Qan-damar sistemi. Qan
Daxili maye mühitimiz
Orqanizmin həyat fəaliyyəti zamanı hər bir hüceyrə müəyyən iş görür. Bunun üçün onlara qidalı maddələr və oksigen lazımdır. Hüceyrədə yaranan lazımsız məhsulların isə orqanizmdən xaric edilməsi vacibdir. Əks halda onlar orqanizmə çox böyük ziyan verər, hətta bu, ölümlə də nəticələnə bilər. Orqanizmdə bu prosesləri, əsasən, qan-damar sistemi yerinə yetirir. Hüceyrələr toxuma mayesi ilə əhatə olunmuşdur.
Orqanizmin daxili maye mühiti
1. sağ qulaqcıq
2. sağ mədəcik
3. sol qulaqcıq
4. sol mədəcik
5. limfa düyünləri
6. limfa damarları
7. limfa kapilyarları
8. toxuma mayesi
9. qan kapilyarları
Toxuma mayesində həll olmuş maddələr hüceyrə membranından hüceyrəyə, hüceyrədə yaranan CO2 və digər lazımsız məhsullar isə toxuma mayesinə ötürülür. Toxuma mayesindən sızan bir qisim maddələr də limfa kapilyarlarına (bunların bir ucu kordur) keçir. Toplanmış limfa mayesi qan damarlarına daxil olur. Qan, limfa və toxuma mayesi orqanizmin daxili maye mühitini təşkil edir.
İnsan orqanizmində müxtəlif proseslər gedir. Orqanizm ətraf mühitlə də daima əlaqə saxlayır. Hüceyrələrdə fasiləsiz maddələr mübadiləsi baş verir ki, bu, orqanizmin daxili maye mühitinin iştirakı ilə mümkündür. Sağlam insanlarda özünütənzimləmə sayəsində orqanizmin daxili maye mühiti nisbi sabit qalır.
Qan qan-damar sistemi vasitəsilə bədənin bütün hüceyrə və toxumalarına çatdırılır, insanın qan-damar sistemi ürək və qan damarlarından ibarətdir.
Qan-damar sistemi orqanizmdə müxtəlif funksiyalar yerinə yetirir:
■ qidalandırıcı – qida maddələrini hüceyrəyə çatdırır;
■ tənəffüs – oksigen qazını ağciyərlərdən toxumalara, karbon qazını isə toxumalardan ağciyərlərə çatdırır;
■ ifrazat – orqanizmdəki lazımsız məhsulları ifrazat orqanlarına gətirir;
■ müdafiə – zərərli mikroorqanizmlər və müxtəlif maddələri zərərsizləşdirir;
■ tənzimləyici – hormonları daşıyır, istilik tənzimində iştirak edir.
Ürək
Şəhərdə vahid mərkəzdən idarə edilən avtobuslar müxtəlif yollarla hərəkət edib əsas yola çıxır. Onların bir qismi sürətlə, bir qismi yavaş, digər qismi isə tıxaclara düşüb çox yavaş hərəkət edə bilir. Bəzən baş verən qəzalar avtobusların yolunu kəsir. Bədəninizdəki qanın da bu cür hərəkət etdiyini düşünün. Ürəkdən çıxan damarlar getdikcə şaxələnir, çoxalır, bütün orqanların içərisinə daxil olur. Beləliklə, bədənimizi dolaşan qan yaşamağımızı təmin edir.
Ürək orta döş xəttindən sol tərəfdə yerləşir. Ortayaşlı insanda onun çəkisi təqribən 250-300 qrama bərabər olur. İnsanın ürəyi dörd kameralıdır. Yuxarı tərəfdə qulaqcıqlar, aşağı tərəfdə isə mədəciklər yerləşir. Mədəciklərin əzələləri qulaqcıqların əzələlərindən qalındır. Sol mədəciyin əzələləri isə daha qalındır.
Ürəkdə yerləşən qapaqlar qanın bir istiqamətdə hərəkətinə səbəb olur. Qulaqcıqlarla mədəciklər arasında taylı qapaqlar, ürəyin mədəcikləri ilə ürəkdən çıxan damarlar arasında isə aypara qapaqlar yerləşir.
Ürək qanın hərəkətini tənzimləyən yorulmaz bir “mühərrik”dir. O öz işini dövri (tsiklik) olaraq təkrar edir. Adətən, qulaqcıqların yığılması (sistola) oraya toplanmış qanı mədəciklərə (0,1 saniyə), mədəciklərin yığılması isə (0,3 saniyə) qanı arteriyalara qovur. Bundan sonra ürək ümumi boşalma (diastola) vəziyyətində (0,4 saniyə) olur.
Bütün orqanlar kimi ürəyin özünə də qida maddələri və oksigen lazımdır. Ürəyi qidalandıran damarlar aortadan ayrılır. Ürəyin yaxşı qidalanması onun əzələlərinin daha güclü inkişafına səbəb olur.
Ürək xəstəliklərinin səbəbləri müxtəlifdir. Düzgün qidalanmama, fiziki hərəkətlərin azlığı, stress, siqaret, alkoqol və narkotik maddələrdən istifadə ürək-damar xəstəliklərinin yaranmasına təkan verir.
Ürək-damar xəstəliklərinin səbəblərindən biri damarların, xüsusən də ürəyi qidalandıran damarların içərisinin yağabənzər maddələrlə örtülməsidir. Bəzən bu maddələr damarlarda qanın hərəkətinə mane olur. Belə hallarda qan dövranı pozulur. Nəticədə ateroskleroz xəstəliyi yaranır. Bu, xəstəlik kəskin ürək çatışmazlığına səbəb olur. Çünki ürək əzələsi kifayət qədər qidalanmır və öz funksiyasını tam yerinə yetirə bilmir.
Ürək əzələsini qidalandıran damarların tıxanması nəticəsində ürəyin oksigen və qidalı maddələrlə təmin olunması pozulur, infarkt baş verir.
Spirtli içkilərdən istifadə zamanı ürək yığılmalarının sürəti və gücü azalır. Siqaret çəkənlərdə isə siqaretin tərkibində olan maddələr tüstü ilə orqanizmə daxil olur, damarları daraldır. Bütün bunlar ürəyin işinə mənfi təsir göstərir və normal fəaliyyətini pozur.
Qan. Qanın damarlarda hərəkəti
Eritrositlər
1 mm3 qanda təqribən 4-5 milyon olur. Ortası basıq disk formasındadır, qırmızı sümük iliyində yaranır. Yetkin eritrositlər nüvələrini itirirlər. Eritrositlərə qırmızı rəng verən hemoqlobin zülalıdır. Hemoqlobin daşıyıcı funksiya yerinə yetirir. O özünə oksigen qazı birləşdirəndə al-qırmızı rəngli (arterial), karbon qazı birləşdirəndə isə tünd rəngli qanın (venoz) yaranmasına səbəb olur. Ömrü 120 gündür. Qaraciyər və dalaqda parçalanır.
Leykositlər
1 mm3 qanda təqribən 4-10 min olur. Rəngsizdir. Nüvəlidir. Əsasən, qırmızı sümük iliyində və limfa düyünlərində yaranır. Dalaqda parçalanır. Ömrü bir neçə saatdan bir neçə günə qədər olur. Ancaq bir neçə il yaşayanlara da təsadüf edilir. Bəzi leykositlər yalançı ayaq əmələ gətirə bilir. Buna görə də qan damarlarından çıxır və orqanizmə düşən yad cisimləri zərərsizləşdirir. Belə hüceyrələr faqosit (uducu hüceyrələr) adlanır. Onların fəaliyyəti isə faqositoz hadisəsidir. Faqositoz hadisəsini İlya İliç Meçnikov kəşf etmişdir.
Trombositlər
1 mm3 qanda təqribən 150-400 min olur. Qırmızı sümük iliyində yaranır. Rəngsizdir və nüvəsizdir. Ömrü 7-10 gündür. Qaraciyər və dalaqda parçalanır. Trombositlər qanın laxtalanmasını təmin edir.
Qanın tərkibini öyrəndikdən sonra bu suallar sizi düşündürürmü: Qan bədəndə necə hərəkət edir? Bu hərəkət necə tənzimlənir?
Qan bədənimizdə iki qan dövranı ilə hərəkət edir. Böyük və kiçik qan dövranı adlandırılan bu dövranlar zamanı qan bədəni dolaşır, lazımlı maddələri hüceyrə və toxumalara çatdırır, lazımsız məhsulları isə onlardan çıxarır.
Böyük qan dövranında ürəyin sol mədəciyi yığılır və qan damarlar vasitəsilə əksər bədən üzvlərinə çatdırılır. Qan oksigeni və qidalı maddələri çatdırdıqdan sonra maddələr mübadiləsinin son məhsullarını toplayıb ürəyin sağ qulaqcığına gətirir.
Kiçik qan dövranı zamanı ürəyin sağ qulaqcığının taylı qapaqlarının açılması nəticəsində sağ qulaqcıqdan sağ mədəciyə tökülən qan (venoz) karbon qazından təmizlənmək üçün ağciyərlərə aparılır. Ağciyərlərdə qazlar mübadiləsi getdikdən sonra qan yenidən ürəyin sol qulaqcığına qayıdır. Yenə taylı qapaqlar açılır. Qan sol mədəciyə tökülür. Beləliklə, ürək fasiləsiz olaraq işləyir.
Ürəyin işi zamanı damarlarda yaranan təzyiq qan təzyiqi adlanır. Ortayaşlı insanlarda qan təzyiqi 110/70 mm civə sütunu və ya 120/80 mm civə sütununa bərabərdir.
Bədənimizdə limfa da dövr edir. Ancaq onun dövranı nisbətən zəifdir. Limfa sisteminin bir ucunu qapalı limfa kapilyarları, limfa damarları və limfa düyünləri təşkil edir. Limfa damarları vena qan damarlarına qoşulur və toxumalardan çıxan bəzi maddələri qana qaytarır. Limfa düyünləri isə orqanizmin müdafiəsinə yardım edir.
ABO sistemində insanlarda dörd qan qrupu mövcuddur: I(0), II(A), III(B), IV(AB). Qan qrupları onların tərkibindəki zülallara əsasən adlandırılmışdır.
Qan-damar sistemində baş verən zədələnmələr qanaxmalara gətirib çıxarır. İnsan bədənində olan qanın 2-2,5 litri itirilərsə, bu, ölümlə nəticələnə bilər.
Üç növ qanaxma vardır: kapilyar, venoz və arterial. Kapilyar qanaxmalar zamanı yaranın ətrafına dezinfeksiyaedici maddə – yod sürtülür və steril sarğı qoyulur. Kiçik venalar zədələndikdə yaranın ətrafı yodla təmizlənir, sıxıcı sarğı qoyulur. Ancaq iri venalar və arteriyalar zədələnərsə, zədələnmiş nahiyədən bir qədər yuxarı turna qoyulur.
Daxili qanaxmanı təyin etmək çətin olduğundan o daha təhlükəlidir. Bu zaman xəstənin rəngi avazıyır, nəbz vurğuları gah artır, gah azalır, onu soyuq tər basır. Daxili qanaxmadan şübhələnmisinizsə, həmin nahiyəyə soyuq əşya qoymaq, xəstəni yarımoturaq vəziyyətə gətirmək və dərhal həkimə müraciət etmək lazımdır.
Qan xəstəlikləri. Qanla yoluxan xəstəliklər
Anemiya
Qan azlığı xəstəliyidir. Bu xəstəliyə, əsasən, qanda eritrositlərin və ya onun tərkibində hemoqlobinin azlığı səbəb olur.
Talassemiya
Bu xəstəlik təqribən 7 min il bundan əvvəl məlum olmuşdur. İrsən keçir. Talassemiya hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmazlığıdır. Bu zülal qırmızı qan hüceyrəsində tapılıb. Oksigeni ağciyərlərdən bütün bədən hissələrinə nəql edir və qana qırmızı rəng verir. Hemoqlobin çatışmadığı üçün orqanizmdə eritrositlərin funksiyası pozulur və xəstəlik baş verir. Bəzi uşaqlarda bu xəstəlik 3-4 aylığında özünü büruzə verməyə başlayır. Belə xəstələrin qaraciyər və dalağı şişir, rəngləri ağarır. Respublikamızda bu xəstəlik geniş yayılmışdır. Hər 100 nəfərdən 10-u xəstəlik daşıyıcısıdır. Qarşısının alınmasının əsas yolu qohum nikahlarına yol verməməkdir.
Leykoz
Bəzən buna qan xərçəngi də deyilir. Xəstəliyin əsas səbəbi qırmızı sümük iliyinin daha çox ağ qan hüceyrələri (leykositlər) yaratmasıdır. Bu hüceyrələrin çoxalması, eritrositlərin azalması o dərəcəyə çatır ki, qanın rəngi dəyişir. XX əsrin 80-ci illərinə qədər xəstəlik sağalmaz hesab olunurdu. Hal-hazırda isə vaxtında aşkarlanarsa, sağalma ehtimalı 80 %-ə yaxındır.
Hemofiliya
İrsi qan xəstəliklərindən biridir. Belə xəstələrdə qanın laxtalanma qabiliyyəti çox zəif olur. Xəstələr, əsasən, kişilərdir. Qadınlar, adətən, xəstəliyin daşıyıcıları olurlar.
Qanla yoluxan xəstəliklər:
Bu xəstəliklər içərisində virusların törətdiyi hepatitlər və QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) ən təhlükəlilərdəndir.
Hepatitlər zamanı qaraciyər zədələnir və sarılıq baş verir.
Xəstələr ən çox xəstəliyin gizli dövründə yoluxdurucu olurlar. Hepatitlərin xüsusən B, D, C formaları qanla yoluxa bilir.
QİÇS-i törədən İÇV (İmmun Çatışmazlığı Virusu) insanlara, əsasən, 3 yolla yoluxur (cinsi əlaqə yolu ilə, anadan övladına və qan vasitəsilə). Xəstəlik insanın immun sistemini dağıdır, orqanizmi zəiflədir və ölümə səbəb olur.
YAZAR: Fidan Əmirəliyeva ( OYU BİOLOGİYA)
Həmçinin bax: https://kafkazh.com/olcu-vahidleri-ve-onlar-uzerinde-emeller/