Qaraciyər, Qaraciyərin Böyüməsi
Qaraciyər, Qaraciyərin Böyüməsi.
Qaraciyər (hepar) ən böyük insan vəzisi olmaqla, yumşaq tutarlılıq və qırmızı-qəhvəyi rəngə malikdir. Qaraciyər ilkin bağırsağın onikibarmaq bağırsaqla eyni hissəsindən qaraciyər çıxıntısı şəklində inkişaf edir. Cəsədin qaraciyərinin kütləsi 1,5 kq-dır, lakin canlı insanda qan olması səbəbindən onun çəkisi təxminən 400 q çoxdur.
Yetkin insanın qaraciyərinin kütləsi bədən çəkisinin 1/36 hissəsini təşkil edir. Döldə nisbi çəkisi iki dəfə böyükdür (bədənin ağırlığının 1/18 – 1/20 hissəsi), yenidoğulan uşaqda 1/20 (təqribən 135 q) təşkil edir və qarın boşluğunun çox hissəsini tutur.
Qaraciyər zülalların, karbohidratların, yağların, vitaminlərin və s. mübadiləsində iştirak edir. Qaraciyər bir çox önəmli funksiyaları yerinə yetirir. Onun funksiyalarının arasında ən vacibləri qoruma, zərərsizləşdirmə, öd əmələ gətirmə kimi bir sıra funksiyalardır. Qaraciyər həmdə hematopoetik orqandır.
Qaraciyərin anatomik quruluşu.
Qaraciyər sağ tərəfdə diafraqmanın altında qarın boşluğunda yerləşir, yalnız yetkin insanda onun kiçik bir hissəsi orta xətti keçərək, bir balaca sol tərəfə uzanır.
Qaraciyərin iki səthi var: yuxarı çıxıq diafraqma səthi – və aşağı basıq visseral səthi. Yuxarı səthi peritondan əmələ gəlmiş latınca falciforma hepatis vasitəsi ilə iki paya bölünür: sağ pay və sol pay; sağ pay sol paydan böyük və qalındır. Diafraqma səthində yuxarı hissə, ön hissə, sağ hissə və dal hissə ayırd edilir.
Aşağı səthi bir az arxaya çevrilmişdir və üzərində üç şırım vardır: biri köndələn- qaraciyər qapısıdır və ikisi boylamadır (sağ və sol). Sağ boylama şırımın ön hissəsində ödlük və arxa hissəsində aşağı boş vena yerləşir.
Bayaqda qeyd etdiyimiz kimi, qaraciyər iki paya (sağ və sol) bolünür və daha sonra damar və ya öd axarlarının gedişatına uyğun olaraq 8 seqmentə bölünür.
Qaraciyərin xarici, arxa kənarında və üzərində olan şırımlarla yanaşı seroz qişa ilə örtülüdür. Bu qişa lat. tunica fibrosa (capsula fibrosa Glissoni) adlanan sərt birləşdirici toxuma qatı vasitəsilə qaraciyərə bitişmişdir. Seroz qişa olmayan nahiyyələrdə lifli qişa çox qalındır və qaraciyər qapısından qapı venasının şaxələri ilə bərabər qaraciyərə daxil olub onları müşayiət edir.
Qaraciyərin seroz qişası diafraqmaya və qonşu üzvlərə keçdikdə bir neçə bağ əmələ gətirir: qaraciyərin orağabənzər bağı, sağ və sol tac bağlar, sağ və sol üçbucaq bağlar, qaraciyər – böyrək bağı, qaraciyər – mədə bağı, qaraciyər – onkibarmaq bağırsaq bağı, qaraciyər – çənbər bağırsaq bağı.
Tac bağlar ilə qaraciyər-böyrək bağı bir qatdan, başqaları isə iki qatdan əmələ gəlmişdir.
Qaraciyərin qan təchizatı iki mənbədən – portal vena və qaraciyər arteriyaları – tərəfindən təmin edilir. Portal vena dalaq venası ilə yuxarı müsariqə venasının birləşməsi ilə əmələ gəlir və qaraciyərin 80%-ni qanla təchiz edir. Qaraciyərin yerdə qalan hissəsinin qanla təchizatı isə qaraciyər arteriyaları vasitəsilə təmin edilir.
Qaraciyərin böyüməsi.
Qaraciyərin böyqməsinin digər adıda hepatomeqaliyadır. Hepatomeqaliya qaraciyərin ölçülərinin patoloji böyüməsidir. Bu hal çox vaxt müxtəlif toksinlərlə zəhərlənmə zamanı müşahidə olunur. Hepatomeqaliya ayrıca bir xəstəlik deyildir, qaraciyər xəstəliklərinin simptomudur, orqanın zədələnməsini bildirir. Sağlam qaraciyər müayinə zamanı əllənmir, amma böyümüş qaraciyər asan palpasiya olunur və əksərən ağrılı olur.
Qaraciyərin ağrı reseptorları olmadığı üçün xəstəlik ilk başda özünü büruzə vermir. Lakin qaraciyərin üzərində olan kapsul (pərdə) dartınmır və bu kapsulda çoxlu ağrı reseptorları var. Böyümüş qaraciyər kapsula təzyiq etdikdə insanda sağ qabırğa altı nahiyəsində diskomfort, ağırlıq hissi yaranır. Daha sonra isə bu nahiyədə ağrı hiss olunmağa başlayır və qaraciyər çatışmazlığı simptomları inkişaf edir.
Hepatomeqaliyanın əlamətləri: insanda davamlı olaraq köpün olması, sarılıq, davamlı olaraq yorğunluq halları, gücsüzlük, arıqlama, ürək bulanması kimi simptomlarla özünü biruzə edir.
Qaraciyərin böyüməsi müşahidə olunur.
Qaraciyərin iltihabi proseslərində – bir çox hallarda iltihabi proseslərin səbəbi hepatitlər olur. Hepatit zamanı qaraciyər hüceyrələri (hepatositlər) tədricən ölürlər. Bəzi hallarda xroniki hepatitdən sonra orqanın həcminin və funksiyasının azalması müşahidə olunur.
Qaraciyərin sirrozunda – qaraciyər sirrozuna xroniki alkoqolizm və virus hepatitləri səbəb olur. bu zaman orqanda çapıq toxuması əmələ gəlir, qaraciyər hüceyrələri birləşdirici toxuma ilə əvəz olunur. Yerdə qalan hepatositlər orqanın funksiyasını bərpa etməyə çalışıırlar, ona görə də qaraciyər böyüyür.
Metabolizmin pozulması – orqanizmdə qlikogen əmələ gəlməsinin (qlikogenez) pozğunluğu da tez-tez hepatomeqaliyaya səbəb olur. Qlikogen orqanizmdə əsas karbohidrat ehtiyatıdır. Xəstəlik zamanı qlikogen orqanda toplanaraq onun ölçüsünün böyüməsinə gətirib çıxarır. Qaraciyərlə birlikdə böyrəklər və dalaq da böyüyür.
Ürək-damar xəstəlikləri – Xroniki ürək xəstəlikləri zamanı qan dövranı yavaşlayır, vena, toxuma və orqanlarda durğunluğa səbəb olur. Qaraciyər bu zaman ilk növbədə zədələnir. Çoxlu qan damarları olduğuna görə ödem yaranır və orqan şişir. Nəticədə nekroz və qaraciyər sirrozu yaranması ehtimalı artır.
Onkoloji xəstəliklər – Qaraciyərdaxili bədxassəli törəmələr zamanı demək olar ki, hər dəfə qaraciyərin böyüməsi müşahidə olunur.
Hepatomeqaliyanın müalicəsi və aradan qaldırılması üçün ilk növbədə onu yaradan səbəb aşkarlanmalı və müalicə olunmalıdır. Qaraciyərə düşən yükü azaltmaq üçün pəhriz saxlanmalı – acılı, yağlı, qızardılmış qidalar menyudan çıxarılmalıdır. Əlavə olaraq lazımi dərman vasitələrinin qəbuluda şərtdir.
Yazar: Aytən Hümmətova
Həmçinin bax: https://turaz.org/eli-esedov-yoluxmanin-artmasi-ciddi-ve-texiresalinmaz-tedbirlerin-gorulmesini-teleb-edir/
Həmçinin bax: https://kafkazh.com/epilepsiya/