Qaraqoyunlu dövlətinin etnik mənşəyi

Qaraqoyunlu dövlətinin etnik mənşəyi

  Azərbaycan tarixində özünəməxsus rol oynamış dövlətlərdən biri də Qaraqoyunlu dövləti olmuşdur. Bu dövlət olduqca gərgin tarixi bir dövrdə meydana çıxmış və yarım əsrdən çox öz dövlətçilik fəaliyyətini qoruyub saxlamağa nail olmuşdur. Uzun müddət Qaraqoyunlu dövləti və onun etnik mənşəyi ilə bağlı məsələ  Azərbaycan tarixşünaslığında əsas araşdırma mövzusuna çevrilməmişdir. Bu səbəblə də Qaraqoyunluların etnik mənşəyi ilə bağlı bir-birindən fərqli fikirlər irəli sürülmüşdür. Lakin bu fikirlərin bir çoxu öz elmi əsasını tapmamışdır. Tarixi qaynaqlardan əldə edilən məlumatlara görə Qaraqoyunluların tayfa birliyini təşkil etmiş tayfaların və boyların birləşməsi “Türkman” adlanan etnik qrupa mənsub idi. “Türkmən” etnik termini ilə bağlı müxtəlif rəvayətlər mövcuddur.  Belə ki, bir xalac rəvayətində deyilir ki, Makedoniyalı İskəndər Şərqdə xalac tayfaları ilə qarşılaşarkən onların türklərə oxşadığını qeyd edir və bu səbəbdən də xalacları “türk manənd” adlandırmışdır. Beləliklə də ilk dəfə “Türkmən” ifadəsi meydana çıxmışdır. V.V.Bartold yazır: “Türkmənlər” fars dilinin cəmində – “Türkmanan” formasında, türklərin “oğuz”, ərəblərin “quzz” mənasında işlənmişdir. Qaraqoyunlu tayfasının adı və mənşəyi məsələsilə əlaqədar olaraq türk tarixşünaslığında müxtəlif mülahizələr irəli sürülmüşdür. Kimiləri Qaraqoyunlu adının bu tayfaya mənsub olan insanların qoyunçuluqla məşğul olması ilə əlaqələndirilir. Lakin bu zaman isə təzadlı bir məqam ortaya çıxır. Qədim xalqlar toteminə inandıqları heyvanların ətlərin istifadə etməzkən, necə ola bilər ki, Qaraqoyunlular özlərinə totem olaraq məhz qoyunu seçiblər? Bu tədqiqat prosesinin əsas sualı hesab olunmalıdır.

Qeyd edilən məsələ ilə bağlı türk tarixçisi olan Faruq Sümer yazır: “Qaraqoyunlu tayfasının adı bu gün hakim olan ümumi qənaətə görə, totemlərinin qoyun olması ilə əlaqəli sayılsa da, qədim türklərdə digər tayfalarda olduğu kimi totem olan heyvanların ətinin yeyilməsi qəbul olunmadığına görə bu adın onlara aid sürülərinin rəngi ilə bağlı verilmiş olması mümkündür”.

Digər bir türk tarixçisi olan Əbdülxaluq Çay Faruq Sümerin bu fikrini müdafiə edir və başlıca məşğuliyyəti heyvandarlıq olan Qaraqoyunlulara bu adın bəslədikləri heyvanların rənginə görə verildiyini əsaslandırmağa çalışır. Türklərdə qoyunun totem mahiyyətində olmasına dair Türkiyə tarixçiləri arasında fıkir ayrılığı vardır. Məsələn O.Turan, E.Esin ve H.Z.Koşa qoyunun (QOÇ) əski türklərdə başlıca totemlərindən biri olması fikrindədirlər.

Yurdumuzda qoyunun (QOÇ) əski zamanlarda əhali arasında totem səciyyəsi daşıdığını R.Əfəndiyev və M.Seyidov da qeyd edirlər. Bu adın qaraqoyunlulara verilməsi ilə əlaqədar olaraq M.Seyidov yazır: “Qaraqoyunluların adları onların fəlsəfi mifoloji görüşləri, inamları, ictimai quruluşları ilə sıx bağlıdır. Qaraqoyunluların adlarının qoyulması ibtidai qəbilə quruluşundan qabaqkı dual təşkilatın qanunları ilə səsləşir”.

Qoyunun “onqon” olduğunu “Oğuznamə” də aydın göstərir. Dastanda qeyd edilir ki, “Oğuz xaqan böyük ordugah sağ tərəfdə qırx qulac ucalığında ağac dikəltdi: Onun başına bir qızıl toyuq qoydu, ayağına bir Ağ qoyun bağladı. Sol tərəfdə qırx qulac ağac dikəltdi. Onun başına bir gümüş toyuq qoydu, ayağına bir qara qoyun bağladı. Sağda Bozoqlar oturdu. Solda Üçoqlar oturdu”. Dastandan məlum olur ki, Oğuz Xağan oğlanlarını iki soya – Bozoqa və Üçoqa bölmüş və hərəsinə də ayrıca onqon – ağqoyun və qaroqoyun, qızıl toyuq, gümüş toyuq vermişdi. M.Seyidovun fikrincə, ağ və qara qoyuna tapınmış Bozoq, Üçoq qəbilələrində toyuq zoomorfiq onqonu zəifləmiş və tədricən sıradan çıxmışdır. Hər iki tayfa birləşməsi sonralar yalnız ağ və qara qoyuna tapındıqları üçün Ağqoyunlu və Qaraqoyunlu adlanmışlar.

Arxeoloji qazıntılar zamanı Azərbaycan ərazisindən eradan əvvəl X-III əsrlərə aid olan qoç təsvirlərinin və fıqurlarının tapılması, qəbir daşlarına qoyun (qoç) təsvirlərinin qoyulması bir daha sübut edir ki, qoyun yurdumuzun əhalisinin qədim totemlərindən biri olmuşdur. Fransız şərqşünası J.Dögininin fıkrincə, Qaraqoyunlu türkmənləri bayraqlarındakı qara qoyun rəsminə görə Qaraqoyunlu adlanmışlar. XVIII əsrin ortalarında irəli sürülmüş bu fikir Türkiyə, Azərbaycan və Sovet tarixşünaslığında qəbul olunmuşdur. Sovet tarixşünaslığında məhz bu fikrin dəstəklənməsinin əsas səbəbi isə türk dövləti olan Qaraqoyunlular etnik mənşəyi ilə bağlı olan real fikirləri ört basdır etməkdir.  Bu fikirlə razılaşmaq mümkün deyildir. Çünki tayfa və sülalənin öz adını bayraqdakı qara qoyun rəsminə görə alması fikri həqiqətdən uzaqdır. Belə nəticəyə gəlmək olar ki, Qaraqoyunlu tayfa birləşməsində qoyun artımla bağlı olan zoomorfık onqon imiş və ona görə də tayfa bayraqlarında bu Onqonun (qoç) şəkli çəkilirmiş. Bu fikirə əsaslanıb tədqiqat prosesini davam etdirərkən məntiqi bir sual meydana çıxır. Nə üçün Qaraqoyunlula başqa bir heyvanın yox məhz qara qoyunun şəklini bayraqlarında əks elətdirirlər. F.Kırzıoğlu da belə qənaətə gəlir ki, qaraqoyunlular bayraqlarına qoç başı təsvirləri qoyaraq qədim onqonlarının xatirəsini yaşatmış olduqlarına inanır. 

Faruq Sümer yazır ki, bayraqlarında qoyun rəsmi olduğu üçün qaraqoyunluların bu adı almasına aid Qərb müəlliflərinin iddialarının heç bir əsası yoxdur. O, öz fikrini orta əsr qaynaqlarında bununla bağlı heç bir məlumatın olmaması ilə əlaqələndirir. Qaraqoyunlu tayfasının mənşəyi məsələsi, onların Azərbaycanda və Şərqi Anadoluda məskunlaşması ilə bağlı türk tarixçiləri arasında müxtəlif fıkirlər mövcuddur. Azərbaycanda, Şərqi Anadoluda monqol hakimiyyətinin zəifləməyə başlaması ilə fəallaşmış türkmanların ən məşhur qolu olan Qaraqoyunluların Oğuz və ya türkman elini təşkil edən  boydan hansına mənsub olması haqqında mənbələrdəəyyən bir məlumata rast gəlmirik. Yalnız, XV əsrin Osmanlı tarixçilərindən Mövlana Şükrullah Qaraqoyunlu tayfasının mənşəyini Oğuz xanın oğlu Dəniz xanla əlaqələndirmişdir. Şükrullah yazmışdı: “852/1449 – cu ildə sultan II Murad bu binəvanı elçiliklə Mirzə Cahanşahın yanına göndərmişdi. Söhbət əsnasında buyuruldu ki, tarixi oxuyan Mövlana İsmayılı çağırsınlar və Oğuz tarixini də gətirsinlər. Mövlana İsmayıl gəldi və Monqol yazısı ilə yazılmış bir kitab gətirdi. O, kitabdan anlaşıldı ki, Sultan Muradın nəsəbi Oğuz oğlu Göyalpa, Qara Yusifinki isə 41-ci nəsildən Dənizalpa bağlanır”.

Faruq Sumer yazır ki, Şükrullahın bu qeydinə əsasən Qaraqoyunlular Oğuz nəslindən Dəniz xanın oğulları olan İğdir, Büğduz, Yıvə və Kınık boylarından birinə mənsub olmuşdur. Bunlardan Yıvə boyu ilə Qaraqoyunlular arasında nəsli qohumluq əlaqələrinin ola biləcəyinə dair bəzi izlər görünür. Bu fikri Ə.Çay da müdafiə edir. F.Sümer Yıvə türklərinin Səlcuq yürüşləri dövründən etibarən Azərbaycanda məskunlaşdıqlarını və XII əsrin II yarısında Həmədan bölgəsində öz bəyliklərini yaradaraq onu Monqol yürüşlərinə qədər qoruyub saxladıqlarını qeyd edir. Monqol istilasından əvvəl Bəəni adlı bir bəyin rəhbərliyi altında olan Yıvələrin yaşadığı Həmədan ətrafında Qaraqoyunlu dövlətinin dayağı olan və hökmdar ailəsi ilə qohumlaşmış Baharlı tayfası burada məskən salmışdı”.

Minorskinin fikrincə, bu tayfanın daşıdığı adın Həmədan yaxınlığındakı Bahar qalası ilə əlaqəsi olması ehtimalı vardır. V.F.Minoski bu məkan birliyinə, Qaraqoyunlu sikkələrində olan damğaların da Oğuz damğalarından daha çox Yıvə damğasına bənzədiyinə əsaslanaraq Qaraqoyunluların Yıvə boyundan olduğunu göstərir F.Sümer isə buna az əhəmiyyət verir. Qaraqoyunlu sikkələrində görünən damğaların bir naxış olduğunu bildirir. Onun qənaətinə görə, qaraqoyunluların Monqol istilası nəticəsində Türküstandan İran və Şərqi Anadoluya gəldikləri haqqında rəvayət də bu qohumluq münasibətinə daha zəif bir ehtimal verdirməkdədir. Ə.Çay yazır ki, baxmayaraq ki, F.Sümer Qaraqoyunlu sikkələrində görünən damğanı naxış kimi qəbul edir, bu həqiqətən Yıvələrin qoç başı rəsminin piktoqramı şəklində olan damğasıdır. F.Sümer  “Oğuzlar” adlı əsərində Qaraqoyunluların Yıvə boyundan olduğunu göstərmiş, Minorskinin fıkrini müdafıə etmişdir. 

C.A.Boyl belə qənaətə gəlir ki, Qaraqoyunluların mənşəyi məsələsi hələlik tamamilə aydınlaşdırılmamışdır. Lakin o da, V.Minorskinin fıkrinə şərik çıxaraq bildirir ki, qaraqoyunlular Səlcuqlularla birlikdə gəlmiş Yıvə türklərinin nəsilləridir. Onların varlığı XIII əsrdə monqol işğallarından sonra “Fatehlərin yeni təbəqəsi tərəfindən müvəqqəti olaraq ört-basdır edilmişdir”. E.Çay belə hesab edir ki, Baharlu-Yıvə münasibəti Qaraqoyunluların oğuzların Yıvə boyundan olduğunu təsdiq edir. Osman Turan Qara Yusiflə oğlu Pir-Budağın Ərzincanda birgə zərb etdirdiyi sikkələr üzərində görülən işarənin Rəşidəddinin Oğuz boyları cədvəlindəki Yazır boyunun damğasına oxşadığını əsas tutaraq Qaraqoyunluların Oğuzların Yazır boyundan olduğunu güman edir. F.Sümerin fikrincə, bunu təyin edəcək heç bir dəlil yoxdur və Qaraqoyunlu hökmdarlarının zərb etdikləri digər sikkələr üzərində həmin işarəyə təsadüf olunmamışdır.

M.X.Yınanç qaraqoyunluların mənşəyi məsələsi ilə əlaqədar olaraq maraqlı mülahizə irəli sürür. Onun təbirincə, “əskidən bəri qoyun toteminə bağlı olan və müsəlman olduqdan sonra da bu totemi tərk etməyən Qaraqoyunlular ilk çağ ilə orta çağın bir qismində böyük rol oynadığını bildiyimiz onqon (yəni “qoyun”) türk elindən qalmışdır və əski adları olan Qoyun adını mühafizə etmişlər. Azərbaycanda və Anadoluda məskunlaşmış Qaraqoyunlular buradakı Oğuzların Baranlu boyuna daxil olmuşlar”. F.Kırzıoğlu isə Qaraqoyunluların mənşəyini erməni mənbələrinə və “Dədə Qorqud Oğuznamə”lərinə əsaslanaraq III əsrdə Şərqi Anadoluya Türkistandan gəlmiş Mamik və Qonaq adlı türk bəyləri sülaləsi ilə əlaqələndirir.

Qaraqoyunluların Azərbaycana və Şərqi Anadoluya gəlişi ilə bağlı məsələlər ciddi müzakirələrə səbəb olur. Belə ki, Türkiyə tarixçiləri arasında fərqli fikirlər vardır. M.X.Yınanç yazır ki, orta əsr Osmanlı tarixçiləri Əlinin və Cənnabinin verdiyi məlumata görə, Qaraqoyunlular Elxanilərdən Arğun xanın dövründə Azərbaycana və Şərqi Anadoluya gəlmişlər. Bu məlumat sonralar başqa tarixçilər tərəfindən də qəbul olunmuşdur. M.X.Yınanç XV əsrin fars mənbələrinin məlimatlarına əsaslanaraq Osmanlı tarixçilərinin “Oğuzu” “Arğun” oxumaqla səhvə yol verdiklərini təsdiq etmişdir. F.Sümer də qeyd olunmuş rəvayətin həqiqətlə əlaqəsi olmadığını göstərmiş və M.X.Yınançın fikrini müdafiə etmişdir. Kamıran Kürün belə hesab edir ki, Azərbaycana və Anadoluya hakim olmuş Elxanilərin geniş yaylaqlara, qışlaqlara ehtiyacı olduqları halda Türkistandan çoxsaylı türkmanların buraya köçürülməsinə icazə verməyəcəkləri düşünülərsə, bu rəvayətin doğru olmadığı aşkar olur”. Kamıran Kürün bu fikri məsələ ilə bağlı irəli sürülən bəzi nəticələri sual altına alır.

Dövlətşah Səmərqəndi öz təzkirəsində Qaraqoyunlulara dair məlumat vermişdir. O, Qaraqoyunlu hökmdarı İskəndər haqqında yazmışdı: “İskəndərin soyuna gəlincə o, Qara Yusifin, Qara Yusif də Qara Məhəmmədin oğludur. Bunların əsli uzaq Türküstanda Qazqurd dağlarındadır. Əski zamanlarda Azərbaycan və Bitlisə gəlmişlər. Köçəridirlər”.

 Qaraqoyunluların tarixindən bəhs edən “Tarixi-Türkməniyyə” və “Tarixi sultan Qütbşahi” əsərlərində Qaraqoyunluların 599 (1202-1203) cu ildə Qara Yusifin 7-ci ulu babası Oğuz nəslindən olan Törə bəyin rəhbərliyi altında 30 min çadırdan ibarət kütlə halında Türküstandan İrana və Şərqi Anadoluya gəlməsi və onların burada daim gürcülərə və tatarlara qarşı mübarizə aparması göstərilir. Faruq Sümer bu məlumatın doğru olduğunu güman edir. F.Kırzıoğlu isə bu məlumatdakı rəqəminin hicri tarixi olmadığı qənaətinə gəlir. O, belə güman edir ki, bu tarix həmin dövrdə Ön Asiyada geniş yayılmışİskəndər təqviminəəsaslanmışdır. Çünki 1202-1203-cü illərdən az sonra Anadoluda “Gürcülərə qarşı savaşa” və “tatarlara qarşı müqavimətə” imkan və ehtiyac yox idi. İ.H.Uzunçarşılı, F.Köprüle, C.Zeynaloğlu, Z.V.Toğan qaraqoyunluların Azərbaycana və Şərqi Anadoluya Arqun xanın (1284-1291) dövründə gəldiklərini qeyd edirlər. Bu fikir türk tarixşünaslığında da təkrar edilməkdədir. Azərbaycan tarixşünaslığında həmin fikir qəbul olunmuşdur. Vaxtilə A.A.Bakıxanov “Gülüstani-İrəm” əsərində  qaraqoyunluların Arğun xanın dövründə Orta Asiyadan Azərbaycana gəldiyini qeyd etmişdi. Sonralar M.H.Baharlı və Ə.S.Sumbatzadə həmin müddəanı qəbul etmişlər. Ç.İbrahimobbu tayfanın yeni əraziyə gəlişini XII – XIII əsrlərə, M.Seyfəddini XI – XIII əsrlərə, M.İsmayılov və Q.Qeybullayev isə XIII əsrin əvvəllərinə aid etmişlər. Z.Bünyadov və O.Əfəndiyev yazırlar ki, “ehtimal etməyə əsas var ki, sonralar qaraqoyunlu tayfalarının tərkibinə daxil olmuş tayfaların və qəbilələrin bir hissəsi artıq VIII-IX əsrlərdə Azərbaycanda məskunlaşmış və monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıb çıxarılmışlar.” Onların mülahizəsində obyektiv həqiqət vardır

Bəzi tarixçilər Qaraqoyunluların Barani/Baranlu sülaləsindən olduğunu qeyd edirlər. Bu adın mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Z.V.Toğanın fikrincə, Təbərinin əsərində Barani türklərindən bəhs edilmişdir. X əsrin müəllifi Beyhəqi Xarəzm türklərindən – “Barani”lərdən Əli oğlu Şah Məlik adlı bir hökmdar haqqında məlumat vermişdir. Yaqut Həməvi Buxaradan Fərsəx məsafədə Barani kəndinin olduğunu göstərir. Orta əsr müəllifiəri Qaraqoyunlu hökmdarlarının Baranilərdən olduğunu göstərirlər. Əbu Bəkr Tehrani də Qara Yusif Barani,  Məhəmməd Nəşri Və Aşiq Paşazadə də Cahanşah Baranlu kimi göstərilmişdir. Gətirilən tarixi faktlar Barani Oğuz tayfasının qaraqoyunlularla sıx əlaqəsinin olduğu qənaətinə gəlməyə imkan verir. Barani adının mənşəyi qoyunun sülalənin və ya tayfanın totemi və himayəçisi olması ilə bağlı olmuşdur. V.Minorski “Barani” adının şəxs və tayfa adı deyil, yer adı olduğunu qeyd etmişdir. O, öz fıkrini Qaraqoyunlu sikkələrində göstərilmiş “Baran” adlı zərb yerinin, Mərv və Buxara yaxınlığında da Barani kəndlərinin olması ilə əsaslandırır. Faruq Sümer Qaraqoyunlu xanədanının daşıdığı ailə adının Şərqi Anadoluda vaxtilə pul kəsdikləri “Baran” adlı yerdən aldığını qeyd edərək V.Minorskinin fıkrini müdafiə edir. Ə.Çay bu adın şəxs adından yaranması qənaətindədir. Osman Turan İbn Tanriberdinin verdiyi məlumatlara əsaslanaraq Şərqi Anadoluda və Şimali Suriyada 1260-cı ildə Baranlu adlanan türk tayfasının yaşadığını göstərir. F.Sümer Barani/Baranlu tayfası ilə bağlı olan etnonimin, yalnız Şərqi Anadoluda olması faktı ilə kifayətlənmişdir. Bu tayfa ilə bağlı olan etnonimlər Azərbaycanın həm şimal, həm də cənub ölkələrində və İran ərazisində hələ də öz varlığını yaşatmaqdadır. “Baran” sözü qədim türklərdə daha çox “qoç” mənasında işlənmişdir. Başqırdlarda və tatarlarda bu söz indi də həmin mənada işlənməkdədir. Şərqi Anadoluda da həmin söz “qoç” anlamında qalmaqdadır. Türk dillərinin müxtəlif dialektlərində “Baran” – “güc”, “qüvvət” və “qoç” mənasındadır. F.Kırzıoğlu belə güman edir ki, Şərqi Anadoluda, Arsaqlılar dövründə qeyd olunan Duru-Baran əyaləti məhz burada Qaraqoyunluların məskunlaşmasından sonra bu adı almışdır. Çünki III əsrdən öncə heç bir mənbədə bu ada rast gəlmək mümkün deyildir.

Qaraqoyunlu tayfa birliyini təşkil edən boyların və tayfaların Azərbaycanda məskunlaşması daha erkən dövrlərdən başlanmışdı. Türkiyə tarixçilərinin tədqiqatlarında bu tayfa birliyinə daxil olan müxtəlif tayfalar və boylar qaynaqlara əsasən araşdırılmışdır. Qaraqoyunlu tayfa birliyini öz ətrafında birləşdirmiş və bu birliyin özəyini təşkil edən Qaraqoyunlu tayfasıdır. Faruq Sümer belə güman edir ki, bu tayfa idarəçi, rəhbər rol oynaması əsasında özünün qəbiləvi mahiyyətini itirmişdi. Qaraqoyunlu tayfası ilə bağlı olan etnonimlər Azərbaycanda, Şərqi Anadoluda və İranda son dövrlərə qədər mövcuddur. M.H.Baharlının tədqiqatlarında Azərbaycanın Cavanşir, Göyçay, Gəncə, Zəngəzur və Şəki qəzalarında Qaraqoyunlu oykonimləri aşkar edilmişdir. İran ərazisində də Qaraqoyunlu oykonimi qalmaqdadır. Faruq Sümer Azərbaycanda və Şərqi Anadoluda izləri son dövrlərə qədər yaşayan bu tayfalarla Qaraqoyunlu tayfası arasında siyasi əlaqənin olduğunu göstərir.

Qaraqoyunlu tayfa birliyində Səudlu tayfasının böyük rolu var idi. Bu tayfa öz adını XIV əsrdə Səud adlı bəyin adından almışdır. Hafiz Əbru və Əbdürrəzzaq Səmərqəndi Naxçıvanda və Sürməli bölgəsində qədim dövrlərdən Qaraqoyunluların əsas tayfalarından olmuş Səidlu tayfasının yaşadığını qeyd edirlər Foma Metsopski də XIV əsrin sonunda Səud adlı igid türkman bəyi haqqında məlumat verməkdədir. Qaraqoyunluların əsas dayağını təşkil edən ikinci tayfa Baharlu idi. V.Minorskinin fıkrincə, bu tayfa öz adını Həmədan yaxınlığında yerləşən Bahar adlı bir qaladan almışdır. Qaraqoyunlularla Həmədan bölgəsi arasında mühüm əlaqə olmalı idi. Çünki Cahanşahın oğlu Həsən Əli 1468-ci ildə Ağqoyunlularla döyüşdən sonra sonuncu dəfə oraya sığınmış, Ağqoyunluların hakimiyyəti zamanı qaraqoyunlu sülaləsinin əksər hissəsi bu bölgədə yaşamışlar.F.Sümer V.Minorskinin bu fıkrini müdafiə etmişdir. Bəzi tarixçilər Baharlu tayfasının adının KürdüstandakıBahar adlı yerdən aldığını güman etməkdədirlərə. M.H.Baharlı Baharlu tayfasının öncə Xorasanda yaşadığını və sonralar Azərbaycana gəldiyini, Marağa ətrafında yerləşdiyini qeyd edir. Baharlu bəyləri Qaraqoyunlu xanədanı ilə qohumluq əlaqələri yaratmış və bu dövlətin ən böyük əmirləri olmuşlar. F.Sümerin qənaətinə görə, münəccimbaşı “Baharlu” adı ilə “Baranlu” adını bir-biri ilə qarışdırdığı üçün Qaraqoyunlu əmirlərinin bu tayfadan çıxdığını göstərmişdir. Həmdüllah Qəzvini “Nüzhətül qülub” əsərində Bahar qalasının XIII əsrin əvvəllərində Yıvə əmiri Süleyman Şahın paytaxtı olduğunu qeyd edir. Bu, baharluların oğuzların Yıvə noyundan olduğunu güman etməyə imkan verir. Baharlu tayfası öz adını heç də V.Minorskinin qeyd etdiyi kimi, Bahar qalasının adından almamışdır. Güman etmək olar ki, Baharlu tayfası öz adını tanınmış əmirlərindən birinin adından almış və sonralar bu ad həmin nəslin və ya sülalənin adına çevrilmiş və hakim olduqları bölgə də onların adı ilə adlanmağa başlanmışdı. Qaraqoyunluların başlıca tayfalarından biri də Qaramanlu idi. Qaramanlu tayfası ilə bağlı Azərbaycan sovet tarixşünaslığında belə bir fikir mövcuddur ki, guya bu tayfa öz adını Kiçik Qaramanlu bəyliyinin adından almış və 1471-ci ildə Osmanlı Türkiyəsinin bu bəyliyi işğal etməsindən sonra Qaramanlular köçüb Azərbaycana gəlmişlər. Bu fıkrin elmi əsası yoxdur. Çünki məsələ bu cür qoyularsa, Qaramanlu tayfasının Qaraqoyunlularla əlaqəsinə ehtiyac qalmır.

Ş.Təkindağ belə hesab edir ki, Qaramanlular XIII əsrin I yarısında, Monqol yürüşləri zamanı digər türkman tayfaları kimi Azərbaycana gəlmiş və Şirvan bölgəsində məskunlaşmışlar. F.Sümer, F.Kırzıoğlu, T.Ünal və Ş.Təkindağ da Qaramanlulann Kiçik Asiyaya monqol istilası dövründən Azərbaycandan köç etdiyini göstərirlər. Azərbaycanda qalmış Qaramanlular dövrün siyasi hadisələrində yaxından iştirak etmişdilər. Fərhad xan Qaramanlu Olcaytunun, Əli Əhməd Qaramanlu isə Cəlayirilərin tanınmış əmirlərindən olmuşdu. Bərdə və Gəncə hakimi əmir Qaraman da Qara Yusifin tanınmış əmirlərindən idi. Bu tayfanın adı VIII əsr mənbələrində qeyd olunmuşdur. Qaraqoyunlu tayfa birliyinə daxil olmuş Ağacəri tayfasının mənşəyi elmi ədəbiyyatda müxtəlif cür yozulmuşdur. Azərbaycan xalqının təşəkkülündə və etnik təkamülündəəyyən rolu olmuş ağxəzərlərdən mənbələrdə müxtəlif adlar altında (ağacərilər və s.) bəhs edilmişdir. “Əski türklər xəzərlərə ağacəri, əski yunanlar isə ağatirs adı vermişlər”. Ağacəri türk tayfası ağatir adı ilə Herodotda və antik müəlliflərin əsərlərində qeyd edilmişdir.  Mənbələrdə göstərilir ki, Xəzər tayfalarının bir qolunu təşkil etmiş ağacərilər 465-ci ildə Qafqazın şimalından Azərbaycana daxil olmuşlar. Oğuz dastanlarında, türkmən rəvayətlərində qeyd edilir ki, ağacərilər Qafqazda əfsanəvi Oğuz xanla birlikdə gəlmişlər və onların oğuzlarla qohumluğu dəfələrlə xatırlanır. Təsadüfi deyildir ki, həmin mənbələrdə ağacərilərin adı oğuzların “Üçok” boyu ilə birgə çəkilir.

Səlcuqlarla bağlı olan 1195-ci il hadisələrindən aydın olur ki, ağacərilər əsasən Suriyada Maraş və Əlbistan mahallarında məskunlaşmışdılar. Səciyyəvidir ki, onlar 1246-cı ildə məhz bu yerlərdə – Maraş dağlarında bayat və əfşar tayfaları ilə birlikdə Bayqu Noyana qarşı mübarizə aparmışlar. Tarixi mənbələr göstərir ki, ağacərilərin mühüm bir hissəsi Monqol yürüşləri ərəfəsində Təbrizdən Qəzvinə gedən yolun şərqindəki Xalxal bölgəsinə hakim olmuşlar. Maraqlıdır ki, bu gün də İranda (Kerman, Zəncan və Xuzistan və s.) “ağacəri” oykoniminə və hidroniminə rast gəlmək mümkündür. F.Sümer ağacərilərin mənşəyini V əsrdə Azərbaycanda məskunlaşmış ağatsir tayfası ilə bağlamağın əleyhinə çıxır və öz fikrini, ağacərilərlə çağdaş olmuş tarixçilərin onları “türkmən” adlandırması ilə əsaslandırır. Qaraqoyunlu Qara Məhəmmədin bacısı Tatar Xatunun ağacəri rəisinə ərə verilməsi nəticəsində onlar arasında yaxın qohumluq əlaqələri yaradılmışdır.  Qaraqoyunlu tayfa birliyinə daxil olan Bayramlu tayfası öz adını Xoy hakimi Bayram bəydən almışdır. Bayram bəy Qaraqoyunlu hökmdarı Qara Yusifın əmirlərindən olmuş, oğlu Şahsuvar bəy də Cahanşahın divan bəyi olmuşdu. Əbu Bəkr Tehrani öz əsərində Bayram bəyin Əmir Qara Yusifin divan əmiri olduğunu qqeyd edir. F.Sümer Qaraqoyunlu tayfa birliyində Düharlu, Döğər, Ayinlu tayfasının olduğunu göstərir. Düharlu tayfasının Ərzrum-Bayburd bölgəsində, Ayinluların Şərqi Anadoluda, Döğərlərin isə Suriyada yaşadıqları qeyd ollunur. Əbu Bəkr Tehrani “Kitabi-Diyarbəkriyyə“də Qara Yusifin Ərzincana Pir Ömərin yardımına göndərdiyi əmirlər arasında Bəyazid Ayinlunun olduğunu qeyd edir. Qaraqoyunlu tayfa birliyinə Süleymani, Zırki və Mahmudi kürd tayfaları da daxil olmuşdur. Nayramlu vəğər tayfası ilə bağlı oykonimlər Yelizavetpol, Qazax və Cavanşir qəzalarında Bayramlı və Dügərli formasında qalmışdır. Oğuz – türkman mənşəli Qaraqoyunlu tayfa birliyinə daxil olan müxtəlif boyların və tayfaların əski dövrdən etibarən Azərbaycanda məskunlaşması, bu tayfa birliyinin təkamülündə əsasən yerli tayfaların iştirak etdiyi göstərilir. Oğuzların erkən dövrlərdən Azərbaycan ərazisində məskunlaşması, bu torpağın əzəli və köklü əhalisi olması elmi ədəbiyyatda sübuta yetirilmişdir. Qaraqoyunlu tayfa birliyinə daxil olan bəzi noyların V əsrdən Azərbaycanda yaşadığını nəzərə alaraq qaraqoyunluların daha erkən dövrlərdən bu ərazidə yaşadıqlarını güman etmək olar. F.Sümer belə hesab edir ki, Qaraqoyunluların ilk vətəni Şərqi Anadolu olmuşdur və onlar Azərbaycana, İrana məhz oradan-Şərqi Anadoludan köçmüşlər. Z.Bünyadov və O.Əfəndiyev haqlı olaraq F.Sümerin bu fıkrinə qarşı çıxmışlar: “F.Sümerin bu müddəası ilə razılaşmaq çətindir. Çünki Azərbaycan türkdilli tayfaların Kiçik Asiyaya köçetmə yolu üzərində yerləşir və buranın türkləşməsi də daha əvvəl baş vermişdir. Bu məsələ hələlik özünün tam həllini tapmamışdır. Lakin ehtimal etməyə əsas var ki, sonralar Qaraqoyunlu tayfalarının tərkibinə daxil olmuş tayfaların və qəbilələrin bir hissəsi artıq VIII-IX əsrlərdə Azərbaycanda məskunlaşmış və Monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıb çıxarılmışlar”. Türk tarixçilərinin araşdırmalarında da monqol yürüşləri dövründə onların hakimiyyətini qəbul etməmiş türkmanların böyük bir hissəsinin Azərbaycandan Şərqi Anadoluya köçdüyü qeyd olunur. Güman etmək olar ki, sonralar onlar da Qaraqoyunlu tayfalarına birləşmiş və Azərbaycanda Qaraqoyunlular dövlətinin yaranmasında iştirak etmişlər.

Ədəbiyyat siyahısı:

1. Cəfər İbrahimov “Azərbaycanın ХV əsr tariхinə dair оçеrklər»

2. Şahin Fərzəliyev “XV-XVI əsrlər Azərbaycan tarixi”

3. Tofiq Nəcəfli “Qaraqоyunlu Ağqоyunlu dövlətlərinin tariхi müasir türk tariхşünaslığında”

Hazırladı: Aytac Əhmədova

Həmçinin bax: https://kafkazh.com/qaraqoyunlu-dovletinin-siyasi-tarixi/