Qaraqoyunlu dövlətinin siyasi tarixi
Dövlətin yaranmasındakı ziddiyyətlər
Türk tarixçilərindən İ.H.Uzunçarşılı, M.X.Yınanç, Z.V.Toğan, F.Sümer, K.Gürün, İsmayıl Aka və başqaları Qaraqoyunlu dövlətinin ictimai-siyasi tarixi haqqında müəyyən fikirlər irəli sürmüşlər. Tarixən məlumdur ki, Əmir Teymurun daxilən möhkəm olmayan imperiyası onun ölümündən sonra parçalanmağa başlamış, atası tərəfindən hakimiyyətdən məhrum edilmiş Miranşah oğlu Əbubəkir və Mirzə Ömərlə birlikdə Azərbaycanda və İranın qərb torpaqlarında səltənətə çıxmaq uğrunda qanlı döyüşlərə başlamışdılar. Azərbaycanda Teymurun varisləri arasında hakimiyyət uğrunda davam edən mübarizə, yerli hökmdarların nüfuzunun möhkəmlənməsinə və genişlənməsinə imkan yaratdı.
Şirvanşah I İbrahim yaranmış siyasi vəziyyətdən istifadə edərək Azərbaycan torpaqlarını Şirvanşahlar dövləti ətrafında birləşdirmək uğrunda mübarizəyə başladı. O, bu məqsədlə Gəncə hakimi Yar Əhməd Qaraman, Şəki hakimi Seydi Əhməd, Ərdəbil hakimi Bəstam Cakir və Gürcü çarı Konstantin ilə əlaqə yaratdı. Şirvanşah I İbrahim 1406-cı il mayın sonunda Təbriz şəhərini ələ keçirdi. Lakin o, burada möhkəmlənə bilmədi. Şirvanşah Sultan Əhməd Cəlarinin Bağdaddan Təbriz üzərinə yürüşə çıxdığını xəbər alaraq Cənubi Azərbaycanı tərk etdi. Azərbaycanda siyasi hakimiyyət uğrunda gedən mübarizəyə 1406-cı ildə Qara Yusif Qaraqoyunlu da qoşuldu.
XV əsrin əvvəllərində Azərbaycandakı siyasi vəziyyət, hakimiyyət uğrunda Teymurun varisləri, Sultan Əhməd Cəlari, Şirvanşah I İbrahim , Qara Yusif Qaraqoyunlu və ayrı-ayrı feodal hakimlərin apardığı mübarizə türk tarixçilərinin əsərlərində geniş şəkildə tədqiq olunmuşdur. Qara Yusif 1406-cı ilin oktyabrında Naxçıvan yaxınlığında və 1408-ci ilin 21 aprelində Təbriz yaxınlığındakı Sərdrud düzündə Teymuri Əbubəkr üzərində qələbə çalmışdı. Qara Yusifin teymurilər üzərindəki qələbəsindən sonra Azərbaycanın cənub torpaqlarında teymurilərin hakimiyyətinə son qoyulmuş və hakimiyyət qaraqoyunluların əlinə keçmişdi.
İ.H.Uzunçarşılı, Z.V.Toğan, F.Kırzıoğlu və İsmayıl Aka Qaraqoyunlu dövlətinin 1408-ci ildə yarandığını qeyd edirlər. Qaynaqların verdiyi məlumata görə, Qara Yusif Əbubəkri ikinci dəfə (1408-ci ildə) məğlub etdikdən sonra oğlu Pir Budağı padşahlıq taxtına oturtmuş və elçi göndərərək Sultan Əhmədi xəbərdar etmişdir. O, bu xəbəri müsbət qarşılamış və Pir Budaq üçün hakimiyyət simvolu olan taxt-rəvan göndərmişdi.
Faruq Sümer Mirxondun bu məlumatının doğru olmadığını qeyd edir. Onun fikrincə, Pir Budaq Sultan Əhmədin ölümündən sonra hakimiyyətə gəlmişdir. O, öz fikrini Qara Yusifin Pir Budaqla müştərək olaraq zərb etdirdiyi mis və gümüş sikkələrin ən qədiminin 1411-ci il tarixli olması ilə əlaqələndirir.
Azərbaycan tədqiqatçılarının əsərlərində də Qaraqoyunlu dövlətinin 1410-cu ildə yarandığı qeyd olunur. Lakin M.Seyfəddini həm qaynaqlara, həm də numizmatik materiallara istinad edərək Qaraqoyunlu dövlətinin təşəkkül tarixininin 1408-ci il olduğunu əsaslandırır. O, üzərində Qara Yusifin oğlu Pir Budağın adı həkk olunmuş sikkələrin 1408-ci ildən başlayaraq kəsildiyini göstərir. Azərbaycanda siyasi hakimiyyətin 1408-ci ildən başlayaraq Qaraqoyunluların əlinə keçdiyini həmin dövrün qaynaqları da təsdiq edir.
Dövlətin yaranması və ərazi genişlənməsi
Qara Yusif Azərbaycanda teymurilərin hakimiyyətinə son qoyduqdan sonra öz hakimiyyətini möhkəmləndirmək üçün mühüm tədbirlər gördü. Qaynaqların verdiyi məlumata görə, Qara Yusif 1409-cu ilin noyabr ayında Pir Ömər və İlyas Döğərin başçılığı altında Şirvan üzərinə qoşun göndərmişdi. Lakin Şəki hakimi Seydi Əhmədin döyüşə ciddi hazırlaşdığını hiss etmiş Qaraqoyunlu sərkərdələri döyüşə girməmiş və Şirvanın bəzi yerlərini talan edərək Təbrizə qayıtmışdılar. Şirvan və Şəki ərazilərini ələ keçirib mərkəzləşdirilmiş dövlət yaratmaq Qara Yusifin hərbi siyasətinin başlıca məzmununu təşkil edirdi.
Faruq Sümerin fıkrincə, Qara Yusif 1409-cu il dekabrın sonunda Şirvana yeni bir ordu göndərmək istəmiş, lakin Van hakimi Məlik İzzəddin Şir siyasi vəziyyəti nəzərə alaraq ona mane olmuş, Qara Yusiflə Şirvanşah Şeyx İbrahimi barışdırmışdı. Teymurilərin üzərində qələbədən sonra Qara Yusifin Azərbaycanın cənub torpaqlarında getdikcə möhkəmlənməsi Bağdad hökmdarı Sultan Əhməd Cəlarini narahat edirdi. İ.H.Uzunçarşılı və F.Sümerin qeyd etdiklərinə görə, 1409-cu ilin 18 dekabrında Sultan Əhmədin elçisi Təbrizə gəlmiş və Həmədan yaylağının ona verilməsini Qara Yusifdən tələb etmişdi. Qara Yusif bu tələbi rədd etmiş və elçini geri qaytarmışdı. Onların fikrincə, Sultan Əhmədlə Qara Yusif arasında 1410-cu ilin 30 avqustunda Təbriz yaxınlığındakı Əsəd kəndi yaxınlığında baş vermiş döyüşün mühüm səbəbi Qara Yusifın Həmədan yaylağını Sultan Əhmədə verməməsi olmuşdu. Qara Yusif bu döyüşdə qələbə çalmış və İraqı da Qaraqoyunlu dövlətinə birləşdirmişdi.
Türk tarixçilərinin əsərlərində Qaraqoyunlu dövlətinin Şirvanşahlar dövləti ilə münasibətlərinə xüsusi diqqət yetirilmişdir. Şirvanşah I İbrahim qaraqoyunluların getdikcə qüvvətlənməsinin Şirvanı təhlükə altına alacağını bilir və Cəlarilərin tərəfində dururdu. Türk tarixçiləri Şirvanşahın bu mövqeyini izah etmirlər. Lakin İ.P.Petraşevski, C.İbrahimov və S.Aşurbəyli Şirvanşahın cəlarilərə tərəfdar olmasının səbəbini o zaman Cəlarilər dövlətinin çox «zəif olmasında«» görmüşlər.
Ş.Fərzəliyevin fikrincə, I İbrahimin Sultan Əhmədə tərəfdar olmasının səbəbini heç də cəlariilərin zəifləməsi və Şirvanşaha qarşı təhlükə təşkil etməməsi ilə deyil, Şirvanşahın müdrük uzaqgörənliyi ilə izah etmək lazımdır. O, bilirdi ki, artıq bir dəfə Şirvanı tutmağa çalışan Qara Yusif qüvvətləndikdən sonra hökmən əski niyyətini həyata keçirməyə çalışacaqdır. Əgər o, qaraqoyunlulara tərəfdar olsaydı, Qara Yusifin şəxsində bir dost, cəlarilərin və həmçinin Qara Yusiflə düşmənçilik münasibətində olan teymurilərin şəxsində iki düşmən qazanmışdı. Çünki Teymuri hökmdarı Şahruxla Şirvanşahlar dövləti arasında hələlik yaxşı münasibət vardı. Məhz bu uzaqgörənlik nəticəsində Şirvan döyüşçüləri Sultan Əhmədi müdafiə etməklə Azərbaycanın cənub vilayətlərində möhkəmlənə bilərdilər.
Qaynaqların verdiyi məlumata görə, Sultan Əhməd Təbriz üzərinə yürüş etdiyi zaman Şirvanşah Şeyx İbrahimdən yardım istəmiş və o da oğlu Kəyumərsin başçılığı ilə bir ordu göndərmişdi. Azərbaycan tədqiqatçıları belə hesab edirlər ki, Qara Yusif qaraqoyunlulara əsir düşmüş Kəyumərsə atası I İbrahimə məktub yazdıraraq Qaraqoyunlu dövlətinə tabe olmağı təklif edir və onu azad edir.
Faruq Sümer Hafız Əbrunun və Əbdürrəzzaq Səmərqəndinin verdiyi məlumatlara istinad edərək yazır ki, Qara Yusif Kəyumərsi Ərciş qalasında həbs etdirmişdi. Şeyx İbrahim oğlunu azad etmək üçün çox böyük məbləğdə pul təklif etmiş, lakin Qara Yusif bu təklifi rədd etmişdi. Dövrün digər qaynaqları da Farüq Sümerin bu mövqeyini təsdiq edir.Qara Yusifin Sultan Əhmədi ağır məğlubiyyətə uğradaraq öz mövqeyini daha da möhkəmləndirməsi Şirvanşah Şeyx İbrahimi xeyli narahat etmişdi. Buna görə də, o, Şəki hakimi Seydi Əhməd və Gürcü çarı Konstantin ilə ittifaq yaradaraq Qara Yusifə qarşı döyüşə hazırlaşmışdı. Farüq Sümerin fıkrincə, Qara Yusif bu hadisədən xəbər tutmuş və 1412-ci ilin 17 noyabrında Qarabağa gəlmişdi. O, buradan Şeyx İbrahimə elçi göndərmiş, ona barışıq təklif etmişdi. Qara Yusifin bu təklifi Şeyx İbrahim və müttəfiqləri tərəfindən qəbul olunmamışdı.
Qəzəblənmiş Qara Yusif 1412-ci ilin 19 dekabrında Kür çayını keçmiş və Şeyx İbrahimi ağır məğlubiyyətə uğratmışdı. Bu döyüşdən bəhs etmiş Azərbaycan tədqiqatçıları hadisənin 1412-ci il noyabrın 6-dan dekabrın 4-dək davam etdiyini göstərirlər. Beləliklə, Şeyx İbrahimin həmişə qorxduğu hadisə baş vermiş və müstəqil Şirvanşahlar dövləti Qaraqoyunlu hökmdarından asılı vəziyyətə düşmüşdü. Lakin bu asılılıq nominal səciyyə daşıyırdı. Şirvanşah Kür çayından cənubda olan torpaqlardan məhrum olsa da, Azərbaycanın şimal torpaqları onun hakimiyyəti altında qalırdı.
Türktarixçilərinin əsərlərində Qaraqoyunlu dövlətinin sərhədləri haqqında müəyyən qeydlərə rast gəlmək mükündür. Faruq Sümerin fikrincə, Qara Yusifın yaratdığı Qaraqoyunlu dövləti Qəzvindən Ərzincana, Bağdaddan Şirvana qədər uzanan torpaqları əhatə edirdi. İ.P. Petruşevski də qeyd edir ki, 1413-cü il ərəfəsində Azərbaycanın Kür çayına qədər olan cənub hissəsi, Ermənistan, Gürcüstan və Ərəb İraqı Qaraqoyunlu dövlətinin ərazisinə daxil olmuşdu. Cahanşahın hakimiyyəti dövründə Azərbaycan, Arran, Ərəb İraqı, Əcəm İraqı, Fars və Kirman Qaraqoyunlu dövlətinin tərkibinə daxil edilmiş, Şirvanşahlar, Ağqoyunlular, Gilan və Mazandaran hakimləri onun hakimiyyətini tanımalı olmuşdular. Qaraqoyunlu dövləti Azərbaycan zəminində yaranmışdı.
Dövlətin təşəkkülündə əsasən Azərbaycanda məskunlaşmış və Qaraqoyunlu tayfa birliyinə daxil olan tayfalar iştirak etmişdilər. Buna görə də Faruq Sümerin qaraqoyunluların vətəninin Şərqi Anadolu olduğunu qeyd etməsindən heç də belə nəticə çıxarılmamalıdır ki, Azərbaycanda Qaraqoyunlu dövlətinin təşəkkül prosesində əsas rolu kənardan gələn qüvvələr oynamışlar.
Məlumdur ki, Qaraqoyunlu tayfa birliyinə Şərqi Anadoluda məskunlaşmış tayfalar da daxil idi və dövlətin yaranması prosesində onlar da iştirak etmişdilər. Lakin onların tarixi rolunu mütləqləşdirməyə heç bir əsas yoxdur. Azərbaycan və Sovet tədqiqatçılarının elmi nəticələrinə görə XV əsrdə ardıcıl olaraq Azərbaycan və İranın böyük hissəsində Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini yaradanlar dil və mənşə etibarilə azərbaycanlı tayfalar olmuşlar.
İ.P. Petruşevski də Qaraqoyunlu dövlətinin məhz Azərbaycan zəminində yarandığını qeyd etmiş və qaraqoyunluların dilinin həqiqətən Azərbaycan (türk) dili olduğunu göstərmişdir. Qaraqoyunlu dövləti müxtəlif xalqların yaşadığı geniş əraziləri özündə birləşdirmişdi. Lakin dövlətin Azərbaycanda yaranması, Təbrizin paytaxt olması, dövlətin idarə olunmasında yerli əmirlərin əsas rol oynaması obyektiv gerçəklik idi. Qara Yusifin bütün cəhdlərinə baxmayaraq güclü, mərkəzləşdirilmiş dövlət aparatı yaratmaq mümkün olmamışdı. Bunun başlıca səbəbi Teymurun Azərbaycanı işğal etməsi dövründə dövlətçilik ənənələrinə güclü zərbə endirilməsi, onun varisləri dövründə Azərbaycanda ayrı-ayrı şəhər və vilayətlərin hakimlərində müstəqillik meylinin güclü olması və teymurilərlə uzunmüddətli müharibələr olmuşdur.
Teymuri Şahrux və Qaraqoyunlu hökmdarları
Az bir müddət ərzində Teymurilər dövlətində öz hakimiyyətini möhkəmləndirmiş olan Sultan Şahrux Qaraqoyunlu dövlətinin qüdrətinin artmasından və İranın şərq torpaqlarının onun nəzarəti altına keçməsindən çox narahat idi. Sultan Şahrux da başçılıq etdiyi Xorasan dövlətinin hüdudlarını qonşu ölkələr hesabına genişləndirməyə cəhd edirdi. İsmayıl Aka qeyd edir ki, qaynaqlar 1414-cü ildə Qara Yusifin elçisinin Herata bir məktub gətirdiyi haqda məlumat verir, lakin elçinin nə məqsədlə gəlməsi bilinmir.
Qaynaqların məlumatına görə, Şahruxun 1415-ci ilin 26 martında Qara Yusifın yanına göndərdiyi elçi Həsənək Herata qayıtmış və ona xəbər gətirmişdi. Qaynaqlar bu dəfə də elçinin nə məqsədlə göndərildiyi haqda məlumat vermirlər.
İsmayıl Aka yazır ki, 818-ci ildə məhərrəm ayının sonunda (11 aprel 1415-ci il) Qaraqoyunlu hökmdarı özünün gözəl natiqiiyi ilə tanınan adamlarından Mərdanşahı elçi sifəti ilə Herata göndərmişdi. Hökmdar «əgər Şahrux Sultaniyyə qalasını ona tərk etmiş olarsa, onun hakimiyyətini qəbul edəcəyinə və göstərdiyi kimi hərəkət edəcəyinə» söz verdiyini bildirmişdi. «Herat hakimi isə bu sədaqət və əhdi-ilqarın, elçilərinin gedib-gəlməsini, oğlanlarından birini Herata-onun sarayına göndərməsi ilə bilinəcəyi, sübut olunacağı və bütün bu şərtlərin yerinə-yetiriləcəyi təqdirdə Sultaniyyəyə qədər olan ərazini Təbriz hakiminə tərk edəcəyini bildirmiş və elçiyə geri qayıtmaq izni vermişdi». Qara Yusif Sultan Şahruxun bu təklifinə razı olmadı. Çünki o, oğlunu Xorasan sarayına göndərməklə hökmən Şahruxdan asılı vəziyyətə düşəcək və tam müstəqil hərəkət edə bilməyəcəkdi. Azərbaycan hökmdarına oğlunu girov göndərməsini tapşırmaqla qaraqoyunluların qüdrətinin get-gedə artmasından Şahruxun narahat olduğu, həyacan keçirdiyi məlum olur.
Faruq Sümerin fikrincə, Qara Yusifin Şahruxa tələbində məqsədi, ondan gələcək təhlükənin qarşısını almaqdan daha çox, beynəlxalq ticarət mərkəzi olan Sultaniyyə şəhərinə asanlıqla yiyələnmək niyyəti olmuşdu. Qara Yusif Şahruxun verdiyi cavabdan çox qəzəblənmiş və qoşun yeridərək Sultaniyyə şəhərini,az sonra isə Həmədanı, Taromu və Qəzvini ələ keçirmişdi. Qara Yusifin bu tədbirləri onun Şahruxla münasibətlərinə öz təsirini göstərməyə bilməzdi.
Qaraqoyunlu-Teymuri münasibətləri getdikcə pisləşmiş və labüd müharibə vəziyyətinə çatmışdı. Sultan Şahruxun Azərbaycana yürüşünün başlıca məqsədləri haqqında türk tarixçiləri müxtəlif fıkirlər irəli sürmüşlər. Z.V.Toğan belə hesab edir ki, Şahruxun bu yürüşdə əsas məqsədi Qaraqoyunlu dövlətinin varlığına son qoymaq idi.
F.Sümerin fıkrincə, Şahruxun məqsədi, Azərbaycan və İraqi-Ərəbi, qismən də İraqi-Əcəmi Qara Yusifin əlindən almaq və ya onu tabe hökmdar vəziyyətinə salmaq olmuşdu. Ismayıl Akaya görə, Şahruxun Qaraqoyunlular tərəfindən işğal edilmiş Qəzvin və Sultaniyyə şəhərləri ilə İraqi-Əcəm bölgəsini geri almaq istəyi bu yürüşə səbəb olmuşdu. Onun təbirincə, buraya, Əmir Teymurun ölümündən sonra bölgədə qüdrətli bir qüvvə kimi meydana çıxaraq Miranşahı öldürməklə Teymurilərin hakimiyyətinə son qoyan Qaraqoyunlu türklərinə qarşı cığatayaların intiqam hissini də əlavə etmək lazımdır.
Sülhyolu ilə məqsədinə çatmaq istəyən Cığatay hökmdarı 1420-ci ildə yaxın adamlarından Sadıq adlı bir nəfəri məktubla Azərbaycana göndərmiş, Qaraqoyunlu hökmdarını itaətə çağırmışdı. Şahruxun elçisi rədd cavabı alaraq geri qaytarılmışdı. İ.P. Petruşevskinin fikrincə, Şahrux Azərbaycanı bilavasitə qəsb fikrində deyildi. O, yalnız Şərqə doğru, yəni İrana tərəf genişlənməyə çalışan Qaraqoyunlu dövlətinin getdikcə artmaqda olan qüdrətini sarsıtmaq istəyirdi.
M.Seyfəddini Şahruxun Azərbaycana yürüşü ərəfəsində Qaraqoyunlu dövlətinin iqtisadi və siyasi vəziyyətinin möhkəm olmadığını, oğlanları-Şahməmmədin Bağdadda, İskəndərin Korqutda, Əbu Səidin Ərzincanda möhkəmlənərək atasına heç bir yardım göstərmədiyini qeyd edir. Lakin onun fikrini ilk qaynaqlar təkzib edir. Qara Yusifin öz qoşunu ilə Şahruxa qarşı irəlilədiyi zaman Osmanlı Sultanı I Mehmedə göndərdiyi məktubda oğlanlarından Cahanşahın Sultaniyyədə, Şahməhəmmədlə bir mənzillik qaravulliyə göndərildiyini və Qara İskəndərin 20 minlik süvari ilə arxada pusquda dayandığı barədə məlumat verilir. Şahruxun və Qara İskəndərin də sutan I Mehmedə məktubunda Qara Yusifın ölmündən sonra oğlanlarından Şahməhəmmədin və İspendin öncə Bərdə və Gəncə, sonra isə Naxçıvan dağlarına qaçdığı, Cahanşahın Ərcişə, Qara İskəndərin isə Mirzə Baysunqura məğlub olaraq Çəpəqcura-Qara Osmanla savaşa getdikləri qeyd olunmaqdadır.
Göstərilən faktlar bir daha sübut edir ki, Şahruxla döyüş ərəfəsində Qara Yusifın oğlanları onun yanında olmuşlar. Qara Yusifin Ucanda ölümündən (13 noyabr 1420-ci il) sonra Şahrux heç bir müqavimətə rast gəlmədən Azərbaycanı ələ keçirmişdi. Ağqoyunlu Qara Osmanın təhriki ilə Şahrux Qara İskəndərə qarşı döyüşə girməyə qərar vermiş və 1421-ci ilin 30 iyul 1 avqustunda Ələşgərd düzündə baş vermiş döyüşdə böyük çətinliklə qələbə qazanmışdı.
FaruqSümer və İsmayıl Aka qeyd edirlər ki, bəzi qaynaqların verdiyi mə’lumata görə, Şahrux Azərbaycan hakimliyini oğullarına və böyük əmirlərinə təklif etmişdi, lakin onların heç biri «İskəndərdən qorxduqlarına» görə bu təklifı qəbul etməmiş, Ağqoyunlu Qara Osmanın böyük oğlu Əli bəyə verərək 1421-ci ilin oktyabrında Xorasana qayıtmışdı. Şahrux Azərbaycanı tərk etdikdən sonra Qara İskəndər öz qüvvələrini yenidən topladı və Təbrizdə Qaraqoyunlu hakimiyyətini bərpa etdi. Sultan Şahrux 1436-cı ildə Azərbaycanın idarəsini Cahanşaha tapşıraraq Xorosana qayıtmışdı. Qaraqoyunlularla Teymurilər arasındakı münasibətlərdə Şahruxun ölümünə qədər (1447) ciddi bir hadisə baş verməmişdi.
Cahanşah Şahruxun ölümündən sonra teymuri şahzadələri arasında səltənət uğrunda baş verən mübarizədən istifadə edərək öncə Sultaniyyəni və Qəzvini, sonra isə Fars və İraqi-Əcəm bölgələrini ələ keçirmişdi. Cahanşah 1458-ci ilin iyulunda Xorasanı elə keçirmiş, lakin burada möhkəmlənə bilməmişdi. Həmin il Cahanşahın Teymuri sultanı Əbu Səidlə bağladığı sülh müqaviləsinə görə, İraqi-Əcəm, Fars və Kirman bölgələri Qaraqoyunlu dövlətinin tərkibində qalmışdı.
Beləliklə, Qaraqoyunlu Cahanşahla Teymuri Əbu Səid arasında bağlanmış sülhə görə, Şərqi İran bölgəsi Teymurilərə qaytarılmış, Qərbi İran isə Qaraqoyunlu hökmdarının əlində qalmışdı. Qaraqoyunlu hökmdarı Teymurilərə qarşı hərbi əməliyyatları dayandırmışdı. Cahanşahın hakimiyyətinin son dövrlərində, əsasən oğlanlarının üsyanlarını yatırmaqla məşğul olduğu və Ağqoyunlularla mübarizəyə cəlb olunduğu üçün Qaraqoyunlu-Teymuri münasibətlərində ciddi bir dəyişiklik baş verməmişdi.
Şübhəsiz ki, Qaraqoyunlu-Teymuri münasibətlərinin bu axarda inkişafına Teymuri taxt-tacı uğrunda Teymurilər dövləti daxilində baş verən siyasi hadisələr də öz təsirini göstərmişdi.
Ədəbiyyat:
Aka İ. Teymurun ölümündən sonra Şərqi Anadolu, s. 49-66; yenə onun: Teymur və dövləti, s. 40-47;
Sümer F. Qaraqoyunlular, c. I, s.70-78.
Petruşevski İ.P. XV əsrdə Azərbaycan dövlətləri
Yazar: Vəsilə Allahverdiyeva
Həmçinin bax: Qaraqoyunluların mənşəyi
Həmçinin bax: https://tehsilim.org/elm-gunu/