Qaraqoyunlu dövlətinin süqutu

Qaynaqlardan məlum olur ki, qaraqoyunlularla
ağqoyunluların vuruşduğu yerə gəlmiş Cığataylar gördükləri mənzərədən dəhşətə
gəlmişdilər. Buna görə də Cığataylar qaraqoyunluları təqib etməkdən imtina etmək
istədilər.Ağqoyunlu hökmdarı Qara Osmanın varisi Əli bəyin (1435-1438) hakimiyyəti
illərində də iki tayfa arasında düşmənçilik münasibətləri davam etmişdi.

Ağqoyunlu Qara Osmanın ölümündən sonra hakimiyyət uğrunda onun varisləri arasında gərgin mübarizəyə
baxmayaraq, tərəflər arasında ədavət zəifləməmişdi. Cahanşah Qaraqoyunlu dövlətinin
başçısı kimi öz hakimiyyətini möhkəmləndirdi. O, Ağqoyunlu tayfa birliyi ilə münasibətləri
yaxşılaşdırmağa çalışdı. Lakin onun bu fikri həyata keçmədi və Qaraqoyunlu-Ağqoyunlu
münasibəti yenidən kəskinləşdi. Türk tarixçilərinin qeyd etdiyinə görə, münasibətlərin belə
kəskinləşməsinin səbəbi Qaraqoyunlu İskəndərin oğlu Əlvəndin Cahanşaha qarşı üsyan
qaldırması və onun Ağqoyunlu Cahangirə sığınması, Qaraqoyunlu hökmdarının tələblərinə
baxmayaraq, Əlvəndin qaytarılmaması olmuşdu.

1450-ci ildə qaraqoyunlularla ağqoyunlular arasında başlanan qanlı mübarizə iki ilə qədər davam etdi. 1452-ci ilin baharında Xorasan hakimi Sultan Baburun, ölkəsinə hücum etmək üçün Reyə gəldiyini xəbər alan Cahanşah
ağqoyunlularla mübarizəni dayandırdı və Cahangirə barışıq haqqında xəbər göndərdi. O,
Cahangirdən hakimiyyətini tanımasını da tələb etdi. Cahanşah Cahangiri bütünlüklə özünə
bağlamaq, şərqə hərəkət edərkən qərb cəbhəsindən tamamilə əmin olmaq üçün onun qızını
öz oğlu Məhəmmədi Mirzəyə istədi. Cahangir onun bu təklifmi qəbul etdi. Bununla da bir
əsrə yaxın müddət ərzindətürkmanların iki qardaş ulusu, iki xanədanı arasında ardıcıl və
getdikcə şiddətlənən düşmənçilik müvəqqəti olaraq müəyyən vaxt üçün dayandırılmış oldu.

Lakin Uzun Həsən qardaşının bu hərəkətindən razı qalmadı və ona qarşı mübarizəyə başladı.
Diyarbəkri ələ keçirdi. Ağqoyunlu tax-tacını zəbt etdi.Qardaşının hücumları qarşısında dura
bilməyən Cahangir Qaraqoyunlu hökmdarı Cahanşaha sığındı. Əbu Bəkr Tehranı bu haqqda
yazırdı: «Cahangir qardaşı Uzun Həsəndən incidi, onun günü-gündən artan zəfərlərindən
qorxaraq Cahanşahm dərgahına yollandı. Uzun Həsən onu bu əməlindən çəkindirmək istədi
və kürd Osmanı risalətə göndərdi. Dedi ki, biz bir anadan və atadan doğulmuş iki qardaşıq.
Gərək bir-birimizləəhd-peyman bağlayaq, and içək ki, bundan sonra sülh və dostluq yolunu
tutacaq, müxalifət və düşmənçilikdən uzaq olacağıq. Bizimlə qaraqoyunlular arasında qədim
ədavət olduğuna görə, ona birləşmək münasib deyildir» Mənbənin verdiyi məlumatdan
aydın olur ki, Uzun Həsən qaraqoyunlulara qarşı olan qədim ədavəti qardaşına xatırlatmaqla
onu tutduğu yoldan çəkindirmək istəmiş, lakin buna nail ola bilməmişdi.

Orta əsr feodal şüuru ata-oğul, qohum-qardaş münasibətlərini kəskinləşdirdiyi üçün şahzadələr atalarına,
yaxud bir-birinə qarşı çox vaxt mübarizə aparır, hər vasitə ilə hakimiyyətə doğru can atırdılar.
Cahangirin Cahanşaha sığınması və ondan yardım istəməsi Qaraqoyunlu-Ağqoyunlu
münasibətlərini daha da kəskinləşdirdi və Uzun Həsənlə Cahanşah arasındakı düşməkçilik
daimi bir şəkil aldı. Qaraqoyunlular ilə ağqoyunlular arasında kəskinləşən mübarizənin
səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin dövləti daxilindəki feodal
ziddiyyətlərindən fəal surətdə istifadə etməyə çalışırdı. Onlar rəqib tərəfdəki daxili
ziddiyyətləri kəskinləşdirməyə, bir-birini zəiflətməyə cəhd edirdilər. Cahanşah Uzun Həsənə
qarşı apardığı mübarizədə Ağqoyunlu taxtını almağa çalışan Cahangirə yardım göstərirdi.
Uzun Həsən də Cahanşahın üsyan etmiş oğlanlarına kömək edirdi.

Faruq Sümer yazır ki, Cahanşah Ağqoyunlu padşahlığını Cahangirə verdi, Ərzincanı da ona iqta etdi və onu
Azərbaycan ordusu ilə Ərzincana göndərdi.Cahanşah 1457-ci ilin baharında Tərxan oğlu
Rüstəmi 20 minlik qüvvə ilə Cahangirə yardıma göndərdi. Diyarbəkr yaxınlığında iyun ayında
Uzun Həsənlə döyüşdə Cahangirlə qaraqoyunlular məğlub olmuş, Rüstəm əsir düşərək
öldürülmüşdü. Uzun Həsən bu qələbə haqqında Osmanlı sultanı II Mehmedə göndərdiyi
məktubda ətraflı məlumat vermişdi.

M.X. Yınanç qeyd edir ki, Cahanşah bir il sonra Uzun Həsənlə barışmış və əsirlərin xeyli hissəsini geri almışdı. Bu faktı qaynaqlar belə təsdiq edir. Əbu Bəkr Tehrani bu haqda yazır: «Uzun Həsən Rakka qışlağında olarkən Cahanşahın elçisi gəlmiş və iki tərəf arasında sülh yenidən möhkəmləndirilmişdi«». Bu qələbə Uzun Həsənin
mövqeyini daha da möhkəmləndirmiş və ona böyük hökmdarlarla eyni sırada durmağa imkan
vermişdi. Qaraqoyunlu dövlətinin daxilindəki ziddiyyətlərin getdikcə artması və köçəri
əyanlar arasındakı ixtişaşlar Uzun Həsənin öz mövqeyini daha da möhkəmləndirməsinə şərait
yaradırdı.

XV əsrin 50-ci illərinin sonu 60-cı illərin əvvəllərində Qaraqoyunluların Anadoludakı
əksər şəhər və qalaları Ağqoyunlular tərəfındən ələ keçirildi. Uzun Həsən Cahanşahın oğlu Pir
Budağın atasına qarşı üsyanından faydalanmağa çalışdı, lakin buna nail ola bilmədi. Cahanşah
Uzun Həsənə məktub göndərib bildirdi ki, əgər Ağqoyunlu hökmdarı onun oğluna yardım
etməzsə, Sincar, Mosul və Ərbil şəhərlərini ona verəcəkdir. Buna görə də Pir Budaq Uzun
Həsəndən heç bir yardım ala bilməmişdi. Oğlunun üsyanını yatıran Cahanşah Uzun Həsəni
Gürcüstana müvəffəqiyyətli yürüş münasibətilə təbrik etmişdi. Cahanşah ona bir qılınc da
göndərmişdi. Uzun Həsən təşkil etdiyi mərasimdə bu qılıncı qurşanmış və elçiyə bunun bir
hökmdarlıq nişanəsi olduğunu söyləmiş və böyük hökmdara daim sadiq qalacağına söz
vermişdi. Lakin ö dövrün bir çox hökmdarları arasında olan dostluq və ittifaq yalnız, siyasət
məqsədi güdürdü, müvəqqəti səciyyə daşıyırdı.

Uzun Həsəninin qatı düşməninə qarşı bu mövqeyi yalnız uzaqgörən siyasi xadimin zahiri bir hərəkəti idi. O, yaxşı bilirdi ki, Cahanşah oğlu Pir Budağın üsyanını yatırtdıqdan sonra onun üzərinə gələcəkdir. M.X.Yınanç yazır ki,
Uzun Həsən Misir sultanı Xoş Qədəmə elçilər göndərmiş, Cahanşahın oğlunun üsyanını
yatırmasından sonra öz üzərinə hücum olacağını sultana bildirmişdi.Türk tarixçilərinin
fıkrincə, artıq Qaraqoyunlu dövləti İslam dünyasının ən böyük dövlətlərindən birinə
çevrilmişdi. Cahanşah özünü əski Elxani hökmdarının xələfi sayır və onların vaxtilə hakim
olduqları əraziləri bütünlüklə əlinə keçirməyə çalışırdı. O, qaraqoyunluların düşməni olan,
mərkəzi Diyarbəkr şəhəri olmaqla şərqi və cənub-şərqi Anadolunun bəzi bölgələrinə hakim
olan Ağqoyunluları əzmək, Uzun Həsəni məhv etmək, intiqam almaq istəyirdi.

Cahanşah ağqoyunluların dövlət hüdudlarının getdikcə genişlənməsi faktı ilə heç cür hesablaşmaq
istəmirdi. O, Osmanlı sultanını xəbərdar etmiş, ondan yardım istəmiş və 1467-ci ilin 15
mayında Təbrizdən Diyarbəkrə tərəf hərəkətə başlamışdı . Qaraqoyunlu-Ağqoyunlu
münasibətlərini tədqiq ermiş türk tarixçiləri (F.Sümer, M.X.Yınanç, İ.H.Uzunçarşılı və b.)
Qaraqoyunlu Cahanşahın bu yürüş ərəfəsində Osmanlı sultanı II Mehmedi xəbərdar etməsi
və hətta ondan yardım istəməsi faktına nəinki toxunmuş, hətta bu faktın üzərindən sükutla
keçmişlər. T. Bıyıqlıoğlu isə belə bir nəticəyə gəlir ki, qaraqoyunlular Osmanlılarla müttəfıq
idilər, lakin Osmanlı dövləti ağqoyunlulara qarşı mübarizədə qaraqoyunlularla əlaqəyə
girmək haqqında düşünməmiş, Uzun Həsənin Qaraqoyunlu dövlətini ilhaq etməsinə biganə
yanaşmışdı. Türk tarixçilərinin bu mövqeyi onların siyasi baxışları ilə tarixi hadisələrə
münasibətdə və Osmanlı dövlətinin yeritdiyi xarici siyasətə birtərəfli yanaşması ilə bilasavitə
bağlıdır.

Qaynaqlar onların bu mövqeyini təkzib edir. Qaraqoyunlu Cahanşah Uzun Həsən
üzərinə yürüşdən öncə Osmanlı sultanı II Mehmedə gödərdiyi məktubunda Uzun Həsənə
qarşı mübarizədə yardım istəmişdi: «0, büləndhimmət həzrət… onun dəfi ve cəzalanması
üçün cəhd etsinlər… Sizdən sədaqətlə rica olunur ki, bu məsələdə iradə istək və inadınız
qırılmasın və həqiqi dostların məqsəd və istəkləri həyata keçsin».Qaynaqlar bir daha təsdiq
edir ki, 1467-ci ildə Qaraqoyunlu Cahanşah sultan II Mehmedin təhriki ilə Diyarbəkr üzərinə
hərəkət etmişdi. «Amasya valisi olan Bəyazid sultan II Mehmedin əmri ilə Uzun Həsənə qarşı
döyüşdə Cahanşaha hərbi yardım etməli idi».

Ərcişə doğru irəliləyən Cahanşah yolda Uzun Həsənin elçisi Xızır bəy Tərxanla görüşdü. Elçi Uzun Həsənin padşaha sadiq və tabe olduğunu, hökmdarın Xarputda, yaylaqda olduğunu bildirdi. Lakin Cahanşah qəzəblənərək onu geri
qaytardı. Qaraqoyunlu hökmdarı Məhəmməd Süfrəçini Uzun Həsənin yanına göndərdi və
tələb etdi ki, əgər o həqiqətən itaət və sədaqətdən bəhs edirsə, ya bilavasitə özü, ya da oğlu
onun hüzuruna gəlməlidir. Əks təqdirdə o rəqib üzərinə qoşun göndərəcəkdi. Uzun Həsən bu
tələblərə rədd cavabı verdi . Lakin, o, Qazı Rüknəddin Əlini itaətkarcasına yazılmış məktubla
və hədiyyələrlə Cahanşahın qərargahına göndərdi, Cahanşah isə hədiyyələri qəbul etmədi və
elçini geri qaytardı.

Beləliklə, qaraqoyunlularla ağqoyunlular arasındakı müharibə zərurətə
çevrildi. Ağqoyunluların üzərinə hərəkət edən Cahanşah Cəpəkcura gəldi. Sentyabrın
ortalarında Pərvanəçi Qasım bəylə Cahangir bəyin 5 minlik qüvvəsi Ağqoyunlu Xəlil Mirzənin
3 minlik qüvvəsi tərəfındən məğlub edildi. Cahanşah bu hərbi yürüşü təxirə salmağı qət etdi.
O, qoşunun çox hissəsini geri qaytardı, özü isə bir neçə yaxın adamı, az qüvvə ilə Səncəqdə
eyş-işrət etdiyi vaxt 1467-ci ilin 11 noyabrına keçən gecədə Uzun Həsənin qəfıl hücumuna
məruz qaldı və öldürüldü.Qeyd etmək lazımdır ki, bu hadisənin baş verdiyi tarixi
tədqiqatçılarımız müxtəlif cür yazmışlar.

C.İbrahimov 1467-ci ilin mayını, V.Minorski və Ş. Fərzəliyev oktyabrın 4-nü, M. Seyfəddini isə 1468-ci ilin aprelini göstərirlər. Yalnız İ.P. Petruşevski və S.Məmmədov düzgün olaraq 1467-ci ilin 10 noyabrını qeyd edirlər.Uzun
Həsən Cahanşah üzərində qələbə münasibətilə Osmanlı Sultanı II Mehmedə göndərdiyi
məkubda bu hadisə ilə əlaqədar olaraq ətraflı məlumat vermiş və hadisənin 11 noyabr 1467-
ci ildə baş verdiyini göstərmişdi. Uzun Həsənin bu qələbəsi ilə Azərbaycan Qaraqoyunlu
dövlətinə uzun illər başçılıq etmiş Cahanşahın hakimiyyəti başa çatdı.

1468-ci ildə Həsən Əlinin qüvvələrinə də qalib gələn Uzun Həsən Qaraqoyunlu dövlətinin varlığına son qoydu və
paytaxtı Təbriz şəhəri olan Ağqoyunlu dövlətini bərqərar etdi. Beləliklə QaraqoyunluAğqoyunlu qarşılıqlı əlaqələrinin türk tarixçiləri tərəfindən tədqiqini araşdırarkən məlum olur ki, onların əksəriyyəti bu problemi tədqiqat obyekti seçməmiş, iki tayfanın, iki dövlətin siyasi tarixini öyrəndikləri üçün onlar arasındakı münasibətləri də araşdırmalı olmuşlar.

Qaraqoyunlu-Ağqoyunlu münasibətlərindən bəhs etmiş türk tarixçiləri siyasi hadisələrə daha
çox yer vermiş və çox zaman onların izahından çəkinmişlər. Lakin bütün bunlara baxmayaraq,
Qaraqoyunlu-Ağqoyunlu münasibətlərinin öyrənilməsində türk tarixçilərinin araşdırmalarının
əhəmiyyəti böyükdür.

Ədəbiyyat:

1. Sümük .F. Qaraqoyunlular
2. Yınanç M.X. Ağqoyunlular
3.Kürün K.Türklər və türk dövlətləri tarixi
4. Aka İ. Diyarbəkirdə Ağqoyunlu hakimiyyəti
5. Qordlevskiy V.A. Kara-koyunlu

Yazar: Vəsilə Allahverdiyeva

Həmçinin bax: Qaraqoyunlu – Ağqoyunlu münasibətləri

Həmçinin bax: https://tehsilim.org/doktorantlarin-ve-genc-tedqiqatcilarin-xxiv-respublika-elmi-konfransi-kecirilecek/