Qadınların hüquqlarının qorunmasında İstanbul konvensiyasının əhəmiyyəti
Avropa qitəsi 1990-cı illərin əvvəllərindən bəri Strasburqda yerləşən Avropa Şurası vasitəsilə institusional əsasda qadınlara qarşı zorakılıqla mübarizə aparır.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə qadınlara qarşı zorakılığa qarşı bir qərar qəbul etdi, 1994-cü ildə Amerika qitəsində Belem do Para müqaviləsi imzalandı və 2003-cü ildə Afrika İnsan Haqları Xartiyasına əlavə edilmək üçün bir protokol hazırlandı. Avropa Şurası təxminən 10 illik müzakirələrdən sonra 2011-ci ildə bu məcburi olmayan mətnlərdən kənara çıxdı və fiziki, cinsi, psixoloji zorakılıq, cinsi və hər cür təcavüz və qadınlara qarşı məcburi evlilik cəzalarını nəzərdə tutan dünyanın ilk və yeganə məcburi konvensiyasını hazırladı. Konvensiyaya ilk dəfə məişət zorakılığı daxil edildiyi üçün həmin dövr “inqilab” kimi təsvir edildi. Türkiyə Avropa Şurası başçılığı altında müqaviləyə imza atan ilk ölkə oldu. Avropa Şurasının qəbul etdiyi “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında konvensiyası İstanbulda imzalandığı üçün çox vaxt İstanbul Konvensiyası adlandırılır. 11 may 2011-ci ildə müqaviləni imzalayan Ankara 14 mart 2012-ci ildə ratifikasiya etdi və 1 avqust 2014-cü ildə qüvvəyə mindi.
Konvensiyanın əsas məqsədi qadınları hər cür zorakılıqdan qorumaq, qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısını almaq, mühakimə etmək və aradan qaldırmaqdır. Konvensiyada həmçinin kişilər və qadınlar arasında əhəmiyyətli bərabərliyi təşviq etmək, o cümlədən qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının aradan qaldırılmasına, qadınlara və məişət zorakılığının bütün zərərçəkənlərinə kömək etmək üçün hərtərəfli bir çərçivə hazırlamaq, qadınlara qarşı zorakılığı və məişət zorakılığını aradan qaldırmaq üçün beynəlxalq əməkdaşlığı genişləndirmək də göstərilmişdir. Bununla yanaşı, qadınlara qarşı zorakılığı və məişət zorakılığını aradan qaldırmaq üçün vahid bir yanaşma tətbiq etmək üçün təşkilatlara və hüquq-mühafizə orqanlarına bir-biri ilə səmərəli əməkdaşlıq etmək üçün dəstək və yardım göstərilməsini nəzərdə tutur.Müqavilənin ən vacib xüsusiyyətlərindən biri də nəzarət mexanizmi tətbiq etməsidir. Çünki nəzarət mexanizmi işin izlənməsi baxımından vacibdir. Tərəf ölkələrin nümayəndələrindən ibarət olan yoxlama komitəsi, yəni “GREVIO” adlanan bölmə, müqavilənin effektiv şəkildə yerinə yetirilməsini izləyəcək, hesabatlar hazırlayacaq, iştirakçı dövlətin razılığı ilə araşdırma aparacaq və lazım gələrsə onun ərazisini ziyarət edəcəkdi.
İstanbul Konvensiyası hərtərəfli bir müqavilədir və qadınların yaşaması üçün ön plana çıxan bir tənzimləmədir. Daha çox qadının ölümünə mane olacaq “qoruyucu” və “qabaqlayıcı” İstanbul Konvensiyası 12 bölmə və 80 maddədən ibarətdir. Konvensiyada 4 əsas prinsipi göstərilmişdir: 1)qadınlara qarşı bütün zorakılığın və məişət zorakılığının qarşısının alınması, 2) zorakılıqdan zərərçəkənlərin qorunması, 3) günahkarların cəzalandırılması, 4) qadınlara qarşı zorakılıqla bağlı siyasətlərin işlənməsi
Beynəlxalq müqavilə olmağın vacibliyi də vurğulanmalıdır. Sosial kimliyindən asılı olmayaraq qadınların ayrıseçkilik olmadan müdafiəsi üçün tədbirlərin görülməsini təmin edən ilk beynəlxalq konvensiya bu baxımdan böyük əhəmiyyətə malikdir.
Konvensiyanı Avropa Şurasının 47 üzv ölkəsindən yalnız ikisi – Azərbaycan Respublikası və Rusiya Federasiyası imzalamayıb.
Yazar: İsmayılova Mələkxanım
Mənbə: