Qaraqoyunlu – Ağqoyunlu münasibətləri

Qaraqoyunlu-Ağqoyunlu münasibətləri tarixinin dərindən araşdırılmasının tarixşünaslığımız üçün əhəmiyyəti vardır. Hər iki tayfa birliyi «türkman» adlanan etnik qrupa mənsub olmuş və XV əsrdə Azərbaycanda bir-birini əvəz etmiş müstəqil dövlətlərin əsasını qoymuşdur. Bu tayfa birlikləri arasında qədim dövrlərdən yaranmış münasibətlər XV əsrdə daha yüksək, siyasi məcrəda davam etmişdir.

Qaraqoyunlular və Ağqoyunlularla əlaqədar olaraq tədqiqat aparmış türk tarixçiləri həmin tayfalar arasındakı qarşılıqlı əlaqələri də araşdırmışlar. Faruq Sümer yazır ki, qaynaqların çoxunda bu iki türkman tayfası arasında qədim ədavətin olduğu göstərilirsə də bunun səbəbi aydınlaşdırılmır. Dəfələrlə baş verdiyi kimi bu qədim düşmənçiliyin səbəbi ərazi ixtilafı və ya üstünlük uğrunda savaş olmuşdur.

İ.P.Petruşevski qeyd edir ki, XlV əsrin sonunda bu iki tayfa birliyi arasında baş vermiş münasibətlərin səbəbi yeni torpaqlara, otlaqlara və hərbi qənimətə yiyələnmək hissi olmuşdur. M.X.Yınançın fikrincə, «iki tayfa arasındakı düşmənçilik XIV əsrin 30-cu illərində başlanmışdır.

Süqut etmiş Elxanilər dövlətinin xarabalıqları üzərində bir-biri ilə mübarizəyə başlamış Cəlari, Çobani və Sutay xənadanlarının qovğalarında iştirak edən bu iki tayfadan qaraqoyunlular İraqdakı Cəlari ailəsinin, ağqoyunlular isə bu ailəyə düşmən kəsilmiş və Mosul-Diyarbəkr vilayətlərində hakim olan Sutayoğullarının xidmətinə girmiş və bir-birinə qarşı hərb etmişlər. Sutayoğullarının Cəlarilərə qarşı uzunmüddətli mübarizəsi bu iki düşmən tərəfin yanında xidmətdə olmuş, eyni kökdən və soydan yaranmış, qaraqoyunluların və ağqoyunluların bir-birinə düşmən kəsilən iki zümrə halına düşməsinə səbəb olmuşdur.

Diyarbəkr valisi olmuş Sutayın (1332-ci ildə vəfat etmişdir) oğlu Hacı Tuqay ilə nəvəsi İbrahim Şah arasında Mosuldan Ərzuruma qədər geniş əyaləti ələ keçirmək uğrunda mübarizə zamanı, qaraqoyunlular Hacı Tuğayı, ağqoyunlular isə İbrahim Şahı müdafıə etmiş və nəticədə Mosul-Ərzurum bölgəsi qaraqoyunluların, Diyarbəkr vilayəti ağqoyunluların əlində qalmışdı. Faruq Sümer belə nəticəyə gəlir ki, bu iki qardaş türkman tayfası arasındakı «qədim ədavətin» əsası Hacı Tuğayla İbrahim Şah arasındakı qanlı düşmənçilikdən başlanmışdır.

İ.H.Uzunçarşılnın fikrincə, qaraqoyunlularla ağqoyunlular arasındakı qədim düşmənçiliyin səbəblərindən biri də aralarındakı məzhəb fərqidir. Qaraqoyunluların şiə məzhəbində olması, Ağqoyunluları və digər sünnü məzhəbə mənsub dövlətləri onların düşməni etmişdi. Ancaq Faruq Sümer qeyd edir ki, XV-XVI əsrin fars, ərəb və türk tarixçilərindən Qaraqoyunluların şiə təriqətində olması haqqında heç bir qeydə rast gəlinmir. Buna görə də onları şiə təriqətli hesab etmək doğru deyildir”.

XIV əsrin 70-ci illərinin sonunda Qaraqoyunlular Bayram Xocanın rəhbərliyi altında Azərbaycanın cənub-qərb torpaqlarını-Xoyu, Naxçıvanı, Ağkilsəni və Sürməli bölgəsini ələ keçirmiş və Cəlari hökmdarına vergi ödəməkdən imtina etmişdilər. 1380-ci ildən Qaraqoyunlu tayfa birliyinə Bayram Xocanın qardaşı oğlu Qara Məhəmməd (1380-1389) rəhbərlik etməyə başladı. Qara Məhəmməd bacarıqlı şəxs idi. O, Qaraqoyunlu tayfa ittifaqının həm daxili, həm də xarici vəziyyətində ciddi dönüş yarada bildi.

Cəlari hökmdarı Sultan Hüseynin (1374-1382) ölümündən sonra dövlətin daxilində kəskinləşmiş mübərizədən məharətlə istifadə edən Qara Məhəmməd Qaraqoyunlu tayfa ittifaqını daha da möhkəmləndirdi. Qara Məhəmməd Sultan Əhmədin Cəlari taxt-tacına yiyələnməsinə yardım etmiş, bu dövlət ilə Qaraqoyunlu tayfa birliyi arasındakı gərginliyi aradan qadırdı. Sultan Əhməd Qara Məhəmmədi Qaraqoyunlu tayfa ittifaqının başçısı kimi tanıdı və onun həyata keçirdiyi tədbirlərə mane olmadı.

Ağqoyunlu hökmdarları Qaraqoyunlu tayfa birliyinin getdikcə güclənməsi ilə heç cür razılaşa bilmirdilər. Onlar rəqibin mövqeyini zəiflətmək üçün qonşu ərazilərə vaxtaşırı hücumlar edirdilər. İki tayfa birliyi arasında Ərzincana sahib olmaq üçün şiddətli mübarizə baş verdi. F. Sümer və Y.Yücel belə hesab edirlər ki, Ağqoyunlulara məğlub olan Ərzincan hökmdarı Mutaharten kömək üçün Qara Məhəmmədə müraciət etmiş, o isə qaraqoyunlular və ağqoyunlular arasında qədim düşmənçiliyə sadiq qalaraq Mutahartenin təklifinə razılıq vermişdi.Mutaharten ilə birləşən Qara Məhəmməd Ağqoyunlu Əhmədi ağır məğlubiyyətə uğratmışdı. F.Sümer qeyd edir ki, bu qələbə o qədər təsirli idi ki, ağır itkilər verən ağqoyunlular Sivas-Kayseri hökmdarı Qazi Bürhanəddinin himayəsinə girməyə məcbur oldular.

1389-cu ildə Ağqoyunlu hökmdarı Bayandur tayfasının başçısı Qutluq bəyin ölümündən sonra onun varisləri-Əhməd, Pir Əli və Qara Yuluq Osman arasında səltənət uğrunda mübarizə başlandı. İlk mərhələdə üstünlük qazanmış Əhməd və Pir Əli qorxulu hesab etdikləri Qara Yülük Osmanı məğlub etdilər, onu zindana saldılar. Lakin tezliklə Qaraqoyunlu Qara Yusif böyük qüvvə ilə Ağqoyunlu torpaqlarına hücum etdi və Qara Yülük Osman həbsdən azad edildi. Qara Yülük Osman qaraqoyunlular əleyhinə təşkil edilmiş qoşunun başında durdu. O, qaraqoyunlular üzərində qələbə çaldı və Ağqoyunlu tayfa ittifaqının başçısı kimi Diyarbəkrdə öz mövqeyini möhkəmləndirdi.

XIVəsrin II yarısında Azərbaycanın cənub-qərb sərhədlərində yaranmış Qaraqoyunlu tayfa ittifaqını xeyli  möhkmələndirmiş olan Qara Məhəmməd öz dövlətinin ərazisini genişləndirmək, ilk növbədə Azərbaycan torpaqlarında möhkəmlənmək üçün tədbirlər hazırlamağa başladı. Mənbələrdən məlum olur ki, qaraqoyunlular Azərbaycanda Teymurun işğalından sonra yaranmış əlverişli vəziyyətdən istifadə etmiş, 1388-ci ilin 25 mayında Təbriz şəhərini ələ keçirmiş, lakin burada möhkəmlənə bilməmiş və tezliklə şəhəri tərk etməli olmuşdular. Əmir Teymurun Azərbaycanı işğal etməsi dövründə qaraqoyunlularla ağqoyunlular arasındakı münasibətlər daha da kəskinləşdi.

Əmir Teymur Azərbaycan uğrunda mübarizədə Qara Məhəmmədin müqaviməti ilə qarşılaşdı. Şərəfxan Bidlisi qeyd edir ki, «Qara Məhəmmədin fəsadını yatırmaq üçün» Azərbaycanın cənub torpaqlarında Teymurla qaraqoyunlular arasında dəfələrlə böyük toqquşmalar baş verdi». Ağqoyunlu hökmdarı Qara Yuluğ Osman Osmanlı sultanlığı ilə, həm də, qaraqoyunlularla düşmən münasibətdə idi və Əmir Teymurla yaxınlaşmağa üstünlük verdi.Qara Yuluğ Osman Sivaş uğrunda döyüşdə osmanlılara məğlub olmuş və Ərzincan hakimi Mutahartenin vasitəsi ilə Əmir Teymurun hüzuruna getmiş, Cığatay hökmdarının hakimiyyətini qəbul etmişdir.Əmir Teymur itaətsizlik göstərən qaraqoyunlulara qarşı mübarizədə ağqoyunlulardan istifadə etdi və onlar arasında qədim düşmənçiliyi daha da qızışdırdı. Qaraqoyunlularla ağqoyunlular arasındakı düşmənçilik Teymurun hərbi səfərləri dövründən başlayaraq müxtəlif təmayüldə zahirə çıxdı. Qaraqoyunlular Əmir Teymurun düşməni, ağqoyunlular isə onun müttəfiqi oldü.

M.Seyfəddini göstərir ki, Qara Məhəmməd əmir Pir Hüseyn tərəfindən öldürüldükdən sonra iki tayfa arasındakı mübarizə daha da kəskinləşdi. Ancaq M.X.Yınanç yazır: «Əbu Bəkr Tehrani Qara Məhəmmədin Pir Həsən tərəfindən öldürüldüyünü, Qara Məhəmmədin oğlu Qara Yusifin, atasının intiqamını almaq üçün Qara Yuluğ Osmandan yardım istədiyini, Qara Osmanın öz oğlu İbrahim bəyi bir qədər qüvvə ilə Qara Yusifə yardıma göndərdiyini bildirir». Bu fakt  bir daha sübut edir ki, düşmənçiliyə baxmayaraq, tərəflər bir-birinə yardım göstərməkdən də imtina etməmişlər.

Əmir Teymurun Azərbaycanı tərk etməsindən istifadə edən Qara Yusif yenidən möhkəmlənməyə cəhd Teymurun Azərbaycanı tərk etməsindən sonra Qara Yuluğ Osman Diyarbəkr ətrafındakı şəhərləri, qalaları ələ keçirdi və öz dövlətini möhkəmləndirməyə başladı. Mənbələrin qeyd etdiyinə görə Ərzincan hakimi Mutahartenin ölümündən (1403) sonra Ərzincan və Bayburta sahib olmaq üstündə Qaraqoyunlu Qara Yusiflə Ağqoyunlu Qara Osman arasında şiddətli mübarizə başlandı 1405-ci ilin yanvar ayında Dəməşqdə Şam naibi Şeyx Mahmudi tərəfindən həbsdən azad edilmiş Qara Yusif ətrafındakı qaraqoyunlularla Şeyx Mahmudinin Misir sultanı Fərəcə qarşı mübarizəsində iştirak etmişdi. Lakin o, məğlubiyyətə uğramış, vətəninə qayıtmalı olmuşdu. Teymur artıq ölmüşdü və Azərbaycanda onun xələfləri arasında şiddətli mübarizə başlamışdı.

1405-ci ilin qışını Mosulda keçirən Qara Yusif baharda Mardin ətrafına gəldi. Əbu Bəkr Tehraninin verdiyi məlumata görə, Qara Yusif Ağqoyunlu Qara Osmanla yenidən qarşılaşmamaq, mövcud olan ədavəti unutmaq, münasibətləri qaydaya salmaq məqsədilə ona məktub göndərdi. Qara Yusif yazırdı: «Bizim hər ikimiz türkmanıq. Gəl bundan sonra bir-birimizin üzərinə hücum etməyək, bir-birimizi qırmayaq. Yaxşı olar ki, bizim hər birimiz Rumdan və Cığıtaydan olan düşmənlərimizə qarşı döyüşsün». Güman etmək olar ki, Qara Yülük Osman Qara Yusifin bu təklifı ilə razılaşmamışdı. Çünki, Faruq Sümer və Osman Turan qeyd edirlər ki, Qara Yusif 1405-ci ilin baharında Takı adlanan yerdə Ağqoyunlu Qara Yülük Osmanla qarşılaşmış və nəticəsiz savaşdan sonra tərəflər arasında sülh müqaviləsi bağlanmışdı.

Azərbaycanın cənub torpaqlarında möhkəmlənə bilmiş Qaraqoyunlu hökmdarı Ağqoyunlu  birliyinin getdikcə güclənməsini böyük təhlükə hesab edirdi. Bu bəyliyi zəiflətməyə çalışırdı. Mardin şəhərinə yiyələnmək uğrundakı mübarizənin gedişində Qaraqoyunlu-Ağqoyunlu münasibətləri yenidən kəskinləşdi. Qara Yusifin teymuri şahzadəsi Əbubəkrə qarşı mübarizə aparmasından istifadə edən Ağqoyunlu Qara Yülük Osman öz qüvvələrini Mardin üzərinə yönəltdi. 1409-cu ilin baharında Muş düzündə bu xəbəri almış Qara Yusif Amid şəhəri ətrafına gələrək Ağqoyunlu Qara Yülük Osmanı məğlubiyyətə uğratdı və onu qaçmağa məcbur etdi. Beləliklə, tərəflər arasındakı növbəti  münaqişə də qaraqoyunluların qələbəsi ilə başa çatdı.

1411-ci ildə ikinci dəfə Amid şəhəri önünə gəlmiş Qara Yusif şəhərin ətrafını talan etmiş və Ərqani qalası ətrafında Qara Yülük Osmanla şiddətli döyüşə girmişdi. Bu döyüşdə də Ağqoyunlu hökmdarı məğlub olmuşdu. Faruq Sümer qeyd edir ki, Ağqoyunlu hökmdarı məruz qaldığı məğlubiyyətlərə baxmayaraq, özünü Qaraqoyunlu hökmdarı qarşısında qorxudulmuş kimi göstərmirdi. Bu onunla bağlı idi ki, Ağqoyunluları yalnız Cağatay hökmdarı Şahrux deyil, habelə Məmlük sultanı da müdafıə edirdi. Qara Yusif Teymuri hakimləri məğlub etdi, Cəlari Sultan Əhmədi məğlubiyyətə uğratdı, Azərbaycana hakim oldu. O, teymurilərin təhlükəli qonşusuna çevrildi.

O dövrdə Şahrux da hökmdarı olduğu Teymurilər dövlətinin hüdudlarını qonşu ölkələr hesabına genişləndirməyə cəhd edirdi. Əcəm İraqının Teymurilər dövlətinə birləşdirilməsi Qaraqoyunlu dövləti üçün təhlükə törədirdi. Ağqoyunlu hökmdarı Qara Yülük Osman da Qaraqoyunlu dövlətinin torpaqlarını elə keçirmək iddiasandan əl çəkməmişdi və hər vasitə ilə onun vəziyyətini ağırlaşdırmağa çalışırdı. O, teymurilərlə ənənəvi dostluq əlaqələrini bərpa etdi. Qara Osman qatı düşməni olan Qara Yusifə qarşı mübarizədə Şahruxun himayəsindən istifadə etmək istəyirdi. Qara Osmanın Şahruxu Qara Yusifə və sultan I Mehmedə qarşı müharibəyə təhrik etmək üçün göndərdiyi məktub da bunu sübut edir. Məktubda deyilirdi: «Biz özümüzün az miqdarda olan qoşunumuzla Azərbaycan və Rum hakimlərindən qorxub çəkinmirik. Sizin gəlişinizi gözləyirik. Qara Yusif Türkmanın qüdrət və mətanəti onun sizin qullamlarınızın birinə qarşı (yə’ni Qara Osmana-T.N.) çıxması üçün kifayət qədər deyildir. Təkcə Qara Yusif deyil, həmçinin Rum və Şam da sizin hücumunuzla alınar. Bütün Anadolu bəyləri ilə Bizans, Trabzon Rum imperatorları, Gürcü məlikləri, [95-96] Şirvan, Gilan, Luristan hakimləri sizin fərmanınıza baş əyməyə hazırdır”.

Ağqoyunlu Qara Osmanın Şahruxa göndərdiyi məktub Qara Yusif tərəfindən ələ keçirildi. O, Ağqoyunlu hökmdarının gizli niyyətindən xəbər tutmuş və ona qarşı qəti tədbirlər görməyə məcbur olmuşdu. 1417-ci ildə Qara Yusif Ağqoyunlu Qara Osman üzərində qələbə çalmış və tərəflər arasında sülh müqaviləsi bağlanmışdı. Sülh müqaviləsinə görə, Qara Osman Mardinin şimal-şərqindəki Sağur qalasını Qara Yusifə təslim etmiş və əvəzində 1 mln dirhəm pul, 100 at və dəvə almışdı. Lakin tərəflər arasındakı sabit münasibətlər uzun çəkməmişdi. 1418-ci ilin may ayında Qara Osman Şahruxun təhriki ilə sülh müqaviləsini pozmuş və Mardin üzərinə hücuma keçmişdi. Bu xəbəri eşidən Qara Yusif Qara Osman üzərinə yürüş etdi və onu Amid ətrafında məğlub edə bildi. Qara Osman Hələb torpaqlarına qaçdı. Onu təqib edən Qara Yusif Ağqoyunlu hökmdarını 1418-ci ilin 20 sentyabrında Fərat çayının sağ sahilində Mərc Dabıkda ağır məğlubiyyətə uğratdı və Qara Osman Hələb şəhərinə qaçmaqla xilas ola bildi.

Bundan sonra qaraqoyunlularla ağqoyunlular arasındakı münasibətlər daha gərgin məcrada davam etmişdi. 1420-ci ildə Qara Yusifin Ərzincandakı əmiri Pir Ömər Qara Osmanın oğlu, Kəmax qalasının hakimi Yaqubun üzərinə hücum etdi. Yaqub məğlub edildi və əsir alınaraq Təbrizə göndərildi. M.Seyfəddini eyni qaynaqdan istifadə etməsinə baxmayaraq, bu hadisənin 1418-ci ildə baş verdiyini qeyd edir. Lakin tezliklə Ağqoyunlu hökmdarı Qara Osman bütün qüvvələrini topladı.

Ərzincan əmiri Pir Ömərdən intiqam almaq və onun Qara Yusifin göndərdiyi qüvvələrlə birləşməsinə imkan verməmək üçün Topğan vadisində düşmənə hücum etdi. Baş vermiş döyüşdə Pir Ömər məğlub oldu, onun oğlanları, yaxınlarından 24 nəfər əsir düşdü və o, Qara Osman tərəfindən öldürüldü.Qara Yusif Şahruxun Azərbaycana yürüş xəbərini aldığı üçün düşmən üzərinə nəzərdə tutduğu yürüşü təxirə salmışdı. Şahruxun Azərbaycana yürüşünü və Qara Yusifin ölüm xəbərini  eşidən Ağqoyunlu Qara Osman yaranmış vəziyyətdən faydalanaraq öz ərazilərini genişləndirmək qərarına gəldi. O, Mardin şəhəri üzərinə hücum etdi, lakin öz məqsədinə nail ola bilmədi. 1421-ci ilin mart-aprel aylarında Qaraqoyunlu İskəndərlə Ağqoyunlu Qara Osman arasında Şeyx kəndi yaxınlığında baş vermiş şiddətli döyüşdə Qara Osman ağır məğlubiyyətə uğradı.

Qaraqoyunluİskəndər bu döyüş haqqında Osmanlı sultanı I Mehmed Qaziyə məktubunda yazırdı .  “….Qəflətən Özbək əmirlərinin yazdığı bir məktubu aparan casusu ələ keçirtdim. Məlum oldu ki, Qara Osman qədim ədavəti təzələyərək özbəklərin ittifaqı ilə bizə pusqu qurmaq və beləliklə zərər yetirməklə məşğuldur… mən də bir casus yollayıb, öyrəndim ki, Osman… bizə tərəf gəlməkdədir… Biz on min süvari ilə ona gecə basqın etdik. Düşmənin…20 mindən çox adamı qırıldı”.Onun Təvaçisi Əhməd bəyin başını Cəmşid Ağa Əfşarla sizə göndərdim ki, qədim dostluğumuzu və səmimi məhəbbətimizi unutmayasınız”

Lakin Ağqoyunlu hökmdarı bu məğlubiyyətə baxmayaraq, öz düşmənindən intiqam almaq məqsədi ilə Şahruxun yardımından faydalanmaq üçün onu qaraqoyunlularla qəti döyüşə sövq etməyə başladı. İsmayıl Aka qeyd edir ki, Qara Osman hər iki türkman tayfası (qaraqoyunlular və ağqoyunlular nəzərdə tutulur) arasındakı düşmənçiliyi davam etdirmək, onu məğlub etmiş İskəndərdən intiqam almaq məqsədilə Şahruxu qızışdırmış və qeyd etmişdir ki, «türkmənlər və Qara Yusifin tərəfdarları tamam məhv edilməsələr, ölkədə qayda-qanun bərpa olunmayacaq və əhalinin vəziyyəti yaxşılaşmayacaq». Bu fikrə şərik çıxan Şahrux Qaraqoyunlu mirzələrinin dəfələrlə etdikləri sülh təklifini qəbul etməmiş və onlarla döyüşə girməyə qərar vermişdi. 1421-ci ilin 30 iyulunda qaraqoyunlularla teymurilər arasında baş vermiş döyüşdə türkmanlar qəhrəmançasına vuruşduqlarına baxmayaraq sayca üstün olan cığatay ordusunun təzyiqi altında döyüş mövqeyini tərk etməli olmuşdular. Ağqoyunlu Qara Osmanın bu döyüşdən sonra ən mühüm qələbəsi Ərzincanı ələ keçirməsi olmuşdu.Şahrux Azərbaycan hakimliyini Qaraqoyunlulara düşmən olan Qara Osmanın oğlu Əli bəyə verdikdən sonra ölkəni tərk edib Xorasana qayıtmışdı.

Qara Osmanın Osmanlı sultanı II Murada göndərdiyi məktub da Şahruxun Azərbaycan hakimliyini Ağqoyunlulara verməsini sübut edir. Azərbaycanın idarəsinin düşmən tayfa nümayəndəsinə verilməsi qaraqoyunlularla ağqoyunlular arasında olan münasibətləri daha da gərginləşdirdi. Şahruxun Azərbaycanı tərk etməsindən xəbər tutan Qaraqoyunlu İspənd Təbriz üzərinə hərəkət etdi. Ağqoyunlu Əli bəy Diyarbəkrə qaçdı. Təbriz İspənd Mirzənin əlinə keçdi. Lakin qardaşı İskəndərin Təbrizə hücum xəbərini alan İspənd Mirzə şəhəri tərk etməyə məcbur oldu və İskəndər Azərbaycan taxtına əyləşdi. Qaraqoyunlularla ağqoyunlular arasındakı münasibətlər Şahruxun Azərbaycana növbəti yürüşləri zamanı daha da gərginləşdi. Mənbələrin qeyd etdiyinə görə, Şahruxun Azərbaycana yürüşündə Ağqoyunlu Qara Osmanın xidməti az olmamışdı. 1435-ci ildə Şahruxun Azərbaycana yürüş xəbərini alan İskəndər Anadoluya çəkildi. Şahrux Qara Osmanın yanına qasid göndərmiş, rəqibin yolunu kəsməyi təklif etmişdi.

Türk tarixçilərinin fikrincə, Ərzurumda olan Qara Osman İskəndərə yol verməmiş və iki tərəf arasında 1435-ci ilin avqustunda şiddətli döyüş baş vermiş və ağqoyunlular məğlub olmuşdular. Döyüşdə ağır yaralanan Qara Osman Ərzurumda vəfat etdi. Qaynaqlardan məlum olur ki, qaraqoyunlularla ağqoyunluların vuruşduğu yerə gəlmiş Cığataylar gördükləri mənzərədən dəhşətə gəlmişdilər. Buna görə də Cığataylar qaraqoyunluları təqib etməkdən imtina etmək istədilər.Ağqoyunlu hökmdarı Qara Osmanın varisi Əli bəyin (1435-1438) hakimiyyəti illərində də iki tayfa arasında düşmənçilik münasibətləri davam etmişdi.

Ağqoyunlu Qara Osmanın ölümündən sonra hakimiyyət uğrunda onun varisləri arasında gərgin mübarizəyə baxmayaraq, tərəflər arasında ədavət zəifləməmişdi. Cahanşah Qaraqoyunlu dövlətinin başçısı kimi öz hakimiyyətini möhkəmləndirdi. O, Ağqoyunlu tayfa birliyi ilə münasibətləri yaxşılaşdırmağa çalışdı. Lakin onun bu fikri həyata keçmədi və Qaraqoyunlu-Ağqoyunlu münasibəti yenidən kəskinləşdi. Türk tarixçilərinin qeyd etdiyinə görə, münasibətlərin belə kəskinləşməsinin səbəbi Qaraqoyunlu İskəndərin oğlu Əlvəndin Cahanşaha qarşı üsyan qaldırması və onun Ağqoyunlu Cahangirə sığınması, Qaraqoyunlu hökmdarının tələblərinə baxmayaraq, Əlvəndin qaytarılmaması olmuşdu.

1450-ci ildə qaraqoyunlularla ağqoyunlular arasında başlanan qanlı mübarizə iki ilə qədər davam etdi. 1452-ci ilin baharında Xorasan hakimi Sultan Baburun, ölkəsinə hücum etmək üçün Reyə gəldiyini xəbər alan Cahanşah ağqoyunlularla mübarizəni dayandırdı və Cahangirə barışıq haqqında xəbər göndərdi. O, Cahangirdən hakimiyyətini tanımasını da tələb etdi. Cahanşah Cahangiri bütünlüklə özünə bağlamaq, şərqə hərəkət edərkən qərb cəbhəsindən tamamilə əmin olmaq üçün onun qızını öz oğlu Məhəmmədi Mirzəyə istədi. Cahangir onun bu təklifmi qəbul etdi. Bununla da bir əsrə yaxın müddət ərzindətürkmanların iki qardaş ulusu, iki xanədanı arasında ardıcıl və getdikcə şiddətlənən düşmənçilik müvəqqəti olaraq müəyyən vaxt üçün dayandırılmış oldu.

Ədəbiyyat:

1. Sümük .F. Qaraqoyunlular

2. Yınanç M.X. Ağqoyunlular

3.Kürün K.Türklər və türk dövlətləri tarixi

4. Aka İ. Diyarbəkirdə Ağqoyunlu hakimiyyəti

5. Qordlevskiy V.A. Kara-koyunlu

Yazar: Vəsilə Allahverdiyeva

Həmçinin bax: Qaraqoyunlu dövlətinin siyasi tarixi

Həmçinin bax: 

https://tehsilim.org/magistratura-tehsili/