəzur, Qaryagin, Ərəş, Cavanşir, Yelizavetpol, Qazax və Sürməli qəzalarında saxlanılmışdır.

Qaraqoyunlutayfa birliyinə daxil olmuş Ağacəri tayfasının mənşəyi elmi ədəbiyyatda müxtəlif cür yozulmuşdur. Qaraqoyunlu tayfa birliyinə daxil olan Bayramlu tayfası öz adını Xoy hakimi Bayram bəydən almışdır. Bayram bəy Qaraqoyunlu hökmdarı Qara Yusifın əmirlərindən olmuş, oğlu Şahsuvar bəy də Cahanşahın divan bəyi olmuşdu. Əbu Bəkr Tehrani öz əsərində Bayram bəyin Əmir Qara Yusifin divan əmiri olduğunu qeyd edir. F.Sümer Qaraqoyunlu tayfa birliyində Düharlu, Döğər, Ayinlu tayfasının olduğunu göstərir.

Əbu Bəkr Tehrani “Kitabi-Diyarbəkriyyə”də Qara Yusifin Ərzincana Pir Ömərin yardımına göndərdiyi əmirlər arasında Bəyazid Ayinlunun olduğunu qeyd edir. Qaraqoyunlu tayfa birliyinə Süleymani, Zırki və Mahmudi kürd tayfaları da daxil olmuşdur. Bayramlu və Döğər tayfası ilə bağlı oykonimlər Yelizavetpol, Qazax və Cavanşir qəzalarında Bayramlı və Dügərli formasında qalmışdır.

Oğuz – türkman mənşəli Qaraqoyunlu tayfa birliyinə daxil olan müxtəlif boyların və tayfaların əski dövrdən etibarən Azərbaycanda məskunlaşması, bu tayfa birliyinin təkamülündə əsasən yerli tayfaların iştirak etdiyi göstərilir. Oğuzların erkən dövrlərdən Azərbaycan ərazisində məskunlaşması, bu torpağın əzəli və köklü əhalisi olması elmi ədəbiyyatda sübuta yetirilmişdir.

Qaraqoyunlu tayfa birliyinə daxil olan bəzi boyların V əsrdən Azərbaycanda yaşadığını nəzərə alaraq qaraqoyunluların daha erkən dövrlərdən bu ərazidə yaşadıqlarını güman etmək olar. F.Sümer belə hesab edir ki, Qaraqoyunluların ilk vətəni Şərqi Anadolu olmuşdur və onlar Azərbaycana, İrana məhz oradan-Şərqi Anadoludan köçmüşlər. Z.Bünyadov və O.Əfəndiyev haqlı olaraq F.Sümerin bu fıkrinə qarşı çıxmışlar: “F.Sümerin bu müddəası ilə razılaşmaq çətindir. Çünki Azərbaycan türkdilli tayfaların Kiçik Asiyaya köçetmə yolu üzərində yerləşir və buranın türkləşməsi də daha əvvəl baş vermişdir. Bu məsələ hələlik özünün tam həllini tapmamışdır. Lakin ehtimal etməyə əsas var ki, sonralar Qaraqoyunlu tayfalarının tərkibinə daxil olmuş tayfaların və qəbilələrin bir hissəsi artıq VIII-IX əsrlərdə Azərbaycanda məskunlaşmış və Monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıb çıxarılmışlar”. Türk tarixçilərinin araşdırmalarında da monqol yürüşləri dövründə onların hakimiyyətini qəbul etməmiş türkmanların böyük bir hissəsinin Azərbaycandan Şərqi Anadoluya köçdüyü qeyd olunur. Güman etmək olar ki, sonralar onlar da Qaraqoyunlu tayfalarına birləşmiş və Azərbaycanda Qaraqoyunlular dövlətinin yaranmasında iştirak etmişlər.

Ədəbiyyat:

Nəcəfli Tofiq Hümbət oğlu “Qaraqoyunlu və Ağqoyunlu Dövlətlərinin Tarixi Müasir Türk Tarixşünaslığında”

Müəllif: Vəsilə Allahverdiyeva

Həmçinin bax: Etnik milli xarakter

Həmçinin bax: https://tehsilim.org/azerbaycanda-yasayan-azsayli-xalqlarin-tehsili/